Kulis.az tənqidçi İradə Musayevanın “80 ilin Anarı...” silsiləsindən ikinci yazını təqdim edir.
Rahid Uluselin əvvəlki məqaləmdə misal gətirdiyim fikrini (“1974-cü ildə “Bakı” axşam qəzetində “Gecə yarısında hadisə” sənədli povesti hissə-hissə çap edildikcə bütün Bakı o qəzetin hər sayını arayıb axtarır, oxuyurdu”) yadda saxlamaqla bu hekayə (“Gecə yarısında hadisə”) barədə təhlili bir az sonra geniş şəkildə davam etdirəcəm. Ona görə ki, Anarın bir neçə uğursuz hekayəsinin qüsurları bənzərdir və bu hekayənin timsalında onların “alınmamaq sirri”ni də çözməyə çalışacam. Lakin, bu anda bildiyim əsas məsələ odur ki, Anar hansı əsərində ki öz ruhunun, psixoloji yaşantılarının, düşüncə və hisslərinin dramını, dramatizmini bədiiləşdirir, hansı qəhrəmanının timsalında olursa-olsun, o əsər uğur qazanır. O zaman ki, başqasının hekayəsini nəql edir, yad bir səs gəlir qulağımıza. “Başqasının hekayəsi” ifadəsi başqa adam mənasında deyil, təbii ki... Bəlkə bu bir yazıçı özünəməxsusluğundan doğan eqoizmdir, sözün müsbət mənasında? Yəni, “öz”ün portreti” və “özgələrin portreti” məsələsi ola bilər. Məsələn, “Mən, sən, o və telefon” hekayəsində olduğu kimi... Bu Anarın yazıçı “məni”nin yaddaşında ilişib qalmış doğma cizgili xatirədir, “Gecə yarısında hadisə” isə sanki ona tapşırılmış bir mövzudur...
Əsəri (“Mən, sən, o və telefon”) 1967-ci ildə yazıb. Bir qadının üç cür məhəbbəti, həm də bir qadına ünvanlanan üç növ məhəbbət... Təyyarə qəzasında həlak olan ər (“Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram”), iş yoldaşından ikinci tale yoldaşına çevrilən Seymur və telefon sevgilisi Rüstəm (əslində yenə Seymur)... “Taksi və vaxt” hekayəsindəki taksi, “Asılqanda işləyən qadının söhbəti” hekayəsindəki paltoların obrazı kimi, bu hekayədə də insan yox, ünsiyyət, əlaqə vasitəsi olan adi bir cihaz (telefon) əsərin baş qəhrəmanına çevrilir. Hətta, cihaz da deyil, telefon nömrəsi... Telefon nömrəsi tale kompasıdır hekayədə. Platonik bir məhəbbət olayı yaradan rəqəmlər iki adamın tənhalığında həmdəmə çevrilir. “Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, darıxdırıcı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, Aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı”.
Müəllif birbaşa mətləbə keçən bir girişlə hekayənin nəqlinə başlayır. Dostlar evlənib, 4-cü dostun subaylıq gecəsi də bitdi. İndi onun toyundan çıxıblar, şən və xoşbəxtdir hamı, amma onun subaylığı zarafat mövzusu olaraq qalır. Hərə bir söz deyir, tədbir tökür. Bu “sultanlıq” deyilən subaylıq isə get-gedə onun psixologiyasında yarımçıqlıq kompleksi yaradan tənhalığın, təkliyin ekvivalentinə çevrilir. Dostların diktəsi ilə təsadüfən yığılan telefon nömrəsi anidən onun həyatını dəyişir. “Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var”.
Bu qəhrəman bir çox cizgiləri, xarakteri ilə sonralar yazıçının hələ çox əsərində dolaşacaq. Sərbəst düşüncəli, sözü birbaşa deyən və kövrək, nisgilli, bir az da mübariz... “Gürcü familyası”, “Macal”, “Ağ liman” və başqa əsərlərdə...
“Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...
– Ona görə də, – dedim, – sənin bu siyasətçiliyin lap məni boğaza yığıb. – Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə... Firuzun arvadı:
— Bilirsən, – deyirdi, – heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta. O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
— Doğrudan, — dedi, — qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz — böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik”.
Amma Seymurun fikri artıq telefon nömrəsinin yanındadır. Telefon yox, telefon nömrəsi artıq hekayənin simvolu, talelərin kodla yığılan açarı olur…
Maraqlıdır ki, ilk baxışdan xoşbəxt sonluqla bitən hekayədə həm də bir itki, “ölüm” olayı baş verir. Seymurla Mədinə bir-birini sevir və qovuşur, amma bir telefon nömrəsi arxasında başqa bir məhəbbət, başqa çeşiddə olan ünsiyyət və daha saf, təmənnasız bir sevgi sonlanır…
Hekayədə əşyaların assosiativ təfəkkürdə canlı portreti yaranır. Telefonlar da insanlar kimi xasiyyət, xarakter, xislət və mənəvi obrazı ilə təxəyyül ladında yer tutur.
“Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina – telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb... Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən. Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər. Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı”.
Poeziyamızda bir telefon obrazı da var. Anarın nəsrindəki telefon aparatlarına oxşar bir cihaz ki, dəstəyi ölüm xəbərindən ağırlaşmış qantel şəkilli kədər assosiasiyası doğurur:
Bilirsiz qantel nədir?
Çuqundan tökülmüş,
Uzunbel səkkizə bənzər
əzələ bərkidən.
Mən bir dəfə
dünyanın ən ağır
qantelini qaldırdım:
telefon çağırdı məni,
götürdüm dəstəyi,
səs gəldi:
-Özünü ələ al,
öldü...
Qüvvəm çatmadı,
düşdü əlimdən
dünyanın ən ağır qanteli... (V.Səmədoğlu)
Anarın nəsrində məhəbbətin fərqli süjetləri, şəkilləri, tarixçələri və portreti var. Bəzən bir detal, xatırlatma ilə baş qaldırır və daha heç vaxt unudulmur. Bəzən də bu məhəbbət özü sənin görüşünə gəlir, səni axtarır. Sevinirsən, qürrələnirsən, sonda məlum olur ki, vidalaşmaq üçün gəlmiş imiş… Belə situasiyada hər şey ağır gəlir sənə. Görüşmək də, sevinc hissini yaşamaq da, birdəfəlik vidalaşıb bu əzabdan azad olmaq da… Məhəbbətə uduzan qəhrəmanlar da olur, məhəbbətin qədir-qiymətini bilməyib vaxtında dəyər vermədiyi üçün bir ömür boyu əzab çəkənləri də… Onun hekayə qəhrəmanlarının məhəbbəti qəribə bir marşrutla gəlir ünvana. Gah gecəyarısı telefon dəstəyindən pıçıldayan yad bir səsdə, gah da yatdığın yerdə döyülən qapının ağzındaca donub qalmış imzasız bir teleqramda.
“Bu nə qəribə teleqram idi: "Muradov Oqtaya 29 Bakıdayam Reys 203 Qarşıla" İmzasız! 203-cü reyslə uçan təyyarə Moskvadan gəlir. Amma axı kim ola? Moskvadan heç kəs gələsi deyil. Heç kimi gözləmirəm. Bu teleqramı kim vurub görəsən?.. Ağlıma heç kəs gəlmir”.
“Gürcü familiyası” hekayəsinin ilk cümlələridir. Oqtay ağlına gələn bütün variantları beynindən keçirir, kim ola bu gələn? Moskvada və başqa şəhərlərdə olan dost-tanışlarını, Moskvada təhsil alan qardaşı Ceyhunu – heç birinin bu cür sürprizli gəlişi ağlabatan versiya olmur... Bu məqamda müəllif ani olaraq ağıla gələn ikinci, üçüncü, neçəncisə bir xəyal qırıqlığı yaradan ehtimalı da diktə edir - Əsmərin gəlişini: “Ağlıma bir fikir də gəldi. Amma bu fikir — xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi”.
Mətnin qısa süjetində ilk baxışdan sönük, unudulmuş, qayıtması heç vaxt mümkün olmayan bir sevgiyə işarə edilir. Oqtay daha laqeyd, etinasız, tənbəl və ümidsiz görünür bu “uşaqlıq, gənclik məhəbbəti” adlı xatirəyə yanaşmada. “Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim. Düzdü, bir az xoşuma gəlirdi. Necə deyərlər, bir az kəsirdim ondan. Amma ilk məhəbbət-filan... Heç yadıma gəlmir, mənim ilk məhəbbətim olub, yoxsa yox...”
Lakin teleqram məchulluğu haqqında düşünəndə “X Ledi” ola biləcək şəxsin – Əsmərin gəlişi fərziyyəsi niyə həyəcan yaratdı? Deməli, əslində Oqtayın dediyi kimi - “Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim” - bəyanı özünü doğrultmadı. Ortada ciddi bir eşq, unudulmayan, xatırlana və kədərləndirə biləcək, şüuraltında gizli-gizli yaşayan məhəbbət dayanıb...
Hekayənin macəra süjeti cəlbedicidir. Məktəb illəri, tanış ümidlər, xəyallar, şirin, fəqət get-gedə dadını dəyişən xatirələr, bir-birini istəyən iki gəncin ayrılan yolları və bu gedişlərdən qırılıb (bəlkə də qorunub!) qalan sevgi və s. Amma ikinci bir süjet xətti hərəkəti də var əsərdə. Əsmər Moskvadan Bakıya təkcə görüşməyə deyil, sən demə, həm də vidalaşmağa gəlib birdəfəlik. Lap kamikadzelər kimi... Hekayədə “sonuncu” adlı bir mistik oyun mexanizmi qurulur. Əsmər Oqtayın onda qalan sonuncu yeganə xatirəsini qaytarmağa gəlib sanki, məktəbdə onu qoruyan, onun da çox sevdiyi müəllimi-Babayev ölüb, yoxdur... Uşaqlığının, bütün keçmişinin bağlı olduğu məkan-İçəri şəhər sökülür, evləri dağıdılıb, qonşular yoxdur, kimisi ölüb, kimisi köçüb... Keçmişin tarixi, abidəsi yox, xarabalığı üstünə gəlib çıxıb. Bu yaşantı onun ruhunu incidir, deməli, sevdiyi insandan, yaşadığı evdən, şəhərdən, onu keçmişə bağlayan xatirələrdən bir kamikadze kimi “sonuncu” uçuş, uzaqlaşma biletini də tale əvvəlcədən yazıb bəxtinə...
“—İçəri şəhəri sökürlər. Köhnə evləri, küçələri...
— Sən nə danışırsan, — onun üzündə dəhşət ifadəsi vardı.
…
Sizin ev orda yoxdur. Söküblər.
— Necə yəni söküblər? Anam rəhmətliyə təzə evdə mənzil verəcəkdilər, amma mən elə bilirdim ki, bu ev qalıb.
Biz Əsmərgilin evinin xarabalarına çatdıq. Qarşıda yarı- sökülmüş boş evin şüşəsiz-gözsüz pəncərələri bu xarabalara baxırdı.
— Bax bu evi gərək tanıyasan, sizin evin düz qabağındadır.
— Əlbəttə, tanıyıram. Məsmə xala bu evdə olurdu. Novruz qabağı şəkərbura, paxlava bişirəndə iyindən yata bilmirdik. Bütün gecəni bişirərdi. Bilirdik ki, səhər bizə də pay göndərəcək, amma sabaha qədər dözə bilmirdik”.
“Taksi və vaxt” hekayəsinin tərəddüdlü və məğlub qəhrəmanı yenidən yadımıza düşür. Oqtay da onun kimi davranır: “Məndə dəli bir uşaq istəyi oyandı, onu öpmək istədim, amma yenə də, neçə il bundan qabaqkı kimi öpmədim. İşıq yandı. Film qurtardı”. Və bu dəfə sevimli qadını yaxasında yaşıl düymə olan taksi yox, göydə “iki qırmızı, bir yaşıl işıq nöqtəsi” tək görünən təyyarə alıb aparır: “Trapın yuxarı pilləsindən çevrilib, əl elədi, sonra təyyarənin qaranlıq qapısında qeyb oldu. Bir neçə dəqiqədən sonra o, uca qara göydə iki qırmızı, bir yaşıl işıq nöqtəsi idi. İyirmi dəqiqə də keçdi, ayın otuzu oldu və mənim sinnim bir yaş artdı. Bu vaxt mən şəhərə yaxınlaşırdım və gecə vitrinlərinin işıqları soyuq, soyuq idi. Amma nə isə xoş bir rahatlıq hissi, azadlıq, asudəlik hissi içimi doldurmuşdu”.
Hekayə yenə teleqramla bitir. Oqtayın “azad”, “asudə” dediyi hisslər yalançı çıxır. Çünki o yenidən hətta bir daha qayıtmayacaq Kamikadze üçün darıxmağa və həyəcanlanmağa başlamışdı...
“Mən teleqramı qapdım. İki söz. Təbrik. Öpürəm.” Bir də imza: “Kamikadze”.
Məqaləmin əvvəlində Anarın “alınmayan nəsr nümunələri” məsələsinə toxunmuşdum.
“Gecə yarısında hadisə” hekayəsinin 1970-ci illərdə çox oxunması faktını qəbul edirik. Və çox ehtimal ki, o dövrdə bu əsəri daha çox oxutduran həm də sənədlilik, yəni, o zamanlar üçün görünməmiş kriminal hadisə təəccübü olub.
Bəzən yazarlarımız öz zəif əsərlərindən imtina etməməklə özlərinə və istedadlarına sədaqət jesti nümayiş etdirirlər. “Bütün yazdıqlarımın altına bu gün də imzamı atıram!”- iddiası ilə. Bəs oxucu? Bəs ədəbi-estetik, bədii-fəlsəfi meyarlar? Bəs təcrübəli yazıçını “ustad” – deyə oxuyan ədəbi gəncliyin təsirlənmə zərəri? Mənə elə gəlir ki, hər bir yaradıcı adamın sol tərəfində bir “Alınmayan əsərlər qovluğu” da olmalıdır. Və o qovluğun böyüməsindən, dolmasından da kədərlənmək lazım deyil... Mən, ümumiyyətlə, Anarın yuxarıda haqqında bəhs etdiyim hekayələrdən 7-8 il sonra, nisbətən daha çox təcrübə qazandığı bir zamanda bu cür hekayə yazmasını anlaya bilmədim...
Görünür, “Gecə yarısında hadisə” əsərində Anar əldə etdiyi kriminal materialdan F.M.Dostoyevskinin “Cinayət və cəza” romanına bənzər kiçik də olsa, detektiv bir nümunə yaratmaq istəyib. Nəticədə isə, o da oxucuları kimi, sovet cəmiyyətində sadizm cizgiləri ilə yadda qalan istisna cinayətə heyrətlənmiş və müəllif soyuqqanlılığını itirmişdir. Yazıçı əsərin baş qəhrəmanını bu cür təqdim edir: “Mazan Əliyev orta boyludur, arıqdır, çəlimsizdir. Xasiyyətcə xoşsifətdir, kara gələndir, bir qədər utancaqdır. Zəhmət sevəndir, məqsədinə çatandır, alın təri ilə qazandığının qədrini biləndir, həyatda bəxtinə düşən sınaqlar ona çox şey öyrədib; ən çox da mərhəmətli olmağı. Bir mart günü gecə yarısı başına qəribə, hətta möcüzəli işlər gələn bu adam haqqında ən qısa məlumat belədir. Bizim hekayətimiz də məhz bu gecə yarısında – 1974-cü il martın 25 – də baş verən hadisələr haqqındadır. Bu hadisələrin iştirakçısı olan üç nəfər haqqında. Bir neçə saat haqqında ki, həmin saatlarda insan həyatının və ölümünün, cinayətin və cəzanın, amansızlığın və iradənin, mərdliyin və qorxaqlığın bir çox əsaslı problemləri sıxılıb-sıxılıb üzə çıxıb”. (Anar. Əsərlər. I cild, Nurlan, Bakı, 2003.s.268)
“Cinayət və cəza” romanının qəhrəmanı Rodion Raskolnikov “Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” – sualı ilə əzab çəkirdi. Rəhmdillik və ləyaqət hissi onu qəhrəman olmağa səsləyirdi. Rodion Raskolnikov isə qəhrəman yox, cinəyaətkar olur. Özü də ən rəhmsiz və qaniçən bir cani... Qoca sələmçi qadını öldürür, onun var-dövlətinə sahib olmaq üçün. Lakin bu var-dövləti özünə görə yox, ehtiyac içərisində qalıb əlacsızlıqdan pis yollara düşən və əzab çəkən insanlara görə edir və s. Dostoyevski əsərində insanı bəşəriyyətin azalmayan ağrıları ilə üz-üzə qoyur. Və bunu elə sənətkarlıqla edir ki, oxucu da bu ağrı ilə sancı çəkməyə başlayır. Ağrıdan ağrı doğur... Onun qəhrəmanı bəzən İsa, bəzən də İuda olur, bəzən cani, bəzən də mənəviyyatı, şəxsiyyəti yaşadığı pozulmuş cəmiyyət tərəfindən istismar edilən məzlum... O əsərdəki cinayətin sosial və psixoloji, bioloji səbəbləri bədii üslub şərtləri, hiss edilməyən tərzdə ifadə edilən fəlsəfi tezislər əsasında açıqlanır. Bədii mətn kontekstində. Bəyan və ritorika, publisistik intonasiya ədaları yoxdur. Oxucunu saysız-hesabsız suallarla baş-başa qoyub ayrılan Dostoyevski bir cinayətin bətnində insan xislətinin, şüurunun, nəfsinin, iddiasının, qəddarlıqla rəhmdilliliyi bir ürəkdə yaşada bilən, xronoloji patologiya əlamətlərinin anatomiyasını açır.
1970-ci illər ədəbiyyatında Anarın bu əsərində olduğu qədər qabarıq cizgilərlə təsvir edilən cinayət səhnələri yox dərəcəsində idi. Hətta, müəllifi bu təsvirlərə görə ittiham da edə bilərdilər. Yəni, sovet gənclərini vəhşi kapitalizm cəmiyyətinin yetirməsi kimi təqdim etdiyinə görə. Lakin mətn bədii üslub və sənətkarlıq baxımından qüsurlu idi, müəllifin “alınmayan əsərlər qovluğu”na düşməli olduğu halda kitabdan kitaba köçdü...
Onun nəzərində müharibə əlili, 11 uşaq atası, əsil sovet adamı kimi halal qazancla yaşayan kasıb kişi - Mazan Əliyev sırf müsbət planda, onu 12 bıçaq zərbəsilə yaralayan oğlanlar isə sırf mənfi planlı olmalı idi. Real hadisənin məğzi bizi də o qənaətə gətirir, amma bədii əsərin daha böyük ideya-fəlsəfi, bədii-estetik yozumları olmalı deyilmi? Sənədlilik bədiiliyi və yaradıcı təxəyyülü bu qədərmi və daha qeyri-professional bir qələmlə üstələməli idi? Hekayədə zorakılığa və qəsdə məruz qalmış Mazan Əliyevin təkərə verəcəyi pul, ailəsinin gəliri, çıxarı lüzumsuz dəqiqlikə nəql edilir. Və bu cür izahatlar bir yerdə deyil, hekayənin bir çox hissəsində qabardılır. “Gündüz Mazan Əliyev eşidib ki, Hüsü Hacıyev küçəsində Təzə univermaqda Erevan şinləri satılır. O, işdən qayıdıb bir qədər dincəldi və saat 19:30-da şin dalınca getməyi qərara aldı. Bu məqsədlə pul da toplamışdı – beş yüz manat. Üç yüz manatı Lənkərandan oğlu göndərmişdi. İki yüzünü isə Mazan Əliyev özü yığmışdı. Pullar arvadında idi. Mazan ondan istədi və arvadı ona 480 manat verdi. 20 manatı isə hər ehtimala qarşı gələn maaşa qədər saxladı. Beləliklə Mazan Əliyev cibində 480 manat pul saat 19:40-da "Moskviç"inə minib 8–ci kilometr qəsəbəsindən yola düşdü”. (s.269)
Hekayədə obrazların ad dolaşıqlığı, təsvir və dialoqların bir-birinə qarışması nüansları, ifadə yanlışlıqları və s. bu kimi qüsurlarla da qarşılaşdıq. Məsələn, bu parçada satıcı qızla Mazanın dialoqu və müəllif təhkiyəsi qeyri-dəqiq, sərhədsiz şəkildə qələmə alınıb. “Təqribən saat 8 radələrində o Təzə univermağa çatdı və maşını Nizami küçəsində, səkinin qırağında saxlayıb özü mağazaya girdi. Cavan satıcı dedi ki, şin yoxdu, dünən vardı qurtarıb. Bəlkə bazada bir şey qalıb, bilmirəm. Müdir yoxdur. Qoy Mazan Əliyev sabah gəlsin, onunla danışsın. Bu söhbəti hekayətimizin digər iştirakçıları eşidiblər-eşitməyiblər, məlum deyil. Hər halda Mazan Əliyev univermaqdan qanı qara çıxdı və “Moskviç”inə minib maşını Nizami küçəsi ilə başıyuxarı sürdü. Univermaqdan bir az yuxarı Poluxin küçəsinin tinində iki oğlan dayanmışdı. Onlardan biri əlini qaldırdı və Mazan saxladı. Oğlanlardan biri (boyca o daha uca idi) olardı təxminən 22 - 23 yaşında, o biri təxminən 16-17 yaşında. Oğlanlar dedilər ki, Şəki rayonundandırlar.
Bakıya oxumağa gəliblər, otaq tutublar, amma kirayəni vaxtında ödəyə bilmədiklərinə görə otaq sahibi bu axşam onları qovub. İndi yatmağa yerləri və pulları yoxdur. Ona görə çox xahiş edirlər ki, onları Kürdəmirə çatdırsın. Yaşca böyük olan oğlanın bacısı Kürdəmirdə yaşayır. Bacısı onlara borc verər və onlar elə bu axşam, daha doğrusu gecə yarısınacan geri qayıdarlar. Mazan Əliyev xasiyyətcə kara gələn adamdı”. (s.271)
Hekayədə “Aydın” adı oğlanlardan birinin özünə qoyduğu saxta ad idi. Amma müəllif müxtəlif məqamlarda özü də qəhrəmanına gah “Aydın”, gah da “Məmmməd” deyir. “Maşının arxa tərəfində yük yerinin yanında dayanmışdı, sonra Aydın çamadanla maşına minəndə, sürücü də keçib sükan arxasında oturdu. (s.277)
O gecə hadisələr isə belə cərəyan edirdi. Mazan Əliyevi şoseyə tulladıqdan sonra Məmməd (o adını Aydın demişdi) və Əhməd (adını Adil demişdi) yollarına davam etdilər. Məmməd az-çox maşın sürə bilirdi. Və bəlkə məhz bunu bilə-bilə Əhməd yetkinliyə çatmamış bu oğlanı əməlinə cəlb etmişdi. Əməli isə çox sadə idi. Hər hansı bir şəxsi maşına minmək, xəlvət yerdə sürücünü öldürmək, maşını sökmək və hissə-hissə satmaq”. (s.279)
“–Qalxın, məhkəmə gəlir!
Sanki reproduktordan səslənən, Aydın Qaradağlının oxuduğu hökmü ayaq üstə dinləyirik:
...Aydın Əbdülrəhimov 12 il azadlıqdan məhrum edilsin.
–...Məmməd Əhmədov 8 il azadlıqdan məhrum edilsin...
– İşdə olan əşyayi-dəlil 200 (iki yüz) manat pul sahibinə, zərər çəkmiş Mazan Əliyevə, şərf sahibinə, Əhməd Əbdülrəhimova qaytarılsın. Bir ədəd bıçaq məhv edilsin”. (s.313)
Yazıçı öz qəhrəmanına “cinayətkar” və “cani” deyə müraciət edə bilərmi? Onları iki (əsil və saxta) adları ilə danışdırmağına baxmayaraq, tez-tez bu müstəntiq dilinə məxsus hüquq terminindən də istifadə edir. “Cinayətkarlar 25 mart gecə yarısında cinayət işlədikləri rayona, Əli Bayramlı rayonunun milis şöbəsinə gətirildilər”. (s.279)
“Mat qalınasıdır, amma həqiqətdir: cinayətkarlar yalnız yüngülcə zədələnərək maşından sağ- salamat çıxdılar... Odur ki, canilər üçün bu əməliyyatın yeganə maddi faydası dörd yüz manat pul oldu – hərəsinə iki yuz”. (s.280) və s.
Bu təsviri isə göz önünə gətirəndə çaşqınlıq yaranır. Bıçaq dişlərin arasından keçirsə, bütün hallarda yanaqdan çıxmalı idi. Hər halda mən bu təsviri tam anlaya bilmədim: “Böyük oğlan bıçağın 12-ci zərbəsini Mazanın gicgahına vurdu. Bıçaq gicgahdan girib, ağız boşluğundan keçdi. Dilini parçaladı. Dişlərinin arasından keçdi. Və onun ucu Mazanın boğazından, hulqumunun yanından çıxdı”. (s.274)
Hekayə sənədli olduğu üçün müəllif konkret, real obrazlardan, həyatda tanıdığımız mütəxəssislərdən da istifadə edərək qəhrəmanlarına diaqnoz qoydurur, onları psixoloq, psixiatr və başqa bu cür sənət sahiblərinin analizindən keçirir. Və hər kəs də mənfi rəy verir... Tibbi ekspert rəyi və əlavə rəylər cinayət qovluğuna toplanır. Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş məhkəmə-tibbi eksperti professor Ə.Atakişiyev, xüsusi dəvət olunmuş psixiatr-həkim, professor Ağabəy Sultanov və başqa bu qəbildən olan şəxslər hətta öyüd-nəsihət, qəzəb, ittiham mövqeyindən çıxış edir. Yazıçı özü də yeri düşdükcə cinəyətkar qəhrəmanlarını danlayır, yamanlayır... Qəribədir ki, əsərdə Anarın 1960-cı illərdə yazdığı hekayələrin bir çoxundakı sənət, sənətkarlıq özünəməxsusluğu, səriştəlilik yox idi. Didaktika və qəzəb mətnin hər cümləsindən boy verirdi. Diqqət edin: “Onda müstəntiq Əhmədə bir şillə vurdu. Elə buradaca – Mazanın və tibb işçilərinin gözü qabağında. Şəxsən mən vəzifə başında olan şəxslərin öz hüquqlarının həddini keçmələrinin qəti əleyhinəyəm. Amma burada mən müstəntiqə rəğbət bəsləyirəm. O, şilləsinə bu sözləri də əlavə etdi: – Mən səni Mazanın yerinə vurdum, onun əlləri sarıqlıdır, səni vura bilməz!”
Əlbəttə, bir hekayə haqqında bəlkə də bu qədər danışmaq çox olardı, amma müəllifin bu qəbildən olan nəsr nümunələrini ümumiləşdirmək üçün qısa təhlil yolu seçdim. Siz sonuncu sitata diqqət edin, bir bədii mətn üçün bu cür şüarçılıq məqbul hesab oluna bilərmi? “Gecə yarısında hadisə” hekayəsi bu şəkildə bitir: “Müharibənin axırıncı atəşlərindən 29 il keçəndə, bu atəşlərdən altı və on iki il sonra doğulmuş iki gənc Qazıməmmədlidən on kilometr aralı bir mart gecəsi Mazanı on iki yerdən bıçaqlamışlar. Mazan isə yenə sağdır. Mənə elə gəlir ki, bu yaşarılıq, dirilik yalnız konkret bir şəxsin uğurlu aqibətini deyil, eyni zamanda daha böyük bir anlamı, ümumən həyatın qələbəsini simvolizə edir. Arıq, çəlimsiz bir adamın, on bir uşaq atasının bu qəribə diriliyi, yaşarılığı həm də xalqın diriliyi, yaşarılığıdır. Nəsildən-nəsilə zorakılığa, zülmə, ölümə, şərə qarşı səd çəkmiş, əbədi xeyiri, yüksək əxlaqi dəyərləri nəsildən-nəsilə keçirən və qoruyan xalqın”. (1974- cü il) (s.314)
Ardı var
16.02.2018.