Ceyms Coysun Allah olmaq iddiası... – Beşinci yazı

Ceyms Coysun Allah olmaq iddiası... – Beşinci yazı
28 avqust 2017
# 17:30

Kulis.az İradə Musayeva “Ceyms Coysda Dublinin allahı olmaq iddiası” yazısını təqdim edim.

Əvvəl İrlandiya, sonra kral!

Kraldan qabaq məmləkətim gəlir!

əvvəli burda

V məqalə

Coys ədəbiyyatı hissin, lirik-psixoloji sızıltıların, romantik bayılmaların əlindən aldı və ağılın ixtiyarına verdi...

Bu artıq “Uliss” haqqında beşinci məqalədir, davamı da olacaq. Əsəri oxumayıb məqalələrimi oxuyan adam sual verə bilər ki, bu əsərdə məhəbbət, siyasət, din, fəlsəfə, və başqa bu kimi qlobal məsələlər konkret, sistemli şəkildə deyilmi ki, bu qədər müxtəlif, fərqli, bir az da pərakəndə kimi görünən təhlillərlə rastlaşırıq? Bəli, spesifik yanaşma özəlliyi də məhz ondadır... Yəni, bizim öyrəşdiyimiz süjetlər, kompazisiyalar, forma-məzmun, mövzu-ideya qəlibləri bu əsərdə olmadığı üçün ədəbiyyatşünaslıq da istər-istəməz ənənəvi təhlil üslubunu dəyişməli olur. Məsələn, mən E.M.Remarkın romanını təhlil etdiyim prinsiplərlə bu əsərin üstünə gedə bilmərəm. Bu mətnin öz yeni nəzəri baxışlar tələb edən saysız-hesabsız (bəlkə hər cümlədə) altqatları var. Roman şüur axını qanunları və ya qanunsuzluqları əsasında yazıldığı kimi, onun haqqında olan məqalələr də qeyri-iradi olaraq həmin fraqmentallığa, həmin axarın istiqamətlərinə köklənir. Coys modernizmdən sonra yox, elə modernizmin öz zamanında postmodern estetika nümunəsi yaratdı. Özü də bu estetikanı hiss və duyğu aspektində deyil, düşüncə, şüur səviyyəsində formalaşdıra bildi. Ədəbi-intellektual baxış nəzəriyyəsində postmodern düşüncə formasını, şüurun ədəbiyyatlaşması faktını postmodern rasionallıq, sərbəstliklə ilk dəfə C.Coys təqdim etdi... Sanki zamanının modernist həmkarları qələmlərini saxladı və diksindi: O nə etmək istəyir? Ədəbiyyatı, oxucunu və bizi hara aparmaq fikrindədir? Hələ zamanında Coysu oxucusuna kömək etməməkdə günahlandırırdılar. “Folkner kitab barədə “Uliss” baptistlərin müqəddəs kitabına imanla yaxınlaşmağı təmin edir” - demişdi. Çünki “Uliss” ilk baxışda özünü göstərə bilməsə də ona səbirlə yanaşan oxucunu sonda mükafatlandıran və özünü müsbət tərəfdən sübut edən kitabdır. Roman həyat eşqiylə oxunmalıdır. “Uliss” həyatdan bəhs edir - doğuluşu, ölümü, xoşbəxtliyi, ümidsizliyi, səfilliyi, aristokrat təbəqənin bəzəkli yaşam tərziylə rəngarəng həyatdan. Əsərin süjet xəttində 22 yaşında fəlsəfi kitablarla, ilahiyyat və musiqiylə dolu gəncin, 38 yaşlı reklamçının, 34 yaşlı sopranonun dünyagörüşləri fonunda gənc qızın, atasını həmin tarixdə itirmiş oğlanın, tarix həvəskarı keşişin başından keçən hadisələrdən bəhs edir. “Uliss”i bir dəfə oxuyanda başınıza gələn hadisələrin orada təkrarlandığını görəcəksiz. Bu görüntülər “Bunu Blum da düşünmüşdü”, “Stefan da eynən bunu etmişdi” cümlələrində təsvir olunur”. (“Açıq dərgi”, Türkiyə, 20.12.2012-ci il)

Diqqət etsəniz görəcəksiniz ki, buna qədərki hər məqalədə bir neçə konkret ideya, problem – sitüasiya təhlil obyektinə çəkilir. Əgər ötən məqalələrdə Coysun “ruh və cism”, “teoloji antropologiya”, “tarix və müasirlik”, “beynəlxalq siyasət və İrland cəmiyyəti”, “cismani və ya plotonik sevgi”, “Hamlet sualları”, “bəşəri günah varmı?” və s. bu kimi düşüncə analogiyalarına diqqət yetirilirdisə, bu məqalədə daha çox Coysun İrlandlı obrazına və bəzi assosiativ təfəkkür nüanslarına diqqət yetiriləcək. Coys İrlandiyadan baş götürüb getsə də, mühacir ağrıları, həsrəti ilə daima vətəninə boylanıb. “1904-cü ildə Coys Parisə gəlir və burda ingilis dilindən dərs deməyə başlayır. Lakin anasının xəstələndiyini eşidərək yenidən Dublinə qayıdır. Anası vəfat etdikdən sonra o, çoxdan sevdiyi qulluqçu qız Nora Barnakl ilə həyatını birləşdirir. Lakin ondan kilsədə kəbin kəsdirmək tələb olunur. Coys kilsədə kəbin kəsdirməkdən imtina edərək Nora ilə birlikdə birdəfəlik İrlandiyanı tərk etdi. Coys Nora ilə ancaq 27 ildən sonra vətəndaş kəbini kəsdirdi.

Coys həyatının əsas hissəsini Sürixdə yaşadı. Amma onun didərgin həyatı Triyestdən tutmuş Parisə qədər bir çox Avropa şəhərlərində zənginləşdi.

Fransanın Almaniya tərəfindən işğalı zamanı Parisdə yaşayan Coys yenidən Sürixə döndü və artıq xəstə, yorğun olan böyük ədəbiyyatçı 1941-ci il yanvarın 13-də öldü. O son nəfəsində belə kilsəylə barışmadı və ölümündən sonra da didərgin həyatı davam elədi. O, bütün ömrü boyu Dublindən yazdı. Hətta bir dəfə söyləmişdi: “Əgər bir gün Dublin yer üzündən silinsə, mənim əsərlərimlə onu bərpa etmək olar”. Coys vətəninə ancaq 1960-cı ildə qayda bildi. Artıq o vətəninin rəmzi və brendi idi.” (A.Qaramanlı)

Sözsüz ki, digər yarımçıq qalmış mövzu dairəsinə də daxil olacayıq... Ötən məqalədə o yerdə qalmışdıq ki, Leopold Blum sevdiyi və ona qarşı olan xəyanətinə görə şüuraltında gizlətdiyi sarsıntının təsirindən həm də məqamı düşəndə cavab verməyə vadar edəcəyi Mollyyə kitab alır. Bütün roman boyu izlənilən və hər obrazın mahiyyətində əks olunan bir “Günah” sindiromu da var. Sanki insanla qoşa doğulmuş, onu kölgə kimi izləyən günah ... Günah və qorxu, günahın bədəli, günahkar kimi yaşamaq məcburiyyətinin səbəbini aramaq həyəcanı insanı xoşbəxt olmağa qoymur. Romanda dindar, İsaya, Musaya, Məryəm anaya tapınan, onlara Allah, Tanrı timsalı kimi sitayiş edən insanlar da təsvir edilir. Hətta obrazlardan birinin adı “Dinadamı”dır. Coys adətən bu qəbildən olan adamları dayaz düşüncəli, kor-koranə ibadət edən, bütpərəst primitivliyi həddində tapınma, sığınma qurbanları mahiyyətsizliyində izah edir. “Günah” sualı “Uliss” romanının ən çox qabardılan ideyasıdır. “Mən dünyaya günahımla bərabər gəldimsə, burda başqa bir günahkar da var!” –məntiqi atılır ortaya. Ötən yazılarda bu məsələyə toxunmuşdum. Müəllif bunu bir neçə məqamda “ruh köçümü” fəlsəfəsi ilə əsaslandırmağa çalışır. Yəni, “sən tək sən deyilsən!”- nəzəriyyəsi açılır. Səndə keçmiş və gələcək birləşir. Və yeganə var olan da sənsən! keçmiş və gələcəkdəki “mən”lərin günahı da səndədir, sənə köçüb ruhlarla... Keçmiş və gələcək yoxdur. Coysun zaman fəlsəfəsi tam fərqlidir. Zaman elə bu zamandır, vəssəlam... Blumun atası və oğlu necə ki həyatda yoxdur, amma Blumda var olub yaşayır. Sevgidə də günah var... Eşq sorun istəməz, adətən. Amma cəmiyyət və ayrı-ayrılıqda insanlar bu hissin doğuşunda da günahkar, günah mayası arayırlar. Blum nə etsə, hara getsə, nə düşünsə onun içərisində yenə “Molly narahatlığı” gizlənməkdədir. Mollynin haqqında romanda uzun-uzadı düşünülür. Amma Mollynin özünüifadəsini Coys romanın sonrakı hissələrinə sürüşdürür. Molly ilə biz Blumun düşüncəsindəki təsəvvürlər və xəyallar, analizlər hesabına tanış oluruq. “Blumun Mollysi”... Qeyri-ixtiyarı olaraq Blum söhbətlərinin gedişində Molly obrazı boylanır. Məsələn, Diğnamın arvadının ipoteka məsələsi haqqında danışarkən bir “heyranları” ifadəsi işlədir Blum. Müsahibi təəccüblənir və soruşur: Heyranları? Halbuki bu ifadə onun müğənni arvadı Mollyyə aid idi, Diğnamın ərinin borclarını ödəmək hayında olan arvadına yox... Coys üslubunun incəlikləri və spesifikası bu cür misallarda daha çox diqqəti çəkir. Təsadüfən deyilən bir kəlmə özü şüur seli istiqamətini dəyişir...

“- Sağ ol, istəmirəm,-dedi Blum. Əslində sırf Martin Cunninghamla görüşmək üçün gəldim, başa düşürsünüz də, zavallı Diğnamın sığorta məsələsini... Martin, evlərinə gedək, demişdi, bax o Diğnam, yəni, ipoteka müqaviləsi olduğunu şirkətə bildirmədiyi üçün qanuna görə ipotekanı alacaq adamı müqaviləsinə vəkil edə bilməz.

- Vay, vay- Joe gülə-gülə dedi, Qoca Shylockun necə qəpik-quruş tutduğuna oxşadı bu... Yəni arvadı dörd ayaq üstünə düşəcək, hə?

- E, elə sayılır, hə,-dedi Blum, arvadının heyranları üçün...

- Kimin heyranları?-dedi Joe.

- Arvadının müşavirləri, deyəcəydim,-dedi Blum. Sonra da bir xəcalətlilik... İpotekalı, borclu qanuna görə belə olurmuş ... Arvadının xeyrinə yeddi vəkil təyin edilib, amma digər tərəfin –Diğnamın Bridgemana borcu varmış. İndi arvadı, şey, dul arvadı ipoptekanı alacaq adamın haqqına etiraz edəcəkmuiş... Billahi ədalət vəkili elə bilərsən kürsüdə konfrans verir, axırda da beynimin içi “qanun”, “ipoteka”, “borclu” söhbətindən elə qarışdı ki, heç soruşma... Özü bir zamanlar işsiz-gücsüz dolaşarkən Ədliyyədəki bir tanışının hesabına qanundan-zaddan yaxasını birtəhər qurtarmışdı... Saxta lotereya oyunları biletləri, ya da Macarıstan krallığının verdiyi səlahiyyətlə piyanqo biletiydi, nəsə satırmış... Eynən elə... Hə... bu həyatda bir israilli dostun olmalıdır! Həm krallıqla əlaqəsi olan, həm də səlahiyyətli Macar soyğunu...”

Blumun əlindəki “Günah və həzz” kitabının məzmunu sanki sonrakı hadisələrdə, tutaq ki, Boylan və Lenehan münasibətlərində davam edir. Coys üslubunun, fraqmentdən-fraqmentə keçid mexanizminin özündə də bir əyləncə vardı. Məsələn, əvvəlki hissələrdə dialoqdan məktuba, oradan qəzetə, daha sonra ədəbiyyat söhbəti ilə bağlı digər mübahisələrdə süjetlənən hadisələrə ötürülən ideya istənilən “təsadüf”də “zühur” edə bilir. Blum və Molly dramatizmindən xəbər verən həyəcan “Günah və həzz” kitabının ilk səhifələrindəcə davamını tapdı. Blum arvadı üçün onun təfəkkür və maraq dairəsinə uyğun olan kitabı seçir... Bir neçə kitaba əl atır, sonda “Günah və həzz”də dayanır. “Bu onun xoşuna gələcək” –deyir və kitabı alır... Arvadı ona xəyanət edir, onun da xəbəri var artıq... Kitabın ilk səhifələrindəcə “təsadüfi” görünən bu vəziyyətlə bağlı cümlələr, əslində həmin şüur axınında ilişib qalmış narahatçılığın davamı kimi əks-səda verir. Sonra yeni adamlarla müxtəlif məzmunlu söhbətlərə girişən Blumun düşüncə narahatlığı başqa hadisələrdə yenidən doğacaq. Bu məqamda bir fakta da diqqəti çəkmək istərdim. Blumun arvadı ilə bağlı münasibətlərindəki psixoloji travma, xəyanət və sevgi keçilməzliyi faktı Coysun öz bioqrafiyası ilə də əlaqələndirilir. “Şayiələrə inanarsaq, “Uliss”in yaranma tarixi, xüsusi ilə Odisseyin arvadı Penolopanın ziddinə olaraq, Blumun arvadı Mollinin ona xəyanət etməsi sırf intriqa və qısqanclıqla bağlıdır. Məsələ orasındadır ki, Coysun dostları ondan intiqam almaq üçün iddia edib ki, Coysun arvadı Nora gənclik illərində həm onunla, həm də başqasıyla birlikdə olub. Bu şayiənin nə qədər həqiqət olduğu bilinmir. Amma iddia olunur ki, avtobioqrafik cizgilərlə zəngin olan “Uliss” qısqanclığın və qəzəbin əsəridir”. ( A.Qaramanlı )

Təbii ki, “qısqanclıq və qəzəb” hissi bu qədər böyük mahiyyəti olan ədəbi nümunə yarada bilməzdi. Coys ədəbi yaradıcılığında bütün subyektivist mövqeləri tərk etməyi bacarırdı. Bircə, qlobal düşüncələr axarında “İrlandiya” xatırlatmalarından başqa... Şüur seli hansı tərəfə axsa da içində bir İrlandiya sevgisi var. “İrlandiya, ölkəm mənim!” “İrlandiyalıdan da artıq irlandiyalı”, “İrlandiya-gümüş dənizlərin yaşıl ləl-cəvahiratı!”, “Əvvəl İrlandiya, sonra kral! Kraldan qabaq məmləkətim gəlir!” və s. bu kimi içdən gələn təəssübkeşlik, düşüncənin enerjisi romanın bütün məzmununa çöküb. Coys əsər haqqında deyirdi ki, mənim məqsədim öz ölkəmin ruhunun tarixinin bir fəslini yazmaq olub. Mən Dublini ona görə səhnə olaraq seçdim ki, fikrimcə, iflicin mərkəzi məhz bu şəhərdir”. Ölkəsinin tarixini deyil, məmləkətinin ruhunun tarixini yazmaq...

İrlandiya böyük ölkə deyil, bu gün onun əhalisi təxminən altı milyon sayındadır. Amma dünya ədəbi-fəlsəfi təfəkkürünə bir Ceyms Coys faktı bəxş edən İrlandiya altmış, yüz, iki yüz, bir milyonluq xalqların belə mədəniyyətinə, söz sənətinə böyük ədəbi məramnamələr, manifestlər diktə edə bildi. Coys şüuru İrland tarixinin, fəlsəfi-dini görüşlərinin, əxlaqının partlayışı idi ki, bu təlatüm bütün dünya ədəbiyyatında “şüur axını ilə yazmaq” nəzəriyyəsini təsdiqlətdi. Coys etirazları, klassik ədəbi şablonlardan saymazyana imtina ədası intibah yaratdı ədəbiyyatda. Hamı kimi mətn qurmaq, hamı kimi ilham pərisinin diktəsinə boyun əymək onun ədəbi kriteriyalarına yad idi... Coys ədəbiyyatı hissin, lirik-psixoloji sızıltıların, romantik bayılmaların əlindən aldı və ağılın ixtiyarına verdi. Və bu ağılla həyatı ədəbiyyatlaşdırma işində bütün kateqoriyalarla bərabər siyasət də vardı. Bu siyasətin, siyasi-tarixi analitik baxışların içərisində isə İrlandiya sevgisi... İrlandiya Britaniyanın boyunduruğu altında, əsarətdə göstərilib.Amma bu tale ilə barışmazlıq önplanlıdır romanda.

“- Lakin, -dedi Blum, -cəzalandırma deyilən şey hər yerdə eyni deyildimi? Yəni gücə qarşı güc tətbiq edəriksə, eyni şeylər burda da olmayacaqmı? Mən sizə demədimmi? Bu pivəni içməyim nə qədər realdırsa... son nəfəsində kaş biləm sən nə deyəcəksən... keçi kimi əksini iddia etməyə çalışır yenə də...

- Gücə qarşı güc göstərəcəyik! -dedi qardaş. Dəniz sahillərində Böyük İrlandiya qurulacaq. Millət o qanlı-qadalı illərdə evlərindən, yuvalarından sürgün edilmişdi. Kərpicdən daxmaları, yol kənarındakı komaları yerlə bir eilmiş, özləri dəyənəklərlə döyülmüşdür... Times də əllərini ovuşduraraq o qorxaq Saksoniyalı oxuyucularına lap yaxında İrlandiyadakı irlandiyalı sayının Amerikadakı qızıldərililərin sayından da az olacağını bildirdi. Qoca türk belə pul göndərmişdi bizə. Amma Saksonlar... məmləkətimiz hər cür dənli bitkilər, buğda ilə doluykən xalqımızın aclıqdan qırılmasına çalışırdı. Rio de Janeirodakı Britaniyalı çakkallar isə buğdamızı alıb-satırdılar. Həm də kəndlilərimizi tümən-tümən süründürürdülər... İyirmi minə qədəri tabut gəmilərində tələf oldu. Amma azad insanların torpağına ayaq basanlar... İrlandiyalılar boyunduruq altındakı məmləkətlərini unutmazlar. Onlar bu dəfə intiqam almaq üçün dönəcəklər yenə. Kathleen Houlihanın qorxu nədir bilməyən müdafiələri, Granuailenin oğulları...

- Bu dediklərin çox doğrudur, -dedi Blum. Amma mənim məqsədim...

- Uzun müddətdir o günü gözləməkdəyik, qardaş, -dedi Ned. Zavallı yaşlı qadının, fransızların bizi dənizdən kənarlaşdırdığını və Killalaya çıxdıqlarını söylədiyindən bəri...

- Eh, -dedi John Wyse. -Bizi Villiamçılara qarşı köməksiz, tək buraxan kralla bağlı Stüart tərəfdarları üçün çarpışmışdıq, onlarsa bizə xəyanət etmişdi. Limericki və bir poxa yaramayan o müqavilə, ittifaq abidəsini düşünün. Fransada, ispanyada hədsiz-hesabsız qan tökdük... Buna qarşılıq əlimizə nə keçdi?

- Fransızlar! –dedi qardaş. Bir qoşun rəqs müəllimləri! Həqiqəti söyləyimmi? İrlandiyaya da bir siçan osturağı qədər köməkləri olmadı. İndi də T.P-nin xain ingilislərə verdiyi ziyafətdə bir Antanta kardinalının dalına düşməyiblərmi? Ötən vaxtlardan bəri onlar Avropanın bələkçiləri olmuşdu ...”

“- Kəndliləri aldadırmış ha, dedi qardaş. İrlandiyanın fəqir insanlarını… Artıq biz xariciləri istəmirik vətənimizdə!.

- O, əminəm ki, çox yaxşı olacaq, Haines-dedi Blum. Sadəcə Keyes bax gördün də…

- Sən o işi bitmiş bil Joe.

- Çox diqqətlisən-dedi Blum.

- Xaricilər ,-dedi qardaş, - Qəbahət bizdədir. Gəlməklərinə izin verdik. Biz gətirdik onları. Saksoniyalı soyğunçuları buraya o zinakar qadınla aşiqi gətirdi”.

Coys bəzən adət-ənənə, folklor, tarix, etnoqrafik detallarda İrland müqəddəsliyi, İrland düşüncəsindəki aydınlıq nüanslarını mərkəzə çəkir. Tarixən irland insanının cahil, avam olmadığını göstərir. Hətta İrlandiya folklorunda, mifoloji təfəkkür qaynaqlarında belə “cəhənnəm”, “günah”, “cəzalanma ilə qorxutma” və s. bu kimi mücərrəd mətnlər olmadığını vurğulayır: “ - Qədim İrland mifalogiyasında, folklorunda cəhənnəmlə bağlı bircə kəlmə də tapılmamışdır – dedi Haines. Gözoxşayan, ürəkaçan camların arasında əxlaq düşüncəsi, müqəddərat, ya da günahların cəzalandırılması anlayışı yox idi”. Coys bəzən də özünəməxsus ironik tərz ilə adət və ənənədəki absurdluğu tənqid edirdi. İrlandiyada “Aziz patrik” günü deyilən bir bayram var.

“Aziz Patrik günü” İrlandiyanın qoruyucu, I əsrdə yaşamış “xilaskar mələk”lərindən biri olan Patrikin şərəfinə 5 gün ərzində qeyd edilən dini festivaldır. Əslində sülhə, xilaskarlığa və mərhəmətə həsr edilmiş bu bayramda daha da humanist və mərhəmətli olmaqdansa, Patrikin doğum tarixi (martın 8-i, yoxsa 9-u?) üstündə insanlar ən amansız üsullarla, silahlarla bir-birinə hücum edir. Və bu paradoksal vəziyyət Coysun diqqətindən qaçmır, onu satirik planda, amma yenə alt qatları olan mətn parçası kimi verir. “Daha sonra P.O.T.E.İ. arasında cərəyan edən hərarətli bir münaqişədə (hamı da bu qalmaqala qoşulmuşdu) İrlandiyanın qoruyucu mələyi Aziz Patrikin doğum tarixinin martın səkkizimi, yoxsa doqquzumu olduğu mübahisə edilirdi. Münaqişə əsnasında top güllələrinə, bumeranqlara, halaypozan tüfənglərə, pis iyi gələn bombalara, qılınclara, mancanaqlara, dəmir beşbarmaqlara, qum torbalarına, ucuşiş dəmir alətlərə əl atıb hər kəs bir-birini sərbəstcə, necə gəldi əzişdirmişdi”. Əminamanlıq gününü qeyd etmək üçün qan tökmək, silaha sarınmaq! Bu vəhşi münasibətin, davanın problemi isə Patrikin doğum tarixini martın 8, yoxsa 9-da qeyd etmək mənasızlığı üstündədir...

Maraqlıdır ki, romanda heyvansevərlər, bitkisevərlər, vətənsevərlər, tarixsevərlər və s. bu kimi qurum, təşkilat ampulasında adı hallanan cəmiyyətlərdən söhbət açılır, amma Coys bunun müqabilində hər şeyin insan üçün olması zərurətinin görünməməsini qeyd edir. İnsansevərlilik anlayışı sanki arxaplanlıdır. Ölkənin insanlarının, vətəndaşlarının taleyi başçıları o qədər düşündürmür. Bu başçılar bitkisevər, yaşıllıq qoruyucuları kimi rəğbət qazanmaq istəmişlər... Əsərin bununla bağlı fraqmentlərində alleqorik satirizm maraq doğurur. Məsələn, əyləncəli tədbirdə meşələrin qənimi odunçu “Aman qıyma o ağaca” mahnısını səsləndirir və hamı tərəfindən alqışlanır. Bu cür paradoksallıqların (həm odunçu - meşələri qırıb odun toplayan, satan biri olasan, həm də “Aman qıyma o ağaca” mahnısını ifa edəsən yana-yana) sayı-hesabı yoxdur əsərdə... Məsələn, şüar kimi dilləri dolaşan bu cümlədəki sarkazm həm də ictimai-siyasi xarakterlidir: “İrlandiyanın istiqbalı üçün yurdumuzun o gözəl təpələrindəki İrlanda ağaclarını qorumağımız lazımdır!”

Növbəti misaldakı adlara, adların hərfi mənasına diqqət edək:“-Portuqaliya kimi biz də ağacsız qalacağıq bu yaxınlarda,-dedi John Wyse, ya da ərazisinə yenidən ağac əkilmədiyi təqdirdə tək bircə ağacla qalan Helligoland (Şimal dənizinin cənub-şərqində yerləşən və Almaniyaya məxsus olan arxipelaq, adalar qrupu-İ.M) kimi... Qara şamlar, küknarlar, Qozalaklar növündən nə qədər ağacımız varsa, sürətlə yox olub gedir. Lord Castletownun bir raportunu oxuyurdum...

- Onları qorumağımız lazımdır, -dedi qardaş. Galwayın o dev dişbudaqlarıyla Kildarenin o kral qarağacları, İrlandiyanın istiqbalı üçün yurdumuzun o gözəl təpələrindəki İrlanda ağaclarını qorumağımız lazımdır!

- Avropanın gözü sənin üstündədir,-dedi Lenehan. Kosmopolit təbəqənin seçilmiş şəxsiyyətlərindən ibarət bir qrup bu gün günortadan sonra “İrlandiya Milli Meşəçilər Təşkilatı”nın uca baş qoruyucu cəngavəri Jean Wyse de Neaulan ilə Şam Vadisindən Miss Ağşam Qozalakın nigahında bir araya gəldi. Lady Sylvester Qaraağackölgəsi, Mrs, Barbara Eşqqaynı, Mrs. Poll Dişbudaq, Mrs. Holly Fındıqgöz, Miss Dəfnə Yarpaq, Miss Dorothy Qamışlıq, Mrs. Clyde Onikiağac, Mrs. Rowan Yaşıllıq, Mrs. Helen Sarmaşıqdolaş, Miss Virginia Sarılğan, Miss Gladys Ağgürgən, Miss Zeytun Bağça, Miss Blanche İsfendam, Mrs. Maud Maum, Miss Myra Mersin, Miss Priscilla Qartçiçək, Miss Arı Xanıməli, Miss Grace Qovaq, Miss O mimoza San, Miss Rachel Selvidah, Miss Zambaq,və Mənəkşə Leylak qardaşlar, Miss Sərməndə Titrəyənkabak, Miss Kitty Şəbnəmli Yosun, Miss Mayıs Ağtikan, Mrs. Glorina Palmiyə, Mrs. Liana Orman, Mrs. Arbella Qaraorman və Oakholme Registen Norma Qutsalmeşə huzurlarıyla mərasimə şərəf verdilər... Son olaraq Odunçu “Aman qıyma o ağaca” adlı yeni və çox bəyənilən bir aranjımanını çalmışdır. Papanın da təbrikindən sonra Saint Fiacrenin Horto kilsəsindən ayrılarkən xoşbəxt cift, fındıq, çamfısdığı, dəfnə yarpağı, söyüd çiçəyi, sarmaşıqsürgünləri, çobanpüsgülü toxumları, ökseotu filizləri və şövqgətirici digər nəbatatla nəşəli bir şəkildə yaylım atəşinə tutulmuşdur. Mr. Və Mrs. Wyse Qozalaq Neaulan, Qara Ormanda sakit bir bal gecəsi keçirəcəkdilər”.

Coys 20 saatlıq adi həyatda monumentallıq göstərdi. Bəşəri problemlər, siyasətlər, dini-fəlsəfi nəzəriyyələr və s. bu kimi anlayışlara həsr edilmiş yüzlərlə səhifələr bir günün 20 saatı kiçikliyinə yerləşə bilməzdi. Bu qədər möhtəşəmlik yalnız insan zəkasında, şüurunda inikas oluna bilərdi. Çünki şüurun ilahi başlanğıcla, sonsuz qüdrət sahibi Tanrı ilə birbaşa əlaqəsi var. Yazının əvvəlində də M.Hollun bununla bağlı fikrini vermişdim: “İtalyan renesansının baxışlarına görə, insana şüurun verilməsi onun Allahla surət, sima, şəkilcə eyniləşməsidir”.

Romanda assosiativ təfəkkürü daima məşğul edən detallar, əşyalar, simvollar var. Məsələn, tabut bir əşya, bir qutu anlamından çıxıb daha geniş mənalar yaradır. Blumun beynindən start götürüb baş alıb gedən şüur seli bu balaca qutunun az qala hər yerdə kölgəsini, şəklini, səsini, rəngini yaradır. Çünki, tabut bir dəfn ayini atributu deyil, ümumiyyətlə, ölüm, axır, qədər, qiyamət, suallarla dolu final açarıdır həm də... Ana bətnində başını o tərəf, bu tərəfə çırpan uşaq üçün bu başlanğıcın özü tabutdur. “Tabutlanmış düşüncələr” ifadəsi də işlədilir mətndə. Ölmüş, qutu-qutu çərçivələnmiş düşüncələrin ətrafındayıq. Bir az da insana əzab verən bu qəbristanlıq yaratmış “ölü düşüncə” kədəridir. Düşüncələr də insan kimi doğulur və ölür, hətta öldürülür. Qətlə yetirilmiş, təcavüzə uğramış, sonra da yuyulub kəfənlənmiş tabut-tabut düşüncələr... “Çevrəmdə tabutlanmış düşüncələr, mumya sandıqlarında, ətirli kəlmələrlə mumyalanmış düşüncələr... Bir zamanlar insanların beyinlərində canlıydı... Səssiz-küysüz: Amma qulağıma bir nəğmə fısıldayaraq ölümü öz iradələrinə ram etməyə çalışan bir istək də var onlarda”.

Diğnamın oğlu da atası haqqında düşünəndə onun obrazı, yadında qalan son şəkli məhz tabut assosasiyalıdır. Deməli, insanlar ölmüş qohumları, tanışları ilə son dəfə tabut formalı varlıqla sağollaşırmış kimi sağollaşır. Müəmmalı, ağzı bağlı qutularla vidalaşmanın özündə də bir sıxıntı, anlaşılmazlıq, sirlilik var. Ruhunu itirmiş varlıqlar artıq qutu-qutu əşya, mal, məişət detalı kimi heçə çevrilir... Dəfn mərasimlərində insanlar tabutla halallaşmağa, tabutla vidalaşmağa gedir, tabutun dövrəsində halay qurub qəmə batırlar. “Vidalaşanlar tabutla vidalaşarkən necə sürtünürdülər: Ya tabutu aşağıya endirəndə sağa-sola burulmalar.. . Atam tabutun içindədir, anam qonaq otağında ağlayır və Barney əmi adamlara tinləri necə dönəcəklərini öyrədirdi. Qosqoca bir tabutdu, hündürdümü? Hündürdü, qurğuşun kimi ağır görünürdü... Bu necə oldu axı? Dünən gecə sağ olan atam bulud kimi çəkildi, getdi... Pilləkənin başında durmuşdu. Tunneyə qədər uzanıb daha da zıkkımlanmaq üçün çığırıb-bağırıb ayaqqabılarını istəyərkən o əynində köynək, küp kimi və qısaboylu görünürdü. Ondan sonra onu heç görmədim... Ölüm, budur bax... Atam öldü... Yəni, öldü mənim atam... Anama oğulluq vəzifəmi yerinə yetirməyimi tapşırdı. Başqa vəsiyyətlərini eşidə bilməmişdim, amma dili ilə dişlərinin anlaşıqlı danışmaq üçün çabaladığını görmüşdüm... Zavallı atam. Atam Mr. Diğnam yəni... İnşallah bu anda cənnətdədir... Çünki cümə ertəsi gecə Peder Conranın yanına günah çıxartmağa getmişdi”. Bu məqamda da “günah çıxartma” ştrixi məqalənin əvvəlində də qeyd etdiyim kimi, insanın bir ömür boyu “günahkarlıq qorxusu” ilə uğraşmasına işarədir. Günah sanki Domokl qılıncıdır hər kəsin başının üstündə. Və təbii ki, bu qorxu-günahkarlıq, insanların daha inanclı olmasını ifadə edirdi. Coys insanı bu yükdən –qorxudan xilas etmək istəyirdi. Ona görə də bəzən hətta onların günahlarına və bu günahlardan yaxa qurtarmaq mücadiləsinə gülürdü... Burda da bədəndən cin çıxarma əməliyyatına bənzər bir ritual təsvir edilir. Diğnam ölməmişdən əvvəl Peder Conranın yanına gedib, günahlarını bədənindən çıxarmışdı... Oğlu da ona görə təsəlli tapır və deyir: “İnşallah bu anda cənnətdədir...” Bəzən dəfn mərasimlərində bu xüsusi hörmətlə qorunan, gülə-çiçəyə tutulan tabutun gülünc vəziyyətə düşdüyü səhnələrlə də rastlaşdıq romanda: “- Hə,-dedi Martin Cunningham, Dunphyenin tinində cənazə maşını aşaraq tabutun yola düşməsi kimi səhnələrlə də rast gəlməzdik o zamanlar...

- Nə pis oldu o gün,- Mr. Power üzünü turşudaraq dedi. Cəsəd yolun ortasına sərilmişdi eləcə... Dəhşət!

...

- tanrıya şükürlər olsun! - Martin Cunningham dindarcasına dedi.Güm! Çönür və bir tabut yola aşdı... Birdən qırılan tabut açıldı!”

“Tabut” qapalılığı, qlaflılığı və saxlancı, “ölü bəsləmə” anlamında pianoya da şamil edilir. Piano Coysun təsəvvürünə görə səslərin, musiqinin dəfn edildiyi bir tabutdur həm də... Pianinonun qapağının açılmasını tabut qapağının qaldırılmasına bənzədir. Ayaq pedala basılır və barmaqlar pianinonun dillərinə toxunursa həmin səslərin oyanışı, dirilməsi, ruha, cana gəlməsi prosesi baş verir: “Lenehan səbrsizləndi... Tabutun (pianonun) qapağını qaldıraraq pianino tellərinə baxdı. Pedallara ehtiyatla toxundu... “Ümumiyyətlə, romanda musiqi tam başqa bir təhlilin mövzusudur, yəqin ki növbəti yazılarda bu nəzərə alınacaq. “Uliss”i musiqi ahəngiylə oxumalıyıq. Roman musiqi doludur. Əsərin süjet xətti boyunca bəzi mahnılar baş verən hadisələrin fonunda səsləndirilir. Molli peşəkar sopranodur, Stefanın isə tenor səsi var. Blum Stefanı musiqçi etmək üçün beynini ütüləyir. Stefanın atası da məşhur musiqiçidir. “Sirenlər” hissəsində Stefanın atası və yoldaşları piano arxasında uzun mahnı oxuyurlar. Yəni, Coysun musiqi anlayışı da peşəkardır. Kitabın bütün xəttində sonata səslənir.

Kitabın ağırlıq mərkəzi hesab olunan teatral hissəsində (“Sonat”) Stefan və Blum qarşılaşırlar. “Sonat”da əsərin mərkəzində yer alan bu iki obraz ətrafındakı xarakterlərlə iç-içə işlənir. Əsərin bu kulminasiya nöqtəsindən sonra Stefan və Blum yorğun şəkildə “Sonat” hissəsinin təkrar təqdimatında kişilərin dünyasından çıxıb Mollinin dünyasına girdiyini yekun hissəsi, “Koda” fəslini xatırladır. (“Açıq dərgi”, Türkiyə, 20.12.2012-ci il)

Başqa bir söhbətdə isə bir anayla ölü doğulmuş körpənin bir tabutda torpağa basdırılmasında da bir hikmət olduğu söylənilir. Ana öz körpəsini uzun müddət torpaqda qoruyacaqmış...

Romanda qadınlar daha çox günah, ilk günah daşıyıcıları kimi dialoqlarda təhlilə çəkilir. Odisseyin və Blumun arvadı da bu sıradadır. Amma “tabuta ilk mismar vuran” bir qadın portreti də var. “O qəhbə, ingilis fahişəsi bunu ona eləyən,- deyə mütaliəsini saxladı, -xarabatın banisi... Tabuta ilk mismarı vuran o.

- Əsas qadındır, sən işini gör,-deyə fikrini bildirdi, bələdiyyənin sənədləşdirmə müdiri Henry Campbell. Atlar anası maşallah... Neçə igidin dizlərini boşaltmışdı o qadın... Bir bərbər dükanında gördüm onun rəsmini. Əri bir kapitanmış...”

Romanda “tabut” həm də siyasi notlarla mənalandırılır. Boş tabutlar, içərisinə daş doldurulub insanları aldadaraq müxtəlif adlarla dəfn olunan qutular... Ölümünə inanmadıqları, amma tabutu torpağa basdırılan insanlar var ki, onların nə vaxtsa qayıdışı barədə şaiyələr az qala əfsanələşib dilləri dolaşır. Hətta qəbiristanlıqda gəzinti zamanı məzarlara baxa-baxa “Bu qəbirdə adam yoxdur, tabuta daş doldurulub”- fikri söylənmişdi əsərin əvvəlində. Romanın sonrakı hissələrinin bir yerində isə oxuyuruq: “- Bir sabah qəzeti açacaqsan.-deyə təsdiqlədi arabaçı, oxuyacaqsan: Parnellin dönüşü... Nədən desən mərcə gələrdi. Bir gecə bir adam Dublin silah-sursatı sığınacağındaymış da, onu Cənubi Afrikada gördüyünü söyləmişdi. Qürurdur onu öldürən... Məncə gedib özünü vurmaq və ya 15 nömrəli komitə otağından sonra əvvəlki vəziyyətinə dönüb onu günahlandıran bir adam qalmayana qədər bir müddət heç kimə görünməməliydi. Ağlı başına gəlib əvvəlki mənliyinə qovuşduğu zaman hər kəs birdən onun önündə çılpaq dizlərinin üzərinə çöküb onu salamlardı. Ölməmişdir o! Sadəcə harasa qaçmışdı. Gətirdikləri tabutun içi daşla doluydu. Adını da dəyişdirib De Wet eləmişdi... Boer generalı... Məncə, rahiblərin yanına getməkdə səhvə yol vermişdi. Və sairə, və sairə, və sairə...”

Qeyd etdiyimiz kimi, roman 20 saatlıq bir müddəti (“Dünya ədəbiyyatının ən uzun günü”) əhatə edir və bir neçə məqamda vaxt xatırlanır. Bir az əvvəl saat iki olduğu vurğulanmışdır. İndi isə saat dörddür: “Saat zırıldadı. Miss Kennedy, çay sinisi ilə qarşılarından keçdi. (çiçək, kim verdi, əcaba?) Saat çakkıldadı. Miss Douce Boylanın pulunu aldı və mexaniki olaraq kassaya basdı. Saat danqıldadı... Misirl dilbər siyirməni qurdaladı, qarışdırdı və mızıldayaraq pulun qalanını uzatdı. Günəşin batdığı yerə bax... Bir çaqqıltı... Məni tapmaq üçün...

- Saat neçə oldu?-deyə soruşdu Blazes Boylan. Dördmü?

27.08.2017

# 1212 dəfə oxunub

Müəllifin son yazıları

# # #