Kulis.az tənqidçi İradə Musayevanın “Ədəbiyyatın gücü, siyasət və ədəbiyyat konfliktində tənhalaşan qaliblər...” məqaləsini təqdim edir.
(A.Soljenitsinin “Birinci çevrə” romanı haqqında)
IV məqalə
Rus inqilabını atılmış olduğun barmaqlıq
arxasından yaxşı harda görmək olar?
Rus inqilabının fəsadları yoluxucu xəstəlik kimi yayıldı və həqiqətən də, bu inqilabın əsil simasını dəmir barmaqlıqlar arxasında oturanlar daha yaxşı görməli oldu. Kilsələri, mehrabları alman əsirlərinə sökdürüb rəngli daşlarını yollara döşətdirən, yalan və zor gücünə böyük bir ərazidə diktatura rejimini tətbiq edən Stalin hakimiyyəti insanların daha çox düşüncəsini və ruhunu məhv etmək işinə xidmət edirdi. Burada adamlar daima “iki daş arasında qalmaq” kimi çıxılmazlıqlarla üzləşirdi. Hətta romanda obrazlardan biri deyirdi ki, “burda yaşamaq üçün gərək iki müxtəlif yaddaşın olsun”.
“Birinci çevrə” əsərində dövrün siyasi mənzərəsi haqqındakı təhlillər təkcə alim, mühəndis dustaqlar arasında olmurdu, çöldəkilər, bayırdakılar, “azad dustaqlar” da aydın, sağlam düşüncə ilə “xalqlar həbsxanası” kimi səciyyələndirilən ölkənin, “Böyük vətənin” tragik durumu barədə obyektiv mühakimələr yürüdürdü. Məsələn, İnnokenti və baldızı Klaranın uzun-uzadı birgə gəzinti zamanı etdiyi söhbətləri və ya yenə İnnokenti ilə dayısı Avenir, daha sonra Radoviç, Slovuta, qaynatası Makarıqin və başqaları ilə polemikası siyasi, ictimai və mədəni həyatın astar üzü haqqında idi. “O, xəstə gözləri ilə qıza baxdı. Sınıq çubuğu qələm kimi əlinə aldı. Nəm torpaqda çevrə çəkdi.
- Görürsən bu çevrəni? Bu vətəndir. Bu, birinci çevrədir. Bu da ikinci çevrə, - o daha bir çevrə çəkdi. – Bu bəşəriyyətdir. Adama elə gəlir ki, birinci ikinciyə daxildir. Əsla yox! Bunların arasında zehniyyət çəpərləri durur. Hətta tikanlı məftillər və plümyotlar durur. Bu sədləri nə cisminlə, nə də ürəyinlə aşa bilməzsən. Belə çıxır ki, heç bir bəşəriyyət-zad yoxdur. Yalnız vətənlər, vətənlər var, hamısı da müxtəlif.”
Romanda bir çox qadın obrazları var ki, onların da taleyi repressiya və müharibə zamanının fəlakətlərində alt-üst olmuşdu. Həbs olunmuş və əsir düşmüş ərlərinə görə daima tənəli baxışlar altında gizlənməyə yer axtaran bu qadınların bəzən “sədaqət”, “vəfa” kimi öhdəliklərdən imtina etmək və boşanıb azad olmaq, “təmizə çıxmaq” arzusu ilə verdikləri qərarları eşidəndə bu xəbərdən sarsılan, həbsxana barmaqlıqları arxasında heykəl kimi donub qalmış “xalq düşməni”, “inqilab düşməni” olan ərləri ilə vidalaşmaları səhnələri adamın ürəyini parçalayır...
Klaranın mühiti, daxili aləmi və dövrün ictimai-siyasi hadisələri kontrastındakı mənəvi dramatizmi müəllif müşahidələrinin çox incəliklə əks olunmasını göstərir. Klara universitet həyatında və təlim-tədris prosesində nəsə qəribə, anlaşılmaz hadisələr baş verməsinin fərqindədir. O başa düşürdü ki, ona öyrədilən ədəbiyyat əsil ədəbiyyat deyil, sosial sifarişlə yazılmış rus ədəbiyyatı və “qardaş xalqlar ədəbiyyatı” bayağı, yalan həyat lövhələri diktə edirdi. “Mühazirələrdə kiçik və böyük yuslardan, rahib rəvayətlərindən, mifoloji, müqayisəli-tarixi məktəblərdən danışmağa başladılar ki, bunların da hamısı yel kimi əsib keçirdi, dərnəklərdə isə Lui Araqon, Hovard Fast və yenə də Qorki, onun özbək ədəbiyyatına təsiri barədə söhbətlər aparılırdı. Mühazirələrdə oturarkən və ilk vaxtlar dərnəklərə gedərkən Klara həmişə gözləyirdi ki, ona həyat haqqında nəsə çox vacib, məsələn, həmin o arxa cəbhədəki Daşkənd barədə nəsə deyəcəklər”. “Arxa cəbhədəki Daşkənd” – işarəsi yalan təqdimatlarla dünyaya yayılan sovet həyatı haqındakı illüziyanın tərs, arxa üzü, əsil siması barədə həqiqəti anladırdı.
Müasir rus ədəbiyyatında bəlkə də Soljenitsın realizmindəki qədər acı, həyatın dibinə enən və oradakı cəhənnəm mənzərələrini müşahidəyə səsləyən ikinci bir çağırış ruhlu ədəbi-nəzəri estetika –realizm çeşidi tapmaq mümkün olmaz. Onun yazıçı üslubu və hadisələrə, insanlara baxış estetikası dəyişməz meyarlarla formalaşmaqda idi. Qərb ədəbi-mədəni sənət nəzəriyyəsi Soljenitsın mətnlərində özünə yer tapa bilməzdi, yaradıcılıq üçün zəruri olan bütün bucaqlar (“magik beşbucaqlının bütün bucaqları”) artıq əbədi tutulmuşdu. Sənətkar “dünya Xeyri və dünya Şəri” adlı bucaqlar arasında çaşıb qalmış, amma Şərlə mübarizə silahını əlindən yerə qoymamışdı. Əsərdəki məhbus rəssamın yaradıcılıq metodu haqqında dediklərini həm də onun özünə aid etmək olar: “Necə inkişaf etmiş olsaydı da, Qərb təsviri sənətinin Kondraşov-İvanovun işinə heç bir təsiri ola bilməzdi, şünki hər şeyin aşkarlandığı və yaradıldığı magik beşbucaqlının bütün bucaqları artıq əbədi tutulmuşdu: iki bucaq – rəsm və rəng (ancaq rəssamın özünün görə biləcəyi kimi); daha iki bucaq – dünya Xeyri və dünya Şəri, nəhayət, beşinci bucaq – sənətkarın özü”.
Kondraşovun ruhu və ovqatı, düşüncəsi bir rəssam kimi onu sarı rəngə doğru çəkirdi. Xəstəlik, ümidsizlik çalarlarının bu rəngdə ifadəsi onu hədsiz düşündürürdü. Onun çəkdiyi rəsmlərdə donmuş çayların kənarında saralmış otlar, hətta sarıya çalan küknar meşələri başqa söz deyirdi: bütün bu yerlər Rusiyadır! Xəstə və təbii həyat mənzərələri dondurulmuş Rusiya!
Xəstə Rusiyada durmadan, fasiləsiz olaraq cəza çəkən ziyalılar qəm içindədir. Çünki, onların həbs müddətləri o qədər böyük və uzun idi ki, heç kəs azadlığa çıxacağı il barədə düşünmürdü...
Müharibə Stalinlə birləşib milyonlarla insanı bədbəxt etməklə məşğul idi... Homerin “İliada”, Odisseya”sındakı ölüm, qan, param-parça olmuş insanlıq tablolarının bir başqa variantına da bu romanda tamaşa edirik. Yaxın tarixin Stalin qələbəsini əks etdirən təsvirlər... Amma sovet ədəbiyyatı özünü görməzliyə vurur, elə bil bu eybəcər həyatın, pərdə arxasında gizlədilən dəhşətli səhnələrin bədiiləşmək haqqı yox idi. Müharibənin və inqilabın ancaq və ancaq qələbəsi, təntənəsi əks olunurdu ədəbiyyatda. Lakin qolu-qıçı kəsilərək eybəcər bir formaya çevrilmiş, “samovar” ləqəbi qazanmış adamların, səfil-sərgərdan, sərxoş həyat keçirib itirdikləri ömrün qisasını ancaq söyüş söymək və ağlamaqla əvəzləyən kişilərin faciəsi, sarsıdıcı taleyi bu ədəbiyyatın, sənətin səhifələrinə düşə bilməzdi. Soljenitsın bu səhifəni yaratdı. Ədəbiyyatda ötürülmüş ağ vərəqə köçürdü romanlarını, hekayələrini... Stalin hakimiyyətinin təntənəsinə etiraz edib, o biri kitabı - məhv edilmiş insanların tale kitabını yazdı.
Yeni müharibənin əlilləri... Misal gətirdiyim bu parçadakı həyatı gözləriniz qarşısında canlandıra-canlandıra mətni oxuyun, zamanın əsil siması bu adamlarla müəyyənləşməli idi. “Onlar qoltuqağaclarına söykənərək yeriyir, kəsilmiş əllərinin kötüklərini yellədir, ayaqsızlar taxtaların üstündə sürünür, nəsə satır, fal açır, dilənir, tələb edirdilər. Klara da nəyi vardısa, onlara verdi, yoxsa ürəyi partlayardı. Ən qorxuncu isə samavar ləqəbli əlil idi: bu adamın hər iki qolu və hər iki qıçı yox idi, əyyaş arvadı onu arxasında, zənbilin içində gəzdirir, insanlar pulu da həmin zənbilə atırdılar. Bir az pul yığıb araq alır, içəndən sonra da dövlətdə nə vardısa, hamısını söyüb lənətləyirdilər. Bazarın mərkəzi tünlük idi, bronlu alverçilərin əlindən keçmək mümkün olmurdu. Buradakı min manatlarla ölçülən, məvaciblərlə heç cür düz gəlməyən qiymətlər heç kəsi təəccübləndirmirdi. Şəhər mağazaları boş idi, burada isə udula, bədənin aşağı və yuxarı hissələrinə taxıla və ya geyinilə bilən, icad edilməsi mümkün olan nə vardısa, - amerikan saqqızına, tapançalara, qara və ağ magiya dərsliklərinə qədər – hər şeyi tapmaq olardı.
Amma yox, ədəbiyyat fakültəsində bu həyatdan danışmırdılar, sanki, onun haqqında heç nə bilmirdilər. Orada elə ədəbiyyat öyrənilirdi ki, sanki, yer üzündə gözünlə gördüklərindən savayı hər şey mövcud olmuşdur”.
Həqiqətən də, Soljenitsını bədii lövhələr, psixoloji dramatizmlər ustası, siyasi mənzərənin şəklini bir dialoq kontekstində belə mükəmməl və təfərrüatı ilə əks etdirə bilən sənətkar kimi dəyərləndirmək lazımdır. Bu baxımdan onu Lev Tolstoyla müqayisə edənlər yanılmayıblar. Müəllifin romanları, minlərlə səhifəni əhatə edən kitabları ən uğursuz, bədbəxt və çoxları üçün “kiçik fiqur” kimi görünən insanları hədəfə gətirirdi. Cəmiyyətdə şəxsiyyət, xarakter və ən əsası, mükəmməl insan kimi yaşaya biləcək adamları “kiçik fiqurlar”a, “yararsız ər”lərə çevirən sovet diktaturası daxildən çürüyürdü. Bunu isə ilk görüb dilə və qələmə gətirənlərdən biri də Soljenitsın idi.
Klara institutu bitirib Marfinaya qədəm qoyası olur. Klara da ətrafda baş verən proseslərdə absurd situasiyalara laqeyd qala bilmir. Və müəllif onun baxış bucağında yeni bədbəxt, yeni alçaldılmış və yaşamaq uğrunda gülünc vasitələrlə mübarizə aparan insanları təhlilə çəkir. Bu insanların bu günə düşməsində əsil cinayətkarları, əsil cavabdehləri xatırladır həm də. “İndi İvan oturub qəribə formalı, hər dəfə də yeni elektron-şüa boruları üfürürdü. Onun birillik müddəti bitirdi, amma məhkumluğu qalırdı və o, Moskvadan sürgün edilməməyi üçün müdriyyətdən xahiş etmişdi ki, onu azad əməkdaş kimi, lap min beş yüzlük məvaciblə də olsa, bu işdə saxlasınlar.
Saraşkada bu cür sadə və xoşbəxt sonluqlu hekayət heç kəsi maraqlandıra bilməzdi: burada əlli gün ölümə məhkum edilmişlər kamerasında yatmış, Roma papasını və Albert Eynşteyni şəxsən tanıyan adamlar da vardı. Amma bu tarixçə Klaranı sarsıtdı. Belə çıxırdı ki, İvanın dediyi kimi, doğrudan da, “nə istəyirlər, onu da edirlər”.
Yazıçının ən incə detallar və ştrixlərlə daxili dünyalara enməsi, onu tolstoyvari üsulla bədiiləşdirməsi səhnələri heyrət doğurur. İnsanların təkcə nitqi, çıxışları, mübahisə və məruzələri deyil, yaratdıqları, məşğuliyyətləri, məcburiyyət qarşısında qalıb düzəltdikləri fiqur və ya çəkdikləri rəsm əsərlərinin mövzusu belə zamanın portretini əks etdirən siyasi, ictimai-fəlsəfi mahiyyət daşıyır. Şüşəçi İvan şüşə üfürüb müxtəlif fiqurlar düzəldir. Kloun kimi görünən bu insanın daxili “mən”i isə başqa ağrı ilə yaşayır və üfürdüyü şüşələrdə həmin ağrının şəkli daxili təlatüm kimi əks olunur. Siz onun nəfəsi hesabına yaratdığı fiqurun məzmun və ideyasına diqət edin: “Görüşdən qayıtmış şüşəçi İvan isə iki ədəd çiyinlərində tüfəng olan gülməli şüşə şeytan üfürdü, şüşə çubuqlardan qəfəs düzəltdi, qəfəsin içində də gümüş sapdan asılmış, qəmli-qəmli cingildəyən şüşə ay asdı”.
Həbsxanadakı rəssam isə özü də hiss etmədən ancaq şikəst, xəstə, ümidsizlikdən yerindəcə donub qalmış adamların ruhunun ifadəsi olan mənzərələr yaradır. Məsələn, tablolardan birinin adı belədir: “Şikəst palıd ağacı”... Rəsmdəki palıd isə qayanın kənarında, uçurumun üstündədir- romandakı az qala bütün obrazların durumunu andıran bir vəziyyətdə... Çəkmək istədiyi, amma heç vaxt çəkə bilməyəcəyi həyatının şəklini, daha doğrusu, eskizini göstərir.
Qleb Nerjin nə qədər faciəli bir tale yaşasa da, Soljenitsının özü kimi, siyasi prosesləri və cəmiyyətin ictimai-sosial durumunu soyuq başla və analitik təhlillərlə çözə bilir. “Nə baş verir?”- sualı artıq onun düşüncələrini kiçik dairələrdən, ailə-məişət problemlərindən çoxdan ayırıb. O, “həyatın kifayət qədər əzdiyi adam kimi bilirdi ki, şeylərin və hadisələrin öz amansız məntiqi olur. Gündəlik həyatda etdikləri hərəkətlərdən hansı nəticələrin törənə biləcəyi insanların heç ağıllarına da gəlmir. Budur, Papov, radionu icad edərkən düşünürdümü ki, ümum üçün nəzərdə tutula biləcək bir çərənçi, düşünən tənha zehinlər üçün bərkdən danışan işgəncə aləti düzəldir? Ya da almanlar: Lenini Rusiyanı dağıtmaq üçün buraxmışdılar, nəticədə otuz ildən sonra Almaniyanın parçalanmasının şahidi oldular? Və ya da Alyaska. İlk baxışdan elə görünə bilərdi ki, buranı dəyər-dəyməzinə satmaqla böyük səhv ediblər, amma indi sovet tankları quru yolla Amerikaya keçə bilmir! Əhəmiyyətsiz bir fakt bütün planetin taleyini həll edir.
Nadya da elə. Boşanır ki, təqiblərdən xilas olsun. Boşanacaq və bir də necə ərə getdiyini özü də bilməyəcək”.
Əsərdə “cinayət” və “cinayətkar” ifadələrinin leksik-semantik məzmunu şaxələndikcə şaxələnir. Mətnin ümumi aurasında bütün baş verənlərin üstündə bu ifadənin-“cinayətkar” kəlməsinin kölgəsi dolaşır. İstənilən bir vaxtda istənilən hər kəs cinayətkar ola bilər bu ölkədə. Hətta bütün bir kənd, qəsəbə, idarə, müəssisə də cinayətkar kimi mühakimə oluna bilər. Müəllifin adi intonasiya ilə nəql olunan təhkiyəsində sarkazm çalarları hədsiz dərəcədə çoxdur. “Cinayətkar roman” məsələsini müəllif təkcə haqqında söhbət gedən kitabın taleyi ilə əlaqələndirmir. Bu kitabın oxusuna qulaq asan adamların 20-25 il həbs cəzası alması artıq zamanın siyasi görüşlərindəki diktaturanın hüdudsuzluğundan xəbər verir. “Leonid Andreyevin oğlu Daniil roman yazdı və onu oxumaq üçün on-on beş nəfər dostunu yığdı. On doqquzuncu əsr üslubunda ədəbi gecə keçirmək istədi... Bu roman dinləyicilərin hər birinə iyirmi beş illik islah-əmək düşərgəsi bahasına başa gəldi. Həmin o cinayətkar romanın oxucularından biri də üsyankarlığına görə iyirmi illik həbs cəzası almış, Sibirə, yanına ona vurulmuş fransız mürəbbiyəsinin gəlməsi ilə yadda qalmış dekabrist Kondraşovun nəticəsi Kondraşov- İvan idi”.
Sovet hökumətinə və Lenin ideallarına həbsdə də sadiq qalan, amma ziyalı və intellektual potensialı ilə hamının diqqətini çəkən Rubin üsyankar Qleb Nerjini yola gətirməyə çalışır ki, akustika laboratoriyasında birlikdə işləsinlər və hətta yeni bir elmin – öz metod və nəzəriyyəsi olan fonoskopiyanın əsaslarını yaratsınlar. O vədlərə inanır və Nerjini də inandırmağa çalışır ki, yaxşı işləsələr onları tez azad edərlər, təmiz pasport verib vətən xaini ləkəsini üstlərindən götürərlər, ən azından bu elmi kəşflə saraşkada hörmət qazanar, hansısa Anton tərəfindən döyülməzlər. Müəllifin öz obrazını əks etdirən Qleb Nerjin isə rejimə və Stalinə nifrət etdiyi üçün onun tapşırığından imtina etmişdi. Nerjin haqqında “yox edilsin” mesaji verilmişdir.
“Həddindən artıq çox bilənləri lap qədim dövrdən divarlara hörərdilər. Əgər fonoskopiya barədə Nazirlər Sovetinin iki üzvünün məlumatı olacaqsa, əlbəttə, bunlar Stalin və Beriya olacaq və bu sirri daha iki nəfər bizim kimi maymaq biləcəksə, onda yalnız bir vaxtından əvvəl azadedilmə yolumuz olacaq - tapançadan peysərimizə açılan atəş! Yeri gəlmişkən, niyə FK-TD-də məhz peysərə güllə atmaq qəbul edilib? Məncə bu alçaqlıqdır. Mən, məsələn, açıq gözlə sinəyə yayılan atəşin açılmasına üstünlük verirəm. Onlar qurbanlarının gözünə baxmağa qorxurlar. Budur səbəb! İş isə çoxdur, cəlladların əsəblərini qoruyurlar”.
İsaak Kaqan adlı şəxs vaxtilə anbardar olub. Özü də daima susan, ehtiyatlı bir adam. Lakin indi o da Qleb Nerjin kimi bir etirazçı ilə eyni cəzanı çəkmək zorunda qalıb. Onun cəzasının adı “xəbər verməmə” maddəsi ilə müəyyənləşib. İsaakı burada, həbsdə çüğülçüluğa vadar edirlər. Və o bu işi “əla” bacarır. Həbsolunma səbəbi isə böyük əksəriyyətdə olduğu kimi, gülünc bir “cinayət” idi. Bir dəfə onun anbarında kim isə alətləri, kim isə təhcizatı, planlamanı söyürmüş, o isə susurmuş. Üzləşdirmələr olur, hamısına 10 il iş verirlər, o cümlədən bu deyinmələr barədə xəbər verməyən İsaak Kaqana.
“Birinci çevrə” romanının mətn arxitektonikası hər an oxucunu diqqətli olmağa, düşünməyə və analiz etməyə sövq edir. Təkcə cümlələr və abzaslar, mətn parçaları ilk ifadə etdiyindən əlavə məna qazanmır, həm də romanın ideyası sanki yeni-yeni hekayətlər, əhvalat süjetləri doğurur. “İkinci kitab” adlanan hissə maraqlı bir oyunla başlayır. Və bu oyuna saraşkanın məhbusları həvəslə tamaşa edir, həm də iştirakçı olurlar.
Lev Qriqorieviç Rubin həbsxana yoldaşları üçün “İqor polku dastanı”nın motivlərini kinayəli, sovet sisteminin diktatura və repressiya qanunlarının ittihamları əsasında dəyişərək, parodik tərzdə səhnələşdirir. Həmin dastanın məzmununu əsas götürərərk, qəflətən rol bölgüsü aparıb səhnələşdirdiyi məhkəmə tamaşasını pamflet üslubunda maraqlı mətn nümunəsinə çevirir. Bu oyun hamının ürəyindən olur. Şərləmə, ittihamlar, yozumlar, yalançı şahidlik əsasında cəzalandırma və s. bu kimi məqamlar bütün dustaqlara tanışdır. Bu tamaşada söz elə hey ancaq prokurora verilir. Bu oyun-tamaşada vəkil və müsbət fikir söyləyən bircə şahid belə yoxdur. Tarixi şəxsiyyətlər, dastan qəhrəmanları, tarixin özü ilə belə istədikləri kimi “davranan” rejimin gülünc məntiqsizliyi karikaturalaşmış mühakimə formatında ifadə edilirdi. Hətta təqsirləndirilən şəxsin özü məhkəmədə iştirak etmir. Bu ştrixlə (yəni cəza alan adam artıq şəxsiyyət, xarakter, iradəsi və sözü, etirazı olan adam kimi qəbul edilmir) müəllif o zamankı (Soljenitsın dövründə) məhkəmələrin nə qədər primitiv və qeyri-insani “qaunlar”la işlədiyini göstərir. Bir neçə dəqiqəlik tamaşada Prokuror Rubin, məhkəmə sədri isə Qleb Nerjin olur. Və onlar özləri də hiss etmədən siyasi hadisələri ən kəskin və satirik üslubda tənqid edirlər.“İqor polku haqqında dastan”ın qəhrəmanını yeddi yüz altmış beş il keçəndən sonra Stalin məhkəmələrinin qanunları ilə “dara” çəkirlər. “Göstərilənlər əsasında Olqoviç İqor Svyatoslavoviç – 1151-ci il təvəllüdlü, Kiyev şəhərində anadan olmuş, bitərəf, əvvəllər məhkum olunmamış, SSRİ vətəndaşı, ixtisasca sərkərdə, knyaz rütbəsində drujina komandiri vəzifəsində xidmət keçmiş, 1-ci dərəcəli Varyaq, Qızıl Günəş ordenləri və Qızıl Qalxan medalı ilə təltif olunmuş – aşağıdakı əməlləri törətməkdə təqsirləndirilir: vətəninə qarşı təxribat, casusluq və qıpçaq xanı ilə çoxillik cinayətkar əməkdaşlıqla çulğalanmış iyrənc xəyanətdə, yəni RFCM-in 58-1-b, 58-6, 58-9 və 58-11 maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə. İrəli sürülən ittihamlarda Olqoviç özünü təqsirli saymış, həm də şahid ifadələri, poema və opera ilə də onun təqsiri sübuta yetirilmişdir. RF CM-in 208-ci maddəsini rəhbər tutaraq iş təqsirləndirilən şəxsin məhkəməyə verilməsi üçün prokurora göndərilmişdir”.
Bu çox spesifik və amansız bir parodiya idi. Müharibədə əsir düşmüş yaralılar və digər şəxslər cinayətkar, satqın, “könüllü xəyanətkar” hesab edilirdilər. Bir neçə dəqiqəlik bu oyun-tamaşanı dustaqlar “Marfino saraşkası hərbi tribunalı” adından təqdim edirlər. Məhbuslar iclası bu şəkildə aparırlar: “Dövlət təhlükəsizliyi orqanları tərəfindən təqsirləndirilən şəxs qismində bu iş üzrə Olqoviç İ.S. cəlb edilmişdir. Təhqiqat müəyyən etmişdi ki, knyaz rütbəsində şanlı rus ordusunun sərkərdəsi olaraq drujina komandiri vəzifəsini tutmuş Olqoviç vicdansız vətən xaini çıxdı. Onun xəyanətkar fəaliyyÿti onda təzahür etmişdir ki, o, könüllü surətdə xalqımızın qatı düşməni, hazırda ifşa edilmiş Qonçaq xana əsir düşmüş, bundan əlavə, oğlu Vladimir İqoreviçi, eləcə də qardaşını və qardaşı oğlunu, tam tərkibdə bütün silahları və təhtəlhesab maddi əmlakı ilə birgə bütövlükdə drujinasını bu əsirliyə təslim etmişdir”.
Stalinizmdə sanki cəzanın yaşı və növü, günahın səbəbləri də fantastik dərəcədə şeytani diktəyə hesablanırdı. “İqor polku dastanı”nın qəhrəmanını əsrlər sonra və istənilən detalı yozmaqla da ən ağır cəzaya layiq görmək olarmış. Niyə Knyaz İqor vətəni haqqında yox, arvadı haqqında düşünür? XX əsr sovet sisteminin cinayət məcəlləsi sübut edir ki, onun yaralanıb əsir düşməyə mənəvi haqqı yoxdur, hətta əsirlikdən vətəninə qaçıb gəlməsi faktına da iş kəsir və sual edirlər: O, casus deyilsə, niyə geri dönüb?
Romanda mənfi hesab olunan qəhrəmanların fikirləri təkcə onların öz xarakterini deyil, sistemin və ideologiyanın mahiyyətini də ifadə edir. Saraşkada xəfiyyə rolunu oynayan İsaak “Maddə 20, bənd “a” –cəzasını həbsxana yoldaşlarına ucadan izah edir. Uzun illik həbs təcrübəsi olan bu adamlar isə belə bir bəndin olduğunu ilk dəfə eşidirlər. Maraqla izah tələb edirlər, o isə deyir:
“ – Mənəvi cəhətdən axtalamaq. Maddə 20, bənd “a” –zəhmətkeşlərin düşməni elan etmək və SSRİ hüdudlarından qovmaq! Qoy getsin, qoy Qərbdə gəbərsin!”
Soljenitsın bədii mətn kontekstində dəfələrlə tarixə səyahət edir, müqayisələr aparır. Zamanın, insanların, qanunların və meyarların, humanizm anlayışının cəmiyyət və hakimiyyət tərəfindən necə dərk olunması probleminin analitik təhlillərində yenə uduzan, günahkar tərəf Soljenitsın mühiti və cəmiyyəti, bir də bu cəmiyyəti zəlil günə qoyan Stalin diktaturası olur. Soljenitsının faciəli həyatı ona böyük həqiqətin ədəbiyyatını yazdırdı. Həbsxanalar və məhbus həyatı haqqında yazılan əsərlərlə müqayisəni də müəllif əsərində özü aparır. Dustaqlardan biri “Monto Kristo” əsərini oxuyur. Əsər haqqında söhbət gedir və onların dili ilə Soljenitsın özünü A.Düma ilə müqayisə edir. Daha doğrusu, hər iki mətndəki həyat lövhələrini müqayisə edir və öz mətninin real təsvirlərinə üstünlük verir. Bildirir ki, Düma dustaqlar haqqında azad adamlar kimi yazıb, onun patrearxal həbsxanası mənəvi rahatlıq və hələ azadlığı, iradəsi sındırılmamış adamlar üçündür. Ordan nə qədər dustaq hətta qaçıb gedə də bilirmiş. Onların özü kimi danışmaq və hissləri ifadə etmək üçün həqiqətən dustaq olmaq lazımmış... Soljenitsının özü kimi. Şəxsiyyəti alçaldılan sovet məhbusları A.Düma zamanının müttəhimləri ilə müqayisə olunur. Məlum olur ki, “örüşdən gələn naxıra bənzər dustaq sürüsü” içərisində zamanın düşünən başları, ləyaqətli şəxsiyyətləri İsaakın da dediyi kimi, “mənəvi axtalanma” faciəsinin qurbanları idi.
“Düma azadlıqda olanlar kimi çox şeyi başa düşmür və ya bu barədə susur. Bir araşdırın, Dantes niyə qaça bildi? Ona görə ki, kameralarda illərlə şmonlar keçirilmirdi, amma bunu hər həftə etmək lazımdır. Bu da nəticəsi: lağımı görməyiblər. Sonra. Dümanın təsvir etdiyi həbsxanada nəzarətçiləri dəyişdirmirdilər, onlar isə Lubyanka təcrübəsindən bildiyimiz kimi, hər iki saatdan bir dəyişdirilməliydilər ki, bir nəzarətçi o birisinin səhvlərini axtarıb tapsın. İf qalasında isə günlərlə kameralara girmir, içəri baxmırdılar. Onların kameralarında heç gözlük də yox idi, beləcə İf həbsxana yox, kurort idi”.
“Buddanın təbəssümü” adlanan fəsildə incəsənət nümunələrinin hamısında (ədəbiyyat, rəssamlıq, kino və s.) siyasi kəskinliyi əks etdirən “qəsr” simvolikasının Yekaterina zamanından bu yana yalnız pisə doğru dəyişən bir durumun, ictimai-siyasi, sosial-mədəni sitüasiyanın “Butır” adlı məkanla əlaqəli şəkildə mənalanmasını görürük. Frans Kafka qəsrinin müəyyən çalarları olsa da, romanda məhz Soljenitsının qəsrdə, SSRİ adlı qəfəsdə əsir edilmiş ruhunun ən sıxıntılı yaşantıları ictimai yükü ilə təsvir edilir. Soljenitsın qiyamı subyektivizmdən çox uzaq idi. O nəinki Rusiyanın, SSRİ-yə daxil olan bütün respublikalardakı insanların tarixi taleyi haqqında yazırdı…
Sovet sosialist ölkəsində bütün pis xəbərlər gizlədilir, bütün həqiqətlər ört-basdır edilir, heç bir qınaq və şikayət də yoxdur, “Fəhlə və kəndli deputatları sovetinin xəbərləri” qəzetində isə ictimai asayiş, xoşbəxt cəmiyyət obrazı formalaşdırılıb. Heyvanlara göstərilən münasibətə bərabər tutulacaq yanaşma ilə dustaqların taleyinin həll edilməsi prosesi heyrət doğurur. “Kameraya buğlanan iri qabda ixtiozavr ətindən bulyon və silos həftəbecəri gətirilirdi; məhbuslar lövhələrin üstünə çıxır, darısqallıqdan ayaqlarını sinələrinə sıxır, ayaqlarını döşəməyə dirəyərək müvazinətlərini birtəhər saxlamağa çalışırdılar. Bu cür it oturuşu aldıqdan sonra onlar dişlərini qıcırdaraq diqqətlə, həyət itləri kimi, horranın nimçələr üzrə ədalətlə bölüşdürülməsini izləyirdilər. Nimçələr oynanılırdı – dustaqlar özü “paraşadan pəncərəyə” və “pəncərədən radiatora” tərəf dururdular. Bundan sonra taxtların və taxtaltı it damlarının sakinləri quyruq və pəncələri ilə, az qala, bir-birinin nimçələrini aşıraraq yetmiş beş ağıza həyatverici yalı hortladırdılar, – kameranın fəlsəfi sükutunu yalnız bu səs pozurdu. Hamı da razı idi. Həmkarlar İttifaqlarının “Əmək” qəzetində və “Moskva patriarxiyasının xəbərləri”ndə şikayətlər çap olunmurdu”.
Lakin günlərin birində bir günlük olsa belə bu cəhənnəm aləmini xatırladan həbsxanada hər şey dəyişir. Bit basmış dustaqlar ətirli sabunlarla çimizdirilir, otaqlar təmizlənir, illərlə bağlı qalan pəncərələr açılır, təmiz yataq, normal qida, hətta stolun üstündə siqaret, “Amerika” jurnalı, Marksın, Engelsin əsərləri, dini kitablar, Buddanın gülümsəyən büstü və s. var. Butır qəsrinin hamamında bu fövqəladə dəyişiklikdən həyəcanlanan məhbusların ağlına onlarla variantlı ehtimallar gəlir. Pessimistlər deyir ki, “bizi öldürəcəklər yəqin və ölümqabağı mərhəmət jestidir”, optimistlər isə deyir ki, “yox bizi azad edəcəklər, həbsxana rəisinin dəyişməsi də buna sübutdur”. Başqa birisi isə uzun-uzadı fikirləşəndən sonra belə bir şaiyə yayır ki, bəs Stalinlə Beriya Çinə qaçıblar, Molotovla Kaqanoviç katolikliyi qəbul ediblər, Rusiyada mövəqqəti sosial-demokratlar hökuməti qurulub və artıq Müəssislər Məclisinə seçkilər gedir”.
Və daha müxtəlif mülahizələr, şübhələr… Sonda məlum olur ki, insan hüquqlarınn müdafiəçisi xanım Ruzvelt Amerikanın müttəfiqi oan SSRİ –də həbsxanalara baş çəkir, UNRRA-nın yardımlarını yoxlayır. Deyiblər ki, ərzaq sadə xalqa gedib çatmır… Hətta paltarlarını dəyişmiş 3 partiya işçisi fəhlə görkəmində xanım Ruzveltə yardıma görə təşəkkür etmişdi… Həbsxanadakı “xoşbəxt gün” ün səbəbkarı amerikalı xanım Ruzvelt imiş…
18.05.2018
Ardı var.