Kulis.az İradə Musayevanın “Müstəqillik, müstəqillik, müstəqillik...” adlı məqaləsinin üçüncü hissəsini təqdim edir.
III hissə burda
(AMEA-nın Nizami adına Ədəbiyyat institutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi haqqında)
Azərbaycan xalqı Səməndər quşu kimi min dəfələrlə ölüb-dirilən, yanıb-yanıb külə dönən və külündən özünü yenidən yaratmağa qabil olan bir xalqdır. Bizim müstəqillik uğurumuz başqalarınınkına bənzəməz. Bu tarixi uğur nələrin hesabına əldə olunub, bunu tarix və tarixə yoldaşlıq edən yaddaşımız bilir... Fəqət, bu taleyüklü nailiyyəti qoruyub saxlamaq, onu əbədiləşdirmək missiyası var üzərimizdə. Pafoslu, köpüklü nitqlər, boğazdan yuxarı təntənəli təriflərlə deyil, əqidə, məslək, vicdan və ləyaqətlə dayanmaq lazımdır onun xidmətində... Varlığın, mövcudluğun, “Mən”liyin, milli şüur, milli kimlik ölçüsünün simvoludur, müstəqilliyimiz. “Müstəqillik” sıradan bir anlayış deyil. Bu sözün üzərində haqqımız, qanımız, o sözün isə bizim üzərimizə qoyduğu böyük bir missiya, məsuliyyət, cavabdehlik var. Biz, bu kəlmənin qutsallığına inanmalıyıq. Onun daşıdığı mənanı qəlbimizə, ruhumuza köçürməliyik. Qrafoman kimi “müstəqillik, müstəqillik, müstəqillik” təkrarlarının hay-küyü ilə nəsə bir xidmətdə bulunmadığımızın fərqində olmalıyıq...
AMEA-nın Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı haqqında 4-cü- sonuncu məqaləmi yaza-yaza xatırlayıram: Professor-tənqidçi, hörmətli Tehran Əlişanoğlu kitab çap olunmamışdan sosial şəbəkədə qəflətən belə bir status yazdı: “Belə. Ən nəhayət, Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”nın 1800 səhifəlik (2 cild, 130 ç.v.) mənzərəsini cızıb sərgiləyə bildik. Bu, tənqidçi İradə Musayevanın az qala hamının əvəzindən danışdığı Ədəbiyyat deyil ha. Bütün yönləri ilə müstəqilliyin özüdür ki var; buyurun, keçin, baxın! Perpetium-mobile, Ədəbiyyatı hamı sevənlər burdadır…”
Mənim də yarızarafat, yarıciddi yazdığım cavab statusunda belə bir yer var idi: ...Qaldı 1800 səhifəlik “müstəqillik dövrü ədəbiyyatı” nın cızılmış mənzərəsinə…. Aydındır. Oxuyarıq. O 1800 səhifənin içində nə qədər cızıqdan xaric material olduğunu aydınlaşdırarıq”. Mən, əslində bu statusu doğrudan ciddi yazmadım, sadəcə həmkar atmacasına cavab kimi...
Onu da qeyd edim ki, son dövr bəzi ədəbiyyat məsələlərə subyektiv, hissi-emosional yanaşmalarını nəzərə almasaq, Tehran Əlişanoğlunu həmişə ciddi imza kimi qəbul etmişəm. Amma əgər biz ciddi bilib güvəndiyimiz müəllif də bilə-bilə, şüurlu şəkildə hamının gözü qarşısında, əlimizdə bu boyda “qırmızı üzlü 1800 səhifəlik fakt” ola-ola səhifə-səhifə, bölmə-bölmə, ad-ad göstərdiyimiz səhvlərə, ədəbi saxtakarlıqlara göz yumaraq elə hey “iftira, iftira” deyəcəksə, deməli, ədəbi düşüncəmizdə və ümumiyyətlə, mədəni-intellektual davranışımızda çatlar çoxalmaqdadır. Təsəvvür edin, filologiya elmləri doktoru, professor, ədəbiyyat institunun şöbə müdiri, nəhayət, müəllim bu kitabı tapıb oxuyan həmkarına, filologiya üzrə fəlsəfə doktoru, dosent və nəhayət, başqa bir müəllimə guya istehza edərək nəyisə eşitdirir: “İndi durub bir institutun yazdığı kitabı təzədən şərh eləməliyəm. Əldə edin oxuyun, sonra danışın. Necə olur iftira söyləyənlərin əlinə kitabı tez dürtürlər. Rəhim Əliyev institutun içində onu oxuya bilmir”.
Söhbət sosial şəbəkədə olsa da, bu fikrin sahibi, ən azından müəllimdir! Doğrudur, kitab haqqındakı sicilləmə tribuna təriflərindən sonra belə bir qanqaraldıcı tənqidi (mənim məqalələrimi ) oxumaq, eşitmək qıcıq yaratmalıydı, fəqət, bu şəkildə yox...
Bəli, kitabı oxuduqca problemin nə qədər ciddi olduğunu anladım. Və məqalələri də şərhə cavab kimi yox, kitab haqqında filoloqtək mütləq fikir bildirməyin zəruri olmasını nəzərə alaraq yazdım. Çünki, Ə.Nesin demişkən, “İnsan sadəcə dediklərinə görə deyil, susduqlarına görə də məsuliyyət daşıyır”...
Mənə çox maraqlı idi, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”nın 1800 səhifəlik (2 cild, 130 ç.v.) mənzərəsi necə “cızılıb”, sərgilənib... Oxudum, gördüm... “Sərgiləmək” hissəsində problem yox idi, yaxşı “sərgilənmişdi” (kitabda daha çox həcm tutmağa haqqı olanlar 1-2 , bəzən yarım səhifədə, heç haqqı olmayan, ədəbi zövqün formalaşmasına əngəl ola biləcək bəzi şəxslərə isə 20, 25 səhifəlik səxavətlilik nümayişi!).
“2 cildlik tənqidlərə tam açıqdır. Mətləb budur ki, Mətnə münasibət olsun, dedi-qoduya yox... T.Əlişanoğlu ədəbiyyatda köhnə adamdır. Heç vaxt da Ədəbiyyatdan kənar söz danışmayıb. Bunu da bilməyənlər üçün dedim”. (T.Əlişanoğlu)
Hörmətli Tehran müəllim!
Siz “ədəbiyyatdan kənar” söz danışmadığınızı və ədəbiyyatdan kənar fəaliyyətdə olmadığınızı necə sübut edəcəksiniz ki, məsul redaktor və həmin kitabda 30 məqalədə imzası olan adam kimi fəxr etdiyiniz ikicildlikdə portretləşən, böyük-böyük məqalələrdə ədəbiyyat adına təriflənən, müstəqillik dövrü ədəbiyyatının siması kimi göylərə qaldırılan, əslində isə ədəbiyyata heç dəxli olmayan bir çox adamları bizə böyük ədəbiyyat yaradıcısı kimi təqdim etmisiniz. Sizcə bu saxtakarlıq deyilmi? Siz mətnə konkret faktlar və sitatlarla münasibəti “dedi-qodu” adlandırırsınız, ziyalı kimi bu ittihamın məsuliyyətini hiss edirsinizmi?
Bəli, doğrudan da özünün dediyi kimi, T.Əlişanoğlu “ədəbiyyatda köhnə adamdır”. Ona görə də yeni, müstəqillik dövrü ədəbiyyatına elə həmin köhnəlik mövqeyindən yanaşıb... Amma biz yeni cəmiyyətin yeni təfəkkürlə yaradılan ədəbiyyatına yeni baxış nəzəriyyəsini gözləyirdik bu kitabdan. 45 müəllif imzası, kitabın həcm genişliyi, rəngi, təbliğat ampulası və s. onda ürəkaçan olardı ki, mahiyyətə hesablanmış olaydı. Siz forma ilə öyünürsünüz, məzmunla yox. Günümüzdə yaranan ədəbi nümunələrə operativ, vaxtında verilmiş reaksiya yaxşıdır, heç olmasa təqdim etdiyiniz ədəbiyyatın yarıdan çoxu ədəbiyyat olsaydı! Yox, əgər sovet dövrü kitablarında olduğu kimi bir az sonra mətniniz aktuallıqdan düşəcəksə (və yəqin ki istisnaları çıxmaq şərti ilə düşəcək) zəhməti verdiniz fövtə... 5-10 ildən sonra sizin təqdim etdiyiniz “portret ədəbi sima”lardan neçəsi qalacaq ədəbiyyat tarixində? Biz özümüzdən əvvəlkiləri qınadığımız kimi, sonrakı nəsillər də bizi bu cür buqələmunluqda qınamayacaqlarmı? Bəlkə fərqində deyilsiniz, amma siz bu adamların ədəbiyyat tarixində yerini möhkəmlədə-möhkəmlədə insanların ədəbi zövqünə xəyanət etmiş olursunuz. Hər professordan bir məqalə “əldə edən”, “qoparan” bu “ədəbiyyat sevdalıları” sizlərin “səxavətindən” dərsliklərə də rahatca yol tapır...
Müstəqillik təkcə canla, qanla deyil, həm də cəsarətli, azad, buxovsuz, zəncirsiz Sözün, düşüncənin, ideologiyanın mücadiləsi ilə əldə edilib. Ədəbiyyat isə bu Söz mücadiləsinin ən kəskin silahıdır. XX əsrin əvvəllərində qazandığımız müstəqillik uğurunda mübarizədən danışılanda ən çox adı çəkilən kimlərdir? Yenə də söz, ədəbiyyat adamları: Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, C.Cabbarlı, H.Cavid, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Ağaoğlu... Bu imzalar müstəqilliyin ədəbiyyat dilində cihada çıxmış fədailəri idi. Bir əsrin içində bu mübarizənin-müstəqillik qovğasının iki halını yaşadıq.1-cini XX əsrin əvvəlində ,2-cini isə elə həmin əsrin sonunda... Birincidə ədəbi-intellektual düşüncə sahibləri kimi sadalanan adlardan bir neçəsini yenə də təkrarlayıram: Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, C.Cabbarlı, H.Cavid, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Ə.Ağaoğlu...
İkincidə isə o qəbildən olan adlar sırasında isə sizlər sadalayırsınız: Hüseynbala Mirələmov, Şəmil Sadiq, Asim Yadigar, İtifat Saleh, Xanəli Kərimli... İnsanlar dediyinə və yazdığına inanmayanda səmimiyyətsizliyi anındaca görünür. Və ya inanmadığı şeylərdən yazanda... vacib idimi ki, bu illərdə yaşayan və nəsə ədəbiyyat adına çap etdirən bütün müəlliflər bu kitabda yer alsın? Bəs Ədəbiyyat institunun qiyməti, saf-çürük edib əsil ədəbiyyatı, sənəti ayırmaq səlahiyyəti harda qaldı? Əgər meyar və məqsəd kütləvi şəkildə bütün imzaları qucaq-qucaq səhifələrə səpələmək idisə, bunun üçün alim, mütəxəssis, tədqiqatçı olmamaq da olardı... Kitab 500 səhifə də ola bilərdi (və daha yaxşı olardı), amma 5 min səhifəlik fikir yaradardı.
Bu adda kitabın yazılması zəruri idi. Və yenidən yazılması yenə də zəruridir. Müstəqillik siyasi, ictimai, sosial və tarixi bir qələbə olduğu kimi həm də düşüncə məsələsidir, özü də daha çox ədəbi düşüncə...
Yəqin ki, əsil söz, ədəbiyyat adamları da bu kitabın məzmunu, ideyası, strukturu və s. məsələləri haqqında narahatlıqlarını ifadə edəcək, fikir bildirəcək. Bəlkə də yox... Bəlkə də tam əksinə: mənim tənqidi qeydlərimə qarşı qələmə “söz verən” müəlliflər tapılacaq və “tribuna növbəsinə” duracaq ki, aliməqam şəxslərə sədaqətlərini isbat etsinlər... Olsun...
Mən kitabın bütün materiallarını təhlil etsəm yeni bir ikicildlik yarana bilər. Çünki, problemlər həddindən çoxdur bu kitabda. Ona görə də yekun olaraq bir neçə məsələyə diqqəti yönəltməklə fikrimi tamamlamaq istəyirəm:
1.Müstəqillik dövrü (25 illik zaman) ədəbiyyatı iki mərhələyə bölünməklə, kitabın təhlil tendensiyası alt-üst olub. Mövzu az qala yüz yerə parçalanıb.
2.Fəsillər və başlıqlar, yarımbaılıqlar sistemsiz, əlaqəsiz, çox hallarda təkrarlanan, bəzən məntiqi baxımdan uyğunsuz şəkildə tərtib edilib. Məsələn, bilirik ki, 90-cı illərdə müstəqilliyimiz uğrundakı mücadilədə B.Vahabzadə, X.Ulutürk, V.Səmədoğlu, S.Rüstəmxanlı, İ.Şıxlı və başqaları bir ideal uğrunda mübarizə aparırdı. Əgər fəsillər bu prinsiplə fərqləndirilirsə onda niyə onların yaradıcılığı müxtəlif fəsillərdə qruplaşdırılır. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatinin təşəkkülü” adlı I fəsildə portret oçerk bölməsində “Azadlıq carçısı Bəxtiyar Vahabzadə”, “İstiqlal şairi Xəlil Rza Ulutürk”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası” adlı II fəsildə “Xalq şairi Sabir Rüstəmxanlı” , “90-cı illərdə poeziya” adlanan IV fəsildə “Azadlığa aparan yolun şairi – Vaqif Səmədoğlu” yaradıcılığından bəhs edilir. Özü də portret oçerklərdə ədiblər gah titulları (xalq şairi, xalq yazıçısı) ilə, gah da pafoslu bənzətmələrlə (“Şeirlərindən görünən şair – Musa Yaqub”) təqdim edilir.
3. I kitabda, I mərhələdə (90-cı illərdə) bölgələrin ədəbi mənzərəsi haqqında yazılır, II kitabda isə yox. Belə çıxır ki, II mərhələdə müəlliflərin dili ilə desək, “bölgə ədəbiyyatı” unudulur. II kitabda uşaq ədəbiyyatına aid fəsil var, I də isə yox, ədəbi tənqid haqqında II hissədə var, I hissədə isə yox... Və ya “Müasir Azərbaycan ədəbiyyatının dünya konteksti” adlanan VIII fəsil II kitabdadır, Yəni yenə müəlliflərin bölgüsünü əsas götürsək, “Müasir Azərbaycan ədəbiyyatı” adlanan son 15 ili əhatə edir. Onda sual çıxır: Bəs, əvvəlki 10 ildə (1990-2000-ci illərdə) bizim dünya ədəbiyyatı ilə əlaqəmiz yox idimi? Beynəlxalq ədəbi əlaqələr dondurulmuşdumu? Uşaq ədəbiyyatı, ədəbi tənqid fəaliyyəti əvvəlki müstəqillik ədəbiyyatı mərhələsində niyə ifadəsini tapmır,və s.
4. Məqalələrin çoxunda konkret, məntiqi, arqumentlərlə, analitik təhlillərlə səciyyələndirmələr çox zaman məqalələrdə sadalamalar, bioqrafik məlumatlar, on səhifələrlə məzmun nəqli, obrazlar sicilləməsi ilə əvəz edilir, və s.
5.Ədəbiyyatda müstəqillik və ya müstəqillik zamanında ədəbiyyat -kontekstindən yola çıxıb mətnləri təhlil etmə prinsipinə üstünlük verilsə idi daha yaxşı olardı. Müstəqillik zamanının baş mövzusu kimi “20 yanvar” və “Qarabağ müharibəsi” ni seçib qabartmaq sanki ədəbi qəhrəmanlıq kimi diqqət mərkəzinə çəkilir. Axı dünya ədəbiyyatına inteqrasiya ediriksə öz doğma dərdlərimizlə, faciələrimizin bədii şəkli ilə yanaşı daha qlobal mövzuları da ədəbiyyatımızın problem situasiyasına daxil etməliyik.
6. Ədəbi əlaqələr sovet dövründə olduğu kimi, qarşılıqlı təbliğat və çap olunma kontekstində izah olunur. Azərbaycan ədəbiyyatnın dünya ədəbiyyatı formatında lazımınca yer tuta bilməməsinin və ya bəzi uğurlu istisnaların mövcudluğu ilə bağlı elmi-nəzəri, həlledici suallar, problemlər qaldırılmalı idi. Müasir Azərbaycan ədəbiyyatının inkişafına, böyüməsinə mane olan problemlərdən danışan məqalələr azdır, daha çox birmənalı təhlillər-tərif məqalələri yer tutub kitabda...
7. Kitabın ana xətti- “müstəqillik dövrü ədəbiyyatının elmi-nəzəri təfəkkürə əsaslanan obrazını yaratmaq” missiyası çox hallarda unudulur. Müxtəlif vaxtlarda yazılmış məqalələrin kitaba yeni, uyğunlaşdırılmış adlarla salınması göstərir ki, bu qədər iri həcmin hamısı mətnin mahiyyətini ifadə edə bilməyib və s.
Əlbəttə, bu qüsurların sayını artırmaq da olar. Əsas məsələ odur ki, ideya yaxşı olsa da, icra mükəmməl deyil.
Amma zəhməti danmaq olmaz. Bu qədər məqalələri toplamaq, əməkdaşlarla iş aparmaq, yazıların üstündə işləmək və s bu kimi əziyyətləri inkar etmirik. Sadəcə arzulanan kitab alınmayıb. Bu kitab bizim müstəqillik dövrü ədəbiyyatımızın həqiqi siması deyil! Bu kitabda layiqlilərin çoxu arxa plana atılıb...
Bir məsələyə də münasibət bildirmək istərdim: kitabın yaradıcılarına yox, kitabda portret oçerk rubrikasında yer tutan müəlliflərlə bağlı. Maraqlıdır, müstəqillik uğrundakı mücadilədə çiyin-çiyinə addımlayan bu insanlar kitabdakı mövqelərində özlərini məmnun hiss etdikləri və kitabı alqışladıqları zaman bir də o günləri xatırlayıb sağ-sollarına baxmadımı? Özlərinə sual vermədilərmi ki, hanı bəs İsmayıl Şıxlı? Hanı Sabir Əhmədli? Hanı Əzizə Cəfərzadə? Hanı İsa Muğanna?... Bu adların sayı daha çoxdur... Amma, əlbəttə, mən yenə təkrarlayıram, bizim davamız ad davası deyil, ideya, ədəbiyyat, müstəqillik dövrü ədəbiyyatının naşıcasına çəkilmiş ədəbi portreti məsələsidir. Fəqət, kitab elə yazılıb ki, adlar ətrafında daha çox danışmalı olduq...
Son
16.11.16