Şuşa lövhələri

Şuşa lövhələri
8 may 2014
# 10:58

Qızılı Ayğır

Anamla əl-ələ gedirdik – yerişim səlis, inamlı. Hər addımına mən üçünü atıram – balacayam hələ. Ayaqlarımda üstü deşik-deşik boz səndəllərimdi... Dabanı tez yeyilməsin deyə, başmaqçı altına xırda nallar da çalıb... Səndəllərin daş döşənmiş ensiz küçələrdən qopardığı, divardan divara dəyə-dəyə əks-səda verib ürəyimi onunla həmahəng çırpınmağa məcbur edən; daş tavanlı köhnə şəhər hamamında əmimin zümzümə eləyə-eləyə çaldığı çırtığın səsini andıran çıqqıltısından vəcdə gəlir və bir anlıq gözümü yumub özümü ata bənzədirəm – bazar qabağında başını tovlaya-tovlaya durub gözünün bulaşıq qıraqlarından qopmaq istəməyən sırtıq milçəkləri fınxıraraq perikdirməyə çalışan, yalmanı kərtdəş, quyruğu pırtlaşıq fağır qoşqu atlarına yox, yerlə-göylə əlləşən, yeriyəndə nalından qığılcım qoparan Qızılı Ayğıra...

Daş Şir

...Amma bu “Ayğırın” inamlı addımları Onun göründüyü nöqtədə bitir – O göründümü, ayaqlarım dolaşır, səntirləyirəm... Bir az qorxuram Ondan. Yanından ötəndə mütləq məsafə saxlamağa çalışır, əvvəlcə oğrun-oğrun, sonra çəpəki, axırda da üzümü boynum dönən qədər çevirib ona baxıram – anamın “Gözün ayağının altında olsun, hara baxırsan?” sualına məhəl qoymadan kələ-kötür daşların üstündə “ayağımın altına” baxmalı olan gözlərimi çəkə bilmirəm Ondan...

Bir gün düz yanında ayaq saxladıq - atam kiminləsə söhbət edirdi. Əlini buraxmıram, bərk-bərk tutmuşam, çalışıram ki, Ona yaxından baxmayam, amma özümlə bacarmıram. Məni eynən elə qorxutduğu qədər də cəzb edən, dibsiz quyu kimi qara ağzına ürkək-ürkək nəzər salıram və birdən kəşf edirəm ki, atamın yanında bu Şir bir o qədər də qorxulu deyilmiş...

Sonra yavaş-yavaş dostlaşırıq – sanatoriyanın qapısındakı Daş Şir mənim dostum olur, hər dəfə yalmanını sığallayıb keçirəm və gün gəlir, sərin, hamar belinə minib şəkil də çəkdirirəm: dörd yaşım var və gözlərimi romantik bir görkəmlə qıyıb sanki gələcəyə baxıram - başımda tikməli araqçın, əynimdə az qala dizimə çatan boz kişi pencəyi, ayağımda həmin o nallı səndəllər... Bir əlimin barmaqları dostumun yalmanında dolaşır, digərində isə bazarın qabağından aldığımız çiyələk dəstəsini lap Qələbə bayrağı kimi uca tutmuşam...

Çiyələk

...Dənələri xırdadı – şəhadət barmağımın dırnağı boyda. Dəstəsində lalıxlamışı-dəymişi-kalı qarışıq, cəmi qırx-əlli gilə olar. Amma sizə az gəlməsin – bir topasını yeyənə kimi, cənnətin qapısından qırx-əlli dəfə içəri boylanıb dönürdün demək...

Qızılı toxumları iynə ucu boydadı. Ağzımdan çiyələk tamı çəkilməmiş dişlərimin arasında ilişən toxumların axtarışına çıxıram; dilimi ağzımda dolaşdıra-dolaşdıra, bir-bir tapıram onları; sonra da dodaqlarımı büzüb sümürərək, çıxarıram gizləndikləri yuvadan...

Dişimi dişimə sürtüb əzirəm ki, toxumun da dadını biləm, amma nəfəsimdən vulkan kimi püskürən çiyələk qoxusu, ağzımdakı dad reseptorlarının hamısını məst etmiş çiyələk tamı heç vaxt imkan vermir ki, o qızılı toxumların dadından xəbər tutam...

Balaca ulduza bənzəyən çiyələk dənəsini böyütməyin də çəmini tapmışam - bulaq suyunda yaxalayıb gözümə yaxınlaşdırıram və üzərində puçurlanan şəffaf damcılar zərrəbin kimi böyüdür onları – toxumlarının narın tükcükləri lap Qara Devin qılları qədər aydın görünənə kimi böyüdür...

Qara Dev

Bu Dev yaman bədheybətdir, məndən də əl çəkmir ki çəkmir... Hər gecə boğuşuram onunla, yaxamdan yapışıb Yazıçılar evinin hündür divarından dərəaşağı atanda, nəfəsim tıxanır, çığırtımın səsini özüm də eşitmirəm... Havada mayallaq vura-vura, uçuram və balaca ürəyimin ağzımdan quş kimi “pırr” eləyib necə uçmaq istədiyini duyub, dişlərimi kilidləyirəm...

Bu Dev məndən də, atamdan da güclüdür, amma eyni yuxunu üçüncü dəfə görəndən sonra, daha qorxmuram. Bilirəm ki, ölməyəcəm, çünki quzuqulağılı, kəkotulu, lilparlı dərənin dibinə çatmamış oyanıram və artıq adət etdiyim bu sonluqdan o qədər məmnunam ki, göydə uça-uça, üzümü çevirib o bədheybətə kinayə dolu bir təbəssüm yollamağı da unutmuram...

...Amma həmişə oyananda, Daş Şirin dostu Qızılı Ayğır olurdum - ağzından çiyələk tamı əskik olmayan, dərəyə uçanda qanad çıxaran Qızılı Ayğır və gülürdüm... Qara Devin tanalı burnuna, qan çanağına dönən, qəzəbdən girdələnmiş gözlərinə gülürdüm...

...Uşaqlığımın yuxularına həmişə tamarzıyam, bir zamanlar beçə balı dadırdılar...

Amma indi ağzımda axşam sonuncusuymuş kimi acgözlüklə sümürdüyüm ucuz siqaretin tamından savayı heç nə yoxdur...

...İndi nəinki uşaqlıq yuxularım, heç beçə balı da bal dadmır...

İndi artıq iyirmi ildir ki, Qızılı Ayğırın qanadları yaprıxıb və Şuşada “cənnət çiyələyinin” qırx-əlli giləsindən dəstə bağlayıb bazar qabağında uşaqlara satan da yoxdur ki, Qara Şirin belinə dırmanıb erməni Matevosa şəkil çəkdirəndə xırdaca əllərində Qələbə bayrağı kimi uca tutsunlar...

Artıq iyirmi ildir ki, bu bayrağın rəngi-rufunu unutmuşuq...

Və artıq iyirmi ildir ki, Şuşa bizsiz – biz Şuşasızıq...

# 2042 dəfə oxunub

Müəllifin son yazıları

# # #