İlqar Əlfioğlu
O isti yay axşamlarından bir ildən artıq ötür...
Yenə də, bir il əvvəl olduğu kimi, bağa köçmüşük. Yenə də, bir il əvvəl olduğu kimi, hər axşam dəniz kənarına gəlirəm, həmin çınqıl təpənin üstündə əyləşib, Xəzərə baxıram.
Ötən ildən bəri buralar da dəyişib. Elə bil ya dəniz çəkilib, ya da sahil ucalıb. Deyəsən, oturduğum təpə də bir balaca yüksəlib axı. Bir də ki, bax, o qayalıqlarda keçən yay bir suiti ölmüşdü - indi yoxdur. Yeri lap dəqiq yadımdadır, bax, ordaydı – at başına bənzəyən o qayanın yanında. Hə, deyəsən, elə indi də görürəm axı - sümükləri ağarır çınqılın arasından...
Deməli, əslində heç nə dəyişməyib bu sahildə. Yaxşı, onda bəs Qoca hanı? Niyə heç gözə dəymir?
Nə bilmək olar, dünyadı da...
Kim bilir, bəlkə ağlı-qaralı günlərindən bol-bol daddığı bu dünyadan elə ötən payız köçüb...
Kim bilir, bəlkə hər gün dənizin şor suyuna çəkdiyi nimdaş paltarları da özüylə aparıb...
Kim bilir, bəlkə əyləşdiyim təpənin ucalmasına səbəb elə o Qocanın çevrildiyi bir ovuc torpaqdır...
* * *
Mən Xəzəri çox sevirəm – sularına dalmağı da, elə tamaşasına durmağı da. Hərdən lap saatlarla beləcə, hərəkətsiz oturaraq ləpələrin bir-birini qovmasına, göy üzündə süzən qağayıların qəflətən yarışırmış kimi suya sarı şığımasına baxa bilərəm, heç yorulmaram da.
Ötən yay da beləydi – hər axşam, bəlli saatda sahildəydim. Neçə gün idi ki, bütün diqqətimi ağsaçlı, nurani bir qoca özünə cəlb etmişdi. Hər gün eyni saatda oturduğum təpədən azca aralı özünü suya vururdu, əlində də paltarları. Su qurşağına çıxan kimi, paltarlarını səliqəylə açır, suya çəkməyə başlayırdı...
Yaşı yetmişdən ötənə oxşayırdı Qocanın. Sahilə həmişə zeytun rəngli “06”-da gəlirdi. Maşını gah 45-50 yaşlarında bir kişi, gah da lap sütül oğlan sürürdü.
Yaşıl maşın məndən təxminən yarım saat sonra döngədən burulub sahilə girirdi. Üzü dənizə əyləşsəm də, siqnallarının səsindən tanıyırdım onların maşınını...
Qısası, Qocanı görməyə adət eləmişdim. Onlar gecikəndə gözlərim qeyri-ixtiyari yol çəkirdi, elə bil nigaran qalırdım, itiyi itmişə dönür, darıxırdım. Qoca üçün darıxırdım. Dənizi onsuz təsəvvür edə bilmirdim, nədir?.. Qoca mənim aləmimdə təbiətin bir parçasına dönmüşdü. Bax, o qaya kimi, bu ləpələr kimi.
Siqnallarının səsi gələn kimi sevinirdim, sanki çiynimdən bir yük götürülürdü. Bilirdim ki, onadək saymağa macal tapmamış, sürücü maşından düşərək əsəbi əda ilə bir siqaret yandıracaq. Qoca isə soyunacaq, çınqılların üstüylə qarışqanı əzməkdən ehtiyatlanan adamlar sayaq ehmallı addımlarla suya tərəf gedəcək, qoltuğunda bərk-bərk sıxdığı paltarları tələsmədən açacaq, ləpələrin bəyaz köpüyünə çəkəcək. Düz on dəqiqədən sonra isə onu gətirən yaşıl maşının sürücüsü hövsələsizliyindən adamın lap beyninə işləyən qısa siqnallar verəcək: “Bip-bip-bip-bip!”. Yəni ki, tez ol, gəl, gedirik!..
Öz-özümə fikirləşirdim ki, görəsən, bu iki sürücünün arasında bir fərq varmı. Yaşlarını, zahiri əlamətlərini nəzərdə tutmuram – onlar ilk baxışdan bəllidir - xasiyyətlərini deyirəm. Mən bir fərq görmürdüm. Bircə kəlmə kəsməsək belə, əmin idim ki, darqursaqdırlar. Məncə bu bir kəlmə söz onların xarakterini büsbütün təyin edirdi.
Bəs Qoca?..
Qoca başqa aləm idi. Davranışı, hərəkətləri elə bil bu həyatın çərçivələrinə sığmırdı. Real deyil, kölgə kimi görünürdü. Bir sözlə, bu ağsaçlı, sallaq çiyinli Qoca başdan-ayağa müəmma idi mənimçün...
* * *
Bağ mövsümü sona yetirdi. Avqustun son günlərində, hər il olduğu kimi, hava qəfil soyudu. Deyəsən, Abşeron bağlarının “adamqovan” küləyi başlayırdı. Deyirəm, camaat qəribə ad qoyub bu küləyə ha! Xəzri sanki bağlarda dincələnlərin təpərini sınağa çəkir, onları üşüdür, dənəvər qumu zərblə sifətlərinə çırpır, ağız-burunlarına doldurur. Gözləyir görsün kim soyuqdan qorxub şəhərə qaçacaq, kim qalacaq. Dəli küləyin hərbə-zorbasından bezib köçənlər uduzur. Çünki “adamqovan” beş-altı gündən artıq çəkmir və əslində bağ deyil, çimərlik mövsümünün bitməsindən xəbər verir. Dözdünsə, hava da düzələcək və bağların lap ləzzətli, məxməri dəmi başlayacaq...
Külək səhər ertə qalxmışdı. Gün göy üzüylə sürünərək axşama əyiləndə, artıq əməlli-başlı soyuq idi. Eyvanda oturub televizora baxırdıq. Birdən Qoca düşdü yadıma. Saata nəzər saldım – vaxta az qalırdı. Düzü, tərəddüd edirdim – bilmirdim bu havada sahilə getməyə dəyərmi. Amma içimdə qəribə bir maraq da oyanmışdı. Görəsən, Qoca gələcəkdi? Ani tənbəllikdən doğan tərəddüdümü tez aşırdım. Adətə xilaf çıxmaq düzgün deyildi. İsti yerimdən qalxmağa həvəsim olmasa da, durub geyindim. Evdəkilərin təəccüblü baxışları məni darvazayadək yola saldı.
Kəsə getsən, bizim bağdan sahilə 15-20 dəqiqəlik yol olar. Fikrim dağınıq idi. Özümü inandırmağa çalışırdım ki, sahilə Qocaya görə yox, elə-belə, hava almağa gedirəm. Çalışırdım inanam ki, Qocanın orda olub-olmamağının bir əhəmiyyəti yoxdur, amma mənzil başına çatana kimi, buna nail ola bilmədim və bir də gördüm ki, təpəyə yetişmişəm. Ətrafa göz gəzdirdim. Sahildə bir-iki gəlmədən savayı, kimsə gözə dəymirdi. Xəzər qabarmışdı, dalğalar az qala, oturduğum təpəyə çatırdı. Cibimdən siqaret çıxardım. Kibrit gəzdim, tapa bilmədim – deyəsən, mizin üstündə unutmuşdum. Ətrafda da tərs kimi, kimsə gözə dəymirdi. Bir də gördüm, yaşıl “Jiquli” elə həmişəki yerindədir. Bilmədim fikirli olduğumdan siqnal səsi eşitməmişəm, yoxsa çimərlikdəki xəlvətlikdən heç siqnal verməyiblər.
Maşının qabaq qapısı açıldı, Qoca düşdü – qoltuğunda da paltarları. Seyrək, inamsız addımlarıyla suya tərəf getdi. Gözümə inanmırdım – yəni bu havada da dənizə girəcək?! Soyundu...
“Jiquli”ni sürən kişinin səsi eşidildi:
- Ata, bax, üç dəqiqə ha! Şəhərə gedəcəm...
Qoca oğluna sarı çöndü, razılıq əlaməti olaraq, başını tərpətdi, müvazinətini saxlamaq üçün, sol əlini havada oynada-oynada suya girdi. Dalğalar az qalırdı, başından aşa. Birtəhər özünü saxlayıb, qoltuğundakı paltarları suya saldı...
Sürücü isə adəti üzrə, bir siqaret yandırıb damağına qoydu. Bayaqdan bəri alışdıra bilmədiyim siqaretim yadıma düşdü. Təpədən enib ona yaxınlaşdım, salam verdim, icazə istəyib, siqaretimi onunkuna caladım. Karlı bir qullab alıb dilləndim:
- Havaya bax ey, elə bil heç yay deyil...
- Hə, səhərdən yaman soyuqdur, - deyə, cavab verdi.
Qocaya işarə edərək – Atanızdır deyəsən. Maşallah, gümrah kişidir, hər gün çimir, - dedim.
- Yox, əşşi, ürəyi xəstədir – cavab verdi, sonra da üzünü dənizə tutub atasını səslədi:
- Ay kişi, dedim axı, gecikirəm. Bir az cəld ol!
Sonra da üzünü mənə çevirib günahkar görkəmlə dilləndi:
- Deyirəm, qocalıq da bir şey deyil ha, adam get-gedə uşaqdan pis olur, lap xərifləyir...
- Niyə elə deyirsiz ki, qocalığın da öz ləzzəti var.
- Nə bilim vallah, buna baxanda mən bir gözəllik görmürəm...
Kişinin beyninə nəsə girib, hər gün eyni paltarları özüylə gətirib dənizdə suya çəkir. Lap zinhara gəlmişik. Deyirəm, ay kişi, nə var hər gün dənizdə? Otur evdə, qoca adamsan, başına bir iş gələr. Kimə deyirsən - qulağının birindən alıb, birindən buraxır. Hər axşam avara edir bizi. O gün istədim bir çəllək gətirib burda dolduram, aparıb qoyam eyvana – ürəyi istəyir, qoy lap gündə beş dəfə paltar yusun. Özünə də dedim. Nə cavab versə yaxşıdır? Qayıtdı ki, yox oğlum, olmaz. Əgər sizin vaxtınız yoxdursa, eyib etməz, narahat olmayın, özüm gedərəm...
Qəflətən susdu, sonra siqaretindən bir qullab da alıb, sözünə davam etdi:
- Neyləyim? Bu yaşda onu dənizə tək buraxmayacam ki. Camaat adama nə deyər?.. Odur ki, beləcə, əsir-yesirik. Adam özü də utanır. Nə isə...
Yenə susdu. Üzünü dənizə çevirib, atasına nəzər saldı. Dodaqaltı deyinə-deyinə, əlini siqnala atdı – “bip-bip-bip-bi...ip!”.
Fikirləşdim ki, zəmanə əsəbləri yaman pozur. Heç biz cavanlar dözə bilmirik, o ki qaldı ahıllar, qocalar ola...
Qoca artıq sudan çıxmışdı, bizə tərəf gəlirdi. Bumbuz su, külək göyərtmişdi onu. Çox yazıq görkəmi vardı – deyəsən, bərk üşüyürdü. Salam verdim, o qədər fikirli idi ki, eşitmədi. Əlləri əsə-əsə paltarları sıxdı, səliqəylə qatlayıb maşının arxa oturacağına qoymaq istəyirdi ki, oğlu çığırdı:
- Ay kişi, yaş eləmə oranı, yerə qoy!..
Qocanın dalğın baxışları oğlunun üzündə dolaşdı, amma əlindəki paltarları yerə qoymadı, döşünə sıxıb durdu, onları çənəsiylə saxlamağa çalışaraq geyinməyə başladı. Ayağını şalvarına keçirəndə səntirlədi, az qaldı yıxıla. Kömək etmək üçün irəli yeridim, oğlu qabaqladı, deyinə-deyinə əlini uzadıb paltarları kişidən aldı.
Qoca tələsik geyinib paltarları qoynuna alaraq maşına oturdu. Oğlu “Jiquli”nin arxa şüşəsini təmizləyirdi deyə, fürsətdən istifadə edib, yavaşca soruşdum:
- Heç həkimə göstərmisiniz? Deyəsən, nevrozu var. Mütləq göstərin, köməyi dəyər.
- Əşşi, nə faydası, səksəndəndi. Bir ayağı burdadır, o birisi... – dedi. – Bir də ki, cəmi iki ildir belə olub, qabaq yaxsıydı.
- Bəs özü nə deyir?
- Nə bilim vallah, heç bilmirəm. Məndən böyük qardaşım davadan qayıtmayıb. Kişi onu yaman çox istəyirmiş. Mən onda balaca idim, yaxşı xatırlamıram, amma rəhmətlik anam söyləyirdi ki, dənizin dəlisiymiş yazıq... İki il qabaq yenə bağa köçmüşdük. Bir səhər atam yuxudan qalxan kimi bizi yanına çağırdı. Dedi ki, itkin balamı – Rasimi yuxuda görmüşəm. Maşallah, tamam dəyişib, yekə kişi olub. Xeyli söhbət elədik. Amma yer-yurdun demədi...
Mən istədim zarafata salıb söhbəti dəyişəm, amma kişinin gözləri dolmuşdu. Dedi ki, balam dənizə həsrət qalıb, dənizçün burnunun ucu göynəyir, çimə bilmir. Kişiyə ürək-dirək verib dağılışdıq. Onda nə biləydim ki, bu yuxunun axırı belə olacaq...
Biz söhbət edirdik, Qoca isə sakitcə oturmuşdu maşında, heç qımıldanmırdı da – sanki yerində donmuşdu.
Dilləndim:
- Yaxşı, bəs sonrası necə oldu?
- Necə olacaq?! Həmin yuxudan sonra kişinin əhvalı çöndü. Bir-iki gün fikirli gəzdi, elə bil öz-özüylə danışırdı. Günlərin birində isə qayıtdı ki, “balamın əli dənizə çatmır, tamarzı qalıb. Gərək onun paltarlarını hər gün dəniz suyuna çəkim. Dənizin iyini ona verə bilmirəmsə, heç olmasa onun iyini dənizə verim”. O du-bu du, gündə avarayıq...
Kişi yenə də nəsə danışırdı, amma mən onun səsini daha eşitmirdim. İstəmirdim eşidəm...
Özümə gələndə, əlimdəki siqaret kötüyünəcən yanmışdı, yaşıl maşın yox idi.
* * *
Səhərisi hava tamam düzəlmişdi. Sahilə böyük oğlumla gəlmişdim – o çimirdi, mən də tamaşa edirdim.
Qoca yenə gəldi. Bir əlində əsası, o birisində paltarlar. Bu dəfə tək idi və yaxşı ki, tək idi. Addımları lap ağırlaşmışdı – deyəsən, yol yaman yormuşdu onu. Baxışlarımız toqquşan kimi, müəllimini görən məktəbli uşaq tək, yerimdən dik atıldım. İstədim qabağına yüyürüb paltarları əlindən alam, özüm suya çəkəm, amma cəsarət eləmədim. Ləpədöyəndə oynayan oğlumu səslədim, qaça-qaça gəldi.
- Elətay, -dedim. – O qoca babanı görürsən? Qaç ona de ki, əlindəki paltarları sənə versin, dənizdə yaxala. Ehtiyatlı ol ha, əlindən salarsan! Yaxşı?
Uşaq həvəslə Qocaya tərəf yüyürdü. Aramızda otuz addımlıq məsafə olardı. Söhbətlərini eşitmədim, ancaq gördüm ki, oğlum əliylə məni göstərir. Qoca mənə sarı çöndü, nurdan düşmüş gözlərini qıyıb baxdı, amma deyəsən seçə bilmədi. Uşağın başını tumarladı, paltarları ona uzatdı.
Oğlum ləpədöyəndə xırda əlləriylə paltarları bir-bir suya çəkdikcə, Qocanın dodaqları tərpənirdi, nəsə pıçıldayırdı özü üçün. Ən qəribəsi isə bu idi ki, aramızdakı məsafəyə baxmayaraq, onun səsini – həzin və bir az xırıltılı səsini aydınca eşidirdim. Ürəyimin telləriylə eşidirdim:
- Can bala, dincəldinmi bir az... Çim, ağrın alım, çim. Sən çimdikcə, canıma sarı yağ kimi yayılır. Amma axşam dənizin suyu soyuq olur ha, qorxuram üşüdəsən. Azca çimib çıxsan yaxşıdı. O tifilə də soyuq dəyər...
* * *
O yay axşamlarından bir ildən artıq ötür...
Yenə də, bir il əvvəl olduğu kimi, bağa köçmüşük.
Yenə də, bir il əvvəl olduğu kimi, hər axşam Xəzər sahilinə gəlirəm.
Yenə də, bir il əvvəl olduğu kimi, həmin çınqıl təpənin üstündə - azca yüksəlmiş o təpənin üstündə oturub, dənizə baxıram, Qocanı görə bilmirəm.
Nə bilmək olar, dünyadır da...
Kim bilir, bəlkə ağlı-qaralı günlərindən bol-bol daddığı dünyadan o elə ötən payız köçüb...
Kim bilir, bəlkə hər gün dənizin şor suyuna çəkdiyi nimdaş paltarları da özüylə qəbirə aparıb...
Kim bilir, bəlkə oturduğum təpənin yüksəlməsinə səbəb elə o Qocanın çevrildiyi bir ovuc torpaqdır...
P.S. Bu yazını müharibədə itkin düşmüş oğlunun paltarlarını 30 il saxlayandan sonra, özüylə qəbirə aparan nənəm Xədicənin xatirəsinə ithaf etdim.
Bilgəh, sentyabr 1980