İlqar Əlfioğlu
Bizdə memuar ənənəsi yoxdur. Kim yazırsa, nə yazırsa, sığallı, səliqə-sahmanlı çıxır. Mən həmişə deyirəm bunu: Kimin memuarını oxuyursansa, elə bilirsən müasirlərindən, dostlarından yox, Marks-Engelsdən, Lenindən yazır. Amma əsl həyat elə deyil. Hər insanın xarakteri, yalnız özünə xas davranışı olur və gələcəkdə kimlərinsə nələr düşünəcəyindən asılı olmayaraq, hər şey tarixin yaddaşına olduğu kimi köçürülməlidir... Mənim üçün qiymətli olan bu xatirəni atam Əlfi Qasımov yazıb. Olduğu kimi də sizə təqdim edirəm. Amma bəzi məqamlarda ona opponentlik etmək keçir ürəyimdən, çünki özüm də orda idim…
Bir şeirin tarixçəsi
Əlfi Qasımov: "1961-ci ilin yayı idi. Şair dostum İslam Səfərli ilə Şuşada, İstirahət Evində dincəlirdik. Bəstəkar Fikrət Əmirov, Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev, həkim İbrahim Balakişiyev də öz ailələri ilə birlikdə orada idilər. Günlərimiz bir-birindən mənalı keçirdi. Söhbətlərimiz tuturdu. Bir gün bəstəkar Süleyman Ələsgərov bizi qonaq çağırdı. Onun arana baxan eyvanında istirahət etməyin özgə ləzzəti var idi. Dağılışandan sonra, istirahət evinin həyətində qardaşım Fazili gördüm…
Əlfioğlu: Ata, niyə demirsən ki, Fazilə axşamdan söz vermişdiniz ki, səhər gələrsən, bir bulaq başına çıxarıq…
Əlfi Qasımov: Fazil dostları ilə Ağdamdan gəlmişdi ki, bizi qonaq aparsınlar. Düzü, nəinki yeyib-içməyə, heç adi söhbətə belə halımız yox idi. Dincəlmək istəyirdik.
Əlfioğlu: Yenə dəqiqləşdirməyə ehtiyac var. Ay ata, nə sən, nə İslam əmi gəzməkdən, yeyib-içməkdən heç vaxt imtina etməyibsiz. Hərdən mənə maraqlı gəlirdi ki, necə olur, beş-altı saat bir məclisdə oturursunuz, nə vaxt baxıram, ağzınız işləyir… Mən onda hələ bilmirdim ki, tələsmədən, dadını çıxara-çıxara yemək, nə deməkdi. Düzünü desəm, elə indi də bilmirəm. Amma yaxşı ki, bilmirəm, çünki indi sizin məclislərinizdən heç olmur da…
Əlfi Qasımov: Amma qardaşımgilin xətrinə dəymək də yaxşı düşməzdi. Mənim tərəddüd elədiyimi görən Fazil qardaşım İslamın qulağına nəsə pıçıldadı. İslam da təntənə ilə: - Gedirik! – dedi. Qonşularımız xudahafizləşib bizdən ayrıldılar.
Əlfioğlu: Fikrət əmi də, Həsən müəllim də, doktor Balakişiyev də sakit adamdılar – sizinlə ayaqlaşa bilərdilər?
Əlfi Qasımov: Arvadlarımız da ev-uşaq qayğısını bəhanə elədilər. İslamın həyat yoldaşı Anaxanım bacı astadan: - İslam – dedi, – uzağa getməyin nə mənası, bəlkə elə bu armud ağacının kölgəsində süfrə açasınız?..
Əlfioğlu: Arvad-uşaq aparan vardı ki dağın başına? Bir də Anaxanım xala heç astadan deyib eləmədi – lap bərkdən dedi. Dedi ki, qonaqlıqdan indicə gəlirik, o ki var, yeyib-içmisiz, nə var gedirsiz? Doymamısız?.. Kabab istəyirsiz, elə burda, ağacın dibində çəkin, getsin!
Əlfi Qasımov: İslam ürəkdən güldü və dedi: - Anaxanım, istirahətçilər cəhənnəm, turistləri umsaq edərik. Sonra Fazilə döndü: - Fazil, hara gedirik? - İslam müəllim, İsa bulağı necədir? İslam etiraz etdi: - İsa bulağında çox olmuşuq. Gözəlliyinə söz ola bilməz. Amma hər gözəlin bir eybi olan kimi İsa bulağının da eybi var. Xəfədir, ağacdan başqa heç nə görünmür. Başqa yerə, görmədiyimiz yerə! - Elə isə Çarığbulağa gedək! Suyuna, mənzərəsinə söz ola bilməz. Amma... - Nə amma? – deyə, İslam soruşdu.
Əlfioğlu: Əlbəttə, amma! O bulağın bilirsiz nə boyda “amma”sı vardı? Balaca maşın qalxmırdı ora, üstüaçıq yük maşınıyla gedəndə də yolboyu sıldırım qayaların vahiməsindən adamın ürək-göbəyi qalmırdı…
Əlfi Qasımov: Fazil onun sualını cavabsız qoydu. Dili dincdurmazlardan biri isə bu “amma”nı qadınlara xəbər verdi. Sən demə, bulağın yolu bərbadmış. Ora ancaq üstüaçıq maşınla getmək mümkünmüş. Yolun bərbadlığı yoldaşlarımızın ciddi narazılığına səbəb oldu.
Əlifoğlu: Narazılığa bax e-e… Anaxanım xala anadangəlmə ötkəm idi. Özü də İslam əmiylə cəbhə yoldaşıydılar, bir yerdə döyüşmüşdülər deyə, ərki də vardı ona. Dedi ki, getmirsiz, vəssalam! Getsəniz, üzünüzə baxmayacam!
Əlfi Qasımov: Amma getməmək də olmazdı. İslam artıq maşının üstündə idi, mən də maşına qalxdım.
Əlfioğlu: Maşın, nə maşın! Qaz-52!
Əlfi Qasımov: Dağların döşünə kəmər kimi dolanan daşlı-dolay yolla Turşsuya tərəf irəlilədik. Mən daxili narahatçılığımı İslama bildirdim: - Heç yaxşı olmadı – dedim – Qadınları nigaran qoyduq. İslam narazılıqla əlini yellədi: - Eh, heç nə olmaz. Mənə qalan bu olacaq! Gəzmək, görmək, götürmək! Mən İslamın sözlərini ürəyimdə dolandırdım. Birdən qəlbimdə bir hiss baş qaldırdı. - İslam, - dedim – hazır şeirdi ki bu: “Mənə qalan bu olacaq”. İslamın qaşları çatıldı. Gözündə qəribə bir ifadə parladı. - Ay uşaq, bir kağız verin, şeir yazacağam…
Əlfioğlu: İslam əmi bulaq başında kağızı neynəyirdi? Orda istəməzdi, çünki şeirini gecə yazdı… Görürdüm, işıqları səhərə kimi yanılı qaldı… Axşam siz Çarıq bulaqdan qayıdanda, şər qarışırdı. Anaxanım xala necə demişdi, elə də elədi: heç birinizi dindirmədi… Səhər tezdən isə hamımız sənin səsinə oyandıq: -Anaxanım, Anaxanım, bura çıx! Ay qız, gəl gör, ərin gecə nə yaradıb! Sonra da başladın əlindəki kağızdan avazla oxumağa, amma əla şer oxumağın vardı sənin…
Yan-yanadır yüz alaçıq,
gah yamaca, gah yala çıx.
Ürək geniş, süfrə açıq,
Kefim duru, damağım çağ,
Mənə qalan bu olacaq!
Bələdçim ol, gəl, ay yollar,
Daşlı yollar, qolay yollar.
Dolay yollar, dolay yollar,
Xoş xəbərli “Sağsağan dağ”,
Mənə qalan bu olacaq!
Otlar üstə izim qaldı,
Gah dirsəyim, dizim qaldı.
Min çiçəkdə gözüm qaldı,
Turşsu üstü, “Çarıq bulaq”,
Mənə qalan bu olacaq!
Göy buludlu, hava sərin,
Çırpı yığın, moruq dərin.
Çubuq şişdə kabab verin,
Yağar yağış, sönər ocaq,
Mənə qalan bu olacaq!
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm,
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq!
Bu ellərin bil ki, hər dəm,
Sevinciyəm, kədəriyəm.
Dəmə, gəldi-gedəriyəm,
Mən İslama, ay Qarabağ,
Vallah, qalan bu olacaq!
Billah qalan bu olacaq!..”
Əlfioğlu: Günorta yeməyində bu şeri Fikrət əmiyə də, Həsən müəllimə də oxudun. Anaxanım xalanın axşamkı qaş-qabağından da əsər-əlamət qalmamışdı… Şuşada o gün göy üzü günəşli idi. Təbiət elə bil səxavət dağarcığını açmış, dörd bir tərəfə işıq, nur yağdırırdı… Onda hamımız elə bilirdik ki, Şuşa daim belə olacaq… Daim olmadı, amma yaddaşımızda daim yaşadı.