Kulis.az İlham Əzizin Yesentuki haqqında təəssürat yazısını təqdim edir.
Yesentukidəyəm, son günümdü, evə qayıdacam. Yamyaşıl ağaclara, sovetdənqalma küçələrə, köhnə-küləş sanatoriyalara baxdıqca burda dincələn, hekayələr yazan yazıçılar yadıma düşür.
Kommunist carçıları, təbliğat ruporları yaradıcı məzuniyyətini burda keçirirmiş. Allah tərəfi, yaxşı əsərlər də yazılıb. İçərilərində bəziləri ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunub. Sanatoriyalarda olanlar bilir. Dietik yeməklər, profilaktik müalicə, bir də buranı mataha mindirən, ta çar vaxtından bitib tükənməyən mineral su. Əslində, bu suyun hələ də dağlardan gəlməsinə məndə inam azdır.
İndi düzdür, yalandır, deyə bilmərəm, amma buranın dəyəri o sudadır.
İnanmağım gəlmir ki, yazıçı dediyimiz heç Allahın da baş açmadığı məxluqlar dietik yemək yeyib, saatla yatıb-durub gözəl mətnlər yaza bilsinlər. Axı bu adamlar heç özlərinə cavabdeh deyil, ipə-sapa yatmır, bunlara bunu ye, onu yemə demək olar?
Belə çıxır, başqa əmmalar olub. Bu əmmalardan biri rusların “kurortnıy roman” dedikləri, bizimkilərin “istirahət məcaraları” adlandırdığı mətnlər olub. Həm də burda araq, çaxır, pivə çox təmizdir, elə bil bulaq suyudur.
Adamı heyran edən şeylərdən biri dincələnlərin rəngarəng geyimləridir; yüngül, al-əlvan geyimlər. Mən öz işimdən bilirəm, Azərbaycana gələn geyimlərin 70 faizindən çoxu qara və tünd göy rəngdə olur. Parkdan çıxıb “Yessentuki 4” bulağının qabağına çatanda, elə bilirsən, bayramdı. Hər yer gül-çiçək açıb, adam çiçəkləri hər yana səpilib. Və onda hiss edirsən ki, nədən istəsən yaza bilərsən, təbin səni pərt etməz.
Yazıçının xammalı adamdı.
Yəqin, yazıçılarımızı da təbə gətirən sapsarı gözəl qadınlar, yamyaşıl ağaclar, şəhəri ağuşuna alıb yallı gedən “Beş dağ” olub.
Bunları düşünə-düşünə, neçə gündü hər tərəfə nəzər salıram ki, hansısa yazıçını görəm. Yox! İndi burda yazıçı yoxdu. Bir ovuc köz üstündə olan yazıçılar bura gəlməz, o biriləri də gələ bilməz. Bura gələn yazıçının evdən-eşikdən gizli, heç olmasa, iki min manatı olmalıdı. O da yadıma düşdü ki, bizim yazıçı 500-600 manat tapıb kitabını nəşr etdirə bilmir. Düşür naşirin əlinə-ayağına, o da kitabı öz hesabına nəşr edib, yazıçıya 10 dənə kitab verir. Bura nəynən gəlsin, nəyi satsın, hardan alsın o pulu?
Əvəzinə, sanatoriyalar Binə, Sədərək ticarətçiləri ilə doludu. Bir də oların ata-anası. Bəziləri artıq bura gəlmir, Avropaya gedir, valideynlərini göndərirlər. Mən buna pis baxmıram. Sağ olsunlar! Zamanın nəbzini tutublar. Ata-ana yanında, övlad-uşaq qabağında, ailənin gözündə hörmətləri-izzətləri.
Axşam dörd-beş nəfərlə oturub çay içirdim. Elə rəqəmlərdən, elə işlərdən, elə ev, villa, maşınlardan danışırdılar, utandığımdan bilmədim çayı harama içdim. Adamlar nəvə-nəticənin də gələcəyini həll ediblər. Bizim yazıçı 500-600 manat tapıb kitab çıxara bilmir.
Qonşu masada da toy müğənniləri. Gətir-götür idi. Məhərrəmlikdə onların da məzuniyyətidi.
O yaxşı adamlar mənim yazı-pozu ilə boğuşduğumu bilirlər. Mənə yazıq adam kimi baxırdılar. Deyirdilər, hacı, sən əvvəllər yaxşı başlamışdın, əla alver edirdin, hardan ilişdin bu adamlara?
Elə bildim, narkoman olmuşam.
Şən, hər şeydən zövq alan bu qardaşlara belə məqamda ədəbiyyat söhbəti eləmək qədər dünyada ikinci gülünc məsələ ağlıma gəlmədi.
Hətta mənə görə az saydılar mal-mülklərini, nə qədər olmasa, mən də ticarət adamıydım, istəmirlər pis olum.
Durub gedəndə çayın pulunu istədim verəm, göz ağartdılar, üz-gözlərini turşutdular. Çünki məni xəstə sayırlar. Adam xəstəyə hesab verdirər?
Çıxıb getdilər, mən də gəldim otağa, səhərə qədər gözümə yuxu getmədi...
İnsan axı bir dəfə yaşayır!
Səhəri dirigözlü gözləyə-gözləyə fikirləşdim, bəlkə düz deyirlər?!
Ataya, anaya, övlada, ailəyə heç bir maddi kömək edə bilməyən, heç kimin əlindən tutmayan, xeyrini-şərini yola sala bilməyən yazıçı yaxşıdı, ya bunların hamısını edib, yeddi köynək uzaq adamına köməyi dəyən, öləndə elə yazıçını da yerdən götürən, ağzımız köpüklənə-köpüklənə qaragüruh dediyimiz bu adamlar?
Qərar verə bilmirəm, bu da məni dəli edir. Bəlkə, siz deyəsiz?
Mənəvi məsələlərin bu qədər alçaldığı vəziyyət nə vaxt başlayıb, deyə bilmərəm. Mətnimin heç kimə lazım olmadığı dövrün qapazını canımda bundan artıq hiss edə bilməzdim. İstirahətə gələndə öz-özümə dedim ki, yarımçıq yazıları burda tamamlayardım. Gəlib çılpaq həqiqəti görəndən sonra, özüm qarışıq, bütün yazanlara deyirəm, yazmayın, bir işin qulpundan yapışın, olan-qalan hörmət, izzətinizi qoruyun.
Bilin və agah olun, Yesentukidə yazıçı yoxdu. Kökünü kəsiblər. Özünüz heç, övladlarınızı bu ölümcül illətdən qoruyun…