Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
19 sentyabr 2024
# 12:00

Kulis.az Həmid Herisçinin "Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram" yazısını təqdim edir.

Sovetdənqalama telefon susmaq bilmirdi heç.

Yorğan altda gizlənmiş xəstə ev sahibindən də çox titrəyirdi elə bil.

Nəhayət, Misir mumiyalarını xatırladan əl güllü yorğanın altından çıxıb dəstəyi çətinliklə qaldırdı.

- Kimdi? Alo...

Dəstəkdən səs gəlmirdi ki, gəlmirdi.

Xəstə ev sahibi dəstəkdən kənara öskürərək, yenə də sualını eynən təkrarladı. Üz qırışlarının sayı lap çoxaldı.

- Kimdi? Axırıncı dəfə soruşuram.

Sükut pərdəsi, fasiləsi yenə də pozulmadı. Uzandı. Uzandı. Ev sahibi ağsaç başını sağa-sola buladı. Əlindəki telefon dəstəyinin çəkisi hər an artırdı elə bil.

Rəngi daha da qaralırdı.

Naqilləri, uzun məftili əfi ilanlara get-gedə daha çox oxşamağa başlayırdı.

Aylarla davam edən bu telefon xuliqanlığına ev sahibi – 32 il zindan həyatı çəkmiş, gözünün nurundan məhrum olmuş Zerkalo Klara günlərin birində çox tutarlı, yaddaqalan cavab verdi:

- Allah sənin səsini, mənim gözlərimi açsın.

Sərrast, iti cavabdan sonra zənglərin sayında azalma olsa da...

Nə xeyri? Zarafatmı deyək buna? Yoxsa lal “milis” xəbərdarlıqlarımı?

Oğru, cibgir Klaranın ev telefonuna cavabsız, ünvansız zənglər davam etməkdəydi.

Ancaq bir gün... Bakının Kubinka məhəlləsindəki bu evin dar həyətində qədim heyva ağacı çiçəkləyəndə... hə...

O köhnə telefon aparatını bir başqa uzun-uzadı zənglər titrətdi.

Zənglər dayanmadan, fasiləsiz... bir xeyli davam etdi. Ev sahibini azca həyəcanlandırdı hətta.

Klaranın əli yenə də titrəyə-titrəyə yorğan altından çıxdı. Xalatının yeyilmiş qolu sürüşdü biləyindən. Əlindəki “ideya” döyməsi görsəndi.

- Kimdi? Alo...

Telefon xəttinin o tərəfindəki şəxs bu dəfə, nəhayət ki, özünü tanıtdı.

- “Amerikanın səsi” radiosundan sizə zəng edirik. Bağışlayın, sizin evdə...

***

Bakıda hava çox, çox... əvvəlkilərdən də istiydi elə bil bu yay. İstidən təntimiş bir qoca, əlində lax taxta kətil, küçəyə çıxmışdı. Sərin kölgə axtarırdı oturmağa.

Yazıq bir ara küçədə avara qaldı lap. Bir kölgə tapmadı rahatlığı üçün. Köhnə tanış sərin yerlər artıq yoxdu.

Sökülmüşdülər.

Gəlmələr, “qırağyerlilər” özlərini vermişdilər dəniz kənarına. Bakılılar isə radiodan süzülən muğamat təranələrinə tam təslim olmuşdular şəhərin bu köhnə məhəllələrində.

Həmin gün canciyər dostum, müğənni, xalqın sevimlisi Eyyub Yaqubovla birgə, biz də o əlikətilli qoca kimi Kubinka məhəlləsində, bir növ, yolumuzu azmışdıq. Eyyubun “Pontiak” avtomobilini Bayıla, doğma məhəlləsinə aparacaq yolu tapmırdıq ki, tapmırdıq.

Həmin gün bizim də əl telefonumuzda naməlum, adsız ünvandan əsəbi zənglər gəlməyə başladı.

Eyyub Yaqubov əvvəl duruxdu, diksindi bu adsız zənglərə. Mənə zilləndi əvvəlcə. Sonra başı üzərindəki avtomobil güzgüsündə öz sifətini axtardı. Tapmayınca, yenə də bir başqa cür diksindi. Ayaq pəncəsini yavaşcana əyləcə basdı. Telfonunu açdı.

- Salam.

Xətdəki naməlum şəxs, səbrimizi imtahana çəkirdi? Yoxsa...

Uzun sükut fasiləsi axır Eyyubu da əsəbiləşdirdi. Qərara gəldi bu naməlum, adsız zəngə Məhəmməd Hadinin bir misrasıyla nöqtə qoysun:

- “Həyatın səsləri guşimdə həp fəryad şəklində”.

Telefon xəttində xırıltılar artdı bu vaxt. Eyyub cürətlənib şerin digər misrasını əruz vəzninin bütün qanunlarıyla tələffüz etdi.

- Bu insanlar ki, qardaşdır və lakin yad şəklində,

Bu torpaq qanlı ovlaqdır, bəşər səyyad şəklində,

Ədavət daima vardır, məhəbbət ad şəklində,

Cahan başdan-başa meydani-matəmzad şəklində,

Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,

Müsibətlər, bəlalar, qüssələr abad şəklində...

Azərbaycanda əruz vəzni möcüzəlidir.

Sükutumuzun qənimidi. Açarıdır. Cavabsız heç vaxt qalmır. Həmişə ustad sözüylə nəticələnir. Özüylə, sözüylə həmişə möcüzələr sürükləyib gətirir. Lalların dilini açır.

Bizim nümunədə də belə oldu.

Xətdəki naməlum şəxs, nəhayət, insafa gəldi. Özünü tanıtdı.

- “Amerikanın səsi” radiosundandı. Sizi caz haqda radioverilişə dəvət edirik.

Eyyub “caz” kəlməsini əvvəlcə “saz” şəklində eşitdi.

- Nə? “Saz?” Amerikadan zəng vurursuz mənə? Yanılmayıbsız ki?

Şükür, xətdəki səs öz səhvini tutdu anında. “Caz” kəlməsinin adi tələffüzünə qayıtdı.

Razılıq alan kimi sevindi. Keçdi digər texniki xırdalıqlara.

- Yanınızda, yaxın ətrafınızda bir stasionar telefon varsa, nömrəsini deyin. Maneələrsiz danışarıq. Səsdə xışıltılar-filan olmaz.

Mən Eyyuba baxdım. O isə mənə. Təəccüb hisslərimiz eyniydi.

Əsl caz havası, deyəsən, elə bu cür də başlamalıydı bizimçün.

Axı caz musiqisində adətən çox müxtəlif səslər, ahənglər qəfil birləşir. Öz musiqili dinamikasını qazanır.

Deyəsən, artıq daxilimizdə eyni caz sədaları səsləndi.

Tanış telefon nömrələrindən ancaq Zerkalo Klaranınkı düşdü yadımıza.

- 93-22-14. Ora zəng edin yarım satdan sonra.

***

Zerkalo Klaranın evindəki taxta, çürük döşəmə bizi öz qədim, kədərli musiqisi ilə qarşıladı. Addımlarımız çox musiqili idi burda.

Hə... caz artıq başlamışdı.

Zerkalo Klarayla salamlaşmağa tələsdik.

- İndi sizin telefona “Amerikanın səsi” radiosu qoşulacaq. Biz, Eyyubla birgə...

Hə... caz musiqisi də, misal üçün, Mays Deviz ifasında, elə bu cür – qəfil başlayır. İnanılmaz məsafələri, səsləri, təzadlı ifaları bir nöqtədə, bir musiqi xəttində birləşdirir. Məsafələri həm uzadır, həm qısaldır. Klaranın evindən Nyu-Yorkla danışmağın özü dönür musiqiyə. Caza.

Ən ağlasığmaz görüşlər, öpüşlər bu zaman mümkündü. Lazımdı hətta.

Buna, rəhmətlik Vaqif Səmədoğlu demişkən, “caz deyirlər”.

***

ABŞ-dan Bakıya - Kubinka məhəlləsindəki Zerkalo Klaranın evinə girmiş səs, müxtəlif suallar yağdırırdı Eyyuba. Sulları da, cavabları da indi unutsam da...

Musiqisini, caz ahənglərini unutmamışam indiyəcən. Döşəmənin cırıltısı da o vaxt lap yerinə düşdü.

Çatışmayan musiqi səslərini, gedişlərini tamamladı bizim qulaqlarımızda. Okeanın o tayına bəs necə?

Çatırdımı bu düzəlişlər?

Deyə bilmərəm dəqiq.

O unudulmaz, canlı caz musiqisini “tamam segah”a çevirən bir detal, bir müəmma çatışmırdı bu təzadlı mənzərədə.

Bu detal, məncə, Eyyubun oxuduğu “Kor ərəbin nəğməsi” mahnısıydı.

Bircə fərqlə – o mahnını bu dəfə...

Bu dəfə, hə... həqiqətən, elə kor ərəb... yəni, gözünün nurunu itirmiş Klara “oxuyurdu” lal-dinməz şəkildə.

Bu səsi, bu lal musiqini Klaranın ifasında yalnız biz ikimiz – Eyyubla mən eşitdik o vaxt.

Əsl caz, əsl muğamat, əruz, bax, bu lal mənzərədə birləşdi.

Axırda Klaranın zilə qalxmağıyla bitdi:

- Allah sənin səsini, mənim gözlərimi açsın.

***

“Mən Mircəfərin eynəyini taxaraq, Müşfiqin, Hüseyn Cavidin şerlərini oxumağa hazıram” təzadını boşuna səsləndirməyib vaxtilə Eyyub.

Ziddiyyətləri, cəlladla qurbanı, baltanı və qələmi bir nöqtədə birləşdirməsən... Qalarsan sənətdən çox-çox uzaqlarda. Qalarsan elə öz zamanında.

***

- Eyyub bəy, vaxtilə Zerkalo Klaranın evindən “Amerikanın səsi” radiosuna verdiyiniz müsahibəni xatırlayırsanmı indi?

- Əlbəttə. Mövzu caza həsr edilmişdi. Demişdim, həyatda yolu kəsişməyən bütün hadisələr “sənətdə özünə görüş yeri təyin edir”. Sənət, müxtəlif təzadların kəsişdiyi ən incə nöqtədir. Bircə detal, bir də, görürsən... bir də, eşidirsən, müxtəlif səsləri, rəngləri, mövzuları necə rahatlıqla bir-birinə qovuşdurur.

- Rəssam bunu görür. Müğənni eşidir, eləmi?

- Elədir. Yüz faiz. Ancaq bu səsi, bu musiqini gərək mütləq sənətdən yox... həyatın özündən tapıb sənətə gətirəsən.

- Sən bu səsləri, bu lal musiqini harda tapırsan?

- Dilimizdə. Azərbaycan musiqisi təkcə elə muğamatla, xalq təranələrilə kifayətlənmir. Məhdudlaşmır. Musiqimiz ilk növbədə dilimizdə, adi danışığımızdadır. Zerkalo Klaranın danışığı elə musiqiydi.

- Sən “Bakı-Moskva təyyarəsi”, “Ağabala Çaykovski”, “Azəri torpağı”, “Unutdun”, “Kim bilir” kimi adəzəbər mahnılarında bu kimyanımı, bu möcüzənimi səsləndirmişdin?

- Hə... danışıq musiqisini öz ifamda xalqa qaytarmışam.

- Demək, heç nə icad etməyibsən. Xalqınkını elə xalqa qaytarıbsan.

- Xalq danışıq musiqisini çox sevirəm. Bu xəzinədir.

- Şeiri də?

- Əlbəttə. Klassik şerlərimizdən saysız əzbər nümunələr söyləyə bilərəm. Xüsusən, Caviddən. Nəsimidən. Hadidən. Cəfər Cabbarlının teatrı da qəribə musiqiyə malikdi. Bilirsən, mahnı oxumaq həm də şeir oxumaq deməkdi. Gərək gözəl şeir ifaçısı olasan. Müğənnilik burda ancaq ikinci addımdır. Birinci, bəli, şeiri oxumaq qabiliyyəti, istedadıdır. Şeir oxumağı bacarmırsansa, heç... ifaçılığın da alınmayacaq.

- Sən şeir oxumağı bu cür ciddi görürsən müğənni sənətində?

- Bəli. Şeir axı musiqisiz olmur. Bu musiqini eşitmək azdı. Gərək onu hələ bir səsləndirəsən də. Əvvəl özünçün... sonra səni müşayiət edən musiqi alətləri üçün. Buna “orkestrləşdirmə” də deyirlər.

- “Azəri torpağı”nda bu aranjimanlar çox mükəmməldi. Təkrarsızdı. Elə “Bakı-Moskva təyyarəsi”nin aranjimanı da sözsüz, xüsusi çəkilidi. “Mənə dəniz verin”, “Yağış yağır bu şəhərə” mahnılarında da səni çox gözəl aranjimançılar müşayiət edib.

- Bu vacibdi. Musiqidə gərək müşayiətçilərin olsun. Müşayiətçilər – qarmonçudur, nəfəs alətləri, simli alətlər ifaçılarıdır. Əvvəlcə sənin musiqini onlar eşitməlidir. Öz musiqi alətlərində təkrarlamalıdırlar bu təranələri.

- Dinləyici, xalq kütləsi sonrakı mərhələdir, eləmi?

- Bəli.

- “Mən Mircəfərin eynəyini taxaraq, Müşfiqin, Hüseyn Cavidin şeirlərini oxumağa hazıram” deyərək, Müşfiqin “Yenə o bağ olaydı” şerini musiqiyə gətirdin. Bu şeirin əvvəlki ifaçıları, necə bəs, səni dimdikləmədilər, qısqanmadılarmı heç səsinə?

- Sənət yarışmadır. Tək nüsxədə deyilsən. Başqaları da var həmişə bu meydançada. Məncə, tək nüsxədə olmamaq yaxşıdı.

- Ad çəkmək istəmirsən?

- Yox. Çaydanın qapağına bir-ki manat qoyub çayxananı sakitcə tərk etmək tərəfdarıyam. Gözəl, musiqili, sırf Azərbaycan mənzərəsidir bu. Nəğmədə sükut çox vacib mərhələdir axı. İngilissayağı, lal-dinməz gedişlərə daha çox meyilliyəm.

- Cavabsız sualları sevirsən?

- Musiqisini sevirəm həm sualların, həm də cavabların. Çalışaq musiqili olsun hər ikisi. Bu halda cavabsız da qala bilərlər.

- Qara Qarayevin “Fuqa”larını ifa edibsən vaxtilə. Vaqif Mustafazadənin bütün təranələrini də. İndi necə? Təkcə özün üçünmü ifa edirsən bu əsərləri? Bəlkə bir gün mahir piano ifaçısı kimi də dinləyicilərimizi sevindirəsən? Olar?

- Maraqlı təklifdir. Kitabın tən ortasından, ürəyin tən ortasından, necə deyərlər. Uzaq üfüqlərdəkiləri çox sevərəm. Görərəm demək azdı müğənni üçün. Rəssamlara aiddi bu. Biz uzaqları eşitməliyik.

- Ən uzaq səsi eşitməlisən, bəli. Eşidirsənmi, Eyyub?

- İcazə ver, bu sualın cavabını dinləyicilərim versin.

- Gözəl. Söhbətimiz üçün təşəkkür edirəm.

# 2785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #