Oxşar qələm indi Ömərdədir

Oxşar qələm indi Ömərdədir
10 noyabr 2023
# 17:00

Kulis.az Ömər Xəyyamın "Bizim analarımız, bizim atalarımız" adlı hekayəsi haqqında Həmid Herisçinin yazısını təqdim edir.


"Bizim analarımız, bizim atalarımız" hekayəsində cəmi ikicə dəfə təkrarlanan "Ölümlə sevişən gecələr" ifadəsi... özü də işıqdı... Ömər həmin o gecələri bu ikicə sözlə neytrallaşdırıb...

Söz sahibliyi budu... o da var Ömərdə...Yaşasın!

Hələ Orxan Pamuk öz "Qar" romanında əsər içində əsər, hekayə içində hekayə haqqında ciddi mesajlar verib.

Bəli, roman içində roman, hekayə qələmə almaq müasir nəsrdə Comolunqma zirvəsinə çatmaq deməkdir.

Ancaq hekayə, roman içində bir kilid ifadənin, siqnalın yanıb sönməyi də vacibdi.

Nəsr alpinistlərinə bu cür siqnal ötürənlərdən biri də bizim Ömər Xəyyamdı.

Nəsri təkrarsızdı!
Nağıl estetikası da var nəsrində.

Söz, qəhrəman, süjet oyunları da...

Misal üçün, "Bizim analarımız, bizim atalarımız" hekayəsində bu cür çox qütblü, çoxkünclü surət Marina Svetayevadır.

Əsəri oxuyub bitirirsən, hə. Ancaq qulağında bir lal sual qalır ki, kim idi bu Marina?
O Marina idi?
Yoxsa adi bir şəhər sakini?
Yoxsa xatirələrimizin narahat sakini?
Kimdi o?

Müasir nəsr artıq bütün mövzuları mənimsəyib deyə, ədəbi proses geriyə axıb.
Duanı indi geriyə oxumaq lazımdı. Süjetləri, baş qəhrəmanları da.

Bu gün həyat materialı yox... ədəbi material hekayəyə, romana qayıdır.

Ədəbiyyata ədəbiyyat gəlir.

Ədəbi surətlər bu gün bədii mətndə yenidən doğulurlar.

Bu fiksbioqrafiya janrı məndə də var, şükür Ömərdə də.

Qısası, ədəbiyyatşünaslıq mövzuları belə bu gün elə ədəbiyyatda həll olunur.

Oxşar qələm indi Ömərdədir.

Təkrarsızdı nəsri!

Nitşe deyərdi ki, yaradıcılıq ilk növbədə neologizmlərdə özünü göstərməlidir.

Ömərdə bu cür körpülər də var.

Şəhər metrosunun polad relsləri bu nəsr nümunəsində öz son parıltısı ilə gözəldi.

Bu parıltı sönmür Ömərin nəsrində.

Ən qaranlıq tunelləri nurlandırmaq da elə bu relslərə... yəni Ömərə tapşırılıb.

# 3921 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #