Kulis.az Həmid Herisçinin “Şeşpər baba” hekayəsini təqdim edir.
Ölkəmizdə neyroxirurqiya elminin təməl daşını qoymuş professor psixiatr Surxay Axundovun, yadımdadı, çox sınanılmış bir zarafatı vardı. Təzə tanışlarına, xəstələrinə həmişə eyni cür müraciət edərdi o:
- Gedək, bəlkə dəəəəəəəəəəəəəəə...
Son kəlmənin ilk hecasını, yaxşı yadımdadı, bu təcrübəli psixoloq, sonsuzluğa qədər uzadar, bitirməyə heç vaxt tələsməzdi. Təzə tanışlar, ağır xəstələr bunun qarşılığında lap çaşbaş qalardılar, adətən. Həyəcan içində gözləyərdilər ki, bax indicə bu Moskva təhsilli həkim alim cümləsini necə bitirəcək? “Dəəəəəlixana”yamı dəvət edəcək öz yeni xəstəsini? Yoxsamı “dəəəniz” kənarına?
Ağ sifəti qocalıqdan xallanmış, boğazının əti-dərisi tökülmüş Surxay Qeydaroviç, öz xəstələrini əvvəlcə bax bu cür bircə an havadan asılı vəziyyətdə saxlar, yazıqları bir müddət yerə qaytarmağa tələsməzdi. Gözlərinin bəbəklərinə zillənib, diaqnozunu dəqiqləşdirərdi bu vaxt öz xəstələrinin. Bəzilərini “dəəəəəəlixana”ya dəvət edərdı, bəzilərini - mənim kimi, “dəəəəniz” kənarına.
Surxay Qeydaroviç özgəsi-zad deyildi bizə. Anamın doğmaca əmisiydi. Bizim kimi, hakim sovet elitası üzvüydü. Abşeronun səfalı şimal sahillərində yerləşən partiya sanatoriyalarında keçirərdi, bizim kimi, öz yay tətillərini. Elə orda da, yadımdadı, rusdilli Surxay Qeydaroviç məni öz məşhur “dəəəə” psixoloji testindən keçirdi. Diqqətlə səbrimi, üz ifadələrimi öyrəndi... Gözümün alt qapaqlarını aşağı dartdı. İnadkarlığımı, tərsliyimi nümayiş etdirmək qərarına gəldim bu vaxt. Tələblərə zidd olaraq, uzun dilimi qocaman professora göstərmədim. Qəribədir... tərsliyim, qocaman psixiatrın lap ürəyincə oldu:
- Gedək dəəəəəniz kənarına. Sənə nərd oynamağı öyrədəcəyəm.
***
Gözümü, alnımı tez-tez örtən saç telimlə mübarizə apara-apara Surxay dayıdan öz ilk nərd dərslərimi aldım. Fəndlərə sürətlə yiyələnməyim, Surxay dayımı xeyli təəccübləndirdi. Səmt küləyinin istiqamətinə görə, masa arxasında yerimi rahatladım. Saçlarımı alnımdan tez-tez kənara çəkmək əzabımı atdım “dəəəəəniz”dən əsən həmin bu səmt küləyinin boynuna. Var gücümlə girişdim nərd dünyasının sirlərinə.
Surxay Qeydaroviç, yadımdadı, masa üzərində hər iki ovcunu, Leyli və Məcnun kimi, bir-birinə qovuşdurub sevişdirdi. Sonra əl atdı cıqqılı zərlərə:
- Şeş-beş!
Ölümcül xəstəni sağaltmaq istəyirsənsə, tələsmə, əvvəlcə bir oyun öyrət bu zavallıya. Yazıq, məcbur qalacaq həm oynamağa, həm də yaşamağa.
Məndə belə oldu. Xəstəykən, nərd oyununa yiyələnməyim, şəfa gətirdi tezliklə mənə. Həkimlər bunu partiya sanatoriyası, Xəzərin şəfasıyla izah etdikləri vaxt mən, gözucu Surxay Qeydaroviçə tərəf boylandım. Professorun gözlərində “sus!” əmrini oxumağım bəsdi ki, əmrə tabe olum. Sirrimi açmayım yad bir kimsəyə.
O vaxt Bakıda, bütün SSRİ-də olduğu kimi, dahi Fransa imperatoru Napoleon Bonapartın ölməz ruhuyla, şipşirin “Napoleon” tortu vasitəsiylə görüşmək təhlükəsi vardı hamı üçün. Amma, şükür, mən bu bayağı, şit tanışlıqdan Surxay Qeydaroviç vasitəsiylə öz xəstə canımı qurtardım. Hamı kimi tort vasitəsiylə deyil, kitab yoluyla Napoleonun ölməz ruhuyla görüşdüm.
Soyuq qış günlərinin birində anam, Surxay dayıgildən qayıdarkən:
- Al. Oxu. Surxay əmi göndərib. – sözlərinin müşayiəti ilə, akademik Tarlenin qalın “Napoleon” kitabını, qonaq otağımızdakı dəyirmi masa üzərinə atdı.
Kitab 1941-ci ildə, Hitlerin Moskvaya lap yaxınlaşdığı vaxt nəşr edilmişdi. Canında o dövrün hərarəti, nəbzi, gərginliyi, müharibə nəfəsi duyulmaqdaydı. Surxay bu kitabı görünür elə o vaxtlar, 1941-ci ilin soyuq, təhlükəli oktyabr aylarında Moskva kitab dükanların birindən satın almışdı. Müharibə dövrünün qara çörək qırıntıları vardı, yadımdadı, bu kitabın sar-sarı səhifələri arasında. Surxaya o gərgin, əsəbi günləri tablamaq görünür məhz bu kitab vasitəsiylə müəssər olmuşdu. Anama “Napoleon” tortunu hədiyyə etmişdi o, mənə akademik Tarlenin eyniadlı kitabını.
Surxayı, Napoleona calayan başqa bir cəhətsə hər ikisinin bəstəboy olmaları idi.
- Lyudovik xanədanının əyri “Burbon burnu”, qadınların dediyinə görə, mənə yamanca yaraşır. – Surxay, özünə baxmaq üçün yaxında bir güzgü axtardı. Tapmayıb, azca heyfsiləndi:
- Tale, Fransanın digər bir bariz nişanını da, sifətimdən əsirgəməyib.
Böyrək xəstəliyimi, şahmat xəstəliyi ilə əvəzləmiş rusdilli Surxay Qeydaroviçin həyat xatirələri də maraqlıydı mənimçün. Ağzımı aralayıb 1918-ci il barədəki xatirələrinə qulaq asarkən, yadımdadı, elə bil zamanda səyahətə çıxardım. Tamam unudardım öz bezdirici, darıxdırıcı zəmanəmi.
***
1918-ci ilin Novruz bayramı, indiki kimi, düşmüşdü Zərdüşt təqviminə görə 32 ildən bir təkrarlanan “Simurq ili”nə.
Bayram şirnilərini dadmaq xoşbəxtliyi o vaxt çoxlarına nəsib olmur. Novruz şənlikləri düşür qanlı “mart qırğını”na. Küçələrdə meyitlər üst-üstə qalanır.
Aramsız atışmalar bircə an belə səngimir. Güllə yarası alanlar, orda-burda vaxtaşırı şarappıltıynan yerə sərilir.
Bu vaxt, keçmiş Zevin küçəsi tərəfdəki dəbdəbəli evin eyvana çıxan pencərəsi astaca, yavaşca, aramla aralanır. Qorxaq bir əl, içəridən bayıra uzanır ehtiyatla. Sağında, solunda nəsə axtarır. Axırda istədiyini - novruz şirnilərini, paxla-şəkərburalarını tapıb, yerindəcə donur. Ölür elə bil...
Qəfil, cəld cana gələrək şirniləri qamarlayır. Sürətlə, anında geri qayıdır.
- Hə... mən beləydim. – Surxay, öz “fil”ini şahmat taxtası üzərində hərəkətə keçirdi. - Novruz şirnilərini dadmaq naminə bax bu şirin canımdan da keçərdim.
- “İsmailiyyə” binası önündə qətlə yetirilmişlərin qanı axıb getmişdi üzü aşağı. İndi Natəvanın heykəli ucalan nöqtədə göllənmişdi... Şəkərburanı kisədən çıxaranda bu mənzərə gözlərimə birdəfəlik sancıldı.
- Qorxmurdunmu bəs? - sadəlövh sualım Surxaydan yan ötüb, kar-kor divarlara dəyib əks-səda verdi.
- Zirzəmidə gizlənmişdik. Bir qadın vardı aramızda. Qundaqdakı körpəsini elə hey sinəsinə bərk-bərk sıxardı. Qəfil, tərsliyə bir bax, körpə başladı ağlayıb zırıldamağa. Dedik qanımız getdi... İndicə ermənilər gizləndiyimiz yeri aşkarlayacaqlar. Sıralarımızda bir iranlı fəhlə də vardı. Cibindəkini... bilmirəm nəşəydi bu, yaxud tiryək... ovcunda yumurlayıb uşağın ağzına basdı. Uşaq ram oldu, day cınqırını çıxarmadı. Bir-iki gün sonra barışıq elan ediləndə belə, bu tifil körpə hələ də şirin röya aləmindəydi.
Xatirələrinin bu cür acı nöqtələrində Surxayın səsi adətən qəfil öz adi ahəngini dəyişərdi:
- Topundan muğayat ol. Onu “zabit”imlə vuracağam haaa indi...
Şahmat taxtamızı, 1918-ci ilin döyüş meydançalarıyla səhv salardım bu zaman.
- İngilislər bəs nə vaxt gəldi Bakıya? – təhlükədən yayınınca, keçmişə səyahətimiz, yeni vüsət alardı adətən.
Surxay, bu zaman həmişə at fiquruna əl atardı:
- İngilislər atlarını “Vətən” kinoteatrı tərəflərdəki tövlələrdə saxlardılar. Hər gün səhər, özüm görmüşəm, atlarının dişlərini yuyardılar. Bununçün, xüsusi diş fırçaları vardı ixtiyarlarında. – Surxay, dərindən bir “ah!” deyib, öz daxilinə çəkilərdi bu vaxt.
Atıyla irəli cumub, topumu ovcunun içinə alardı:
- Bizlər, dişlərimizi heç yumurduq o zamanlar. İngilislər isə atlarının da dişlərini yuyub ağardardılar...
***
Surxay Qeydaroviçin evindəki sənət nümunələri kolleksiyası, deyərdim Mustafayev adına İncəsənət Muzeyimizdəkilərdən dəfələrlə həm zəngindi, həm də maraqlı. Surxay, maşallah, yorulmaz səyyahdı... Sovet turisti kimi bütün dünyanı yaxşıca gəzmişdi. Pulunu-qazancını Afrika tanrılarının çeşidli bütlərinə, çin, yapon saxsı sənəti nümunələrinə... daha nələrə, nələrə xərcləmişdi. Yaşayış yuvası, ziyarət etdiyim ilk muzeydi sanki mənimçün.
Surxay, adıəzbər Bakı oğrularından bərk qorxardı. Bakıda ilk dəmir seyf qapını da mən ilk dəfə Surxay dayıgildə görüb təəccübləndim. Qapının çox saylı qıfılları sırasında biri - adına “ingilis qıfılı” deyiləni, məni xeyli maraqlandırdı.
- İngilislər, mədənidirlər. - Surxay, sevdiyi Fransaya dönük çıxaraq, bircə anlığa özünü ingilislərə oxşatdı. Dik durub, çənəsini yuxarı qaldırdı. - Gedərkən səs-səmirsiz edərlər bunu. Xudahafizləşmədən. Qapını bax beləcə, yavaşca, səssiz arxalarınca örtərlər. Çox sonralar duyarsan çıxıb getdiklərini. Bax bu qıfıl da o cürdü. Qapını yavaşca çırp, öz-özünə bağlanacaq. Qıfılın dili girəcək dəliyə. Qapını açarla bağlamağa ehtiyac qalmayacaq.
Surxay dediklərini axırda bircə cümləylə bitirdi:
- O cür qıfıla “İngilis kilidi” deyərlər, yadda saxla.
- 1918-də Bakıdan da o cür, səssiz-səmirsiz ayrıldı ingilislər, eləmi Surxay dayday? – Surxayın hüzurunda dilim dinc durmazdı adətən. Sual sualı əvəzləyərdi.
- Elədir. Bəli. Gözümüzü açıb gördük həəə... lələ köçüb, yurdu qalıb. Gözəlçələr bulvarda dayanıb ingilis gəmiləri ardıycan yam-yaş cib yaylıqlarını yelləyirlər.
***
Atamın ingilislərə baxışı isə Surxayınkından tam fərqliydi.
Rəhmətliyə deyəndə ki, ingilislər atlarının dişlərini yuyanda, biz, heç öz dişlərimizi yumurduq, atamın qəfil sifəti ağardı.
- İngilislərin at sevdasını bir başqa cür gördüm mən, oğul.
- Necə? – qorxudan dilimə cəmi bircə söz gəldi.
- Yaxşı, seçkin cins atları yığarlar hər yerdən... İranda beləydi...
Atam alim sifətini itirərək adi, sıravi, qərib İran siyasi mühaciri görkəmini aldı bu an. Sonra səsi titrədi:
- Eşşəklərlə cütlərlər adətən o bədbəxt gözəl atları... Qatır yetişdirərlər nəsillərindən... Hindistanlılara yüklərini daşıdarlar...
İngilislərə olan bu iki fərqli baxış sonralar bütün ömrüm boyu məni izləyib sakit buraxmadı. Gecəykən yuxuda o dediyim ingilis qıfılını gördüm, sonra dişləri yuyulan atları... Atamı bir başqa şəraitdə gördüm, Surxayı bir başqa vəziyyətdə.
O gün də, yaxşı yadımdadır, Surxayı ilk dəfə nərddə uddum. Rəhmətlik, xeyli baxdı nərd taxtasındakı çıxılmaz vəziyyətinə. Axırda, mehriban əliylə ipək saçlarımı tumarladı.
***
Qısası, vəfasız çıxdım öz nərd ustadıma. Oyunda baxtım gətirən kimi, unutdum Surxay dayını bir ara. Uzun zaman heç yadıma düşmədi bu rəhmətlik alim-şahmatçı.
Amma çox sonralar, elə bax bu günlərin birində tanış Moskva alimlərinin dilindən:
- Surxay Axundovumu deyirsiz? Ananızın əmisiydi? Çox gözəl... Bilirsiz də o, uzun müddət SSRİ-də hannibalizm üzrə nadir mütəxəssislərdən biri sayılıb? Araşdırmaları tam məxfi qrifi altında keçirilib. İndi-indi Surxay Axundovun əsl peşəsi üzə çıxır.
Moskva alimlərindən qumlu Nardaran sahillərində eşitdiyim bu şaşırdıcı xəbər başıma ikiəlli qapaz kimi dəydi. İstiydi yaman. Dükanların nəhəng soyuducuları dayanmadan “dırhadır” işləyirdi. Arxamızda görünən əfsanəvi Nardaran qayalıqları da elə biləsən söhbətimizin iştirakçısıydılar. Gün batdıqca sarp qayaların rəngi tündləşir, vahiməsi artırdı. Bu mənzərənin lal həyəcanı tezliklə söhbətimizə də təsir etdi.
Yaxındakı dükandan əlində “Badamlı” şüşəsiylə qayıdan moskvalı qonağım, yarımçıq söhbətimizi yaxşı ki, davam etdi:
- Leninqrad blokadası vaxtı xeyli insan hannibalizmə, adam əti yeməyə qurşanıb quduzlaşmışdı. Surxay Qeydaroviç, ananızın əmisi, - moskviç bircə uduma “badamlı”nı yarı etdi. – bu vəhşətləri, vəhşiləri qeydə alır, barələrində son hökmü elan edirdi. SSRİ zamanı harda hannibalizm faktı baş versəydi, baş ekspert kimi ora mütləq professor Surxay Axundov dəvət edilərdi.
- Mənə nərd oyununu öyrətdi bu rəhmətlik... – məchul nöqtəyə pıçıldadığımı, deyəsən özümdəən başqa kimsə eşitmədi.
Əvvəl zarafat bildim eşitdiklərimi. Qonaqlarımı Nardaran sahillərində unudub, ləpədöyənə adladım. Ayaq pəncələrimi, Xəzər ləpələri yalayır, beyin-qafamı şək-şübhələr didişdirirdi. Handan-hana özümə gələndə günəş artıq Xəzərdə batmışdı.
- Bu kor təsadüf deyilsə... demək...
Şübhələrim özümü də diksindirdi. Daxilimdən yeni güc-qüvvə ehtiyatı axtarıb tapmağım, xeyli vaxt tələb etdi məndən.
Axırda dodaqlarım titrədi:
- Bu kor təsadüf deyilsə... demək, həyatımda bunun bir başqa nümunəsi, oxşarı, təkrarı da olmalıdır mütləq...
Yaddaşım başladı saat kimi taqqıldamağa. Xatirə dəftərçəm gözüm önündə öz-özünə açıldı.
***
Tək-tük zəvvarın üz tutduğu bu xəlvət ünvanı mən, İsmayıllı meşələrində, üz-gözdən uzaq bir yerdə aşkarladım. Bu dərgaha yaxınlaşdıqca hamı səsini alçaldırdı. Xidmətçilər, qəribədir, zəvvarları ancaq altı nəfərlik dəstələrə böldükdən sonra içəri buraxırdılar. Altı ədəd konfet verirdilər hər zəvvara. Məzar başına, altı dəfə hərlədirdilər bu altı nəfərlik lal dəstələri. Qurbanlıq qoyunları altı parçaya bölürdülər...
- Buranın sahibi Şeşpər baba altı barmaqlı olub, böyük kəşfü-kəramətlər sahibiymiş. - məzar başında eşitdiyim bu əcaib etiraf, indi də həyəcansız xatırlaya bilmirəm.
Şeşpər baba ziyarətgahının altı qapısı nəzarətsiz deyildi. Hərəsi altı quduz, ac köpək tərəfindən daim qorunurdu... Köpəklərin qarşısına vaxtaşırı qurbanlıq ətlərdən pay atıldığı vaxt zingilti, vurnuxma, didişmə səslərindən adamın tükləri biz-biz dururdu, vallah...
Həmin altı köpəyin simasında məhşərin, Apokalipsisin altı vəhşi atlısını, deyirəm görürdüm bəlkə...
Ziyarətgahda ətrafıma bir daha diqqətlə göz gəzdirib elə bildim ki, burda hannibalizm ayinləri icra edilib nə vaxtsa.
Altı barmaqlı bizim Şeşpər babanın bir başqa oxşarı, həmkarı, uzaq qohumu isə indi Hollivudda yaşayır. Bizim hannibalist Şeşpər babanın kim olduğunu bilmək naminə, biz gərək hökmən onun uzaq Amerikadakı qohumuyla da tanış olaq.
***
Məşhur “Quzuların sükutu” kinotrillerində həmin kəs ilk baxışda xeyli cazibədar görünsə də, əslində hannibalistdir. Öz qurbanlarının ətiylə qidalanır. Usta aktyor Entoni Hopkinsin ifasında milyonlarla tamaşaçının yuxularına haram qatmış Hannibal Lekter adlı bu manyak xüsusi istedadlara malikdir. Yəni bizim Şeşpər baba kimi kəşfü-kəramət sahibidir. Altıbarmaqlıdır.
Ən düyünlü, izahsız qətllər qarşısında biçarə qalarkən polislər adətən bax bu altı barmaqlı Şeşpər babaya müraciət edərlər. Şeşpər baba ən düzgün cavabların sahibi, yiyəsidir. Qurbanlarını da adətən ən mənfi, islahsız canilər arasından seçər. Günahsızlardan yan ötər adətən.
Bu iki oxşar Şeşpər baba barədəki son rəyimi hazırlayarkən, öz daxili dərinliyimdə hiss etdim - Surxay Axundov məni təkcə nərd dünyasının sirlərinə agah etməyib.
Bir başqa sənətin də sirlərini, özüm də bilmədən, sızdırıb mənə.
İndi, Şeşpər baba ziyarətgahı önündə tək qalarkən, kino ekranlarında Hannibal Lekteri izlərkən öz-özümə adətən pıçıldayıram:
- Bu mövzunun indi bircə Surxay Qeydaroviçi əskikdi... Gərək onu indi özüm əvəzləyəm.
***
Surxay Qeydaroviç də, yaxşı yadımdadır, Şeşpər baba, Hannibal Lektor kimi altıbarmaqlıydı axı...
Belələrini isə müasir elm, yadda saxlayın, yadplanetlilərin canlı varisləri sayır...
Nərd oyununun altıxanalı olmağı da görünür heç də təsadüfü deyil. Həmin bu oyun da, görünür, elə yadplanetlilərin, altıbarmaqlıların oyunuymuş vaxtiylə.
Surxay əmi, Allah sənə rəhmət etsin. Altıbarmaqlıların, yadplanetlilərin bu qəliz oyununu, habelə digər sirlərini lap vaxtında öyrətdin mənə.
Nərd oynarkən, bir an, altıbarmaqlı oluruq axı hər birimiz.
Yadplanetli oluruq.
Surxay Qeydaroviç kimi.