Kulis.az Həmid Herisçinin Afaq Məsudun “Can üstə” hekayəsi haqqında yazısını təqdim edir.
Ölüm, əvvəlcə öz növbəti qurbanını tədricən, yavaş-yavaş tərkisilah edir.
Afaq Məsudun “Can üstə” hekayəsində bu mənzərə orijinal fırçayla...bəli, qələmlə yox, elə bil rəssam fırçasıyla təsvir edilib: “Stəkanın dibinə hansısa su heyvanının skeletitək yatmış protez dişləri görünürdü”.
Qısası, stəkan dibində saralan diş protezi, hələ labüd ölümün anonsudu. Heminquey demiş - “əcəl zəngi”dir. Heminquey bu anonsu musiqili, bəstəkar kimi eşidib, nəsr dilinə tərcümə etmək istəmişdi. Afaq Məsud isə bu mənzərəni əli fırçalı rəssam kimi görür. Qələmlə yanaşı fırça da var bu hekayədə.
“Can üstə” əsərini qadın yazıçımız, düz 11 il əvvəl 25 dekabr 2014-cü ildə əvvəlcə pyes kimi qələmə alıb. Sonra hekayə kimi çap edib dövrü mətbuatda? Düzü, bunu sona qədər anlamadım.
Düz 11 il sonra əsər yenidən, özü də eyni tarixdə yenidən mətbuata qayıdır. Niyə? Səbəb? Xalq yazıçımızın, görəsən, sətiraltı, hekayəarxası mesajı nədir növbəti dəfə?
Keçmiş vəzifə sahibi “Can üstə” olsa da, hər hansı cazibədar qadın görüncə dirilir elə bil: “və birdən-birə sönük bəbəklərinin hərəkətə gəlib, onu yoluxmağa gəlmiş qonşu gəlinin dolu baldırlarına dikilməsindən, bir qədər sonra isə baxışlarını bizdən yayındırmaqdan ötrü, qadının baldırından bilinər-bilinməz usta bir axıntıyla nahar masasının yoğun qıçına axıtmasından, onun hələ saysız-hesabsız həyat nöqtələrinin diri olduğunu anlamışdıq”.
Beləliklə, hekayə təhkiyyəsində ilk ziddiyyət yaranır - Əzrail öz qurbanının taxma dişlərini çıxarsa da...həəəə...razılaşaq, canımızdandan qadın əzalarına olan sevgimizi heç vaxt çıxara bilməyəcək.
Yazıçı məharəti, həyatdakı bax bu ziddiyyətləri tutmaq, qabartmaqdı. Ziddiyyət, bədii mətnə mütləq sızmalıdır. Sızdısa, vəssəlam, demək təsvirin, mövzunun miqyası birə on artdı. Əsər dolğunlaşdı.
Afaq Məsud bax bu nöqtədə öz bədii mətnini reanimasiya palatasında dirildir. Süni yox... diri nəfəs verir xəstə, son günlərini yaşayan çoxqütblü qəhramanına. Bu nöqtədə mətn də dirlir, ölümcül xəstə də.
Maraqlı canlanmadı. Şahmat gedişidi. Yazıçı burda da əlifırçalıdır, nəinki əliqələmli. Rəssamdır. Hələ yazıçı deyil. Yazıçı qələmi, psixologiyası hekayəyə bax bu misralardan sonra sızır: “Qocanın bu ölüm tutmaları mənim inqilabdan sonrakı dövrlər barədə roman yazdığımı bilən gündən başlamışdı. Ona qədər isə...”
Hekayədə “səbəb-nəticə qanunları”, adi insan məntiqi, fobiyaları bax bu nöqtədə startlayır. Ziddiyyətlər, bulanıq mövzular durulur. Hamı qayıdır öz əsl məzmununa. Əliqələmli yazar qadın, qoca partokratın gözündə çevrilir ölüm valkiriyasına. Ölüm pərisinə. Dəli afətə.
Axı, bu partokrat özü də yazıçıdır. Qələmə yaxşı bələddir. Bilir qələmin ucundakı gücü. Görür ordakı ölümcül ittihamları. Sözü verək burda pyesdə deyildiyi kimi Nobel mukafatı laureatına
“– O, sənin yazına görə bu kökə düşdü, – Səidə bir qədərdən sonra, ikilikdə mətbəxdə oturub şam yeməyinə düyü arıtlayanda dedi.
Mən günahkar kimi çiyinlərimi çəkdim:
– Burda nə var axı?..
Qocanın keçmişlərdə – yüksək vəzifə tutduğu repressiya illərində baş verən nələrdənsə – olsun ki, heç kimin, hətta Xədicə xalanın belə bilmədiyi hansısa bağışlanmaz günahlarından, bircə özünə məlum olan cinayət havalı naməlum sirlərdən ölümcül dərəcədə qorxması, açıla biləcək hansısa məxfiliklərin izlərini, az qala, öz ölümü ilə ört-basdır etmək səyləri, yazdığım romanın, düşündüyümdən daha ciddi və gizli mətləblərə toxunacağından xəbər verirdi”.
Düzü, bu təsvirlərdə mən Əli Vəliyevin tanış ştrixlərini görürəm. Həyat yoldaşı Xadicə xalanın təsvirində də çoxlarımız öz əzizləriylə görüçəcək.
Beləliklə, ziddiyətlə, Holivudun “saspens” yazı üslubuyla başlayan hekayə, tədricən adi məntiq, banal həyat, tanış tarix detalları ilə zənginləşir. Dönür tariximizə. Adi Azərbaycan yaşantısına. Ən adi Azərbaycan fobiyasını gözlərimiz qarşısında canlandırır - 1937-ci il günahları. Gecikmiş tövbə. Günah. Zina. Qanun pozuntuları. Qanunsuzluq. Tamah və s. və ilaxır.
İlahi qələm... Yazıçı qələmi...cəllad baltası..nə fərqi var?
Partokrat duyur ki, qələm ölüm baltasına çevriləcək. Bu səbəbdən düşür yatağa.
Taxma dişlərini çıxarır. Yazıçıya, öz nəvəsinə təslim olur.
Biz öz valideynlərimizlə mütləq vuruşmalıyıq. Mütləq bir gün öz əzizlərimizə də başqa gözlə baxmalı, lazım gələndə tətiyi də sıxmalıyıq. Şükür, Afaq Məsud bu freydist “Edip kompleksini” bədii mətnə gətirdi.
Yaxınlarına məşhər məhkəməsi qurdu sanki.
Tapancanı Əzrailin əlindən qopardı. Tətiyi özü sıxdı.
Valideynlərimizin əlyazmaları, arxivi bir gün mütləq tədqiqat mövzumuza çevrilməlidir. Biz valideynlərimizin telefon yaddaşına, naməlum səs yazılarına, videogörüntülərinə daha diqqətli olmalıyıq. Facilərimizin, ağrılarımızın, azarlarımızın bir səbəbi də ordadır-köhnə qovluqlarda. Ailə albomlarında. Toyxana videolarında.
Afaq Məsud bu özünüifşa nitqini, özünüifşa hekayəsini köhnə sovet rekvizit otağında reallaşdırıb. AZDRAMA rekvizitləri əhatəsində, köhnə aktyorlarla açıb özünün bax bu 19378899-ci il məhkəməsini.
Yeni nəsl yazarlarımız - Ulucay Akif, Vüqar Van, Orxan Saffarı, Cavid Ramazanov, Ömər Xəyyam, Orxan Hasani, Əli Novruzlu, Qismət, Aqşin Yenisey, Cəlil Cavanşir, Şərif Ağayar isə oxşar ifşanı smart, müasir rekvizitlərlə - əl telefonlarının yaddaşıyla etməlidirlər. Toyxana videolarını saf-çürük etməlidirlər. Yaxud hakerlik edib valideynlərinin bilgisayarlarına sızmalıdırlar.
Telefon şirkətlərini elektron servislərini yarıb, ifşaedici dəlilləri bədii mətnlərinə köçürtməlidirlər.
Yəni mövzü müasir smart texnologiyalar çərçivəsində həll edilməlidir. Xaricdə oxşar mövzular indi belə estetikada həll edilir.
Yəni mövzu maraqlıdır.
Ancaq müasirləşməlidir.
Məqaləmizə Afaq Məsudun bir cümləsi ilə nöqtə qoyuruq. Biz də çayımızı içib, armudu istəkanımızı başıaşağı çeviririk nəlbəkidə. Qəşəng mənzərədir:
“Nəfəsi gəlir hələ, – əmioğlu ikinci stəkanı birnəfəsə içib ağzıaşağı nəlbəkisinə qoymuşdu. İndi mürəbbəsinin qalığını qaşıqlayırdı. Ağzını iştahayla marçıldada-marçıldada qocanın kitab şkafının üstünə qalanmış “tarixi qovluqlarına” baxırdı”.
İndi belə mənzərələr yoxdu. Arxivlər elektrondu. İndi o cür baxışlar fləşkartları güdür.
Beyinlərdəki gizli çipləri axtarır.
Çipli küçə köpəklərinin marşrutuyla gedib ən ağır cinayətlərin izinə düşürlər.
Süni intelektin yaddaşını çaşdırırlar.
Nəfəsi gəlir hələ, – əmioğlu ikinci stəkanı birnəfəsə içib ağzıaşağı nəlbəkisinə qoymuşdu. İndi mürəbbəsinin qalığını qaşıqlayırdı. Ağzını iştahayla marçıldada-marçıldada qocanın kitab şkafının üstünə qalanmış “tarixi qovluqlarına” baxır, aradabir ağzının içində öz-özünə:
– Ay mənim alim əmioğlum. Zəhmətkeş qardaşım!.. – deyib doluxsunurdu.
Ciblərində eşələnib, oradan çıxardığı xırda kağız-kuğuzların arasından hansısa vacib sənədi axtarmağından qəribə xofa düşürdüm…
Üç yığcam otaqdan ibarət olan bu evdə, bəlkə də, bir yük maşını qovluq vardı.
Əslinə qalanda, qocanın yaşadığı dövr barədə roman yazmaq fikrini də mənə təlqin edən, başıma salan – həmin bu sirli qovluqların içində saxlanılan qalaq-qalaq yazılar – qocanın düşüncələri, xatirləri, bəlkə, gündəlikləri olmuşdu…
Burda intihar da var, Dostoyevskini narahat edən “ata qətli” də.