Ərinin xəyanətinə sevinən qadın

Ərinin xəyanətinə sevinən qadın
18 iyul 2017
# 10:27

Qadın və kişi əslində bir-birlərində özlərini sevirlər. Qadın ona görə sevir ki, kişi onu sevir. Kişi ona görə sevir ki, qadın ona xoş anlar bəxş edir. Deməli, sevgi eqoistdir. Amma yaxşı ki, biz qadınlar sevgidə fəlsəfə axtarmırıq, adi sevgi bəlirtiləri də - çiçək, diqqət, öpücük və s. bizi xoşbəxt edir.

Kişilərin xoşbəxtlik barədə fikirləri fərqlidir. Məsələn, qadın üçün sevgi - məqsəd, fiziki yaxınlıq vasitə olduğu halda, kişi üçün intim əlaqə - məqsəd, sevgi isə vasitədir.

Qadın çox şey istəyir - qayğı, diqqət, çiçək, kürk... Və bütün bunları bir kişidən gözləyir. Kişi isə bir şey istəyir və bunu fərqli qadınlardan gözləyir. Qadınlar üçün kədərli faktdır, eləmi? Amma “ağıllı kişi” formulu bu durumda tarazlayıcı rol oynayır.

Qadın və kişi qısqanclığı da tamamilə fərqlidir. Məsələn, tutaq ki, tərəf müqabili qadına xəyanət edib. Əgər qadın bunun (başqa qadınla fiziki yaxınlığın) kişilərin dediyi kimi yemək, içmək, idman etmək kimi adi bir iş olduğuna inansa (yəni əmin olsa ki, bu prosesdə duyğular iştirak etməyib), onda bu xəyanəti adi hal kimi də qəbul edə bilər.

Qadınlar üçün əsas sevgidir. Əgər bu sevgiyə xətər dəyməyibsə, o zaman münasibətləri davam etdirmək olar. Amma məsələ burasındadır ki, qadını buna inandırmaq çətindir. O, xəyanətin kökündə mütləq duyğuların olduğundan şübhələnəcək, ərinin, ya sevgilisinin rəqib qadının necə əlindən tutduğunu, gözlərinə baxdığını, öpdüyünü gözünün qabağına gətirib özünə əzab verəcək. Ağıllı kişilər bu zaman sehrli sözdən (səni sevirəm) istifadə edirlər, təcrübəsizlər isə fayda gətirməyən andiçmələrlə vəziyyəti bir da mürəkkəbləşdirirlər.

Bir dəfə rəfiqəm ərinin telefonunda yad bir qadının adına və nömrəsinə rast gəldiyini dedi. Kişi hətta qadının adını nəvazişlə (Sonam) qeyd etmişdi. Qadın həmin nömrəyə zəng vurub aydınlaşdırmışdı ki, ərinin həqiqətən həmin qadınla əlaqəsi var. Amma rəfiqəmin gözləri gülürdü, üzündə xoş bir sevinc vardı, çox xoşbəxt görünürdü.

Rəfiqəmin qısqanc olduğunu bilirdim, ərinin xəyanəti barədə söhbət edərkən gözlərinin sevinclə parlaması təəccüblü idi. Adətən bu halda qadınlar ruh düşkünlüyünə qapılır, depressiyaya düşür, gileylənir, ağlayır, bədbəxt görkəmləri ilə ətrafdakıların qəlbini paralayırlar və s. Qadın isə gözlərini süzdürərək söhbətinə davam edirdi:

- Bu günlərdə ərim tamamilə dəyişib. O qədər nəvazişlidir ki... Ovaxtkı günlərimizə qayıtmışıq. Məni elə əzizləyir, elə oxşayır, sanki yenicə tanış olmuşuq...

Məsələ aydın idi. Rəfiqəmin əri “ağıllı ər” formulundan faydalanmışdı. Həyat yoldaşının onun gizli münasibətindən xəbər tutduğunu bilən kişi vaxt itirmədən bütün potensialını işə salmış, bacarıq və qabiliyyətindən istifadə edərək gözəl sözlər, komplimentlərlə arvadının diqqətini “gizli düşməndən” yayındırmışdı. Belə bir incə davranışın qarşısında ərinin gizli münasibəti istər-istəməz öz mənasını itirmiş, rəfiqəm (bütün qadınlar kimi) ərinin yalnız onu sevdiyinə inanmışdı. Belə bir məqamda sehrli sözlərə (səni sevirəm) necə sayğı duymayasan?

Sehrli sözləri tez-tez deyin. Onda yaxalandıqda belə vəziyyət sizin xeyrinizə dəyişə bilər.

# 1750 dəfə oxunub

Müəllifin son yazıları

# # #