Kulis.az “Ulduzlu çərşənbə” layihəsindən Xəzər TV-nin Baş Direktoru, Xalq artisti Murad Dadaşovla müsahibəni təqdim edir.
- Murad bəy, illərdir televiziya sahəsindəsiniz, amma rəhbər olaraq ilk təcrübənizdir. Çətin deyil ki?
- Bəli, televiziya rəhbəri olaraq ilk təcrübəmdir. Mən qeyd etdiyiniz kimi, illərdir televiziyadayam, rəhbər vəzifələrdə çalışmışam. 2001-ci ildə ANS telekanalında baş prodüser işləmişəm. Ondan sonra, “Lider” telekanalında baş prodüser olaraq çalışmışam. Bu dövrlərdə düşünürəm ki, fərqli və maraqlı layihələr hazırladım. İndi sadəcə olaraq inzibati işlərim artıb.
- Müasir televiziya necə olmalıdır və siz düşündüyünüz formatı həyata keçirə bilirsinizmi?
- Bilirsiniz ki, mən televiziyadan əvvəl ölkənin ən reytinqli layihəsinin - “Maşın şou”nun aparıcısı olmuşam. Ölkədə hamı bu layihəyə maraqlı idi. İstər kommersiya tərəfdən, istər tamaşaçı tərəfdən. Azərbaycan teleməkanında yenilik idi. Təsəvvür edin, 14 il davam etdi bu layihə. Hətta 14-cü ilində belə layihə aktuallığını itirmədi. Amma televiziya rəhbəri olduğum bir il ərzində burada çox maraqlı bir tendensiya duydum. Sən demə, televiziya elə televizora baxanlarındır. Bu, adi kəlmənin arxasında çox maraqlı bir məna var. Çünki biz nədənsə düşünürdük ki, informasiya vasitəçimiz, mənbəyimiz yalnız televiziyadır. Uzun illər bu, belə idi. Radio artıq aktuallığını itirdiyi üçün televiziya çox maraqlı idi. Televiziyada nə baş verirdisə, hamının dilində əzbər olurdu. Yadınıza gəlir, əvvəllər qəzetlərdə televiziya proqramı çıxırdı. Hamı onu alıb özü üçün hansısa verilişi qeyd edirdi və gözləyirdi. Məsələn, şənbə axşamı “Retro” verilişi olacaq.
- Və bu gün televiziya sosial şəbəkələrə, “Yutub” kanallarına hardasa uduzur. Sizcə haqsızam?
- Yox, deməzdim ki, televiziya sosial şəbəkələrə uduzur. Sadəcə olaraq, televiziya yaranan və istifadə olunan xidmətlərdən birinə çevrilir. Mən televiziyanın rolunu anlayışımızda heç də azaltmazdım. İndi sizin üçün bir müqayisə aparacam və siz onu anında duyacaqsınız. Eyni xəbəri həm internet vasitəsilə yayaq, həm televiziya vasitəsilə...
- Təbii, xəbər məsələsində televiziyaya, ənənəvi mediaya inam daha üstündür.
- Bəli, mötəbərlik televiziyada sosial medianı üstələyir. Müharibə dövründə internetin məhdudlaşdırıldığı, xüsusi rejimdə yaşadığımız dövr ərzində televiziyalara diqqət artdı. Azərbaycanda əksər ailələrdə yerli kanallar pultun ən axırıncı düyməsində idi. Amma internetin məhdudlaşdırıldığı dövrdə hamı xəbəri televiziyadan alırdı. Biz elə bir dövrdə yaşayırıq ki, məhsul özü çox vacibdir. Məsələn, siz nə vaxtsa tvitterin ölkəmizdə bu qədər fəallığına inanardınız?
- Mən özüm də tvitter hesabımı müharibə dövründə açdım.
- Mən xaricdən gəlib deyəndə ki, tvitter hesabı açmaq istəyirəm, hamı təəccübləndi. Sonra özüm də fikirləşdim ki, açıb nə edəcəm? Heç kim məni orda oxumur. Mənə elə gəlir, televiziyada kontent, məhsulun məğzi çox vacibdir. Fərq etməz bu gün sən ona televiziya vasitəsilə baxırsan, ya fərqli resurslarda izləyirsən. Məsələn, sizin işiniz media ilə bağlıdır. Bu gün sizin televiziyada baxdığınız hansısa verilişi tənqid etməyə artıq tam səlahiyyətiniz var. Bu, onun göstəricisidir ki, televiziyanın əsas auditoriyası televizora baxanlardır. Bu, tək bizdə deyil, bütün dünyada belədir.
- Murad bəy, illərdir bütün telekanallar ancaq reytinq gətirən məzmunsuz verilişlərə üstünlük verir. Reytinq tələb etməyən, sanballı bir layihə hazırlamaq çoxmu çətindir?
- İnandırım sizi, hazırda nə mən, nə digər həmkarlarım telekanalların işini sırf reytinq üzərində qurmurlar. Əgər belə olsa, biz ancaq şou-biznes qalmaqallarını göstərməliyik. Çünki bunlar reytinqin birbaşa təminatıdır. Biz özümüzdə güc, maliyyə tapırıq, fərqli-fərqli layihələr ortaya çıxartmağa çalışırıq.
- Tez-tez sosial şəbəkələrdə, elə mənim öz ətrafımda tanıdığım insanların əksəriyyəti yerli kanallarda yayımlanan qalmaqallı, əyləncə verilişlərini izləmədiyini deyir. Amma çox maraqlıdır, davamlı tənqid olunan, kütlənin etirazına səbəb olan həmin verilişlərin reytinqinin yüksək olduğu bildirilir. Bu ziddiyyətin səbəbi nədir, sizcə?
- Əsaslı tənqidə mən çox rahat və hörmətlə yanaşıram. Eşitməyə və dinləməyə hazıram. Amma hərdən etiraf edək ki, əsassız tənqidlər də olur. Məsələn, “Xəzər” telekanalında illərdir tənqid olunan verilişləri biz yayımdan qaldırandan sonra elə bir tənqid dalğası ilə üzləşdik ki, çox təəccübləndim. Sosial şəbəkələrdə inanılmaz bir hücum oldu. Siz o verilişləri niyə bağladınız? İnsanlar çox fərqlidir, Günel xanım. Hamı eyni verilişə, eyni kanala baxa bilməz. Ümumiləşdirilmiş bir yayım siyasəti olmalıdır. Biz başa düşməliyik ki, Azərbaycan tamaşaçısı keyfiyyətli məhsula baxmağa layiqdir.
- Bayaq dediniz, insanlar o məzmunsuz verilişləri bağladığınız üçün narazılıq ediblər. Sizcə xalq keyfiyyətli məhsul istəyir?
- İnanın mənə, istəyir və seçə də bilir. Sadəcə, biz keyfiyyətli məhsul deyəndə düşüncəmizdə yalnız bir istiqamətə köklənirik. Keyfiyyətli veriliş mütləq şəkildə akademik təsvir olmalıdır, sırf mədəniyyətdən bəhs olunmalıdır. Xeyir. Bu, təkcə belə olmamalıdır. Sadəcə, maraqlı bir məhsul olmalıdır. Elə bir məhsul olmalıdır ki, insan ekran qarşısına keçəndə rahatlıqla ailə üzvləri ilə birlikdə o verilişə baxa bilsin. Bizim auditoriyamızın xüsusi istəkləri var və açıq deyim, bu auditoriyanın müəyyən məsələlərdə orta statistik savadı daha yüksəkdir. Ona görə, bu qədər qınaq var, tənqid var. Elə ölkələr var, onların vecinə deyil televiziyada baş verənlər. Nə versən baxırlar. Bizim tamaşaçımız belə deyil. Tələbkardır. Çünki kifayət qədər savadlıdır. Bilir nə istəyir. Seçə bilir.
- Bizim əyləncə verilişlərimizin formatı çox boyatdır. Hər mövsüm “yeni layihə” adı ilə tamaşaçıya köhnə divan üstü laqqırtı təqdim olunur. Dəyişən sadəcə dekorasiyadır, nadir hallarda da aparıcı. Kanallar niyə dəyişmək istəmir?
- İnanın hamı dəyişmək istəyir. Amma bu, tək adamın işi deyil. Məsələn, mən özümdən götürürəm. Bunu tək bacara bilmərəm. Hərdən verilişlərin müəllifləri ilə söhbət edirəm. Danışıqlar zamanı onlar çox məntiqli, müasir fikirlər bildirirlər. Amma biz onlara efir verəndə, artıq efirə hazırlıqlar gedəndə başa düşürəm ki, onların bacardıqları budur. Bir də təcrübə söhbəti var. Biz indi-indi formalaşırıq. Televiziya çox çətin və kifayət qədər maliyyə, yaxşı mütəxəssislər tələb edən sahədir. Dünya kinosunu götürək. “Avatar” filmi dünyada çıxanda mənim anlayışımda bir inqilab idi. Hesab edirdim “Avatar”dan o yana film çəkmək mümkün deyil. Burda hər şey var idi. Hələ 90-cı illərdə Amerikada olanda mənə demişdilər ki, vaxt gələcək, dünyada heç kim kinoteatrlarda
ənənəvi formatda çəkilən filmlərə baxmayacaq. Kinoteatrlar ancaq xüsusi effektlərlə ərsəyə gələn filmlərin məkanı olacaq. Sonra 3D kimi məsələlər çıxanda gördüm düz deyirmişlər. Film texnologiyası ildən ilə elə inkişaf etdi və “Avatar” kimi yüzlərlə film çəkildi. Bütün bu işlərin arxasında çox ciddi insanlar, müasir avadanlıq və maliyyə var. Bir az burda axsayırıq, əlbəttə. Amma mənə elə gəlir düzələcək.
- Bir sözlə ciddi kadr çatışmazlığı var.
- Var və bu gün tək televiziyanın deyil, bütövlükdə ölkənin əsas problemlərindən biridir. Söhbət ondan getmir. Bütün ölkələrdə kadr çatışmazlığı var. Söhbət ondan gedir ki, bizdə müasir qaydaları bilən adamlar azdır. Televiziyada mövcud problemlərdən biri də illərdir televiziyada çalışan insanların yeniliyə hazır olmamasıdır. Siz elə bilirsiniz, mən buranın akademikiyəm? Xeyir. Mən də öyrənirəm. Hamımız təcrübə əsasında öyrənirik.
- Bəs çıxış yolu nədir?
- Təhsil. Çıxış yolu birmənalı olaraq savad artımıdır. İnsanlar öz üzərində çalışmalı, üfüqlərini genişləndirməlidir. Savad deyəndə mən mütləq xarici dil bilgisini vurğulamaq istəyirəm. Çünki Azərbaycan dilində mənbələr çox azdır. Hesab edirəm, televiziya kontenti nöqteyi-nəzərindən ispandilli ölkələri öyrənmək çox vacibdir. Hollivudda, Amerikada televiziya məhsulları var ki, onlar formatı məhz ispandilli ölkələrdən götürüblər. Biz o ölkələrin kontentini bilməliyik.
Bir də zövq məsələsi var. Bunu isə təhsil formalaşdırmır. Bu, ilk növbədə ailədən, tərbiyədən irəli gəlir. Televiziya cəmiyyətin əksidir. Kimsə bu gün televiziyanı qınayırsa mütləq cəmiyyətdə olan nöqsanları da görməlidir. Mən bu gün təkcə televiziya rəhbəri deyiləm, həm də tamaşaçıyam. Bilirsiniz, bu tarix mənim tarixim olduğu üçün mən bu işin enişli-yoxuşlu tərəflərini daha yaxşı bilirəm. İnanın, bu, bizim intellektimizin ən yüksək pilləsi deyil. Biz hələ yola təzə başlamışıq. Sadəcə, təkcə bir adamdan asılı olan iş deyil. Mən nə qədər ağıllı, bacarıqlı, savadlı rəhbər olsam da, bu hər şeyi həll etmir. Mənimlə bərabər çiyin-çiyinə çalışan insanlar var. Və bu komanda ilə inanıram ki, gec-tez istədiyimiz müsbət nəticəyə gəlib çıxacağıq.
- Reytinq göstəricisinin obyektivliyinə necə inanaq? Bugünə qədər elə bir insan tanımadım deyə ki, evimdə reytinq cihazı quraşdırılıb.
- Çox maraqlı və yaxşı sualdır. Açıq deyim, mən özüm istəyirdim, bu sualı necəsə səsləndirib cavab verim. Mən bir kanalda rəhbər vəzifəyə dəvət alanda ilk sualım bu olmuşdu. Hamı reytinq deyir. Bu reytinq nə olan şeydir? Getdim reytinq ölçən şirkətin ofisinə və o cihazla tanış oldum. Təxminən peyk antena aparatına bənzər bir cihazdır. Bir pultu var. Pultun üzərində ailə üzvlərinizin adları, kodları qeyd olunur. Sorğu keçirilən zaman əhalinin hamısının sorğuda iştirak etməsi vacib deyil. Bu sistem nə qədər təmin olunsa reytinq göstəricilərinin doğruluğunu bir o qədər əks etdirəcəyik. Bu sistemlə bağlı, açıq deyirəm, suallar həddindən artıq çoxdur.
- Bir az da yerli serial bazarından danışaq. Nəbzi tuta bilmişikmi bu sahədə?
- Serial bazarımız, demək olar, formalaşıb. Onu da qeyd edim, vaxtında dövlət dəstəyi olmasaydı bu bazar formalaşmayacaqdı. Xarici filmlərin nümayişinin qarşısı alındı, dövlət maliyyə dəstəyi ayırdı və nəticədə yerli serial bazarı formalaşdı. Tam ideal formaya çatmasa da on il əvvəlki seriallarla müqayisədə bu gün elə bizim kanalımızda çox ciddi seriallar gedir. Beş-on il bu sahə üçün böyük müddət deyil.
- Öz kanalınızda yayımlanan seriallara baxırsınız?
- Açıq deyim, tamaşaçısı deyiləm. Amma texnoloji hissə ilə maraqlanıram və görürəm ki, tam qaydalara uyğun gedir. Bu iş insandan böyük səbir, məsuliyyət, bacarıq və fədakarlıq tələb edir. Çox fədakar olmalısan. Dəlicəsinə bu işi sevməlisən. Düzələcək.
- Müharibə dövründə televiziyaların fəaliyyəti məsələsinə də toxunmaq istərdim. Həmin dövrdə yerli kanalların fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar müşahidə olundu. Xüsusilə, cəbhə xəttində olan müxbirlərin hadisə yerində vaxtında olmaması, Gəncə, Bərdə hücuma məruz qalanda canlı reportajı Türkiyə və Rusiya kanallarından əldə etməyimiz...
- Bu bilirsiniz nəyə bənzəyir? Siz uşağınızı xarici dil üzrə hazırlaşdırırsınız, yaxşı öyrənir və xaricdən bir əcnəbi uşaq gəlib ingilis dilində danışanda siz uşağı kənardan dümsükləyirsiniz ki, sən də danış. Əzizim, bu illər ərzində bizim müharibəmiz bu formada olmayıb. Kanalı qınamaq olmaz. Mən başa düşürəm tamaşaçını, haqq verməyə də çalışıram. Amma bu niyə baş verdi? Birincisi, bu miqyasda hərbi əməliyyat Azərbaycan üçün ilk təcrübə idi. Bu, çox çətin məsələdir. İnsanlar bu məsələnin pərdə arxası məqamlarını bilmir. Şayiələr dövrüdür. Biz hamımız istəmədən də olsa bir saxta informasiyanın iştirakçısına çevrilə bilərik. İnsanlar bilmirdi ki, düşmən kameranın arxa planına belə baxırdı. Azərbaycan kanalları həm texniki, həm də kadr baxımından hazır deyildi. Açığını deyim, bizdə hərbi jurnalistlər həddindən artıq az idi. Bizdə axı Aprel döyüşlərini çıxsaq, 93-cü ildən sonra belə bir hərbi təcrübə baş verməmişdi. Ona görə də hazır deyildik. Türk kanalları bu arada fəal işlədi. Çünki onların təcrübəsi daha çoxdur. Biz, yəni bütün kanal rəhbərləri, xəbəri birinci vermək haqqında düşünmürdük. Həmkarlarımla bir araya toplaşıb danışdıq ki, bu dövrdə rəqabət olmamalıdır. Olmadı da. Biz birlikdə çalışdıq. Bu birlik Azərbaycan telekanallarına ən azından yalan məlumat yaymamaqda kömək etdi. Türkiyədə çalışan bir qrup əməkdaş burda çalışanda biz müəyyən mənada bir çox şeyləri onlardan öyrənirdik. Burda qəbahət yoxdur. Açıq deyək, biz bilmirdik bu sahəni. Bununla belə uşaqların bəziləri özlərində cəsarət tapıb getdilər cəbhə bölgəsindən xəbər yaydılar.
- Müharibə dövründə Azərbaycan telekanallarının fəaliyyəti sizi qane etdimi?
- Əlbəttə, mən etiraf edirəm, müharibə dövründə Azərbaycan kanallarının göstəricisi yüz faiz olmadı. Bəlkə də tamaşaçı elə hesab etdi ki, həmin dövrdə yerli kanallar heç bir iş görmədi. Amma biz daxildə çox böyük fədakarlıqla işimizi gördük. İnanın, uşaqların hamısı gecə-gündüz kanalda yatıb qalırdı. Biz işlədik. Əlimizdən gələni etdik. Budur bacardığımız. Digər tərəfdən, bu, böyük bir təcrübə idi. Ən azından səhv etmədik. Niyyətimiz saf idi. Həmin dövrdə çox məsuliyyətli davrandıq. Kanal rəhbərləri, aparıcıları arasında həmrəylik yarandı bu gün də davam edir. İnandırım sizi, bu gün Azərbaycan kanalları arasında heç bir cılız rəqabət yoxdur.
- Bu yaxınlarda Mədəniyyət Naziri Anar Kərimov kanal rəhbərləri ilə görüş keçirdi. Maraqlıdır, orda hansı təkliflər müzakirə olundu?
- Görüş zamanı həmkarlarımız fərqli məsələlər qaldırdılar. Mən isə xahiş etdim ki, biz kadr çatışmazlığını nazirlik vasitəsilə dövlət proqramı formatına salaq. Biz Azərbaycanı, həyat tərzini, dəyərlərini təbliğ etməliyik və televiziya bunun birbaşa vasitəçisidir.
- Bir də kanallarda qonaq, ekspert qismində eyni simaları görürük.
- Yenə də kadr çatışmazlığı... Mən hərdən bu barədə redaktorlarla söhbət edirəm. Onlara iradımı bildirirəm. Yeni fikirlər səslənməlidir. Ekspertlərimiz həddindən artıq azdır. Məsələn, turizm üzrə iki ekspert var. O iki adam bütün televiziyaları gəzir. Yeni televiziya formatında danışa biləcək maraqlı fikirlərə malik ekspertlər tapıb ortaya çıxartmaq lazımdır.
- Bu günlərdə Xatirə İslam efirə çıxmaq müqabilində televiziyalardan qonorar tələb edəcəyini bildirdi. Bir neçə televiziya aparıcısı bu təklifə etiraz etdi. Bu haqda siz nə düşünürsünüz?
- Çox normal qarşılayıram. Populyar və kifayət qədər səs imkanları olan bir müğənni olaraq bu onun haqqıdır. Hər bir prodüser də verilişinin uğurlu olması üçün istənilən addımı atmalıdır. Mən vaxtilə İbrahim Tatlısəsi “Maşın şou”ya gətirmişdim. O vaxt çox gənc idim. Ona sual verdim ki, sizin prodüseriniz kimdir? Dedi, nə məsələdir? Dedim, mənə sizin mini-diskinizi verərdi, verilişdə oxudardıq. Dedi, oğlum, nə mini disk? Mən oxuyanda canlı orkestr ilə oxuyuram. O zaman mən anladım ki, mənim qarşımda oturan insan “Arabesk”in imperatoru İbrahim Tatlısəsdir. Sağ olsun, gəldi, verilişdə iştirak etdi.
- Qonorar ödədiniz?
- Əlbəttə ki, yox. Sağ olsun, belə bir tələbi olmadı. Bizə dəstək verdi. O, bilirdi ki, Azərbaycanda özəl kanallar yeni formalaşır. prodüser verilişin baxımlılığını özü təmin etməlidir. Efirdə canlı yayımda canlı ifa həmişə uğurlu olmur. Bunun texniki problemləri olur. Televiziyada çalışanlar bunu çox yaxşı bilir.
- Murad bəy, tamaşaçı sizi “KVN”-dən tanıyıb sevib. Yaradıcılığınızın bu tərəfindən baxanda Azərbaycanda komediya janrında çəkilən filmlər, verilişlər sizi qane edirmi? Məsələn, elə sizin kanalda yayımlanan “Komediyaxana”dan danışaq. Aktyorlar istedadlıdır, müəyyən qədər nə isə etməyə çalışırlar, amma elə bil nə isə çatışmır.
- Nə isə yox, çox şey çatışmır. Siz elə bilirsiniz, mən bunu hiss etmirəm? Özüm komediya janrından gələn insanam. Yenə də qayıdırıq söhbətimizin əvvəlinə - televiziya televizora baxanlarındır. Bizim fəal tamaşaçımız əsasən evdar xanımlardır və sizə açıq deyim, onlar çox tələbkardır. Hər şeyə baxdıqları üçün müqayisə edə bilirlər. Mən, hətta, burda evdar xanımlardan ibarət fokus qrup yaratmaq istəyirəm. Vallah, onlardan yaxşı bilən yoxdur bu məsələləri. Məsələn, bir neçə türk serialı almaq söhbəti var. Mən deyirəm, evdar xanımların rəyini öyrənək. Çünki, onlar baxıblar və hansı serialın baxımlı olduğunu daha yaxşı bilirlər.
- Bəs sizcə ümumilikdə kinomuzun vəziyyəti necədir?
- Əla deyil, təbii. Normal filmlər var. Dərin filmlər çox azdır. Dərin filmlərin çəkilməsi üçün də dərin dramaturgiya lazımdır.
- Deyəsən, ədəbi tənqidə keçirik yavaş-yavaş?
- Həqiqət budur də. Bilirsiniz, biz hərdən fikirləşirik ki, hər roman, hekayə yazan insan film ssenarisi yaza bilər. Bir-iki cızma-qara edən insandan tələb edirik ki, ssenari yaz, film, serial çəkək. Ay qardaş, mən yazıçıyam, tutaq ki, felyeton yaza bilərəm, ondan artığını bacarmıram. İncəsənət, ədəbiyyat yeganə sahədir ki, orda heç kimə qadağa qoymaq olmaz. Heç kimə demək olmaz ki, bundan sonra şeir yazma, mahnı oxuma. İnsan olub qarşıma beş-on kitabla çıxıb, deyir, şairəm. Giley edib mən niyə efirə çıxartmırsınız? Axı bu adama necə deyəsən, sənin yazdığın əsərin heç bir ədəbi, televiziya dəyəri yoxdur.
- Məsələn, “Bu şəhərdə”yə gülürsünüz?
- Onların öz tamaşaçısı var. Rafael də, Coşqun da, Müşfiq də kifayət qədər istedadlı insanlardır. Onlar bilirlər, nə edirlər. Məsələn, “Bu şəhərdə”nin bir səhnəciyi var idi, Nizami ilə Puşkinin söhbəti, çox kreativ və düşündürücü bir səhnə idi. Amma bu gün o səhnəcik heç kimin yadında qalmayıb. Hamının yadında baldız, qaynana, gəlin səhnəcikləri qalır.
- Nizamidən söhbət düşmüşkən, bu il “Nizami İli” elan olunub. “Xəzər” hansısa ədəbi-bədii layihə, veriliş planlaşdırır?
- Əlbəttə. Nizami yaradıcılığı olduqca dəyərlidir. Xüsusi layihələr nəzərdə tutmuşuq. Hazırlıqlarımız artıq başlayıb. Çəkilişlər yayda həyata keçiriləcək. Sentyabr ayında, böyük məmnuniyyətlə tamaşaçıların ixtiyarına verəcəyik.
Foto: İlkin Nəbiyev