Müharibə dövründə sənət adamlarının boynuna düşən ən əhəmiyyətli məsuliyyət ön və arxa cəbhədə ruh yüksəkliyi yaratmaqdır. Bundan əvvəlki müharibə dövrlərinə nəzər salsaq bunun ən yaxşı nümunələrini görmək mümkündür.
Tanınmış sənətçilər ön cəbhədə əsgərlərə konsertlər verir, onların döyüş ruhunu artırırdılar. Sənətçinin cəbhəsi yaradıcılığıdır, onların döyüş meydanı səhnədir. Amma biz bu müharibədə demək olar ki, belə bir mənzərə ilə qarşılaşmadıq. Ya da oldu bizə göstərmədilər. Əminəm ki, hamısı xorla deyəcək getdik konsert verdik amma çəkiliş etmədik. Amma bir qutu yardım aparanda on rakursdan video, foto çəkməyi yadlarından çıxartmırlar.
Etiraf edək ki, qarşılaşdığımız mənzərələrin əksəriyyəti ürəkaçan deyildi. Sənətçilərin kimisi işğaldan azad olunan bölgələrə havasından mərmi qoxusu çəkilməmiş şelfi eşqi ilə səyahətə tələsdi, kimisi müharibənin qızğın dövrlərində döyüşmək üçün cəbhədə olduğu ilə bağlı yalan məlumatlar yaydı, kimisi özünü reklam etmək üçün olmazın oyunlarını çıxartdı.
44 günlük müharibədə mövqeyindən, sənətindən, peşəsindən asılı olmayaraq hər bir azərbaycanlının bir hədəfə kökləndiyini gördük, amma şou əhlinin bu dəfə də niyyəti ilə əməli üst-üstə düşmədi. Səmimiyyət və saf niyyətlərinə kölgə salmaq fikrindən uzağam, amma ölçüb-biçmədən israf etdikləri cümlələrlə, yersiz hərəkətlərlə cəmiyyətin neqativ fikirlərini maqnit kimi üzərlərinə çəkməyi bacardılar.
Bir neçə ay əvvəl Nazilə Səfərlinin Polad Həşimovun ailəsinə qarşı etdiyi düşüncəsizlik unudulmamış, son günlər sosial şəbəkələrdə Roza Zərgərlinin qazi anası ilə olan dialoqu xeyli gərginliyə səbəb olub. Roza xanımın təsəlli vermək, dəstək olmaq üçün baş çəkdiyi qazi anasına verdiyi sual adamı şoka salır. Evinin tək oğlunu könüllü cəbhəyə yola salan anaya deyir: “Necə oldu, ürəyin partamadı?”
Bu sualı vermək üçün insan şüurunda hansı durğunluq yaranmalıdır axı?
Halbuki musiqi ilə məşğul olan insanlar bu mövzularda daha həssas olmalıdır. Sənət adamı həssaslığı bir ailəyə yardım etmək, yaxud iki damla göz yaşı axıtmaqla ölçməməlidir.
Məncə, şou adamlarının bu günlərdə xalqa qarşı nümayiş etdirdiyi ən doğru həssaslıq sadəcə susmaları olardı. Çünki hər ağızlarını açıb danışanda cəmiyyətdə bir gərginlik, təlatüm yaranır. Əziyyət çəkirlər, yardım edirlər, varlarını paylaşırlar, amma bir yersiz, düşünülməmiş sözlə hamısını məhv edirlər.
Roza Zərgərli də dilinin bəlasına düşən şou adamlarından oldu. Onun qazi anasına verdiyi sual hələ uzun müddət baş qaxıncı olacaq. Bundan sonra Roza Zərgərli ağzı ilə quş tutsa da publika üçün mahiyyəti dəyişməyəcək.
Kütlə göyə qaldırdığı sənətçini eyni sürətlə də yerə vura bilir. Özünü yerdə görmək istəməyən sənətçilər pandemiya zamanından yararlanıb söz ehtiyatlarını artırmalı, elementar etik qaydaları mənimsəməlidir.
Nəticəsi dəyişməyəcək bir reallıq var: kitab oxumayan, zehnini inkişaf etdirməyən sənətçilər həmişə cəmiyyətin qınaq obyektinə çevriləcəklər.
İnsan həyatında baxış bucağı çox əhəmiyyətlidir. İstənilən predmet və hadisəyə doğru istiqamətdən yanaşmağı öyrənməlisən.
Şou əhli nəhayət anlamalıdr ki, publika ilə münasibətləri tənzimləmək üçün onlara səsdən başqa savad, dünyagörüşü və zəka da lazımdır.