Ezop nağıllarından gələn bir deyim var: “Xəyalını qurduğun şeylərə diqqət et, çünki bir gün reallaşa bilər”. Əgər siz də oxuduğunuz nağıllardakı, romanlardakı qəsəbə və kəndlərin xəyalını quranlardansınızsa, o zaman monitora bir az da yaxın oturun. Çünki yeni görkəmi ilə qısa müddətdə səs salan Balaxanı kəndindəyik.
Balaxanı kəndinin adı uşaqlıqda eşitdiyim bir ironiya cümləsi ilə yaddaşma həkk olunmuşdu. Xatırlayıram ki, kim kimin evini, həyətini zibilli, səliqəsiz görsəydi “Bu nədi, Balaxanı zibilliyinə oxşayır”, deyərdi. İndi isə şəhərdən çox da uzaq məsafədə olmayan, səs-küylü küçələrdən kənarda, buruqların qoynunda, bir az neft, bir az da tarix qoxuyan Balxanı kəndi hazırda xəyallardakı nağılvari dar, amma sevimli xoşbəxtlik saçan küçələri ilə yerli və xarici turistlərə ev sahibliyi etmək üçün tam ideal vəziyyətdədir. Bir vaxtlar nəhəng zibil poliqonuna çevrilmiş bu qədim kənd indi Bakının qoynunda təzə və xoşbəxt gəlin kimi nazlanır.
Kəndə girər-girməz fərqli bir atmosferin sehrinə qapılmamaq mümkün deyil. Daşlarla döşənmiş küçələrdən keçərkən bir-biri ilə qol-boyun olan evlər sanki adamla söhbət edir. Hətta ağ rəngə boyanan evin mavi rəngli taxta qapısı üzümə göy üzünün qapısı kimi açılıb. Günəş şəfəqlərinin son işartısı altında rəsm əsəri kimi görünən kəndin içinə doğru uzanan dar küçələr isə adamı nağıllar aləminə aparır. Bir vaxtlar çala-çuxurlu, üfunət qoxuyan bu küçələrdə indi gül-gülü çağırır, bülbül-bülbülü.
Abadlaşdırılma prosesi başa çatan Səfəvilər küçəsindəyəm. Küçə boyunca uzanan divarları göz oxşayan sarmaşıqlar qucaqlayıb. Zövqlə dizayn olunan dibçəklərdən boylanan zərif çiçəklər sanki bir vaxtlar bu küçələrdən keçən böyük rus şairi Sergey Yeseninin
"Aparıram, gedəcək mənimlə ta qəbrəcən
Balaxanı mayı da, Xəzər dalğaları da”
misralarını pıçıldayır. Üst-başından tarix yağan taxta balkonlu evlərdən və üzü günəşə sarı açılan pəncərələrdən boylanan sakinlər kədər qarışıq bir təbəssümlə qarşılayır ziyarətçilərini. Burada demək olar ki, eyvansız, küləfrəngisiz ev tapmaq mümkün deyil. Balaxanı sözünün bir mənasının da kənd sakinlərinin “balxon” dediyi bu eyvanlardan götürülməsi ehtimal olunur.
Hər evdə bir tarix, hər küçədə bir xatirə uyuyur. Bu ensiz küçələr yüz illərin əvvəlindəki qısa zamanlara sığdırılan xoşbəxtliklərə, göz yaşlarına, qaranlığın yorğan olduğu sevişmələrə səyahətdir, həm də.
Küçə divarlarına həkk olunan füsunkar mənzərələr kəndin qədimiliyinə bir az da əsrarəngizlik qatır. Bu küçədən keçəndə bələdçimiz kənd sakini Səkinə xanım bir maraqlı əhvalat danışır:
“Ötən əsrlərdə Balaxanıda Məşədi Kampan adlı milyonçu olub. Onunla bağlı bir çox əhvalatlar var. Məşədi Kampanın əsas xüsusiyyəti onun əliaçıq və xeyriyyəçi olması olub. Məsələn, borc verdiyi pulu heç vaxt geri almazmış. Günlərin bir günü borc verdiyi adamlardan biri bu küçələrdən birində onu saxlayıb borcunu qaytarmaq istədiyini deyib. Məşədi Kampan isə pulu heç cür geri almaq istəməyib və onların arasında mübahisə yaranıb. Elə bu vaxt görürlər ki, küçədən bir yaşlı adam keçir. Üst-başından çox kasıb olduğu bəlli olub. Məşədi Kampan borclusuna deyib ki, mənim borcumu bu kişiyə ver, hesab et ki, mənə ödəmisən”.
Balaxanı küçələrinin yeni görkəminə reaksiyalar mənim üçün çox maraqlı idi. Amma gördüyüm qədərilə bu yeniliyə ən çox sevinən uşaqlar idi. Daha rahat, daha gözəl, daha işıqlı, lıqqa-palçıqsız və pis qoxusuz küçələrdə qaçmaq, oynamaq onların ürəyincə idi. Gənclər üçün bu sevinc təkcə Balaxanının xarici görkəminin gözəlləşməsi ilə bitmir. Onlar doğma kəndlərinin turistik məkana çevrilməsini xoş hadisə hesab edir. Bu hadisə təkcə qəsəbə sakinləri üçün yeni iş yerləri demək deyil, həmçinin, Balaxanının tam fərqli turizm potensialının açılması deməkdir. Gözümüzün önündə baş verən bu çevrilmə Bakının qədim qəsəbəsi üçün yeni həyat, Balaxanı və onun bütün sakinləri üçün gələcəyə özünəməxsus addımdır.
Nisbətən yaşlı adamların yeniliyə münasibətini üzlərindəki laqeyd baxışlardan aydın oxumaq mümkündür. Onlar üçün qar, yağış yağanda gölməçələr əmələ gətirən çuxurların yamanması və kanalizasiya sularının kəndi başdan-başa dolaşmasının qarşısının alınması kifayət idi. Hətta bəzi yaşlı adamlar kənddə yaxın günlərdə yaradılacaq ciddi qayda-qanun və nəzarətdən xeyli narahatdırlar. Məsələn, ağır yük maşınlarının, avtobusların hətta minik maşınlarının Balaxanıda yeni təmir olunan küçələrə girişinə qoyulacaq qadağalar onların ürəyincə deyil. Hətta evinin restavrasiya olunmasına qəti şəkildə etiraz edən adamlar da tapılır.
Məsələn bu ev. Çox qədim tarixə malik bir mülkdür. Sahibi mülkün orijinallığına xələl gətirilməsindən ehtiyat etdiyi üçün heç kimi evin həndəvərinə belə buraxmır.
Balaxanı Bələdiyyəsinin sədr müavini Bahadır Həşimov deyir ki, hazırda kənddə baş verən bu dəyişməyə qarşı iki cəbhə yaranıb. Razı və narazı olanlar. Amma razı olanların sayı daha çoxdur:
“Məsələn bu yaxınlarda baş verən maraqlı bir hadisəni danışacam. Həyətlərdən birində güllər əkdirdik. Gül əkiləndə evin sahibəsi evdə olmadığı üçün gəlib qiyamət qopartdı ki, mən bu gülləri istəmirəm. Qalmışam aralarında. Kişi deyir güllər qalacaq, qadın deyir bu saat çıxmalıdır. Özümü “Arşın mal alan”filmində Qoçular arasında qalan arşın malçı kimi hiss etdim (gülür).
Söhbətimizin arasında Məşədi İbad dayandı. Ayağının da altında hambal. Bu heykəlin niyə məhz bu küçədə bu divarın dibində qoyulması maraq doğurdu. Sizə də maraqlıdır, yəqin ki. Bu divarın o üzündəki həyət vaxtı ilə “O, olmasın, bu olsun” filmindəki hambalın prototipi olan hambala məxsus olub. Amma təəssüf ki, hazırda həyətdə hambala aid evin heç bir kərpici də mövcud deyil.
Növbəti dalana burulanda Səkinə xanım yenə maraqlı bir əhvalat danışdı. Bu əhvalat Azərbaycan xalqının qədim bir inancı ilə bağlıdır:
“Balaxanıda gözlərinin rəngi tünd göy olan bir kişi yaşayırmış. Onun çox maraqlı bir xüsusiyyəti olub. Hansı heyvana baxırdısa, o heyvan yerindəcə ölərmiş. Bildiyiniz kimi Balaxanı İpək yolunun üstündə yerləşdiyi üçün bura çoxlu karvanlar daxil olurdu. O vaxtlar kəndin yeyib-içən kişiləri olub. Bu kişilər hansı karvana yaxşı heyvan gələrsə, özləri ilə göy-gözü aparırmışlar ki, o heyvana baxsın, heyvan ölsün. Çünki heyvan öləndə sahibi məcbur olub heyvanı kəsib bişirtdirirdi. Məclis qurulurdu... Günlərin bir günü yenə kəndə bir karvan gəlib. Karvanda olan gözəgəlimli dəvəyə həmən bu kişilərin gözü düşüb. Göy-gözü çağırırlar ki, gəl bu dəvəyə nəfsini sal, ölsün. Göygöz heyvana nə qədər baxır, dəvəyə heç nə olmur. Onları maraq bürüyür ki, bu heyvan niyə ölmür. Məcbur olub dəvənin sahibinə sirlərini açırlar və bunun necə baş verdiyini soruşurlar. Dəvənin sahibi deyir ki, mənim dəvəmin yükü duzdu. Duzun göz qaytarması inancı həmən bu əhvalatdan gəlmədir ki, yüz illərdir bu inanc eldən-elə yayılıb bu gün də öz aktuallığını saxlayır.”
Balaxanı sakinlərinin digər Bakı kəndlərinə nisbətən dinə yanaşma şəkili də diqqət çəkən nüanslardandır. İnsanlar dinli imanlı olsalar da, kənddə dini fanatizm yoxdur. Balaxanı küçələrində qara çadralı qadınlara demək olar ki, rast gəlmədim. Məsələn, məscid ilə eyni küçədə yerləşən evdə kənd sakini çox rahatlıqla çaxır istehsal edə bilir. Bəlkə də elə məhz bu rahatlığa görə Balaxanı turistik bölgə üçün daha yararlı hesab olunub. Çünki gələcəkdə bu küçələrdə turistlərin oturub bir qismət çörək yeyib, yerli çaxırdan dadması üçün restoranların fəaliyyəti də nəzərdə tutulur.
Balaxanıdakı məscidlərin hərəsi sovet dövründə bir mərkəzə çevrilmişdi. XIX əsrin sonunda tikilən bu Məscid sovet hakimiyyəti illərində Balaxanının mədəniyyət evi kimi fəaliyyət göstərib. Məscidin həyətindəki klubda Şövkət Ələkbərova, Mirzə Babayev, Məmmədbağır Bağırzadə və bir çox sənətkarlar konsertlər veriblər. Kənd sakinləri uzun illər azan səsi eşidilməyən məscidin həyətində məşhur hind və Meksika istehsalı filmlərə tamaşa ediblər. 90-cı illərdən sonra isə məscid kənd sakinlərinin şəxsi vəsaiti hesabına təmir olunub, minarə tikilərək yenidən ibadətə açılıb. Kənddə tarixi olan digər bir məscid də Hacı Nüsrətəli məscididir. Səkinə xanım məscidin tikilməsinə səbəb olan tarixi hadisəni nağıl edir:
“Balaxanıda neft buruqlarında işçiyə tələbat olduğu üçün İrandan və başqa ölkələrdən işləmək üçün bura çoxlu fəhlələr gəlirdi. Amma daha çox üstünlüyü iranlılar təşkil edirdi. Onları həmşərilər adlandırırdılar. İranlılar ibadət üçün yerli məscidlərə gələndə yerli sakinlərin narazılığına səbəb olurdu. Üst-başları çirkli olduğu üçün əhali onların məscidə girib ibadət etməsinə mane olublar. Həmşərilər Hacı Nüsrətəlinin yanına gedərək öz etirazlarını bildiriblər. Hacı da onlara söz verib ki, darıxmasınlar, onlar üçün ayrıca bir məscid tikiləcək. Vaxt yetişir Hacı Nüsrətəli sözünün üstündə durur və həmşərilər üçün məscid tikir. Elə o vaxtdan da məscidi Hacı Nüsrətəli, yaxud Həmşəri məscidi adlandırırlar. Təəssüf ki, Hacı Nüsrətəli də sovet dövrü hakim dairələrin qəzəbinə tuş gələn mülkədarlardan olduğu üçün repressiyaya məruz qalaraq güllələnir.”
Bu əhvalatdakı sakinlərin törəmələrində bu gün də yad adama qarşı qısqanc münasibət, az da olsa, qalmaqdadır. Bunu kəndə girər-girməz hiss etmişdim. Amma ümumilikdə kənd camaatı qonaqpərvərliyi ilə də xeyli məşhurdur. Kişiləri o qədər də deyə bilmərəm, amma qadınların üzündən qonaqpərvərlik ədaları əskik olmur. Bu ədalar insana özünü geniş bir evin dəbdəbəli qonaq otağında qarşılanmış kimi hiss etdirir. Dar küçələrdə yeridiyim zaman keçmiş yaşantıları hiss edər kimiyəm. Mənə elə gəlir ki, dalanı burulan dağınıq saçlı üst-başından analıq yağan qadın bir azdan məni evinə dəvət edəcək. Təbiilik o qədər güclüdür ki, hətta qapıların bəziləri bağlı olduğu halda indicə açılacaqmış kimi görünür.
XIV əsrdən qalma Qum hamamı ziyarəti ilə gəzintimizi tamamlayırıq. Bu hamamın hər daşından bir səs eşitmək mümkündür. Hətta bir an qulağımı 14 əsrlik daş kömürün hisi ilə qaralan daşlara dirəyəndə su şırıltısı eşitdim.
Hava qaraldıqca ensiz, sevimli küçələrdəki lampaların işıqları küçələri bir anda “Huzur sokağı”na çevirirdi. Gecəsi də bir tamaşa olan Balaxanını gəzməyə bir neçə saat kifayət etmədi. Amma Balaxanı çox uzaqda deyil. Necə deyərlər, yüz eşitməkdənsə bir görmək yaxşıdır.