Türk dünyasında tanınan Krım tatar yazıçısı Zera Bəkirova Kulis.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Zera xanım, azərbaycanlılarla Krım tatarları arasında mənəvi qardaşlıq, dostluq bağlarının tarixi qədimdir. Bildiyim qədər siz də, mütəmadi olaraq, Azərbaycana səfər edirsiniz. Azərbaycanla bağlı düşüncələrinizi bilmək maraqlı olardı.
- Azərbaycanla bağlı düşüncələrim o qədər zəngindir ki, onu bir müsahibəyə sığdırmaq mənə çətin olar. Son üç ildir hər payız Azərbaycana gəlirəm. Azərbaycanın havasını doyunca ciyərlərimə çəkirəm, azərbaycanlı həmkarlarımla söhbətlərdən böyük zövq alıram. Mən belə qərara gəldim ki, Azərbaycan və Krım tatarlarının münasibətlərindən bəhs edən kitab yazım. Artıq “Azərbaycanda Krım nəfəsi” adlı kitaba başlamışam.
Çox doğru qeyd etdiniz ki, Krım türkləri ilə azərbaycanlılar arasında doğmalığın tarixi qədimdir. Mən bunu hər zaman söyləmişəm, yenə də söyləyirəm ki, Azərbaycan krım tatar xalqının böyük bir qisminə Vətən oldu. Bir çox sənətkarlarımız, xüsusilə də ziyalılarımız üçün həqiqətən də ikinci Vətən olan Azərbaycanın Krım tatarları ilə olan bağlarının təməlinin nə zamandan qoyulduğunu tam aydınlaşdırmaq çətindir. Ən çox bilinən faktlardan biri görkəmli mütəfəkkirimiz, naşir, yazıçı, İsmayıl Qaspıralının 1883-cü ildə Azərbaycanın görkəmli ziyalıları Həsən bəy Zərdabi, Şəmsi Əsədullayev, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşovun həm maddi, həm mənəvi yardımları ilə təsisçisi olduğu “Tərcüman” qəzetinin nəşr olunmasıdır. Bundan başqa İsmayıl Qaspıralının qızı Şəfiqə xanımın Azərbaycanın birinci Baş naziri Nəsib bəy Yusifbəyli ilə ailə qurması və bu evlilikdən damarlarında, həm Azərbaycan, həm Krım tatarlarının qanı axan Zöhrə və Niyazi adlı iki övladın dünyaya gəlməsi bu iki xalq arasındakı bağları möhkəmləndirən faktlardandır.
1918-1920-ci illərdə Krımdakı xeyriyyə cəmiyyətlərinin ləğv olunması və Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi milyonçuların maddi yardımı əsasında krım tatarları olan gənclər Bakıya dini və mədəni ali təhsil ocaqlarına oxumağa gəldilər. Belə gənclərdən biri Bakı Dövlət Universitetində Maddələrin quruluşu kafedrasını açan, ömrünün sonuna qədər həmin universitetdə müəllimlik edən, bir çox alimlər yetişdirən baxçasaraylı alim Rəhmi Həsənovun arxivindən tapılan 1926-cı ilə aid 49 adamın yer aldığı fotonun altında belə bir yazı var: “Bakı ali məktəblərində oxuyan tələblərlə Türkşünasların Qurultayına gələn Krım nümayəndələri”.
- O fotoda yer alan 49 nəfər kim idi və onları Azərbaycana kim gətirmişdi?
- Fotonun tarixi və orda yer alan şəxslər haqqında tədqiqat aparmışam və bu barədə ayrıca bir məqalədə təfsilatı ilə oxuculara təqdim etmək niyyətindəyəm. Həmin adamları Azərbaycana o illərdə Azərbaycan Cümhuriyyəti İcra Komitəsinin sədri Səməd Ağamalıoğlu dəvət etmişdi.
- Azərbaycan ədəbi mühitini necə dəyərləndirirsiniz və kimlərlə yaxınlıq edirsiniz?
- Azərbaycan ədəbi mühitinə heyranam. Çünki çox güclü ədəbiyyatınız var. Keçən il əziz dostum Varis Yolçuyevin dəvəti ilə LİFFT festivalında iştirak etdim. Nəsimi sevdalıları ilə görüşdüm. Çox hörmət etdiyim Xalq yazıçısı Anarla Krım mövzusunu müzakirə etdik. Bundan illər əvvəl Anar müəllimə verdiyim “Krım sizin üçün nədir?“ sualına “Krım mənim üçün atamdır” deyə cavab vermişdi. Atası Rəsul Rzanın “Krım” şeirini oxudu. Qiyabi olaraq tanıdığım Çingiz Abdullayevlə, Sabir Rüstəmxanlı ilə, Ramiz Rövşənlə tanış oldum. Mən Azərbaycanda gənclərin, hətta uşaqların ədəbiyyat sevgisini görəndə şad oldum. Və onun da canlı şahidi oldum ki, Azərbaycanda əlində qələmi olan hər bir ədəbiyyatçının ən böyük ürək ağrısı Qarabağdır.
- İllər əvvəl Azərbaycan şairi Məmməd Aslan Krım tatarlarının sürgündən 30 il sonra böyük qayıdışından bəhs edən bir məqalə yazmışdı. Məqalədə dünyanın krım tatarlarının dərdinə səssiz qaldığını dilə gətirmişdi. Bu gün də dünya Azərbaycan türklərinin yaşadığı faciələrə qarşı eyni səssizliyi nümayiş etdirir. Bir ədəbiyyatçı, jurnalist olaraq dünyaya mesajınız nə olardı?
- Bəli, o məqaləni xatırlayıram. “Dünyanın Krım dərdi” adlanan həmin məqaləni Məmməd Aslan yazanda hələ Azərbaycanda fəlakətlər başlamamışdı. Dünyaya mesajımızı keçirə biləcəyimdən əmin deyiləm. Amma türk dünyasına bir mesajım olacaq. Çünki otuz ildən bəri Qarabağ tək Azərbaycanın deyil, bütün türk dünyasının qanayan dərdidir. Lakin bizlər bu dərdin sağalmasına məlhəm olmadıq, məsələnin çözülməsi üçün əlimizdən gələni etmədik. Dünyanı ədalətli olmağa çağırmadıq. Hamımız bir yumruq olub ayağa qalxmadıq. Hərdənbir yazdığımız yazılarla boynumuzun yükünü atmış olduq, Azərbaycanı öz dərdi ilə baş-başa buraxıb, bu fəlakəti seyr etdik.
Mənim Türk dünyasına, mesajım odur ki, ulu atamız İsmayıl Qaspralının “Dildə, fikirdə və işdə birlik” şüarı ilə bu gün Azərbaycanın ətrafında sıx birləşməliyik. Bu vicdanımız qarşısında boynumuzun borcudur. Amma təəssüf ki, bu gün Türkiyədən başqa heç bir türk dövlətlərinin səsi çıxmır. Niyə? Azərbaycan kiminsə torpağına göz dikmir axı, öz torpağı üçün müharibə aparır. Əlimizlə olmasa da dilimizlə yanında olmalıyıq. Siyasətçilər bəlkə də qorxurlar, amma ədəbiyyatçılar, jurnalistlər bu birliyə əməl etməlidir.
- Bu gün yeni nəsil krım tatarları Qarabağ problemi, Azərbaycanda yaşanan faciələr haqqında nə qədər məlumatlıdır?
- Krım tatarları Qarabağ ağrısını öz ağrıları kimi qəbul edir. Çünki bir çox krım tatarının Azərbaycanda, bombalar altında qurban verən Gəncədə qohumları yaşayır.
- Ədəbiyyatı ümumi mənada tarixin şərhi də adlandırmaq olar. Öz xalqınızın yaşadığı faciələr qarşısında bir yazıçı olaraq aciz qaldığınız zamanlar oldumu?
- Təəssüf ki, oldu… İndi də olmaqda davam edir. Hələ də yetərli qədər xalqımı müdafiə edə bilmirəm.
- Sözsüz ki, hər bir yazıçı kimi siz də sülh tərəfdarısınız. Ədəbiyyat bizə dərs versə də, siyasət, din və toplum şiddəti yatışdırmaqda uğursuz olanda insansevər ədəbiyyat eşidilməyən bir səsə çevrilir. Siz illərlə Krım tatarlarının yaşadığı ağrı acını yazdınız, kitablara çevirdiniz Bunun sizi qane edən bir nəticəsi oldumu?
- Keçən il krım tatar sürgünün 75 illiyində 75 insanın sürgün hekayəsini yazmışam. Kitabım may ayında işıq üzü gördü, ilin sonunda 75 insandan on nəfəri dünyasını dəyişdi. Ən azından onların dilindən eşidib yazdığım həqiqətlər tarixə vəsiqə olacaq. 2019-cu ildə soydaşlarımızın sürgün olunduğu Ural və digər diyarlarda olub, oralarda sürgün edilən soydaşlarımızı axtardım. Krımın onları unutmadığını xatırlatdım. Onların Krıma geri qayıtmalarını yadlarına saldım. Məni qane edən nəticə bu ola bilər ki, bütün soydaşlarımız Krımdakı evlərinə qayıda.
- Son olaraq azərbaycanlılara nə demək istəyirsiniz?
- Sonuna qədər mənəvi dəstəyimiz sizinlədir. 2020-ci ilin elə bu aylarında Azərbaycana səfərim var idi. Məlum səbəblərdən alınmadı. İnşallah ən yaxın zamanda azərbaycanlı bacı-qardaşlarımla Şuşada, Laçında samovar çayı içməyə tələsirəm. Qarabağ Azərbaycandır.