Böyük bədii əsərlərdə, adətən, əsas süjet xətti olur və daha sonra həm maraqlı olsun deyə, həm də əsas süjeti gücləndirmək üçün köməkçi xətlərdən istifadə olunur.
Bu əsas süjet xətti həm qəhrəmanın şəxsiyyəti ilə, həm də onun hədəfləri ilə uyğunlaşır. Bunlar qəhrəmanın “özünü identifikasiya” üsulu və niyə var olduğuna cavab vermə üsuludur.
Bu giriş bizə daha sonra bir bənzətmə olaraq lazım olacaq. İndi isə keçək əsas mövzuya. “Courage” - sözünü ingiliscədən mərdlik, cəsarət kimi tərcümə edirlər, amma təəssüf ki, belə tərcümə sözün tam mənasını ötürmür. Ruslar da, adətən, tam tərcümə mümkün olmadığı üçün “kuraj” olaraq istifadə edirlər. Bir hədəfə, amala çatmaq üçün “istəyimizi gücləndirən böyük daxili enerji” kimi izah etmək olar bu sözü. Bəs “courage” süni olaraq yaradıla bilərmi və onun başqa hansı faydaları var?
Yenə bədii ədəbiyyatdan misal çəkim. Bildiyiniz kimi, Fərhad Şirini əldə etmək üçün dağları dəlmişdi. Bu bir “courage” məsələsidir. Eşq, böyük daxili enerji ilə Fərhadı qüvvətləndirirdi. Burada qeyd etməli olduğum əlavə məqamlar da var. Birincisi odur ki, “courage” həm böyük enerji mənbəyidir, həm də hədəfə gedən yolda olan maneələri müəyyən mənada aradan qaldırır. İkincisi isə - “courage” yalnız istəklə deyil, məcburiyyətlə də əlaqəli ola bilir. İkinci variantda, məcburiyyət dolayı bir istəyi yerinə yetirir və bu barədə daha sonra yazacağam (bəlkə başqa yazıda). Qayıdaq ilk varianta. Uğur hekayələrini oxuduqda bizə ilhamverici gələn bəzi məqamlar olur, amma özümüzü bioqrafiyanın qəhrəmanı ilə tam eyniləşdirə bilmirik. Çünki qəhrəman bəzən sutkada 3-4 saat yatır, bəzən günə 15 saat işləyir və ya oxuyur. Sanki insanın fiziki və mənəvi imkanlarının fövqündə bacarıqlara sahib olurlar. Burada “courage” ağrıkəsici rolunu oynayır. Falcon roketini kosmosa göndərmək kimi böyük iş görən İlon Mask, elə bir “courage” hiss edir ki, yuxusuzluq ona narahatlıq törədə bilmir. Hətta əksinə, belə şövqlə işləyən şəxsin bədəni çoxlu serotonin, dofamin ifraz edir və əlavə olaraq ağrıları səngitmək üçün endorfin ifraz edir. Bir müddət sonra bədən, beyin buna öyrəşir və insan tempini azalda bilmir. Özü öz bədəninin ifraz etdiyi maddələrin aludəçisinə çevrilir. Bu müsbət aludəçilik heç zaman təslim olmayan, prosesdən həzz alan və müəyyən mənada xoşbəxt insan ortaya çıxarır. Təbii ki, hər şeydə balansı saxlamağı bacarmaq, daha yaxşıdır, amma müəllifini unutduğum yaxşı söz var ki, sərhədləri araşdırmasaq, mərkəzin harada olduğunu bilmərik.
Gələk essenin girişində yazdıqlarıma. “Courage” həm ani hadisələrə aid ola bilər, həm də uzunmüddətli. Məsələn, yanğın zamanı istinin, odun-alovun verdiyi ağrıları və nəticələri nəzərə almadan başqalarını xilas edən insanlar həmin ani “courage”-ı yaşayırlar. Bu hər mənada möhtəşəm davranış olsa da, bizə indi maraqlı olan daha uzunmüddətli “courage”-dır. Yəni bizə əsas süjet xətti lazımdır. İnsan özünü xoşbəxt hiss etməsi, həyat prosesindən həzz alması üçün onun müsbət enerjiyə ehtiyacı var. Əlavə olaraq, bildiyimiz kimi, bu bizi mənəvi və fiziki ağrılardan da müəyyən mənada qoruya bilər. Qədim Yunan miflində Prometey odu (oxu biliyi) insanlara çatdırmaq üçün özünü əbədi əzaba düçar edir. O, necə bir əzabla qarşılaşacağını təxmin edirdi, amma etdiyi hərəkətin böyüklüyü, onun əzabını öz gözlərində kiçildirdi. Ona görə də düşünürəm ki, bu sadəcə material hədəf ola bilməz. Yalnız material tərəfləri olan hədəflərin gücü çatmır ki, bizə lazım olan enerjini, cəsarəti versin. Bizə həm də mənəvi tərəfi olan, hətta çatılması müəyyən mənada mümkünsüz olan zirvə lazımdır.
Vera Butkonun zarafatyana şeirinin bir hissəsinin tərcüməsi ilə davam etmək istəyirəm. Çünki bu şeir demək istədiklərimi əla təsvir edir. Şeirdə pişiyini heç kimə etibar edə bilmədiyi üçün heç yerə gedə bilməyən bir yaşlı qadından danışılır, amma bizi son iki bəndi maraqlandırır:
А боль, словно острая спица,
Засела в районе хребта...
Но как она ляжет в больницу?
Ей не с кем оставить кота.
Ей скоро уже девяносто -
Она доживет и до ста.
Секрет долголетья? Всё просто:
Ей не с кем оставить кота.
Sərbəst tərcümə:
Ağrı? Sanki bıçaq kimi
Onurğasına girir
Amma həkimə getməyəcək
Pişiyin tək qalacağını bilir.
Qadının yaşı doxsandır
Hələ yüzü də vuracaq
Uzunömürlülüyün sirri -
Ölsə, pişiyi kimlə qoyacaq?
Vera xanımın şair ruhu mənim danışdığım məsələni çox incə hiss edib. Bütün həyatımızı qucaqlaya biləcək əsas süjet xətti nə ola bilər? Çünki əgər bu süjet xətti olmasa, həyatımız onlarla köməkçi süjet xətləri ilə dolu olacaq, amma heç biri əsas olmadığı üçün heç birində qərar tuta bilməyəcəyik. Heç vaxt özümüzü “evdə” hiss etməyəcəyik. Deyə bilərsiniz ki, hər kəs İlon Mask ola bilməz. Bu məqamda etdiyimiz səhv odur ki, biz onun etdiklərinin daxili nəticələrinə deyil, xarici nəticələrinə baxırıq. Halbuki, bunlar çox fərqli şeylərdir. Xarici nəticələr (və əsas da uğur) yaşadığımız yerdən, ətrafımızdan, işimizi görməkdə bizə kömək edən adamlardan çox asılıdır. Bizim hədəfimizə və iş prosesinə yanaşmamız lazımi formada olarsa, qəhrəmanlarımızın keçirdiyi hissləri keçirəcəyik. Çünki insan bədəni xoşbəxtlik üçün eyni hormonları ifraz edir.
Məncə, mövzuya aid veriləcək ən praktiki məsləhət, dəyərlərimizi gözdən keçirtmək, dünyaya ən çox hansı dəyəri, niyə və necə qatacağımızı düşünməkdir və əgər bütün bunlara çatmaq hələ mümkün görünmürsə, onda ən böyük hədəf, o hədəfin axtarışıdır.