Kulisin “Yeməli söhbət” layihəsinin qonağı gənc aktrisa Mələk Heydərovadır. Mələk xanımla “Elmlər Akademiyası” metro stansiyasının çıxışı ilə üzbəüz olan “Künefe evi”ndə görüşdük.
- Mələk xanım, yeyib-içməklə aranız necədir?
- Çox yaxşı. Mənə yeyib-içən adam demək olar. Qurmanam. Dadlı, fərqli yeməkləri sevirəm. Fərqli mətbəxləri təcrübədən keçirirəm. Bütün dadlı yeməkləri sevirəm. Qarnım doysun deyə hər yeməyi yemirəm. Məsələn, hamı kimi səhər yuxudan oyananda pendir-çörək yeyə bilmərəm. Ən dadlı yemək mənim üçün, anamın bişirdiyi yeməkdir. Qəbələ rayonunda anadan olmuşam. Bizim mətbəxin döşəmə plovunu çox sevirəm. Bir şərtlə ki, anam bişirsin. Döşəmə plovdan əlavə Meksika mətbəxini də sevirəm.
- Özünüz nə bişirə bilirsiz?
- Heç nə. Özüm bişirdiyim yumurtanı belə yeyə bilmirəm. Uşaqlıqdan anam məni mətbəxə girməyə qoymayıb. Çünki mətbəxə hər girəndə oranı dağıdıb-tökmüşəm. Fikirləşirəm ki, əlimin duzu yoxdur.
- Dieta ilə aranız necədir?
- Hamı kimi mən də ilin 12 ayı, günün 24 saatı dietadayam. Nə qədər arıqlasam da, fikirləşirəm ki, bu gün çox yedim, sabah dieta saxlayım.
Yay başlayandan dietadayam. İldə 2-3 dəfə saxlayıram. Dadlı yeməyi sevən adam olduğum üçün tədbirlərdə özümü saxlaya bilmirəm.
Çox yaxşı iştaham var. İnsanlar depressiyaya düşəndə yeməkdən kəsilir, amma məndə əksinədir.
- Kababla aranız necədir?
- Ət yeməyini çox sevirəm. Bəlkə yeganə azərbaycanlıyam ki, kababı sevmirəm. Lülə kababı ümumiyyətlə sevmirəm. Kabab elitar yemək deyil, məclis yeməyi deyil. Kabab məncə, meşə yeməyidir. Məclisdə kabab yeməyə qarşıyam. Kababdan başqa qaynadılmış soyuq toyuğu da xoşlamıram. Bizdə adətən toylarda birinci kababı gətirirlər. Aşı isə saat 11-də. Yaxşı olar ki, elə aşı saat 7-də gətirsinlər. Kababın bizim menyudan çıxarılmasının tərəfdarıyam.
- Sizcə, kababın bu qədər önə çəkilməyi mətbəximizin kasıb olmağından irəli gəlmir?
- Yox. Bizim adam içinə çıxarılası yeməyimiz çoxdur. Sadəcə kabab bişirmək asandır. Məsələn, dolmanı servis etmək daha çətindir.
- Spirtli içki ilə aranız necədir?
- Sevirəm. Maraqlı kokteyllərin içində spirti sevirəm. Məclisdən-məclisə spirtli içki qəbul edirəm. Yayda sərinləmək üçün pivə içirəm. İçib sərxoş olmuram. İçki əhvalımı xeyli qaldırır. Bir məclisdə oturursan və hamı içirsə, əgər sən içmirsənsə özünü pis hiss edirsən.
- Sərxoş olmusuz?
- İlk dəfə içkini 15 yaşımda içmişəm. Atam səhər konyak verdi. Mənə içkini atam öyrədib. Bütün içkinin xüsusiyyətlərini mənə öyrədib. Bazar günləri səhərlər məni içirdirdi. Məclisə gedəndə də atam özü süzür. Mənim kimi tam içki həvəskarıdır. Evdə çox gözəl içkiləri var. Atam belə şeylərə çox müasirdir. Onun yanında hətta sərxoş da olmuşam. Yəni özü gözümüzü açıb.
- Siqaret çəkirsiz?
- Bacarmıram. İstəyim olsa çəkərdim. Bir-iki dəfə filmlərdə mənə təklif ediblər, öyrənə bilməmişəm. Həmin səhnələri siqaretsiz çəkmişik. Nə qədər öyrətməyə çalışdılar, bacarmadım. Bu da mənim aktrisa kimi zəif yerimdir.
- Hansı tip restoranlara üstünlük verirsiz?
- Avropa mətbəxi ilə zəngin olan restoranlara. Çünki anam evdə milli mətbəxi çox gözəl hazırlayır. Maraqlı dadları sevirəm. Paytaxtda yeni nə restoran açılıbsa, ora tez-tez gedirəm. Amma məni qane edən restoranlarda qiymət həddindən artıq bahadır. Qiymətlər aşağı olan restoranlarda xidmət zəifdir və bəzi yerlərdə yeməklərdə bir porsiyadan olan çəki normadan az olur.
Yəni belə nəticəyə gəlmək olur ki, yaxşı, keyfiyyətli yemək istəyirsənsə, cibini açıb pul xərcləməlisən. Yemək bahalı hobbidir.
- Sizə nəyisə xatırladacaq kafe var?
- Mənim bütün kafelərdə xatirələrim var. “Mc Donalds” mənə uşaqlığımı, məktəb xatirələrimi xatırladır. İlk sevgilimlə ilk dəfə “Mc Donalds”da yemək yemişəm. Hətta onunla “Mc Donalds”da divara ürək şəkli çəkib içinə ad-soyadımızı yazmışdıq. Sonra həmin masada sevgilimin xalası oğlu oturmuşdu və həmin yazını o masada görmüşdü.
- Fast-foodla aranız necədir?
- Əfsuslar olsun ki, sevirəm. Bu mənim ən böyük səhvimdir. Mən sağlamlığım üçün hər şey edərəm. Amma “Coca-Cola” və “fast-food”a qarşı acizəm. Həmişə deyirəm ki, mən “Coca-Cola” və “fast-food”u heç nəyə dəyişmərəm. Əsəbiləşən kimi tez qaçıb “fast-food” yeyirəm.
- Yol qırağı kafelərdə oturursunuz?
- O kafelərə nifrət edirəm. Məncə, o kafelərin hamısını yığışdırmaq lazımdır. Çünki o kafelərə girəndə əsəbiləşmədən ordan çıxmıram. O kafelər həm natəmiz olur, həm də tualetləri çox çirkli olur və bəzilərində heç olmur.
- Təbiət qoynunda yeyib-içməklə aranız necədir?
- Özüm getməmişəm. Amma səhv etmirəmsə 5 yaşımda anamgillə getmişəm. Çox istəyərdim ki, gedim.
Təbiət qoynunda yeyib-içmək məsələsini Bakıda etmək maraqlı olar. Hər hansı bir parkda yeyib-içmək yaxşı alınar. Buna da icazə vermirlər. Düşünürəm ki, belə yeyib-içmək məsələsi həm də əziyyətdir. Bu qədər kafe, restoran olmuşkən, niyə əziyyət çəkək.
- Toyda necə yeyib-içirsiniz?
- Birinci oturan kimi su içirəm. Adətən toyda salat yeyirəm. Toylarda verilən yeməkləri bəyənmirəm. Həmişə soyuq gəlir. Soyutma toyuq soyuq olduğu üçün, balığı da qorxduğum üçün yemirəm.
- İmtina etdiyiniz hər hansı qida var?
- Lobya. Halbuki ən faydalı qidadır. Bir müddət əvvəl ətdən imtina eləmişdim. Vegeterian olmaq istəyirdim. Heyvan sevgisindən irəli gəlmişdi. Altı ay ət yemədim. Amma orqanizmim çox zəiflədi. Həkim məsləhət gördü ki, ətdən imtina etmə. Çünki orqanizmim ətə öyrəşmişdi. Müalicə alıb birtəhər özümə gəldim. Bunlardan əlavə bezeni sevmirəm. İnsanlar onu necə yeyir, mənə çatmır.
- Bazarlığa münasibətiniz necədir?
- Xoşlayıram. Hər bazar atamla gedirəm evə bazarlıq eləməyə. Hər hansı bir yerə qonaq gedəndə bazarlıq etməyi sevirəm.
- Restoranda hesabı özünüz ödəyirsiz?
- Fikirləşirəm ki, xanım hesab verməməlidir. Bəy olan yerdə xanım əlini cibinə atmamalıdır.
Bir dəfə rəfiqəmlə restoranda oturmuşdum. Sonra bir bəy gəldi və bir az yeyib-içib getdi və hesabı vermədi. Maraqlısı odur ki, həmin adamın məndən xoşu gəlirdi. Həmin gündən o insan gözümdən düşdü. Fikirləşdim ki, bu indidən belə edirsə, münasibətimiz düzələndə gör mənim başıma nə oyun açar? Azərbaycanda hesabı bəylərin ödəməyi adət-ənənəsi məncə, qalmalıdır.
- Sizi təəccübləndirən hər hansı bir yemək olub?
- Uşaq olanda ayı ətində kotlet yemişəm. Onu da mamam dedi ki, ye. Şirin əti var idi.