Kulis.az gənc şairə Fəridənin yeni şeirlərini təqdim edir.
1.
İşıqları söndürüb, qapıları bağlamağa qarışmışdı başımız
ən dəhşətli yanğınlar ani qığılcımlardan törədi
divarların çat düşən yerindən sızdı soyuqlar...
Sən də nə gözlədiyim, nə gözləmədiyim
- unutduğum yerdən vurdun zərbəni.
And olsun nənəmin əllərinin
torpaqdan seçilməyən qırışlarına,
körpəsini itirən ana döşlərinin yuxusuzluğuna
bu payız gecəsi boynumda üşüyən öpüş yerlərinə and olsun!
Mən geri çəkilirəm ...saat kimi...
hara getdiyimi kimsə bilməyəcək
xəbərin olsun...
Dolacam iki damla yaş kimi atamın gözlərinə – enməyəcəm
anamın dodaqlarında yaşayacam lal sükut kimi – dinməyəcəm.
Aldanıb düşən deyiləm yolların uzağına
sənə çatırsa bütün yollar qısadı...
inan mənə...
2.
Müharibədə ata-anasını itirmiş uşaqlar
günəşə baxıb gülümsəyəcəklər bir gün
bütün mərmilərə inad...
Əri çıxıb getmiş o qadın da
yığacaq gözünü yollardan
gətirib güzgülərdəki boşluqlara atacaq...
Bilirəm, çıxacaq divardakı bu fotodan
darıxqan qağayılar haçansa
dənizə tərəf uçacaqlar...
Onda evim olacaq mənim də və
mətbəxdən başlayacam unutmağa səni
ən əvvəl yağı unudacam ocaqda
sonra dəmi...
bu otağa nəyə gəlməyimi...
Ya da çörək almamış qalxacam evə...
Nə qədər ki, atamı ayaq səslərindən,
Anamı nəfəsindən tanıyıram – hələ vaxt var
İncit məni bir az daha
Noolar, bircə tez unudulma...