Kulis.Az gənc yazar Fəridənin yeni şeirini təqdim edir
sənsiz özüm özümü
unuduram.. sevirəm...
nə vaxtdir əllərimi
cibimdə isidirəm...
təzə profil açıb
əvvəl salam yazıram..
baxır, gülümsəyirəm..
sonra görməzdən gəlir
guya ki, naz edirəm...
"vaxt et,görüşək" yazır
xahiş, israr edirəm..
sonra "baxarıq" yazır
guya ümid verirəm...
özümlə ilk görüşə
həyəcanla gəlirəm..
bir "mən" parkda gözləyir
bir "mən" də gecikirəm...
dondurur soyuq,külək
səbr et, gələr deyirəm...
oturmuşam bu parkda
özümü gözləyirəm...
gözləyirəm, gəlmirəm
çıxıb evə gedirəm..
açıram profili
baxmıram mesajlara
"mən"ə acıq edirəm..
ruhum ikiləşsə də
cismim yarı bölünmür..
öz-özümə eşqimin
"mutlu son"u görünür...
özümü aldatmağa
belə davam edirəm..
çoxdandır əllərimi
cibimdə isidirəm...