“Aqşin Fikrət Qocadan on dəfə böyük şairdir” MÜSAHİBƏ

“Aqşin Fikrət Qocadan on dəfə böyük şairdir” MÜSAHİBƏ
18 noyabr 2013
# 13:00

Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı ilə görüşümüz 9 noyabr Dövlət Bayraq günündən bir gün sonraya təsadüf etdi. Bayram günü illər öncə qələmə aldığı “Azərbaycan bayrağı” şeirinə görə telefonu susmayan şairə, Türkiyədən, İrandan, Dərbənddən olunan zənglərin ardı-arası kəsilməyib. Bizi qarşılayan zaman çöhrəsindəki bayram əhval-ruhiyyəsi də dediklərini bir növ təsdiq edirdi.

Gözünü açandan Qusarçayın şırıltısını eşidən Ramiz Qusarçaylı təpədən-dırnağa şairdir desəm, heç də yanılmaram. O, içində barındırdığı həyat eşqi, coşğun fikirləriylə beynimdə canlandırdığım sakit əyalət şairi portretini darmadağın etməyi bacardı. Heç şübhəsiz, burada Qafqazın sərt və möhkəm təbiətini xüsusi vurğulamaq yerinə düşər:

4-cü sinifdə oxuyurdum. Nənəmin 97 yaşı var idi. Doğulduğum Çartəpə kəndindən Qusar şəhərinin mərkəzinə olan məsafə 3 kilometr idi. Nənəm çayın qırağıyla məni kəndimizdən Qusara aparan zaman yolda mənə 15-20 cür ot, gül göstərirdi. Məni yarpaqlarla tanış edirdi ki, bu gəlinbarmağıdı, bu quşəppəyidi, bu cincilimdi, bu əvəlikdi. Bu yazda belə idi. Payızda isə deyirdi ki, bala, bu meşələr cır əzgiliylə, yemişanıyla, göbələyiylə, zoğalıyla insanları, təbiəti hardasa nəzmə çəkir. Bu mənə qəribə gəlirdi. 97 yaşlı bir qadın mənə təbiətdən dərs keçirdi. Çayın kənarındakı, təbiətin bizə ərmağan etdiyi ətirli gül-çiçəklərlə, loğman bitkilərlə təmasda olurdum. Əslində orda mənim üçün təbiətin poeziyası başlamışdı. Deməli, o vaxtdan mənim içərimdə poeziya var idi. Təbiət poeziyası, bahar poeziyası...

Mən kənddən çıxanda gecə yarıydı

Söyüdlər yol üstdə tellənirdilər.

Coşan ürəyimin duyğularıydı,

Sinəmdən süzülüb sellənirdilər.

Enib dərələrin, düzlərin üstə,

Gecə öz diliylə layla deyirdi.

Baş qoyub dağların dizləri üstə

Yollar şirin-şirin mürgüləyirdi.

Mehlə sığallanıb nazilən otlar,

Şehli nəvazişə bükülürdülər.

Ayağım altında əzilən otlar,

Torpaqdan yapışıb dikəlirdilər.

Qönçələr çəmənə pıçıltı salıb,

Yuxulu-yuxulu çiçəkləyirdi.

Yumru evlərini çiyninə alıb

İlbizlər izimlə iməkləyirdi.

Gedirdim, gecənin haysız, haraysız,

Həzin nəğməsindən doyammamışdım.

Qəlbimdə sübhədək oyaq qalan qız …

Hələ yuxusundan oyanmamışdı …

Mən kənddən çıxanda gecə yarıydı,

Ay örpək çəkmişdi çöllərin üstə.

Heyrətim yolunu azan arıydı,-

Uyuyub qalmışdı güllərin üstə …”

17 yaşında “Qusarçaylı” təxəllüsünün xeyir-duasını Xalq şairi Osman Sarıvəllidən alan Ramiz müəllim 9-cu sinifdən etibarən Bakı ədəbi mühitində aktiv iştirak edir. İlk dəfə dövrün populyar mətbu orqanı, “Azərbaycan gəncləri” qəzetində çap olunub şeiri:

Azərbaycan pioneri” qəzetinə, “Pioner” jurnalına şeirlərimi göndərirdim. Mənə məktublar gəlirdi ki, əziz oxucu, hörmətli şagird, şeirin aktualdır, gözəldir. Ancaq qafiyə, heca yerində deyil, üzərində işlə. Onlardan aldığım 70-dən çox məktub var ki, bu günə kimi saxlamışam. 9-cu sinifdə oxuyanda “Azərbaycan gəncləri” qəzetinə şeir apardım. Rəhmətlik Tofiq Mütəllimov poeziya şöbəsinin müdiri idi. Redaksiyada “Sən” adlı şeirimi oxudum. Məhəbbət şeiri idi. Şeiri oxuyandan sonra dedilər ki, Mikayıl Müşfiq olmaq istəyirsən? Cavab verdim ki, Mikayıl Müşfiq olmaq istəmirəm, Mikayıl Müşfiq var da, mən Ramizəm. Şeiri bəyənsələr də, çapına razılıq vermədilər. Təbiət, təhsil haqda şeir göndərməyimi məsləhət gördülər. “Bağban” şeirim xoşlarına gəldi və “Azərbaycan gəncləri” qəzetinin “Yaşıdlar” bölməsində çap olundu. Qəfildən məktub gəldi ki, şeirim çap olunub: Bakıdakı fizika-riyaziyyat təmayüllü məktəbin 9-cu sinif şagirdi Ramiz Həmzəyevin “Bağban” şeiri. Orda çap olunmaq hər oğulun işi deyildi. “Azərbaycan gəncləri” qəzeti SSRİ-də ən populyar qəzetlərdən biri idi. Ora imzası düşmək böyük şərəf idi”.

3 il yarım Ukraynada kömür şaxtalarında hisin-pasın içində işləməyə qəribə də olsa ədəbiyyat sevgisi çəkib aparıb. Ukraynalı şair Boris Lastavenkonun köməkliyi ilə vətəni tərk edən şair ədəbi fəaliyyətini Ukraynada da davam etdirməyi bacarıb:

- İdeallarım var idi. Azərbaycanı Rusiyada təbliğ etmək istəyirdim. O vaxt SSRİ Azərbaycanın çıxdığı böyük bir arena idi. Moskvada çap olunmaq hər adamın işi deyildi. Moskva mətbuatı bir meyar kimi Azərbaycan ədəbiyyatının fövqündə dururdu. Biz bunları yaşayırdıq, görürdük. Tutalım, “Yunos” jurnalında Gürcüstan Yazıçılar İttifaqının gənclər üzrə katibi 10 nəfər gənc gürcü şairini çap edirdi. Ermənilər 15 nəfər gənci çap edirdi. Gedib-gəlirdim Moskvaya. Bizə yuxarıdan aşağı baxırdılar. Mən Ukraynaya bizim şairləri təbliğ etmək üçün getmişdim. Həm də, 12-13 ukraynalı şairi tərcümə elədim Azərbaycan dilinə. O vaxt Məmməd İsmayılın “Gənclik” jurnalında ilk rubrika, “Misra körpüsü” mənimlə başladı. Haqqımda bir səhifə material vermişdilər.

Bir müddət Moskvada yaşayan Ramiz Qusarçaylı orda da bir xeyli tərcümələr etdiyini qeyd etdi. 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatından sonra vətənə qayıdan Ramiz Qusarçaylının təşəbbüsü ilə 1993-cü ildə Qubada “Ay işığı” ədəbi məclisi yaradılıb:

“Qubada “Gülüstan” adlı ədəbi dərnək var idi. Belə desək, ancaq quru adı var idi. Həm də bizim yerli şairlərdən kimin bir-iki şeiri çap olunurdusa, gedib Bakı ədəbi mühitinə yığışıb orda məskunlaşırdılar. Qubada onların izinə-tozuna rast gəlinmirdi. Mən yerli ədəbiyyat adamlarını bir yerə toplamaq üçün “Ay işığı”nı yaratdım”.

Öz taleyini Martin İdenə bənzədən Ramiz Qusarçaylı sandıq ədəbiyyatını ortaya qoyub qəhrəmanı kimi intihar etməyə hazır olduğunu söylədi:

“Mən şaxtaya elə belə getməmişdim. Məni buna heç kim məcbur eləməmişdi. Bizim üçün çörək hər yerdə var. Niyə “80-cilər” itirilən nəsil olmalı idi? Kim məhv edirdi onları? Bu gün Akif Səmədin qoşmasını, Məmməd İlqarın təcnisini, Hüseyn Əfəndinin publisistik yazılarını, Sabir Sarvanın qoşmasını, Əjdər Olun publisistik şeirlərini yazan var? Mən siyahını uzada bilərəm. Adını çəkdiyim bu adlar onlara damğa vuran adamların üstündən boy göstərib, baş qaldırdılar öz şeirləriylə, öz sözləriylə. Onları məhv edə bilmədilər. Tez-tez damğa vurmaq istəyirlər ki, “80-cilər” itirilmiş nəsildir. Bunlar itirilməyib, elə ən çox qabaran “80-cilər”di. Ramiz Qusarçaylı kimi 2 litr südü satıb, bir kitab alıb. Ramiz Qusarçaylı 15 qəpiyini çörəyə yox, kitaba verib. Bu gün bunu fəxrlə deyirəm ki, mən torpağın, xışın, şumun kitabxanasından çıxmışam”.

“Bu gün ayda 5 dəfə qəzet və portallarda çap olunmağa imkanım var” deyən şair tez-tez görünməyin əleyhinədir:

“Azərbaycan” jurnalı yaxşı qonorar verir. 15 dənə şeir verə bilərəm. Jurnalda növbə olsa da, mənə növbə yoxdur. Şeirlərim var, amma vermirəm.

Nəyim var ki, hesab çəkək,

Üçüm yoxdu, beşim yoxdu.

Bir gülləyə yol gedirəm,-

Deməsinlər döşün yoxdu…

Dərdəm, o da daş əllərdə,

Dağ hüznü var su dillərdə.

Söz havası ölən yerdə

Ürək qəbri nöşün yoxdu?!

Cığırlar düşər izimə,

Yoxuşlar enər dizimə,

Qaldır məni Şah düzünə

Sonrasıyla işin yoxdu…

Söhbətimiz uzandıqca-uzandı. Söz sözü, cümlə cümləni çəkdi və... Yaşlı nəsillə gənc nəslin son dövrlər alovlanan qarşıdurmasının üstünə gəldik. Bəs Ramiz Qusarçaylı necə, o, kimin yanındadır, kimi dəstəkləyir? Sualı gözləyirmiş ki, şəstlə bu mübarizədə birmənalı olaraq gənclərin tərəfində olduğunu dedi. Bütün bunlarla bərabər, son zamanlar ədəbi kuluarlarda baş verən olaylardan narahatlığını da gizlətmədi:

“Mən gənclərin tərəfindəyəm. Məsələn, Aqşin Yenisey obraza, şeirin yükünə, müasirliyinə görə bir şair kimi Fikrət Qocadan 10 dəfə böyükdür. Mənim fikrim budur. Ən azı Aqşin özü gəlib. Aqşin Fikrət Qoca kimi heç kimin köynəyindən çıxmayıb. Fikrət Qoca indi də köhnə şeirlərinin altına girir. Fikrətin 3-4 babat lirik şeiri var. Əgər Fikrət bu yöndə getsəydi babat şair idi.

Bütün bunlar bir tərəfə, mən bir məsələni qeyd etmək istəyirəm. Çoxu bunu demir. Ancaq demək lazımdı. Son 30 ildə ədəbiyyatda qəribə bir məhfum var: Ədəbi ər”. Məsələn, bir şair babat şeirlər yazır. Ancaq o, şeirini, əsərini yazıb təbliğ etmək əvəzinə müsahibə verəndə “mən” demək əvəzinə deyir mən kiminləyəm, mənim başımın üstündə kim var. Qruplar var və o qrupların da rəhbərləri var. Hüseyn Arifin bir şeiri var. İki məhəllə futbol oynayır, komandalar, kapitanlar bəllidi. Bir Bədəl var, qaçıb gəlir ki, mən kiminləyəm. Demir e, kim mənimlədi, deyir mən kiminləyəm. Şeirin axırı belədir: “ölüb torpaq altda torpaq olaram, qalıb torpaq üstündə Bədəl olmaram”. Bu gün ədəbiyyatda Bədəl çoxdur”.

“Təxminən 15-20 misram var dillər əzbəridir” deyir Ramiz Qusarçaylı:

“O misralarda atmaca da, ironiya da, kobud, təhqiramiz ifadələr də var. Biri maşınla sürətlə şütüyündə o saat əzbərdən mənim misramı deyirlər: Əlik gedir, Dərk gedir, filankəslər bərk gedir. Bu misra bir atalar misalı, məsəl kimi Qubada dillər əzbəridir”.

Yaradıcılığında Göyçə, Təbriz, Dərbənd, bir sözlə vətən həsrətinin qırmızı xətlə keçdiyi şair Dərbəndin unudulmasından, Dərbəndə olan diqqətsizlikdən narahatdır. Dərbəndə ana dilində çap olunan qəzet, jurnal və kitablar yollayan Ramiz Qusarçaylı əlindən gəldiyi qədər Dərbənddəki həmyerlilərimizə yardımçı olmağa çalışır. Həm şeirləriylə, həm də əməlləriylə:

Şənini vəsf etməyə yetər, qüdrətim yetər,

Ulduzunu, ayını göydə mələklər ötər,

Hər rəngində "ya qazi, ya şəhid" bir mən bitər,

Sən ey İstiqlalımın əbədiyyət sancağı, -

Azərbaycan bayrağı!

Yağının min hiyləsi küydən, kələkdən keçər,

Sən sancılan ucalıq min-min ürəkdən keçər,

Dağlar yerindən oynar, daşlar ələkdən keçər,

Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-

Azərbaycan bayrağı!

Sən Arazın, Samurun umuduna bələndin,

Çəni ağlar Göyçənin buluduna bələndin,

Dərbəndin dərd hıçqıran sükutuna bələndin

O tayımda Savalan, bu tayımda Şah dağı,

Azərbaycan bayrağı!

Cəngidə cövlan yerim, cövlanda can yerimsən,

Barışda gül çələngim, savaşda qan yerimsən,

Sən mənim and yerimsən, mənim iman yerimsən,

Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-

Azərbaycan bayrağı!

Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,

Ən son nəfəsimdə sənə şeir deyəcəyəm,

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

Çəkəcəyəm gözümə kölgən düşən torpağı

Azərbaycan bayrağı!

Azərbaycan bayrağı!

# 2720 dəfə oxunub

Müəllifin son yazıları

# # #