Beynəlxalq Kitab Sərgisi bizə nə verdi?

Beynəlxalq Kitab Sərgisi bizə nə verdi?
13 oktyabr 2022
# 14:20

Kulis.az Fərid Hüseynin “Kitabın bayramı...” yazısını təqdim edir.

Adətimizdir, ya xislətimizdir, orasını deyə bilmərəm, amma aydın həqiqətdir ki, xırda bir çatışmazlığa, üç-beş dəqiqəlik ləngiməyə, yaxud “bu şəkil ordan yox, burdan asılmalıydı” kimi xırdalıqlara göz yuma bilmirik, xəfif bir qızartını çiban kimi diqqətə çatdırırıq, di gəl ki, yaxşı bir iş görüləndə, səviyyəli bir əmək məhsulu, zəhmət bəhrəsi meydana gələndə ağzımıza su alıb otururuq, sanki heç kəsin ağzını bıçaq açmır. Axı ölkəmizdə ürəkaçan böyük bir mədəni hadisə baş verib. Nə üçün bu haqda yazmayaq, danışmayaq? Bu il 5-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirildi. Sərgi o qədər möhtəşəm oldu ki, təşkilatçılıq o qədər yüksək səviyyədə təşkil edildi ki, çox şeyə mız qoyanlar, tənqid xatirinə tənqid edənlər də bu dəfə deməyə söz tapmadılar, yaxud “xala xətrin qalmasın” məntiqi ilə ötəri mızıldandılar. Amma Günəşin üstünə kölgə düşmür... Kitab bu dəfə ölkəmizdə günəş kimi parladı... Bəs kitab sərgisinin bunca möhtəşəm keçməsini nəyə əsasən deyirəm?

1. İlk dəfə idi ki, Azərbaycanda hansısa ölkə fəxri qonaq kimi iştirak edirdi. Qeyd edim ki, sərginin kontingentinə, səviyyəsinə inam olmayanda, heç bir ölkə fəxri qonaq kimi sərgiyə qatılmaq istəmir. Türkiyə kimi böyük kitab fuarları keçirən ölkənin Vətənimizdə fəxri qonaq seçilməsi kitab tariximiz üçün böyük hadisə idi. Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən biri Türkiyə olduğu kimi, kitab sərgisi keçirilmə peşəkarlığımızı da tanıyan ölkə oldu. Türkiyənin Azərbaycanda keçirilən beynəlxalq kitab sərgisində Fəxri qonaq olması xalqımızı çox sevindirdi.

2. Türkiyə Milli Stendində 20 türk naşiri ilə Azərbaycan nəşriyyatlarının nümayəndələrinin təkbətək görüşləri, Türkiyə Azərbaycan şairlərinin birgə şeir saatlarıvə sair kimi tədbirlər iki ölkə arasındakı mədəni və ədəbi əlaqələrin genişləndirilməsinə böyük töhfə oldu.

3. Bundan başqa, uzun illər Türkiyədən Azərbaycana qonaq gələn yazıçılar arasında seçimlər bizi təəssüfləndirirdi. Çünki öz ədəbiyyatlarında ciddi yeri olmayan bəzi yazarlar sadəcə bu cür tədbirlər vasitəsi ilə Bakını görmək üçün gəlirdilər. Son iki ildə isə Adnan Özer, Metin Cəlal, İlbər Ortaylı, Gül İrepoğlu və başqaları kimi öz ədəbiyyatlarında sözünü demiş, ədəbi elita nümayəndələri Bakı Kitab Sərgisinə qatıldılar. Qeyd edim ki, onlar öz ölkələrində ədəbi meyar sayılan şəxsiyyətlərdir.

4. Sərgi müddətində Mədəniyyət Nazirliyinin rəsmiləri, xüsusən Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin məsul şəxsləri demək olar ki, bütün aparıcı tədbirlərə qatılırdılar. Nəticədə Mədəniyyət Nazirliyi sadəcə təşkilatçı kimi yox, birbaşa tədbirin iştiraçısı kimi sərginin fəaliyyətində yaxından iştirak edirdi.

5. Ən müxtəlif oxucu auditoriyalarının marağını cəlb edəcək tədbirlər düzənlənmişdi və bu xüsusda bütün məqamlar öncədən nəzərə alınmışdı. Şah İsmayıl Xətai, Xurşidbanu Natavan, Hüsyen Cavid kimi ədəbi klassiklərlə bağlı tədbirlər, müzakirələr, eyni zamanda çağdaş ədəbiyyatın nümayəndələri ilə bağlı şeir saatları, dedektiv yazarlalar görüşlər, eləcə də yaşayan ustad qələm adamları ilə müzakirə saatları, uşaq kitablarının təqdimatları, biblioqrafik nəşlərin nümayişi və sair tədbirlər sayəsində hər kəs öz marağına uyğun tədbirlər tapır və zövq müxtəlifliyinin maraqları təmin olunurdu.

6. Uzun illər idi ki, Azərbaycanda kitab sərgisi iki ildən bir keçirilirdi. Ona görə də ciddi effekt yox idi. İlk dəfə olaraq bu ildən sərgi fasiləsiz təşkil edildi, nəticə də göz qabağında. Necə deyərlər, görünən dağa nə bələdçi...

7. Şuşa ilinə həsr olunmuş kitab sərgisində Şuşa ilə bağlı təbliğat çox gözəl qurulmuşdu. “Şuşalı superqəhrəman Qaya”, “Onun adı Şuşadır”, “Xarıbülbül əfsanələri”, “Şuşanın tarixi”, “Şuşa tarixin obyektivində”, “Şuşanamə” adlı kitabların təqdimatları sərginin məzmununu daha da mənalandırırdı.

8. Eləcə də Qarabağa, Zəngəzura və 44 günlük Vətən savaşına həsr olunan tədbirlər və kitab və film təqdimatları ziyarətçilərə vətənpərvərlik duyğuları aşılamaq nöqteyi-nəzərində çox vacib idi. “Döyüşçünün zirehli hərb geyimi”, “Sən azadsan”, “Vətən müharibəsi tarixi”, “Bizim böyük qələbəmiz”, “Zəfər memuarları”, “Qarabağda biznes mühiti və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi”, “Qarabağ və “İrəvan necə varsa. Keçmişdən bu günə”, “Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu” “2914 Biz Sülh İstəyirdik”, “Tarix yazan qəhrəmanlar” və s. Kitabların təqdimat mərasimləri də insan izdihamı ilə müşahidə olunurdu.

9. Eyni zamanda bu il uşaqlara həsr olunan 10-a qədər tədbir keçirildi. Ona görə də, maşallah, sərgi salonunda uşaq əlindən tərpənmək olmurdu. Onlardan ən maraqlılardan biri oktyabrın 6-da Xuşidbanu Natəvan təqdimat zonasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Nizami Gəncəvinin əsərlərindən ibarət uşaqlar üçün hazırlanmış və nəşr edilmiş “Uşaqların Nizami Gəncəvi dünyası” adlı kitabın təqdimat mərasimi idi. Tədbirdə ziyalılar, mədəniyyət xadimləri, Fonda üzv və müşahidəçi dövlətlərin diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edirdi. Qeyd edək ki, bu nəşr layihəsin rəhbəri və kitabın ön sözünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır.

10. Sərgi müddətində bir neçə dəyərli ziyalı Mədəniyyət Nazirliyi tərəfindən təsis edilən “Şuşa” və “Nizami Gəncəvi – 880” adlı döş nişanları ilə təltif olundular. Kitab adamlarının, ziyalıların bu cür tədbirlərdə dəyərləndirilməsinin, xalqın gözü önündə qiymətləndirilməsinin öz rəmzi var.

11. Bu dəfə sərgidə iştirakçı sayı, rəngarəngliyi də ürək açırdı. Hətta fəaliyyətləri unudulmuş nəşriyyatlar belə bu dəfə sərgiyə maraqla qatılmışdı. Gəlin bu məqamda rəqəmlərin dili ilə danışaq: Sərginin iştirakçı sayı: 186 təşkilat (Yerli iştirakçıların sayı: 123 təşkilat, Xarici iştirakçıların sayı: 63 təşkilat), kitablarının nümayişi və satışı təşkil olunacaq nəşriyyatların sayı: 296 nəşriyyat (Yerli nəşriyyatların sayı: 131 nəşriyyat, Xarici nəşriyyatların sayı: 176 nəşriyyat) Əlbəttə, bu miqyas hiss olunurdu.

12. Tədbirlərin sayı ilə də bağlı əlavə rəyə ehtiyac yoxdur, rəqəmlərin sayı hər şeyi aydın deyir: 163 tədbir (müəlliflərlə görüş kitab təqdimatları, görüşlər, qiraət saatı, azyaşlı oxucular üçün tədbirlər, dizayner, illüstrator və tərtibçilərlə müzakirələr).

13. Düşünün ki, beş gün ərzində bu qədər qələm, söz və fikir adamı ilə görüşlər təşkil edildi, yaxud onların kitab təqdimatları keçirildi. Adların siyahısına baxanda, sözün yaxşı mənasında, adamın göz qaralır: Elçin, Anar, Ramiz Rövşən, Çingiz Abdullayev, Nəriman Həsənzadə, Qənirə Paşayeva, Teymur Kərimli, Gülbəniz Babaxanlı, Zöhrə Əliyeva, Həsən Zeynalov, Qəzənfər Paşayev, Azər Turan, Fəxrəddin Salim, Yunus Oğuz, Seyran Səxavət, Ədalət Tahirzadə, Aydın Talıbzadə, Rəşad Məcid, Elçin Hüseynbəyli, Ramiz Qusarçaylı, İlqar Fəhmi, Səlim Babullaoğlu, Elçin Şıxlı, Solmaz Amanova, Aqşin Yenisey, Orxan Adıgözəl, Rövşən Abdullaoğlu, Mübariz Yunus, Elşən Məmmədli, Şəmil Sadiq, Əkbər Nəcəf, Əkbər Qoşalı, Elxan Elatlı, Sona Xəyal, Reyhan Yusifqızı, Vüsalə Hacıqızı, İlahə Səfərzadə, Anar Bayramov, Elman Quliyev, Sevinc Nuruqızı, Rafiq İsmayılov, Aygün Əttar, Pərviz Seyidli, Cavid Ramazanov, Mübariz Əlioğlu, Məmməd Məmmədzadə, Rauf Bəhmənli, Fərhad Həsənzadə, Xalisə, Əkrəm Xürrəm, Ramilə Qurbanlı, Etibar Həsənzadə, Əfşan Rzayeva, Müsəllim Həsənov, Xatirə Xatun, Yunis Orucov, Rizvan Bağırlı, Nurlan Məmmədzadə, Elçin Əzimli, Rüfət Şirinov, Günel Əsgərova, Muxtar Cəfərli, Surə Mədətova, Zahirə Cabir, Məlahət Həsənova, Xəyal Rza, Arzu Hüseyn, Rəfael Tağızadə, Şəhriyar del Gerani, Ramil Əhməd, İntiqam Yaşar, Anaxanım Qardaşova, Güllü Alıyeva, Nəna Rüfətqızı, Orxan Vəliyev, İradə Qədirova və sair.

14. Gənc şairlər üçün kifayət qədər böyük söz meydanı açılmışdı. O mənada ki, həm Qarabağla bağlı şeir saatlarında, həm ədəbi antologiyaların təqdimatları zamanı, habelə şeir saatlarında gənc yazarların etdikləri çıxışlar onların yaradıcılığını yeni-yeni auditoriyalar üçün tanıtdırırdı.

15. Zənnimcə, Aqşin Yeniseyin sərginin fəxri qonağı seçilməsi çox düzgün addım idi. İlk gündən başlayaraq Aqşin Yeniseyin “Vətənpərvərlik və dünyəvilik mövzusunda sərbəst çıxış”ı, “Soyuğa inansan donacaqsan”, “Tale və tarix” romanlarının təqdimatı və imza günü, şairin oxucularla sual-cavab şəklində ədəbi müzakirəsi çox aydın şəkildə göstərdi ki, o, kifayət qədər aktiv yazardır və onun düşüncəsinə, poeziyasına insanlar tərəfindən böyük maraq var. Kitab sərgisi çərçivəsində gənc və olduqca istedadlı bir qələm adamına bu cür böyük imkan tanıması ölkəmizdə bir ilk idi.

16. Şəhərdən təşkil edilən avtobusların vaxt məsafəsinə əməl etməsi, eyni zamanda avtobusların hərəkəti ilə bağlı məlumatlandırılmanın düzgünlüyü insanların kitab bayramına axın etməsini daha da sürətləndirirdi.

Nəticə:

Bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən kitab sərgisi, əslində, uzun illərdən bəri arzuladığımız dünya təcrübəsinə əsaslanaraq reallaşdırıldı.

Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun sərgidən bir gün öncə, sərginin açılışı günü, eləcə də digər günlərdə kitab bayramına qatılması ondan xəbər verir ki, cənab nazir bu sərginin uğurla həyata keçirilməsi üçün çox çalışdı. Eləcə də nazirliyin Kitab dövriyyəti və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Maarifli, sektor müdiri Xəyal Məmmədov və həmin şöbənin bütün əməkdaşları, həmçinin müqavilə əsasında xidmət göstərən bütün heyət, işçi qrupu tam gücü ilə səfərbər olaraq xalqımızın adını ucaldacaq bir işə imza atmaq – möhtəşəm kitab bayramı düzənləmək üçün əllərindən gələni əsirgəmədilər. Kimsə söyləyə bilər ki, əlbəttə, bunu etmək onların vəzifəsi idi. Razıyam, amma insaf naminə demək lazımdır ki, ortada ciddi ənənə olmadan belə bir sərgi təşkil etmək, Füzuli demiş “yoxdan var etmək”dir və bəzihallarda fəadilik tələb edən məqamdır.

Uzun illərdir xarici kitab fuarlarında iştirak edən bir şair kimi deyə bilərəm ki, əslində, budəfəki kitab bayramı səviyyəsinə və miqyasına görə bizdə keçirilən ən peşəkar kitab sərgi-yarmarkası idi. Ona görə də Mədəniyyət nazirliyinə, sərginin keçirilməsində xidmətləri olan məsul şəxsləri təbrik edir, onlara təşəkkürümü bildirirəm.

Sərgidən sonra bir neçə nəşriyyat rəhbəri ilə görüşüb kitab satışı ilə maraqlandım, onların mənə bildirdikləri satış rəqəmləri məni ürəkdən sevindirdi.

Kitab bayramınız mübarək!

# 3215 dəfə oxunub

Müəllifin son yazıları

# # #