Nizami Gəncəvi sarayı seçməyib, saray onu seçib - Fərid Hüseyn

Nizami Gəncəvi sarayı seçməyib, saray onu seçib - Fərid Hüseyn
22 avqust 2024
# 15:00

Kulis.az Fərid Hüseynin X-XVI əsr Azərbaycan ədəbiyyatına dair "Mədhiyyə qumu və istedad zəri" məqaləsini təqdim edir.

Çərlədici, saçağardan günlərin qəribə tarixçələri olur: mübarizə dolu, mənəvi döyüşlərlə zəngin. Bu mənəvi döyüşlərdə keçir bəzi yaradıcı insanların ömrü. Ağlı kəsəndən öləcəyini bilən, anlayan, duyan yaradıcı insan, həmişə yaxşı yaşamağa təşnə olur və əli bu istəyin əlinə yetəndə bir müddət sonra isə qəflət yuxusundan ayılır ki, sən demə, uşaq kimi şirnikdirə-şirnikdirə, pay verə-verə onun başını aldadıb haralara – əslində, heç arzulamadığı, ummadığı yerlərə aparıblar. Hansı toz-torpaqlı yollara, necə çıxılmaz çirkablara... Fəqət o çirkablara bata-bata əlləri gətirənlər, ucalanlar, mənsəb sahibi olanlar, hörmət-izzət minbərindən xitab edənlər az olmayıb. Xaqanidən xatırlayaq:

Zəmanə ki əliylə həyat süfrəsi saldı,

Qab dibi yalayanlar o süfrədən pay aldı.

Mədhiyyə “alış-verişdir”: Şah istəyir ki, şair onu öysün – cilvəli sözlə, bəzək-düzəkli kəlmələrlə qiymətini versin, onun adını tarixə, əbədiyyətə qızıl hərflərlə həkk eləsin, şair də istəyir ki, düzümlü, sıralı misraları, tərifli sözlərinə görə böyük hökm yiyəsi olanlar onun istedadının bəhrəsinin şirinliyini verməkdə qızırqalanmasın. Şah şairdən əbədi, tarixi “xoşbəxtlik” qazanır, şairsə şahdan bu günün xoşbəxtliyini... “Qızıl” dəyişirlər, zər əvəzləyirlər...

***

Zalım şah hökmünün daim keçərli olacağını düşünən adamdır. Ailədə də, ətrafda da, dostlarla münasibətdə də zalım olmaq, rast gəlinən haldır. Daim hökm etməyi düşünən və o hökmün başqaları tərəfindən, istedad yiyələrinin əliylə təqdir, tərif edilməsini istəyən, yanındakına bəyənmək, düşünmək, fikir bildirmək imkanı verməyən hər kəs az-çox hakimi-mütləqdir. Zalım şahın ən böyük arzusu isə uzunömürlü olmaq, əbədiyyətdə naqis əməllərindən xilas oluban pak adla yaşamaqdır. Ölənə qədər də, öləndən sonra da bu istək onların yaxasından dördəlli yapışır. Bir sözlə, mədhiyyələr şahların ömrünə ömür calamaq “üçündür”.

Mədhiyyələrdə gözəbatan, əsas üç cəhət xüsusi seçilir:

  1. Şahın yersiz, dövlətəziyan, xalqa əziyyət gətirən əməllərinə bəraət qazandırılması.
  2. Şahın və hakimiyyətin əbədiliyiniт məntiqlə əsaslandırılması.
  3. Şahın qüdrətdə başqa böyük şahlarla tay tutulması, yaxud bənzərsizliyin, təkrarsızlığının öyülməsi.

Məsələn, Xaqani Şirvani maksimalizmə dalaraq zamanında yazırdı ki, şahın çöhrəsini görəndə elə bil səhərin üzünə ud ağacının kömürünü çəkirlər. Qədimdə ud ağacının kömürü dişləri ağartmaq üçün istifadə edilərmiş. Bununla da səhərin açılmasını şahın camalı ilə əlaqələndirirdi:

Yaxud başqa bir mədhiyyəsində deyirdi:

İslama olmuş hökümran Darayi-dövran Axistan.

Bəhrəmdan ədli rəvan, Pərvizi-İran Axistan.

Bu misralarda Axistanın tay tutulduğu hər iki şah – Pərviz və Dara İranın ən qəddar şahlarından olublar. Sadəcə hərəsi öz səltənət dövründə işğal baxımından ölkəsinə yüksəliş yaşatdığına görə tarix içərisində öyüləsi şahların cərgəsində dayanırdılar. Olsun ki, bu tərifin görünməz qatında qəddarlığa günün dəbdə olan ifadəsi ilə desək, “göndərmə”, yaxud “rişğənd” də olmamış deyil. Amma bariz qatda əsas olan tərifli kəlamdır. Xaqaninin yuxarıdakı beytini oxuyanda yadıma günümüzün dırnaqarası qəhrəmanlarının təriflədikləri adamlardan incik düşəndə işlətdikləri bu xas ifadə düşür: Əslində, mən onu orda tənqid eləmişəm...”

***

Orta əsrlərdə mədhiyyələrində şahları peyğəmbərə tay tutmaq olmazdı, çünki şah bu küfrdən qəzəblənər və hətta məddahı cəzalandıra bilərdi. Və bu aşkar səbəbdən çox aman məddah şairlər şahları bütünlüklə nə Allahla, nə də peyğəmbərlərlə müqayisə edərdilər. Bu küfr bağışlanmaz sayılardı. Belə olan təqdirdə əlac qalırdı peyğəmbərlərin bir üstün keyfiyyətinin şaha da keçdiyini, İlahi əmirlə ona ötürüldüyünü yazmağa. Məsələn, “İsa nəfəsli”, “Ləhni-Davud tək gözəl”, “Mustafa hörmətli”. İsa Məsihin nəfəsi ilə ölünün dirilməsi, Davud peyğəmbərin səsinin gözəlliyinin hamını heyran qoyması, Məhəmməd peyğəmbərin ölkələri fəth edən hörməti və s. Bu qəbildən təriflər şahların ürəyinə yol tapa bilirdi.

Şərq ölkələrində, o yerlərdə ki, İslam orta çağda qərar tapmışdı, oralarda Şah Allahın kölgəsi – dinin əsas himayədarı sayılardı. Yəni şahı öymək, onun haqqında xoş söz demək həm də dinə xidmət kimi qavranılırdı. Çünki o dönəmlərdə şərq və müsəlman dünyasında din dövlətdən ayrı deyildi, inam da günümüzdəkindən daha qəvi idi, belədə mədhiyyələr bəzi məqamlarda oxuculara, ayrı-ayrı mühitlərə o qədər də gözəbatan görünmürdü. Ancaq o sözləri yazanların içindəki tərəziyə kim “barmaq edə” bilərdi ki?! Onlar – qələmlərini mədiyyələrə yönəldənlər kimin hansı sözə layiq olduğunu, kimin kim olduğunu içərilərində yaxşı bilirdilər...

***

Allahın doxsan doqquz adının hər birinin öz ülvi, dərin, çoxqatlı mənası, fərqli anlamları var. O adlar Allahın üstünlüklərini və “xarakterini” göstərir. Məsələn, ƏL-QAHİR – zalımları qəhr edən. Bu keyfiyyət şaha da yaraşdığına görə, təşbeh kimi istifadəsi də mədhiyyələr üçün kifayət qədər uyarlı idi. Mədhiyyələrdə isə daha çox Allahın adları içərisində ƏL-HƏKİM – Hikmətli – istifadə edilir.

Burda da son dərəcədə dərkiağır bir məqam əhli-nəzərin bəsirətli gözlərindən yayınmır: Allahın adlarından birincisi ALLAHdır. Bu sözün mənası “bütün gözəl sifətləri özündə birləşdirən, ehtiva edən” deməkdir. Bu ad, əslində, Allahın yerdə qalan 98 adının mahiyyətini özündə birləşdirir. Şahlara deyilən ƏL-HƏKİM ifadəsi isə şaha xas bütün keyfiyyətləri ifadə edir. Hikmətli şah həm qüdrətli, həm seçilmiş, həm də ədalətli deməkdir. Qələmə aldığı mədhiyyələrdə M A Ü L-H Ü S N A-dan – Allahın adlarından qüdrətlə yararlanmaq isə hər şairin işi deyildi.

***

Orta əsrlərdə mədhiyyələr yalnız sevilən bir şey deyildi, onu haram sayanlar, yamanlayanlar da tapılırdı. Çünki bəzən məddahlar yazdığı öymələrdə elə ifrata varırdılar ki, din əhli olanlar bu yalanı haqlı olaraq harama bərabər tuturdular. Əbu Həmid Əl-Qəzali “Kimyayi-Səadət”də bu cür rəzilləri, sözlə baş əyənləri nəzərdə tutaraq yazır: “Sultanın qarşısında baş əymək zalımın qarşısında baş əyməkdir”. Bu fikir daha çox şaha xidmətə meyl edən alimlərə aid edilsə də, qədim dövrdə saraya can atanlara da uyarlı fikir idi. Əli minlərin qanına bulaşmış şahların qarşısında şairlər zaman-zaman baş əyib, təzim edib, sözlə onların əməllərinə haqq donu biçiblər. Onların qanlı hakimiyyətlərini, bəraətsiz əməllərini öyüblər. Qan içənlərə şeirlərində əbədi hakimiyyət, uzun ömür arzulayıblar. Əl-Qəzali şaha uzun ömür arzulamağın yolunu, təhər-tövrünü belə göstərir, bu cür bir düstur təklif edir: “Heç bir dua yaramaz, ancaq bunu deyə bilər: Allah səni doğru işlərə yönəltsin və islah etsin. Allah sənə yaxşı işlərə və xeyir əməllərə uğur versin, Allah sənin ömrünü itaətkarlıqla uzatsın”. Məhəmməd Peyğəmbər isə zamanında bu barədə fikrini daha kəskin ifadə edib: “Hər kim zalıma dua edərək ona uzun ömür diləyərsə, deməli, o adam Allaha qarşı günah işlətməyi sevir”. Amma əlbəttə, bütün bunlar adil şahlara aid məsələ deyildi, ədalətli hökmdarla ünvanlanan mədhiyyələr haqqın təzahürü kimi qəbul edilməlidir.

***

Saray qədim əyyamlarda, orta çağda şair üçün özünü təsdiqin əsas ünvanlarından biri idi. Şairin adı saraydan şəhərə yayılırdı bəzən, sonra uzaq-uzaq ellərə. Şahla görüş üçün çox söz adamının ürəyi axırdı. Əl-Qəzali yazır ki:Hər kimin ürəyində zalımlarla görüş həvəsi və şövqü vardırsa, onda müsəlman nuru yoxdur, belə şəxs Allahla müxalifətçilik etmiş olar. Belə adamın rəftarına etiraz etmək lazımdır: Həmin ikiüzlü şəxs bundan sonra onu ədalət, insaf, kərəm sahibi kimi tərifləyər. Bu isə yalan və riya dolu sözlərdir və bununla da ən azı bir zalımın ürəyini əla alar, onu sevindirər”.

Dində yalnız iki halda şahın yanına getmək məqbul sayılırdı: Sultanın qəti əmri ilə hansısa şairi, alimi incitmək təhlükəsi vardısa və ya xalq üçün ondan nəsə istəmək lazım idisə.

Amma reallıq deyilənlərlə üs-üstə düşmürdü. Şairlərinsə məqsədi saraya getməkdə tamam başqa idi. Orta əsrlərdə şahın başmağının yanında başmaq çıxarmaq üzərində qırğın idi və bu şərəfə nail olmaq üçün çox şairlər əldən-ayaqdan gedirdilər. Hətta şairlər yaxşı əsər yazmaqlarının səbəbini şahın yanında olmaqda görürdülər. Məsələn, Sədi Şirazi “Gülüstan”ın əvvəlində “Atabəy Əbubəkr İbn Sədinin Tərifi” hissəsində yazır: “Sədinin gözəl tərifinin dillərə düşməsi, şair avazının dünyaya yayılması, şirin hekayələrinin ağızda şəkər dadıb əsərlərinin hər yarpağının qızıl vərəqi tək əldən-ələ gəzməsi, onun öz fəziləti və sənətkarlığının yetkinliyindən deyil, bəlkə də cahanın hökmdarı, zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin hamisi, şahlar şahı Atabəy Müzəffərəddin Əbubəkr ibn Səd ibn Zənginin (Yer üzündə Allahın kölgəsi odur. İlahi, ondan razı olsun və könlünü şad eləsin) ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək rəğbət və həqiqi məhəbbət bəsləməsidir”.

Sədidən danışmışkən onu da deyim ki, orta əsrlərdə şahın adını özünə təxəllüs götürən şairlər də olub. Onlardan biri də Sədi Şirazi idi. Sədi öz təxəllüsünü Şiraz hakimi Atabəy Səd ibn Zənginin (1195-1226) adından götürüb.

***

Mədhiyyə yazmaq təkcə pul, rütbə qazanmaq istəyi ilə bağlı məsələ deyildi. Mədhiyyə, tərifli sözlər çox vaxt ya özünü, ya da əlində olanı nümayişkaranəliklə qorumaqla bağlı idi. Şəxsinə hər şeyi rəva biləndən – qaya parçasından toz dənəsinə çevriləndən sonra şair özü üçün, həm də başqaları üçün təhlükəsiz olur. Mədhiyyə həm də sözlə təslim olmaqdır...

Mədh yazan şairlər hər şeydə düz qərar çıxaran şahlar haqda (guya!) deyirdilər ki, şeirə də ən dəqiq qiyməti onlar verirlər. Şah hər şeyi bilən kəs kimi qələmə verilirdi, nəticədə şahın şeiri qiymətləndirilməsi sənətin uğur zirvəsi sayılırdı. Marağalı Əhvədi “Cəmşidin Camı” əsərində Xacə Qiyasəddin Məhəmməd Rəşidə xitabən inadla bildirirdi:

Şahların ürəyi güzgüdür parlaq,

Hər şey öz əksini orda tapacaq.

O, bütün rəsmləri düz əks edir, bax.

Ona əyri rəsmi olmaz aparmaq.

Mədhiyyə yazan şairlərin bir çoxu saraylara kimisə mədh etdiklərinə görə dəvət almayıblar. Onların çoxu əhali arasında yayılan məşhur misralarına, qiyafəli, seçilən sözlərinə görə dərbəra çağırılıblar. Yaxud saraya öz təşəbbüsləri ilə yol tapanlar istedad sınağından üzü ağ çıxanlar olub. Şairləri saraya aparan istedad çox zaman elə saraydaca məhv edilib. Hər şeyin ən gözəli tapılan, verilən, bağışlanan Şaha hər vədə sözün ən gözəlini vermək mümkün olmayıb. Mədhiyyələr əksərən məsnəvi janrında yaranan nümunələrin (hər üç növdə) ən zəifi sayılıb.

***

Şahların sarayı bir dənizdir ki,

Orada sədəf yox, yüz min nəhəng var.

Arzu gəmisini salmaz heç zaman

Bu coşqun dəryaya ağlı olanlar.

Xaqaninin peşman misraları çoxdur, sanasızdır. Vaxtı geriyə qaytarmaq, yazılanı silmək çətindir, belə işlərdə qüdrəti qabil olmaq mümkünsüzdür. Ancaq sarayı bütünlüklə dərk etmək üçün gərək sarayı görəsən, şahid statusunda danışasan. Dənizin acısını dərinlə duyasan ki, sonra ondan ölənəcən içməyəsən. Xaqani deyirdi ki, şahın əlində şərab kimi tutulanda sevinirsən, ancaq haçansa çirkli su kimi kənara tullanacağın gün yadından çıxır. Yaxud ömrünü saraylı günlərə sərf edəndən sonra kor-peşman idi ki, sarayda qızıl gəncliyimi itirmişəm, indi onu qara torpağın arasından seçmək üçün torpağı göz yaşımla yuyuram. Və dövrü ilə uyuşmazlığını Allaha xitabən belə ifadə edirdi:

Ya rütbəmi ümmətimə görə qaldır sən, ya da,

Hümmətimi rütbəm qədər alçalt, olsun bərabər.

***

Klassik ədəbiyyatda “arpa” sözü çox vədə kiçikliyi, xırdalığı ifadə edir. Əgər klassik şeirdə “arpa qədər” ifadəsi işlədilirdisə, bu çox balaca demək idi. Məsələn, el içində gözdən düşmüşlərə belə deyirdilər: “arpa qədər hörməti yoxdur”. Yaxud qadınları pisləyəndə deyirdilər ki, onlar tərəzi xislətlidirlər, bir arpa qədəri zərə, qızıla baş əyirlər. Saray şairlərinin içində bir sırası “külçə istedadları”nı “bir arpa” çəkisinə salanlar da olub.

Fikir verin, mədhiyyələrdə şahlar, mənsəb sahibləri nə qədər ad çəkilərək öyülür, göyə qaldırılırsa, şikayətnamələrdə bir o qədər yerdən yerə vurulur, yamanlanır. Elə bil ürəkdən gəlməyən sözləri köksdən qopan hikkəli kəlmələr əvəzləyir. Yenə Xaqanidən şahlara, yönəlik misraları xatırlayaq:

Üzdən parlaq olsalar da, içləridir qapqara,

Ayna adı vermək olar bu cəhətdən onlara.

Qanmazların əlindədir var-dövlətin hamısı.

Yeyər İsa süfrəsindən nemət eşşək arısı.

Namərdlərlə xədimlərdir tutan bu gün cahanı

Bu dövrandır xacələrlə xəsislərin dövranı.

Ancaq illər keçir, əsrlər adlayır, hər özünü təriflətdirən, “qondardığı” adı öz mahiyyətindən üstün saxlamaq istəyənlər anlamırlar ki, insanı bu dünyada layiq olmadığı sözlər diri saxlamır, insanı xalqalazım, xeyirxah əməllər əbədi edir. Tarixən özünü təriflətdirməyə xərclənən pulları, yaxşı əməllərə sərf edilsəydi, mənsəb sahibləri daha çox yadda qalar və onları öyənlər də istedadlarına bunca xəyanət etmiş olmazdı.

***

Orta əsrlərdə sarayda əsasən də yetişirdi şairlər. Və Xaqani Şirvani də bir sıra şairlər kimi ucalmağın yolunu mənsəbcə böyüklərin yanında olmaqda görürdü:

Hər kiçik bir böyüyün xidmətində yüksələr,

Allahın sayəsində möhtərəmdir peyğəmbər.

Bəla, orasındadır ki, şairlərin “peyğəmbərlik etdikləri” “Allahlar” çox vaxt vəfasız, xeyirdanan, istedadtanımaz olurdular. Ani, dizüstü qərarlarla şairləri saraydan qovur, çox vaxt həbs etdirir, bəzən də başını bədənindən ayırtdırırdılar. Ən adi şeylərdən – orucunu yediyinə görə – şairi asdıran şahlar olub. Təsəvvür edin, şair ölür, çoxlu tərifli şeirləri qalır. Bu halda belə bir qənaət doğur ki, sanki şair onun başını kəsdirəni tərifləyibmiş, başkəsənin ədalətini tərənnüm edibmiş.

Orta əsr saraylarında şairlərin sayına baxanda 400-500 rəqəmini adamı çaşdırır. Eyni dövrdə bu qədər istedadlı adam ola bilərdimi? Xeyr, nəinki istedadlı, heç o qədər şairin tanınması belə mümkünsüz idi. Deməli, onda şahları onun kimin və necə tərifləməsi yox, nə qədər çox şairin göylərə qaldırması, sözlə püləməsi düşündürürmüş. Bəzi şahlar üçün üçün say, kəmiyyət çox önəmlidir, çünki onlar şairlərə də “ordu” gözüylə baxırlar. Orta əsrlərdə ordunu isə çox zaman qüdrətli göstərən say çoxluğu idi.

***

Zaman hər kəsin qiymətini verməyə də bilər. Əlyazmaların yanması, itib-batması da mümkündür. Yaxud kiminsə şöhrəti min illər sonraya qalar. Qətran Təbrizi də belədir, müxtəlif mənbələrdə əsərlərinin və “Divan”ının olduğu deyilir, ancaq ələ gəlib çatan irsinin böyük əksəriyyəti mədhiyyələrdir. İstedadı “fərqədeyinin (əlçatmaz ulduzlar) fövqündə” adlanan bir şairdən ancaq mədhiyyələr qalıb. “Divan”dan sadəcə belə şeirlərin qalması isə ağlabatan deyil. Bir şairdən ancaq və ancaq mədhiyyə qalması isə o şairə zamanın verdiyi ən böyük cavab, istedada verilən ən böyük cəzadır.

***

“Qabusnamə”nin “Şairlik qaydaları haqqında” adlı hissəsində belə bir maraqlı hikmət deyilir: “Söz söylədikdə alicənab ol, hər kəsin yerini bil, hərəyə özünə layiq mədh de. Məsələn, ömründə belinə bıçaq bağlamamış adam haqqında demə ki, qılıncın aslan parçalayar, nizən Bisutun dağını qaldırar, oxla tülkü vurarsan. Ömründə eşşək minməmiş adamın atını Düldül, Büraq, Rəxş və Şəbdizə oxşatma, kimə nə lazım olduğunu bil”.

Bu maraqlı nəsihət o hikmət kitabında elə-belə – havadan deyilmirdi, yersiz şişirtmələr, göyəqaldırmalar, püləmələr mədhiyyələrdə, saray ədəbiyyatında çox idi. Məddahlar az qala hər şahı “dünyanın ən ədalətlisi”, “ən cəsuru” adlandırırdılar. Maksimalizmin pik həddi idi. Qətran Təbrizi mədhiyyələrini belə ifrat həddə təriflərlə doldurmuşdu.

“Qabusnamə”də mədh haqqında maraqlı və diqqətçəkən bir məqam da xüsusi vurğulanır, qulaqlara sırğa olunması “tapşırılır”: “Şair mədh edəcəyi adamın təbiətindən xəbərdar olmalıdır, bilməlidir ki, o nəyi xoşlayır, sonra elə mədh etməlidir ki, onun xoşuna gəlsin. Sən onun xoşuna gələn şeyi deməyincə, o da sənin xoşuna gələn şeyi sənə verməyəcək”. Xüsusi vurğulanan bu məqam hər şeydən əvvəl “baş qorumaq” yolu idi. Çünki şahlar bəzi “xoş sözlərdən” qəzəblənə bilərdilər, nəticədə də riyakarlıq həm tarixi, həm də dövrü cəzasını alardı. Klassik ədəbiyyatda, eləcə də bir sıra əsərlərdə “şaha qulluq qaydaları” haqda saysız nəsihətlərin olması da bunu sübut edir.

***

Mədhiyyələrlə bağlı belə bir hikmətli hekayət də var? Deməli, bir nəfər saçını dərviş kimi hörüb Həcdən qayıdanlara qoşulub saraya gəlir və bir qəsidəsini şaha oxuyur. Şah ona bəxşiş verir. Bir nəfər onu Qurban bayramı günü başqa bir şəhərdə gördüyünü deyir və məlum olur ki o, Hacı deyil. Özünü müsəlman kimi təqdim edən bu adam, sən demə, xristian imiş və dediyi qəsidə də məşhur qəsidə ustadı Ənvərinin (XII əsr fars şairi, qəsidə ustası Ənvərinin də əvvəl Sultan Səncərin ən sevdiyi şairlərdən olsa da, sonra şahın qorxusundan Bəlxə qaçıb orada da ölüb) imiş. Şah ona yalan danışdığını biləndə və onu döyüb qovmağı əmr edəndə, o, yalvarıb söz istəyir:

Sənə qatıq versə bir qərib əgər,

İki qab su olar bir çömçə ayran.

Düzünü istəsən, ərz edim sizə

Dünyagörmüşlər də çox deyər yalan.

Bu hekayət “Gülüstan”dandır. Ancaq işarə etdiyi məlum həqiqət dünyagörmüşlərin yalan, riya dolu əməlləri olsa da, əslində, şahın özünü təriflətdirmək üçün qapısının hər zaman açıq olması da görünən həqiqətdir. Hekayətdən göründüyü kimi sarayda yaxşı şeiri pis şeirdən, yalanı riyadan ayıranlar da varmış. “Yaxşı-pis” şeiri də məqsədlə seçənlər varmış. Birinci məqsədləri şahın gözündə yeni, yaxud yad bir şairin ucalmasına mane olmaq idi, digər tərəfdən də şahı aldanmağa qoymurdular. Sarayda şairlərin bir-birinin ayağının altını qazması, saraydan uzaqlaşdırması barədə faktlar var. Tarixən yaltaqlanmaq üstündə gedən davalarda çox istedadların qanı tökülüb.

Dava isə əlbət ki, altun davası idi: Kim daha çox altun əldə edəcək. Özgə dava nə gəzirdi?! Şahın əyər-əskiyinə, çatışmazlığına susmuş dillər birmənalı şəkildə onu öyürdülər. Özü də bu misralar ürəkdən yox, mədədən, qarından gəlirdi, çünki altun iştahalı şeirlər idi. Özün bir ömür boyu istedadına borclu bilməyən adamların adəti olub ki, özünü həmişə baxdıqları əllərə, boylandıqları saraylara borclu bilsinlər. Qətran Təbrizi yazırdı:

Bir gündə sənin payladığın altunu, şahım.

Mədəndən ala bilməz, ömür qoysa da insan.

Belə bir rəvayət də yadıma düşür ki, bir şahdan şəcərəsi haqda sual soruşanda, o qılıncını çıxarıb göstərərək deyir: “Budur mənim şəcərəm”. Sonra da qızıl sikkələri ayaqlar altına səpib söyləyir: “Bunlar da mənim əcdadlarımdı...”

***

Kimisə qüdrətlə tərifləmək də haradasa bir istedaddır. Sözə müştəri tapmaq çox zaman çətin olub. Ümumiyyətlə, sözləri adilikdən çıxarmaq, onlara bədiiyyat donu geyindirmək və bütün bunları sahmanda, ürəyəyaxın eləmək əksər vaxt o qədər də asan olmayıb. Axı hər tərif də yapışıqlı olmur, tərifin bəri başdan ikrah doğurmaq kimi bir təhlükəli tərəfi də var. Bu sarıdan, məncə, tərifli söz deməkdə Qətran Təbriziyə tay yoxdur. Onun elə tərifləri, elə könüllərə yoltapan misraları var ki, oxuyursan sözlərdəki qatlara, mərtəbələrə heyrətini gizlədə bilmirsən:

İti qılıncla edər qəzanı avarə.

Əcəl yolundan azar görsə əllərində kaman.

Belə, bundan da ötə misraları var Qətran Təbrizinin. Amma elə çaşdırıcı misraları da var ki, əgər başlığını oxumasan, elə bilərsən, gözəl bir qızı tərifləyir. Fəqət biləndə ki, bu sözlər Əmidəlmülk Əbunəsrin mədhinə aiddir mat qalırsan:

Onun nərgiz gözü. ünbülü zülfünə nəzər sal sən.

Görərsən, hüsnü rehyandır, baxışda qəmzəsi peykan.

Əqiqdir ondakı ləblər, ipəkdir büllur əndamı.

Əqiqi içrə var inci, ipəksə pərdə sindandır.

Gözündə əql üçün afət, üzündə can olar rahət,

Bəladır qəmzəsi, hər busəsi min dərdədir dərman.

Qəmindən gözlərim ağlar, gecə-gündüz edər adət,

Nə vəslə taqətim vardır, nə məndə can qoyub hicran.

***

Orta əsr saraylarında (Şərq ölkələrində) mədhiyyələrlə bağlı müxtəlif mənbələrdə yazılır ki, şahlar bir oğul övladlarının öyülməsindən, bir də (bəzi ölkələrdə) hərəmlərinin təriflənməsindən zövq alarmışlar. Çünki övladları təriflənəndə şərəf duyurdular ki, bizim gələcəyimiz – sonrakı hakimiyyətimiz qiymətləndirilir, hərəmlər isə şahların yerdəki məlaikələri, qoruyucu ruhları sayılırdı, onları vəsf etmək şahın yüksək zövqünü alqışlamaq demək idi. Hətta bəzi saraylarda şah öz hərəmlərini ən gözəlini hamının gözü qarşısında hovuzda çimdirərmiş, sonra onun çimməyini izləyən saray əhli yaxınlaşıb o sudan kasa-kasa içib onun gözəlliyinə şeirlər deyərmişlər. Qətransa ata-oğulu – Əmir Əbülhəsən və Əmir Əbülfəzini birgə tərif edirdi:

Biri külək tək əlindən səpər dirhəm, dinar.

Biri qılınc buludundan tökər yerə mərcan.

Biri səxavətə mədən, biri vəfada mətin,

Birisi nemətə xəzinə, biri kəramətdə kan.

Biri mey içsə ona saqilik edər Zöhrə.

Biri top istəsə, vursun, fələk olar meydan.

Xaqaninin də həm Şirvanşah Manuçöhrə, həm də oğlu Axistana yazdığı mədhiyyələr var. Və hətta Axistanın istəkli xanımı Şahbanuya da mədh edib:

Dünyanın üfüqləri ismət fələklərində

Şah xanımından savay işıq saçan görməmiş.

O səfanı ki, gördü vücudunda Cəbrayıl.

Məryəmin pak cismində belə bir can görməmiş.

Şahları, əmirləri zaman-zaman tutduğu sözdən döndərən, fərmanını geri oxutduran baş hərəmləri – “əsas” xanımları olurdu. Onlara xoş sözlər söyləmək, yaxud şahın qara siyahısından çıxmaq üçün onlara namə göndərmək, mədh yazmaq da adət olub. Xaqani Şirvanininki onsuz da çox zaman Axistanla düz gətirməmişdi. Zaman-zaman mübarizələri olmuşdu. Hətta Axistandan Manuçöhrə şikayəti də var şairin. Axistan onu əhatəsindən uzaqlaşdırandan sonra Şirvanı tərk etməyə qadağa qoymuşdu. Xaqani iztirablarının beşiyi Şirvanı – “ŞƏRVAN” adlandırdığı vətənini tərk edib rahat yaşamaq istəyirdi. Şikayətnamələrində dönə-dönə açıq mətnlə deyir bunları. Hətta Axistanın xanımına müraciətlə belə bir mədhiyyə yazır:

İki-üç ildən bəri şah olubdur mənə yad,

Nə bir para çörəklə, nə hörmətlə edir yad.

Çoxdan çıxıb aradan, ənam, bəxşiş, həvalə.

Bir nəfərdən soruşsun halımı laməhalə.

Şah məndən acıqlıdır, bircə soruşun ondan,

Söyləsin ki, nə xəta görmüş yazıq qulundan.

Şair şah sarayında əl çəkib xidmətindən.

Sonra da məhrum qalıb şah verən nemətindən.

İndi ki, bağlanıbdır üzümə şah dərbarı,

Yad ellərə getməyə icazə versin barı.

Arzum budur, bu işdə vasitəçim olasan.

Səndən yaxşı kimdir o, mənə olsun mehriban.

***

Ələ baxmağın, görünür, bir mənəvi, öyrəncəli tərəfi də var. Yəqin o da bir vəzifədir ki, yiyələnən onu əldən vermək istəmir. Axı vəzifə həm də gətir-götürdür, hörmət-izzətdir,. Elə həmin yalançı gətir-götürün, dırnaqarası vacib adam olmağın, buyruğun havasında yaşayanlar, birdən şahın, əmir verənin biganəliyi ilə üzləşəndə heydən kəsilirlər, ürəkləri üzülür, pis olurlar. Ələ baxanlarda bir naz-naz qadın xisləti də olur, onlar daim özlərinə yönəli diqqət tələb edirlər. Umduqları diqqət olmayanda, yaxud azalanda özlərini bədbəxt sayırlar, güzərandan gileylənirlər, bəxtlərini yamanlayırlar. Hörmət minbərindən düşmək istəməyənlərin xasiyyəti belədir. Ancaq müdrik kitablarda deyildiyi kimi arıq qoyunun kəsilmək qorxusu yoxdur, vay o qoyunların halına ki, onlar an-an bəslənirlər, böyüdürlər “başlarını bıçağa çatdırırlar”. Şairlərin şahdan gileylərinin sayı-sanası yoxdu. Özünü dönə-dönə “qul” adlandıran şairlərin “uman yerdən küsərlər” bəraəti ilə yazılmış belə gileyli misraları və şikayətnamələri çoxdur. Kaş istedadla mükafatlandırılmış kəslərin fəxriyyə zirvəsindən mədhiyyə uçurumuna atılmaq arzuları olmayaydı.

***

Mədhiyyələri oxuduqca küfr az qala oxucunun üstünə ələnir: necə şişirtmələr, yüz donlu ifadələr görürsən. İşaşırdan, müşkülqıran şeirlər elə bil şairlərin ağlını əlindən alıbmış, elə bil Allahı-imanı tamam-kamal unudub belə sözlər yazıblarmış:

Bütün canlılara ruzi verənsən.

Həm yedirdənsən, həm içirdənsən.

Bəxşiş kitabının yanında Hatəm

Bir xətcə yer tutmaz, şahidlər aləm.

Yuxarıdakı misraları Fələki Şirvani Şirvanşah Manuçöhrə yazılıb, həmin mədhiyyənin sonu bağışlanılmaq istəyi ilə bitir. Ancaq sarayda onu gözdən salanlar elə salmamışdılar ki... Ona görə də mədhiyyələri zaman gəlir ki, peşimalıq dolu həbsiyyəyə çevrilir. Bu isə artıq zamanın, bəxtin, taleyin dəyişdiyi janr idi:

Belə bir zindan içində daha

Dözməyə artıq iqtidarım yox.

Öldürün, qurtarın bu zillətdən,

Etməyə naləm, ahu-zarım yox.

Düşmüşəm bəndə çarəsiz, bikəs

Qapını açmağa açarım yox.

***

Şahın yanında ucalmaq – sarayın işığına can atmaq, bəzən həbsin qaranlığına aparıb şairləri. Saray həbsxanası deyilən yer varmış... İşıqdan zülmətə, kefdən zillətə bircə addım imiş.

And içən adamların qəribə olurlar, and içməsələr, ölənini gordan, dirisini candan eləməsələr, Allahı ağız-ağız çağırmasalar ürəkləri toxdamır. Mədhiyyələr də belə andlarla doludur. Şaha vəfalı olduqlarına inandırmaq üçün əldən-ayaqdan gedirlər, nələrə and içirdilər şairlər:

Əbül-Üla Gəncəvi Şirvanşah Manuçöhrü belə mədh edir:

And olsun Davudun ağlar səsinə,

Tufanlar qoparan nuh naləsinə.

And olsun Əyyubun müsibətinə.

Yəhyanın müqəddəs, pak ismətinə,

Tövratın, İncilin əzizliyinə.

İbrahim söhfinə, Bətha şəninə.

Merac gecəsincə olan izzətə,

Hacılar çatdığı böyük hörmətə.

And olsun Kəbənin qara daşına,

Səfayə, o dağa, Zəmzəm yaşına.

Arifə, alimə və zahidlərə.

Məscid sofisinə, mücahidlərə.

Aşkarda, gizlində, nə demiş düşmən.

Mənə tutduqları hər bir eybdən.

Pakam Məhəmməd tək kafər sözündən.

Kəbə evi kimi müqəddəsəm mən.

Fələki Şirvani haqda da çuğulluq edənlər çox idi, o da özünü ağa, təmizə çıxarmaq üçün III Şirvanşah Manuçöhrə yazırdı:

Eşitmişəm sənə paxıllar demiş:

Bu qul qulluğunda kahıllıq etmiş.

And olsun misilsiz böyük Allaha.

Peyğəmbərlər şahı Rəsulillaha.

Peyğəmbər qəbrinə – gün tək parlaqdır,

Heydər məzarına, ki pak torpaqdır.

Kəbə evindəki o qara daşa

Zəmzəm çeşməsində saf çağlayışa.

Allahı bir bilən ürəfalara

Həqiqi zahidə, ənbiyalara.

Əsir düşən əhli-beyt canına

Aşurada axan şəhid qanına.

And olsun soluna müşkül açandır,

Səxa mədəni tək gövhər saçandır.

Uğurlu sağına and içirəm mən,

– Əta zamanında dərya kimisən –

Kim sənə dediyim sözlərdən qeyri,

Bir söz deməmişəm nə düz, nə əyri.

Şaha namə kimi yazılan bu mədhlərin çoxu bəraət, yenidən hakimin gözündə hörmət qazanmaq və saraya qayıdış üçün idi. Fəqət şairlərin neçə-neçə iztirablı misraları, bəlkə, elə həmin sınmalardan, uzaqlaşmalardan, badalaqlardan sonra yazılmışdı. Axı az-çox zövqü, ürəyi olanlara yaxşı bəllidir ki, iztirabdan yaranan qəmli şikayətnamələr, yanağından qan daman mədhiyyələrdən daha ürəkyandıran, mənaca daha dərindi.

***

“Qurani-Kərim”də Əş Şuəra surəsinin 224-225-226-cı ayələrində deyilir: (Müşrik və kafir) şairlərə gəlincə onlara ancaq azğınlar uyar (224). Məgər görmürsünüz ki, onların hər biri vadidə sərgərdan gəzib dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) (225). Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) (226)

Bu surələrlə bağlı müxtəlif təfsirlər oxudum və aşağı-yuxarı oxşar fikirlərlə rastlaşdım. Ümumən bəlli olan budur ki, dində tərif, mədh sevilmir. Xüsusən kiminsə haqqında yalan deyilirsə. Məsələn. Ə.Səədinin 226-cı ayə ilə bağlı təfsiri belədir: “Şairlər çox vaxt öz seçdikləri insanları onların heç vaxt etmədikləri əməllərə görə tərifləyirlər. Onlar, əsil həqiqətdə dünyada ən qorxaq və ən xəsis məxluqlar ola biləcək adamların alicənablığını, səxavətliliyini və cəsarətliliyini mədh edirlər”.

Göründüyü kimi dində, əslində, mədh sevilmir. Ancaq o mədh ki, şişirtmədir, olmayanı deməkdən ibarətdir. Peyğəmbərin hədislərində də belə təriflər pislənir: “Kim zalım hökmdarı mədh etsə və təmənnasına görə onun qarşısında özünü zəif göstərib alçaltsa, cəhənnəm oduna səfərdə ona yoldaş olacaq”. Hətta peyğəmbər bir insanın üzünə təriflənməsini onun başının kəsilməsinə bənzədirdi.

Orta əsrlərdə dinin bərqərar indiki dövrlə müqayisədə daha möhkəm idi, bəs, görəsən. şairlər bu hədisləri bilə-bilə, “Qurani-Kərim”i orijinaldan oxuya-oxuya niyə görə əlçatmaz təriflər, olmazlar yazıb-yaradıblar? Dinin daha kəsərli bir dövründə niyə görə mədhiyyələr yığışılmayıb? Tərif yazan da, təriflənən də “Qurani-Kərimi”ə, hədislərə də, məncə, yaxşı bələd olublar. Görünür, o dövrdə ağızdan-ağıza yayılan mədhlərin ictimai şüura ciddi təsiri varmış və saraydakılar da bunu bilirmiş və nəticədə cəmiyyətdə rəy yaratmaq vasitəsinə çevrilibmiş şeir?

***

Nizami Gəncəvi sarayı seçməyib, saray onu seçib. Nizami şahları tərif edib, ancaq onun mədhlərində bir məqam diqqətimi çəkib: şahdan əvvəl Allah, peyğəmbər və Söz elə zirvəyə qaldırılır ki, ondan sonra hökmdara nə tərif desən, nə yuxalıq eləsən də nahaqq haqqı üstələyə bilmir. İkinci bir məsələ Nizamin mədhiyyələrində şişirtmələr, göyəqaldırmalar təkrar-təkrar qulaq deşmir, o, hardasa qələmini cilovlamağı bacarıb, sözün ağuşuna atılıb olan-qalanı unutmağı özünə rəva görməyib. Elə adam var ki, ancaq qələminin ucunu hansısa zərurətdən yaltaqlıq mürəkkəbinə batırır, eləsi də var ki, lap “çernil”lə oynayan uşaq kimi bir dəst paltardan çıxır, hər yanını batırıb-bulayır.

Onun kəmərinin saf ləli

Günəşin ləl daşıyan kəmərinə (istehza ilə) gülür.

Sənin qılıncının çeşməsi Fərat çayının suyu qədər.

Dirilik suyunun sürahisini (sındırıb) suyunu tökübdür.

Bu mavi fələyin altında hər nə varsa,

Sənin muradının əli ona hakimdir.

Torpaq sənin iqbalından (baxtından) qızıla dönür,

Zəhər səni yad edərək şəkərə çevrilir.

Yeddi fələk sənin kəmərinin qabağında bir höqqədir.

Səkkiz behişt sənin bayrağının qabağında bir parçadır.

Hər kimin başı sənin hökmün altında deyilsə,

Onun tacı başı üçün xalta olacaqdır.

Bütün fənlərin tacının sahibi sənsən,

İki aləmin bir bədəndəki canı sənsən.

Bu misralar “Sirlər xəzinəsi”ndə şahın tərifi və yeröpmə məqamları ilə bağlıdır. Nizaminin əsərlərinin qəhrəmanlarını adi insandan peyğəmbərliyə qədər ucalan yol kimi qeyd edənlər haqlıdırlar. Bu təkcə onun əsərlərinin məzmun-mündəricəsindən yox, elə mədhiyyələrdən də aşkar görünür. Son əsərlərində hətta deyərdim ki, mədhiyyələr nəsihətnaməyə çevrilir. Nizami şaha şair mərtəbəsindən yox, şeyx mərtəbəsindən xitab edir. Tərifli sözlər, elə bil, dualarla əvəzlənir. Xüsusən, “İsgəndərnamə”də vurğuladığım məqamlar daha qabarıq görünür. Hətta “İqbalnamə”də şahlara nəsihət hissəsinin “Şahın tərifi”ndən əvvəldə gəlməsi də dediklərimi bir daha təsdiqləyir. Maraqlıdır ki, “Şərəfnamə”də də Nizami şaha nəsihətdən əvvəl öz nəfsinin tərbiyəsi barədə fikirlərini yazır.

***

Nəsrəddin Tusi “Əxlaqi-Nasir”in beşinci fəslində – “Şaha xidmətdə olmaq və rəiyyətlik qayda-qanunu haqqında” hissədə yazır ki, “Şaha xidmətində olmayanlar ora can atmamalıdırlar. Şahlara yaxınlığa can atanları özünü oda atanlara, yırtıcı heyvana sataşanlara oxşatmışlar”. Doğrudur, Nəsrəddin Tusi sonrakı sətirlərdə itaət tərəfdarı kimi fikir bildirir, çünki özü sarayda məsul vəzifədə olub və böyük təcrübə sahibiymiş. Şaha qulluqda təcrübə əsas imiş, yoxsa qurdağızlılar o saatca düşmən seçdiklərini, həmin sözləri yazan şairləri məhv edərdilər.

***

Duaçıyam mən ona ömrüm boyu hər zaman

Onun səxavətiylə qurtardım möthaclıqdan.

Onun axıb gələn mərhəmət çeşməsindən.

Elə bil ki, dirilik suyunu içmişəm mən.

Tanrı lütf etsin ona, artırsın cəlalını,

Hər bir insan dünyada xoş istər öz halını.

Hə, çox insan öz halını xoş istəyir. Əksər insan yaxşı yaşamağı arzulayır və hər keçən gün bu istəyin üstünü neçə-neçə arzularla bir az da “düzəldir”. Arzular artdıqca ehtiyaclar da çoxalır. Hər arzu bizi bir az da ehtiyaclı, gözləyən, uman, canatan eləyir. Yuxarıdakı Məsud ibn Namdarın “İki cənabın istəklisi” adlı mədhiyyəsindəndir. Söhbət Mütövti Əminülmülk və Əbu Cəfər Məhəmməd ibn Hüseyndən gedir.

O, şahdan bəxşiş almasını dirilik suyu ilə müqayisə edir. İnsanı ölməyə qoymayan su ilə. İndiki dövrün uzaqlığından baxanda təsəvvür etmək çətin deyil ki, o çağda qəzetlər yox, saytlar yox, nəşriyyatlar yox, kitab menecerliyi, külli miqdarda nəşrlər yox ki, şairlər qonorar alsınlar, dolansınlar. Həmin dövr üçün şairlərin başqa işlərlə məşğul olması da o qədər ağlabatan görünmür. Qalır bircə məclislərdə xoş qəzəllərindən alacaqları ənamlar, bir də insaflı şahıların, əmirlərin ənamları. Başqa nədə pul vardı ki... Sanki o çağlarda hələ yaradıcılıq təəssərüfatına çevrilməmiş söz sənətin özündə də bir növ möhtacetməyə meyl varmış.

***

Sözü deməyin təhəri var. Sözü deməyin vaxtı var. Bütün bunları duymaq, bilmək, anlamaq hər yetən sənətkarın başı üçün deyil. Orta əsrlərdə şairin ictimai mövqeyinin olması şərt idi, bugünkü kimi hasısa söz əhli özünü hanısa izmə aid edib, sinəsini kənara çəkə bilməzdi, çünki yaxşı söz, yaxşı şeir çox vaxt saray əhlinin əlinə yetişirdi. Həm də yazanların irəlisində gedənlər, daha qalıcı mətnlərə köklənənlər, adətən, ensiklopedik zəkaya malik adamlar olurdu və əlbəttə ki, tarixi, keçmişə boylanmaq onların özündən asılı deyildi, çünki çoxlu istinadgahları, üz tutası adamlar var idi. Onlar keçmişə müraciət etməklə həm yaşadığı dövrə ayna tuturdular, həm gələcəyə ismarış göndərirdilər. Göndərilən hər ismarışla bu günün ədəbiyyatı çevrilib olurdu gələcəyin, sonrakı əsrlərin, bizim, bizdən sonrakıların. Klassik ədəbiyyatın meydanı bu günlə müqayisədə dar idi, bunun da özlüyündə müxtəlif səbəbləri vardı və bu səbəblərdən ən sadəsi bu idi ki, şairlər istedadlarını bəlli mövzularda və janrlarda sınayırdılar. Üstün divan şairi olmaq istəyənlər gərək əruzun bəlli janrlarının hər birində az-çox nəsə yazaydılar, yaxşı nazim olmaq istəyənlər gərək bəlli mövzulu əsərlərdən hansınasa yenidən can verəydilər. Ona görə də klassik ədəbiyyatda hər əsər, əslində, sadəcə yazmaq yox, həm də istedadını təkrar-təkrar təsdiq etmək, onun miqyasını bütün özündən əvvəldə yazılanların nisbətiylə birgə göstərə bilmək demək idi. Çətin imtahan idi və bu çətin imtahandan hər yetən söz əhli çıxa bilmirdi. Alim Qasımovdan bir dəfə qızı Fərqanə xanımın sənətə gəlməsi ilə bağlı sual verdim, muğam ustası qızının istedadının hələ uşaqlıqdan üzə çıxdığını danışandan sonra bir maraqlı məqama toxundu: Ancaq səhnəyə çıxan məqamda ona bir də düşünmək imkanı verdim. Dedim ki, qızım, bu, çox çətin sənətdir, elə sənətdir ki, hər an imtahandasan: bir adam üçün də oxusan imtahan verirsən, yüz min adam üçün oxusan da. Saatlarla oxusan da imtahandır, bir ağız oxusan da”.

Adamlar ədəbiyyatın gücünə, sözün hünərinə zaman-zaman inamlarını itiriblər. Xalqlar hesab edib ki, onlara göndərilən dini kitab sonuncudur, axır sözdür, ancaq belə olmayıb “Qurani-Kərim”ə qədər bir neçə dəfə səmavi kitablar göndərilib. İnsanın özünü ifadə etmək imkanı olduqca ədəbiyyatda hədd, son, duracaq olmayacaq. Allahın yaratmaq gücü tükənməzdi və hər dövrdə onun öz gücünü göstərmək imkanı var. Klassik ədəbiyyatda sözün meydanının indikiylə müqayisədə qismən dar olması, bəlli forma və mövzu məsələlərinin qəlibləri haqqında danışarkən vurğulayım ki, bəlli mövzularda söz demək, əslində, çətin idi: çünki sənin nə formaya, nə də məzmuna müdaxilə imkanın vardı. Bu “həbsxana qanun”larının içində də istedadına azadlıq verənlər vardı. Məsələn, “Oğluma Nəsihət”lər. Bu nəsihətlərin hər birində həm də hökmdarlara göndərilən ismarışlar vardı...

***

Bu yazını yaza-yaza bir düşüncə də biixtiyar çulğayır məni: İttiham etmə. Yazıma hər düzəliş etdikcə ittiham dolu məqamları hiss edirəm və deyim ki, bunu anlamaq özümçün də çətindir. Yaşadığımız dövrdən ötənlərə, neçə-neçə əsrlər əvvələ boylanmaq, doğrudan da, asandır və o reallığı ittiham etmək isə su içimidir. Əslində, mən bir yaradıcı insan kimi, həmin dahi şairləri, seçkin sənətkarları daha yaxşı anlamalıyam. Onlara daş atmasam da, hər halda gül atıram. Mənsur Həllac daş-qalaq olunanda ona gül atan Əl Şibli kimi hiss edirəm özümü. Axı ən çox anlayan da nəsə atırsa, bəs onda başqalarının şairlərə tolazlanan daşlarından niyə gileylənirik ki? Ancaq, əslində, barışmadığım ayrı-ayrı şairlərin düşüncələri, şahların təlqini, siyasətin hökmü deyil, barışmadığım odur ki, dünya təzələnmir, nəticədə zaman-zaman eyni hallar, oxşar hadisələr durmadan təkrarlanır, təzələnir... Situasiyalar daha da qəddarlaşır...

# 1868 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #