Sərgilərdə ancaq naşirlər və təşkilatçılar qazanır - Fərid Hüseyn yazır...

Fərid Hüseyn

Fərid Hüseyn

8 iyun 2023
# 12:16

Kulis.az Fərid Hüseynin "Duru yerindən öz payını götürənlər" adlı yeni yazısını təqdim edir.

Doğrudan da, bir çox hallarda sənətkarlara, yaxud işi ərsəyə gətirənlərə qiymət yox dərəcəsindədir. Sənəti, işi yaradana, orijinalı meydana gətirənə yox, onun alıcısını təşkil edənə, müştəri tapana, bəzən isə ən mənəvi məsələləri bazara çıxaranlara ehtiyac var.

Elə qəribə bir dövran içərisindəyik ki, işi ərsəyə gətirəndən başqa hamı bəs qədər qazanır.

Məsələn:

- Toy olur, nə oğlan evi karlı çıxır, nə qız evi. Qazanan restoranlar olur.

- Kitab sərgiləri keçirilir, nə yazıçı, nə şair, nə müəllif ciddi gəlir üzü görür. Cibi gülən yenə naşirlər və təşkilatçılar olur.

- Musiqilər yazılır, nə şairlər sözlərinə görə çox zaman pul alır, nə də bəstəkarlar qonorar. Cibləri dolan aranjimançılar olur.

- Müəllimlər gecə-gündüz dərs deyir, ancaq onqat qazananlar kurs rəhbərləri olur.

- Həkimlər bir qazananda, klinika rəhbərləri on götürür...

- Aparıcılar maaş alır, bəzi televiziya kanalları reklamdan qaz vurub qazan doldurur, onların verilişlərini veriliş edən qonaqlar, ekspertlər isə çox zaman barmaqlarını sorurlar.

- Bir kq pambığı yığmaq üçün əlini 200 dəfədən çox kola aparmalısan. Dünyanın ən ağır zəhməti olan pambıq yığımında kəndlinin qazancı qul əməyindən də aşağı meyarlarla hesablanır. Di gəl, təsərrüfat yiyələri onqat nisbətlə qazanırlar. Bir sözlə, işi yaradan, məhsulu meydana gətirən adam, demək olar ki, o işə qol qoyan hər kəsdən daha az karlı çıxır.

Mərhum şair Fikrət Sadıq müsahibə vermirdi, bunu belə əsaslandırırdı ki, mən müsahibədə bir saat danışıram, bir qəzet səhifəlik yazının axırında isə müxbirin imzası gedir. Müsahibə qonorar vermək ənənəsinin olmamasına o da belə etiraz edirdi.

Dərslik yazan dostum söyləyir ki, sualları mən hazırlayıram. Yüz min manatları isə sınaq imtahanı təşkil edənlər qazanır.

Bir dəfə şair Aqşin danışırdı ki, nəşriyyat əvvəlcə tərcüməçiyə verəcəyi puldan kəsir, mətni qəpik-quruşa çevirtdirir, sonra redaktorla, korrektorla danışıb görəcəkləri işin qiymətini aşağı salır. Kitab əlyazma halında olarkən artıq naşir görüləcək işin ilkin qazancını kitab çıxmamış götürür. Yəni nəşriyyat oxucudan qazanmalı olduğu pulu da əliqələmlilərdən qazanır.

Bir çox sənətlər kimi, bizdə menecerlik fəaliyyəti də dünya standartlarından fərqlənir. Bizim izahlı lüğətimizdə reallığımıza uyğun olaraq menecer sözünə belə şərh verilməlidir: “Duru yerindən öz payını götürən”. Bütün dünyada menecerlər “qazanc yerini tapan”, məhsulu alış ünvanına çatdıran, sənəti pula çevirənlərdir, bizdə isə əksər menecerlər pul ilə yaradıcı adamın arasına qaratikan kolu kimi bitiblər. Nəticədə, yaradıcı insanlar menecerlərin uca boylarının, enli kürəklərinin, yağlı dillərinin arxasından boylanıb pulun üzünü də görə bilmirlər.

Sanki mühitimizdə uğurlu menecerliyin əsas göstəricisi işlə məşğul olan hər kəsi pulsuz işlətməyə, yaxud qul əməyinə razı salmağıdır. Mən demirəm, menecerlər, yaxud biznes yiyələri qazanmasınlar, sadəcə insaf da dinin yarısıdır, sadəcə bölüşməyi bacarmaq lazımdır…

İnsanlar pul qazanmalı olduğu işdən məvacib əldə edə bilməyəndə məcbur qalaraq fırıldaqçılığa, görüləcək işi başdansovdu eləməyə qurşanır. Məktəbdə bilik verməyi çoxdan yadırğamış bir sıra müəllimlərin dolanışığı repetitorluqdan, bir sıra həkimlərin qazancı ehtiyac olmadan göndərildiyimiz analizlərdən, firma dərmanlarından çıxır...

Elə bir dəhşətli vəziyyət yaranıb ki, carçıların çörəyi belə susmaqdan çıxır...

qafqazinfo.az

# 1787 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #