“Sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının, tanınmış şəxslərin ən çox sevdiyi əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz gənc yazıçı Səxavət Sahildir. S.Sahilin sevdiyi əsər Joze Saramaqonun “İsanın İncili” romanıdır..
– Joze Saramaqonun “İsanın İncili” romanı hansı bədii xüsusiyyətlərinə və ədəbi məziyyətlərinə görə sevdiyin əsərdir?
– Saramaqonun bu əsəri bir yox, bir neçə məziyyətinə, hətta, deyərdim çoxsaylı xüsusiyyətlərinə görə mənim sevdiyim əsərdir. “İsanın İncili” bəşəriyyətin ən məşhur adamı haqqında yazılıb və “İncil”in digər variantlarından geri qalmır. Romanın adının “İsanın İncili” olması da təsadüfü deyil, müəllif əsəri ilə iddia edir ki, bu İsa peyğəmbərin öz “İncil”idir, yəni onun həyatının sirli və qaranlıq tərəflərini də ehtiva edir. Bəlkə də müəllif haqlıdır, həqiqətən, bu belədir... Şəxsən mən həm də Saramaqonun “İncil”inə inanıram.
Romanın digər xüsusiyyətlərinə gəldikdə isə, İsa Məsihin peyğəmbərlikdən adi və köməksiz insana çevrilməsinin, hətta öz missiyasından narazılığını büruzə verməsinin də şahidi oluruq. Peyğəmbərə bu münasibət cəsarətdən çox, peşəkarlıq tələb edirdi. “İncil”dən sonra eyni mövzuda təzə nəsə yazmaq olduqca çətin və təhlükəli idi. Təhdidlər kilsə tərəfindən gəlsə də, hesab edirəm ki, əsl təhlükə oxucuların romanı qəbul etməməsi olardı. Lakin müəllif öz şöhrətini və oxucu məhəbbətini daha çox bu romanına görə qazandı.
Əsərdə sevdiyim xüsusiyyətlərində biri də, dünyaya Xilaskar kimi göndərilən İsanın öz həyatına görə günahkar olmasıdır. Ümumiyyətlə, əsərdə çoxsaylı konfliktlər var və bu konfliktlər yüksək bədii ustalıqla verilmişdir, romanın maraq gücünün artmasına xidmət edir, heç də süjet xətrinə əsərə daxil edilməmişdir.
İsanın öz həyatına görə günahkar olması, körpə ikən baş verir. Atası İosif məbədin tikintisində işləyərkən, çarın iki aylıq oğlan uşaqlarının qətlə yetirilməsi fərmanını əsgərlərdən eşidir. İosif övladını xilas etmək üçün gecə ikən sığınacaq tapdığı mağaradan qaçanda kənddə öldürülən körpələrin çığırtısını eşidir. Əslində o qətllə bağlı fərmanı kənd sakinlərinə çatdırmaqla günahsız yerə qurban gedən uşaqları da xilas eləyə bilərdi. Göründüyü kimi daha bir ziddiyyət meydana çıxır. Bəşəriyyətin günahlarını yumaq üçün seçilən qurbanlığın – quzunun üstündə günah “gəzdirməsi” həm də xilas məfhumuna fərqli yanaşma idi. Yəni insanlığın xilaskarının özü günahkar olmuşdur, həqiqətən dünyada ideal insan tapmaq çətindir.
Yeri gəlmişkən bir nüansı vurğulayım ki, bütün dövrlərin şedevri sayılan “Don Kixot”un da, məncə, bu əsərlə bağlılığı var. Məsələn, Don Kixotun dünyanı düzəltmək istəyini İsa peyğəmbərin bəşəriyyəti xilas etmək cəhdləri ilə eyniləşdirmək mümkündür. Bəşəriyyət xilas oldumu?! Əlbəttə ki, indi bu suala cavab vermək çətindir. Saramaqonun da qəhrəmanı Servantesin qəhrəmanı kimi həyatını tərəddüd və təəssüf ilə başa vurur.
Bilirsən, bu romanı bütünlüklə sevirəm, əsərdə istiqamətlər, qatlar o qədər çoxdur ki, onu bir nüansa görə sevmək mümkün deyil, təkrar edirəm, əsəri bütöv mətn kimi sevirəm.
– Elə bilirəm bu əsərdəki müqəddəslərə inancın sarsılması məsələsindən, mövcud “İncil” variantlarına alternativlik haqqında danışsaq, əsərin daxilindəki sirlərə nüfuz etmiş olarıq...
- Bu qənaətə gəlmişəm ki, Saramaqo bu romanını daha çox müqəddəsləri adiləşdirmək, onlara olan inamı sarsıtmaq, hətta onların varlığına şübhə etmək məsələsi üzərində qurub. Oxucunun inamının sarsılması bəlkə də müəllifin əsas istəyidir.
Bu romanı təkrar-təkrar oxumuşam hər dəfə oxuyanda öz fikrimdə daha da möhkəmlənirəm: Saramaqo obrazlarını istədiyi formaya salmağı ustalıqla bacarır, onun üçün hamı eynidir, nəinki peyğəmbər, hətta tanrı onun qələmindən yeni biçimdə çıxa bilər. Bir tərəfdən də müqəddəslərə qarşı etiraz aydın hiss olunur. Müəllifin atmacalı və ironiyalı ifadələri isə roman boyu müşahidə edilir. Əsəri təkcə mahiyyətinə, süjetinə görə qiymətləndirmək düzgün deyil, eyni zamanda hər sətri, hər cümləsi öz-özlüyündə dəyərlidir. “Zərgər dəqiqiliyi” bənzətməsini romanın hər bir cümləsinə şamil etmək olar.
Kilsənin bu romanı qəbul edib “İncil”lərin sırasına qoşması ağlabatan görünmürdü. Lakin əsər, mahiyyətcə alternativ “İncil”dir və özündən əvvəlkilərdən müasir olması ilə, islahatçı olması ilə fərqlənir. Kanonik “İncil”də olmayan süjetlərin, hadisələrin bu romanda olmasa da təsadüfü deyil. Belə olduğu təqdirə üstünlük Saramaqonun əsərinə keçir. Çünki bugünkü oxucu təkrarçılıqdan bezib “İncil”ə təzə münasibət görmək istəyir. Roman öz müəllifinə “Nobel” qazandırıb, milyonlarla oxucu marağına nail olursa, əminliklə demək olar ki, Joze Saramaqo İsa Məsihə təkcə öz münasibətini ifadə etməyib, o həm də, milyonlarla oxucunun oxumaq istədiyi əsəri yazıb.
– “İncil” haqqında yazılanlar bu günə qədər dini şərhlər məzmununda idi, İsanı bir insan kimi dərki məsələsi demək olar ki, ədəbiyyatda və ilahiyyatda mövzuya çevrilməmişdi. İsanın əməlləri və yaşam tarixçəsinə işıq tutan əsərlərdən başqa İsa hansı durumda hansı hisləri keçirməsi hamımıza qaranlıqdır. Saramaqo məhz bu məsələyə işıq tutdu və mən çox istərdim ki, bizim söhbətimiz bu əsərdə İsanın məhz insan kimi dərkinə və onun romanda o cür əks etdirilməsinə yön alsın.
– Romanda İsanın yeniyetməliyindən başlayaraq xarakteri açılır, onun daxili aləmini görmək olur. Atasının sənətini davam etdirərək ailənin çətinliyini öz çiyinlərinə götürməsini ailədə böyük övladın missiyası kimi başa düşmək olar. Lakin atasını axtarmağa getməsi, içində gəzdirdiyi suallarının cavabsız qalması onun oxucuya məlum olan ilk düşüncə və hissləridir. Yuxuda gördüyü dəhşətli qətllərin səbəbini soruşanda atasından heç bir cavab almamışdı. Hər gecə qışqırması, hövlnak ayılıb təşvişə düşməsinin səbəbini anası da bilmirdi, oğluna görə narahat olsa da, çarə tapmaqda aciz qalırdı. Məhz buradan başlayaraq İsa Məsihin düşüncələrini özünü büruzə verir, oxucuya sirayət edir. Onu həyatı, yaşamağı daha çox adi insanlarla eynidir. Başına gələn hadisələr isə öz seçimi deyil, tanrının onu seçməsidir, obrazlı desək, özü istəmədən peyğəmbər rolunu ifa eləməyə məcburdur. Sanki Məcdəlli Məryəm obrazı da, İsanın başqalarından seçilməyən bir adam olması fikrini təsdiq etmək üçün romana daxil edilib. Hərçənd ki, İsanın Məryəmlə sevgili olması inkar edilsə də, rəvayətlərdə öz əksini tapıb. Saramaqoya qədər də İsa peyğəmbərə fərqli yanaşma olub. Ədəbiyyatda, teatrda, kinoda, rəssamlıqda çoxlu belə faktlara rast gəlmək mümkündür.
– Romanda belə bir ateist qat da qabardılır: Allah hər şeyə qadir deyil, şeytan isə xeyir mələyidir. Bu məqamı gözardı etməyək...
– Mən də bu fikirlə razıyam, romanda həqiqətən də bir ateist, bir etiraz ruhu var. Nəyə görə Tanrı hər şeyə qadir olmalıdır?! İqtisadi terminlə desək Saramaqo Tanrının manapoliyasını əlindən alıb, onu insana daha da yaxınlaşdırıb. Tanrıya qarşı üsyan təkcə əsərin ümumi ideyasında deyil, həm də ayrı-ayrı obrazlarda da var. Con Bayronun “Qabil” əsərini xatırlamaq yerinə düşər, orada da Tanrıya üsyan məsələsi var, görünür Saramaqo ənənədəngələn süjeti yerinə düşən məqamda “əldən buraxmayıb”. Şeytan surəti romanın ümumi məqsədinə xidmət edir. Əsərin əvvəlində işsiz-gücsüz qalan İsaya kömək edir, əvəzində özünə həmfikirinə çevirmək istəyir. Romanın digər bir yerində isə Tanrının İsayla söhbətinə şahidlik olur.
Şeytanın xeyir mələyi olmasını dedin, mən bununla tam razılaşa bilmərəm. Çünki romanda o məqsədsiz kömək etmir, əksinə İsanın çıxılmaz vəziyyətindən istifadə edərək onu, öz tərəfinə çəkmək istəyir. Tanrıyla görüşdə Şeytanın peyda olmasına gəldikdə isə deyə bilərəm ki, müəllif bununla şeytanın öz haqqını vermiş olur. Bu fikrin özü də ziddiyyətli ola bilər, lakin əsas məsələlərdən biri də ziddiyyətdir ki, Saramaqo obrazlarını bu istiqamətə “çəkir”.
– Roman təhkiyə üzərində qurulub, saysız situasiyalar isə “ölü mətn” kimidir. Səncə, bunu klassik dini kitabların dilini, üslub saxlamaq üçün edib, yoxsa təhkiyə dili müəllif mülahizələrinə daha geniş meydan verdiyi üçün?
– Əvvəlcə onu deyim ki, romanı oxumaq, dərk etmək üçün “İncil”ə bələd olmaq, xristian mifologiyasını dərindən bilmək lazımdır. Düzdü, bu əsərdə təhkiyə əsasdır, çoxqatlı süjetlərin qurulması, ziddiyyətli və mürəkkəb vəziyyətlərin yaradılması üçün ən vacib şərt ağır təhkiyənin olmasıdır. Lakin romanın işi təhkiyə ilə bitmir, təhkiyə müəllifə romanda “möhkəm durmağa” kömək edir. Burada əsas məqsəd romanın bəşəriyyətə qarşı qoyulan ideyasındadır. Bəşəriyyətə qarşını ona görə deyirəm ki, İsa Məsihə hər zaman yüksək ehtiram və sevgi olub. Saramaqo əsərdə qoyduğu problemin həllinə nail olur, ideyasını oxucuya tam çılpaqlığı ilə çatdıra bilir.
Mətnin dili bildiyimiz kimi ağırdır, hər oxucunun asanlıqla oxuya bilməz. Mürəkkəbliyi də klassik dini kitablara bağlamaq düzgün olmaz, klassik dini kitablar daha çox nağıl dili üstündədir, burda isə müəllif ağır dildən və çoxqatlı situasiyadan istifadə edir. Bu da ona öz fikrini “yeritməyə” imkan verir, çünki, sadə dil və süjetlə belə əsər yaratmaq mümkün olmazdı, belə deyək də, özü özünə şərait yaradıb ki, istədiyi mətni yarada bilsin.
– Əsərdə bir qəribə məqam da var, müəllif hər nə qədər istədiyi ideyaları həyata keçirsə də, düşüncələrini bəzən təlqinedici ədayla çatdırsa da, “İncil”dəki xroloji ardıcıllığı gözləyir. Qəribədir, hə?
– Bunun bir neçə səbəbləri var. Xronologiyanın saxlaması romanın “İncil”rdən biri olması iddiasına gələ bilər. Çünki, Saramaqo əsəri bu məqsədlə yazıb, eyni zamanda, öz baxışını ortaya qoyub. Yəni xronologiyanı saxlamaqla romanı məhz İsa peyğəmbər haqqında yazdığını önə çəkmək istəyib. Onun, romanı qalmaqal, gündəm naminə yazdığını iddia edənlər olsa da, əsərin möhtəşəmliyi bütün bu fikirləri kölgədə qoyur. Digər tərəfdən, romanda nə qədər mistik çalar olsa da, əsərin kökü reallıq və həqiqət üzərində qurulub – insan necə varsa elədir. İnsanın əvvəldən axıra kimi həyatını təsvir etmək üçün əlbəttə xronoloji ardıcıllıq olmalıdır. Məncə, ən inandırıcı versiya romanın mövcud “İncil”lərə alternativ, həm də müasir baxışla yazılmasıdır.
– Saramaqo bu əsərinə vətənini tərk etmək məcburiyyətində qalıb. Onu “Allahı və İsanı ittiham etməkdə” günahlandırırdılar. Səncə, bu romanda hansı məqamlarda Saramaqo Allahı və İsanı ittiham edir və edirsə nədə ittiham edir, söhbət hansı detallardan, diqqətəçatdırılası məqamlardan gedir?
– Kilsənin təbirincə yanaşsaq, Joze Saramaqo İsanı adiləşdirib, tanrının insanın yanına gətirib, “səlahiyyətlərini” alıb. Kilsə “İncil”dən başaqa İsa tanrı ilə, peyğəmbərlə bağlı olan nə varsa qəbul etmir. İttihamlar da gözlənilən idi, dəyəri hörmətdən salmaq onun dağılmasına, məhv olmasına səbəb ola bilər.
Romanın bir çox yerində ittihama səbəb olan faktlara rast gələ bilərik. İosifin balaca İsa üçün apardığı günahsız göyərçinin qurban verməsini təsvir edərkən yazır ki, bu göyərçin tanrının dişindəki oyuğu (çürük yer nəzərdə tutulur) belə doldura bilməzdi. İroniyalı sətirlər də romanda kifayət qədərdir. Məsələn: “Çaqqal gavalısı Nazaretin sərt yamaclarında bolluca bitir, çünki tanrı ocaq qalamaq və çələng hörmək üçün onlardan gözəl şey fikirləşə bilməyib.” İttiham dolu məqamların hamısını sadalamaq mümkün deyil, lakin dediyim faktlardan çox şey aydın olur.
– Bir də İsanın narahat obrazı var əsərdə. Məsələn o düşünür ki, “Allahın məqsədlərini həyata keçirən qurban” hesab edir özünü. Hər şeyi əvvəlcədən bilməsi onu məyus edir. Bu məqama fikir vermisənmi?
– Təbii ki, fikir vermişəm, romanın finalında İsa peyğəmbər Xilaskar seçilməsinə təəssüflənir, hamı kimi yaşamaq istəyir, daxilində ziddiyyətlər, tərəddüdlər meydana çıxır, özü ilə mübarizəyə başlayır, nəyə görə məhz onun seçilməsinin səbəblərini anlamağa çalışır. Xarakterin ikiləşməsi şeytanı yada salır, romanın əvvəlində yeniyetmə İsanın şeytana çoban olması amilini də nəzərdən qaçırmamalıyıq.
Səncə, faciəsini əvvəlcədən bilən adam necə ola bilər?! Əlbəttə ki, sarsılar. Saramaqo da İsa peyğəmbərdə adi insan hisslərinin olduğunu göstərib, bayaq dediyim kimi, kilsənin də qəbul etmədiyi məqamlardan biri bu idi. İsanın, Allahın məqsədlərini həyata keçirən qurban seçilməsi məsələsində öz missiyasından imtina etmək istəməsi, görünən tərəfdir. Görünməyən tərəf isə Tanrının bəşəriyyətin günahını yumaq üçün qurbana ehtiyacı olmasıdır. Burda müəllifin özünün Tanrıya olan etirazını açıq-aydın görürük. Onun fikrincə, Tanrı heç də hər şeyə qadir deyil və ya onun da öz məqsədləri var
– Məncə, əsərin ideyasında, yazıçı mövqeyinin, qənaətinin ifadəsində yox, min illərdi insanları düşündürən saysız şübhələrin dilə gətirilməsində, sadalanmasındadır. Bəs səncə?
– Məncə də elədir, bu roman həm də bu günə qədər insanlığın şübhəsini, ziddiyyətlərini, etirazlarını ifadə edir. Sadəcə fərq ondadır ki, bu şübhələr, narahatlıqlar İsa peyğəmbərin özü tərəfindən ifadə edilir. Məcburiyyətdən, taleyin qismətindən peyğəmbər olur, istəmədiyi halda öz vəzifəsini yerinə yetirməyə məcburdur.
İsa obrazı mənə silahsız döyüşə gedən əsgəri xatırladır – istənilən halda öldürüləcəksən. Səngərdə əliyalın əsgər çarmıxdakı İsa kimi düşünməsə də, onların təəssüfü və aqibət eynidir.
Əsərin dəyəri insanlığı düşündürən və dünya durduqca möcud olacaq problemin olmasındadır. Bəlkə də dünyada ən uzunmüddətli yaşaya bilən düşüncə də, ideya da budur. Bu şübhələr təkcə İsa və Tanrııyla bağlı deyil, ümumiyyətlə, dünyayla, həyatla bağlıdır.
– Saramaqo müxtəlif variantlı “İncil”lərdən istədiyi hissələri birləşdirir, istədiyi hissələri atır, bəzi məsələləri çox qabardır, bəzilərinin üstündən sükutla keçir. Onun dini mətnlə bu cür davranmağını şərh etməyini istərdim, bir də başqa bir məsələ var, onu da söhbətimizdə unutmamağı təvəqqe edirəm: Yazıçının məqsədi sanki dini, metafizik düşüncəni kənara qoyaraq sadə bir insanın qələbəsini təsdiqləməkdir.
– “İncil”i bütöv halda yazmaq Samaqonun məqsədinə uyğun gəlmirdi, o özünə uyğun süjeti xammal kimi istifadə edirdi. Daha çox şübhə doğuracaq məqamlardan yararlanıb, onları qabardıb. Məncə mətnlə öz istəyi ilə bu cür davranmayıb, dediyim kimi zərurətdən belə alınıb. Bir də hadisəyə hansı əsrdən yanaşmaq məsələsi də var. Ola bilsin ki, həm də müasir oxucunun zövqünü nəzərə alıb, “İncil”ə də dini mətn kimi yox, rəvayətlər toplusu kimi yanaşıb. Əgər o “İncil”dəki bütün süjetlərdən istifadə etsəydi, istədiyinə nail ola bilməzdi, əsər daha çox dini kitab olardı. Saramaqo bütün bunları dəqiqliklə hesablayaraq ortaya “İncil”ə yaxın bir sırada dura biləcək əsər ortaya çıxarıb.
Bəli, o hər şeyi kənara qoyub, öz məqsədini həyata keçirib. Sadə bir insanın, nazaretli cavan bir oğlanın İsa Məsih üzərində qələbə çalmasını “təmin edib” Onun yaratdığı İsa obrazı İsa peyğəmbərə qalib gəlib. Bu qalibiyyət eyni zamanda insanlığın qalibiyyətidir.
– Bir məqalədə oxumuşdum ki, Saramaqonun əsərindəki İsa obrazı sadəcə əsər qəhrəmanıdır və O kiməsə ağıl öyrətmir, öz şəxsi problemləri ilə məşğuldur, sanki Allahın ona verdiyi missiyanı da unudub. Eyni cür də Məryəm təsvir olunur. Ona İsanın doğulacağını müjdələyən də guya mələk olan adi yolçu olur. Saramaqonun məhz bu müqəddəslik anlamından roman boyu yayınmasından danışmağa ehtiyac var.
– Elə məsələ də bundadır, əsərdə insanlıq müqəddəslikdən üstün tutulur. O əslində öz missiyasını unutmayıb, yaşamağı, həyatı ön plana keçirib.
Məryəmin mələklərin müjdəsinin gizlətməsi isə tama ayrı bir məsələdir. O oğlunun taleyinə görə fariseylərdən qorxurdu. Başına gələn hadisəni oğlunun müqəddəsliyi, xoşbəxtliyi naminə sirr kimi qoruyub saxlayırdı. Mələyin yemək yediyi kasanın parıldaması Məryəmi və Yusifi təşvişə salmışdı, hətta onları sorğu-sual da eləmişdilər. Həmin kasa romanın lap sonunda yenidən “səhnəyə” çıxır – çarmıxdakı İsanın qanı damla-damla axaraq kasaya dolur.
– Romanla bağlı belə bir fikir də irəli sürürlər ki, təhkiyəçinin kimliyi bilinmir. Müəllif bu məqamı açmır. Təhkiyəçi üçüncü şəxsin dilindən danışdığına görə İsanın yevangelist (“İncil” müəllifi) olmadığı dəqiq məlumdur. Bəs onda bütün hadisələri danışan kimdir?
– Bizə nağılları, rəvayətləri kim danışırsa, bunu da o danışır. Həm də bu cür mətnlərdə təhkiyəçinin meydana girməsi yolverilməz sayılır. Loru dildə desək, söhbət Tanrıdan, peyğəmbərdən, mələkdən gedirsə, təhkiyəçinin orda nə işi var? Görünür, üçüncü şəxsin görünməz forması da mövcuddur. Kimisə Saramaqonu öz təhkiyəçisini gizlətməkdə ittiham eləməsi absurd görünür. Bu da hər halda müəllifin seçimi, müəllifin üslubudur. Roman dilinə görə qədim mətnlərlə uzlaşmasa da, təhkiyə formasına görə uyğun gəlir. Təhkiyəçinin görünməmsi əsərə heç bir zərər gətirmir, üstəlik onun sirini daha da möhkəmləndirir. Bəlkə də görünsəydi, romanın gücü zəifləyərdi, təhkiyəçinin də düşüncələri, hissləri romana daxil ola bilərdi. Bu da öz növbəsində hədəfdən yayınmaq deməkdir.
– Əsərdə İblis obrazının zəif işlənilməsi məqamı da yox deyil. İblis “Allaha uduzmuş tarix iştirakçısı” kimi görünür ancaq.
- İndiki dövrdə İblisin rolu həyatımızda azaldığı kimi Saramaqo da onun “xidmətindən” az istifadə edib. Amma mən deməzdim ki, əsərdə İblis obrazı zəifdir, sadəcə olaraq aktiv deyil, ən zəruri halda meydana girir. İblisdən istifadə edib nəyisə çatdırmaq oxucuya bəlkə də qeyri-ciddi gələ bilərdi, həm də İblis daha çox nifrət olunan olduğundan əsərdə geniş yer almasına ehtiyac görülməyib. Digər tərəfdən romanda İblisi adiləşdirməyə, nüfuzuna xələl gətirməyə, fərqli biçimdə göstərməyə nə ehtiyac var? Görünən dağa nə bələdçi?! Onun müsbət obrazda verməsi də oxucular tərəfindən çətin ki, qəbul olunardı.
Fərid Hüseyn