Kulis.az Fərid Hüseynin filosof Rahid Ulusellə müsahibəsini təqdim edir.
FƏRİD HÜSEYN: Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Cibran Xəlil Cibranın “Peyğəmbər” əsəri sizin sevdiyiniz əsərdir?
RAHİD ULUSEL: Yaradıcılığı ilə tanış olduğum 40 ilə yaxın bir zaman sürəcində Cibran Xəlil Cibran Sözünə sevgim də böyüyüb, yaşa dolub, bar verib: onun haqqında esselər yazmış, əsərlərindən tərcümələr etmişəm. Bir sözlə, gəncliyimin daşar axtarış çağlarından bəri Cibran Xəlil Cibran heç zaman məni tərk etməyib. Bundan da böyük doğmalıq olarmı?! “Peyğəmbər” isə ayrı bir aləmdir! Bu da həqiqətdir ki, Cibran Xəlil Cibran “Peyğəmbər”ədək uzun bir yol gəlib... Əslində, o bütün həyatı ilə bu əsəri yazmağa yetişib... Əgər onun dolğun həyatının bir sıra məqamlarına baxsaq, görərik ki, bu doğrudan da, belədir. 1883-cü ildə Livanın Bşarrə adlı dağ kəndində dünyaya gələn Cibran Xəlil Cibran 12 yaşından yoxsul ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarında mühacirət həyatı yaşamağa başlayıb. Çox ağır günlər görüb, həyatı dibindən zirvəsinədək yaşayıb. Hələ siz onun 15 yaşında Fred Holland Dey tərəfindən çəkilmiş fotosuna baxın: yazacağı bütün əsərlərin nişanəsi saçılır çöhrəsindən... Ailəsinin bütün sevimliləri dünyadan vaxtsız köçüblər... Şərqin və Qərbin sənət və fəlsəfə məktəblərindən keçib... Cəmi 48 il – bir Nəsimi ömrü yaşayıb... Qısa ömrünə dünyaları sığdırıb... Şair, yazıçı, publisist, filosof, ilahiyyatçı, rəssam kimi fəaliyyət göstərib... Maraqlıdır ki, “Peyğəmbər” əsərinə qrafik illüstrasiyaları da özü çəkib... Özü də necə çəkib! Sanki Ruhun cismaniləşdirilməsi kimi!.. Cibranın bütün dünyada yüzdən çox dildə on milyonlarla tirajda çap edilib yayılan “Peyğəmbər” əsəri – həm ərəb, həm də amerikan fəlsəfi romantizminin və esseistikasının zirvəsi sayılır... Belə əsərlər, əslində, bəşəriyyətin hər zaman, bütün yaşlarda oxunacaq dərsliyidir. Onu təkcə mən sevmirəm ki... “Peyğəmbər” – milyonların qəlbinə yol tapmış bir əsərdir. Çünki Sevginin tükənməz qaynağıdır! Buradakı hər söz-refleksiya oyandırıcı enerji yükünə malikdir. Dünya mədəniyyətində “Peyğəmbər” tək fəlsəfi dərinlik, zəngin metafora və bədiilik tutarına ilahi məhəbbətlə yüksəlmiş az əsər var. Yəqin hələ gizlinlərini tam açmamış füsunkarlığına görə ona dönə-dönə qayıdılacaqdır... Sizin sualınızın birbaşa cavabına gəldikdə isə, deyim: Yaranışından bəri insanın çırpına-çırpına axtardığı suallara Cibran Peyğəmbərinin verdiyi cavablar əks-tərəfin idealizə olunmuş fikri, baxışı, yanaşması deyil. Cibran Peyğəmbəri bu cavabları elə insanların özünün iç dünyasında dərinə, xəlvətə çəkilmiş, pərdələnmiş, ancaq zühur etmək üçün məqam gözləyən duyğulardan yoğurub yapır: “...Bu dünyada heç kəs sizin duyğu və idrakınızın oyuqlarında, kahalarında uyuyub gizlənənlərdən savayı heç nəyi sizə aşkar edə bilməz!” Beləcə, bəşəriyyətin “dilinin ucundakıları” Cibran bir Ustad bəyanında yenidən onun özünə qaytarır. Ona görə Cibran Peyğəmbərinin sözü insana doğma gəlir. Çünki bu söz kənardan deyilmir. Bu söz onun öz varlığından dərilib özünə qaytarılmasıdır. Günəş tək doğulan bu Söz onilliklərdir ki, məni də isindirir. Yadıma gəlir: doxsanıncı illərin əvvəllərində icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini işləyirdim. Soyuq qış günündə qəfildən işdən çıxarıldım. Onda uşaqlarımız balaca idi. İşsiz qaldığım günlərdə ailəni necə dolandıracağımın dərdi götürmüşdü məni. Demə, məni işdən çıxaranlar bunu veclərinə almasalar da, mənin əbədi dostum Cibran bunu düşünürmüş. Onun dolabdan götürüb açdığım kitabının gözümə sataşan elə ilk cümləsi məni oyandırdı: “Üstünüzə qaranlıq çökəndə... deyin: “Bu qaranlıq hələ doğulmamış sübhdür. Olsun! Qoy mən işıq doğan gecənin ağrısını onunla birgə çəkim – mənim də sübhüm doğular!..” Bu sözlər mənim içimə sanki işıq seli axıtdı. Dirçəldim. Cəsarətləndim. Daha “işsizlik” kimi xırda olaylar məni dayandıra bilməzdi... Mən artıq həyatın bundan qat-qat ağır çətinliklərini dəf edəcək bir enerjiyə sahib idim... Bax, Cibran Peyğəmbərində insanı həyatın daha üst pillələrində hərəkətləndirə biləcək mənəvi enerji ehtiyatları var!..
FƏRİD HÜSEYN: Müəllifdən obrazın kimliyi barədə soruşanda deyib: “Qəlbimin bir tərəfində İsa, digər tərəfində isə Məhəmməd peyğəmbər yerləşir.” Sizcə, əsərdəki Peyğəmbər obrazı hansı peyğəmbərə daha çox uyğun gəlir?
RAHİD ULUSEL: Məncə, Cibran Peyğəmbərində İsa və Məhəmməd peyğəmbərlərin “payı” olsa da, “nişanələri” sezilsə də, o, belə demək mümkünsə, “dünya peyğəmbərliyinin” ümumiləşdirilmiş obrazıdır. “Sonuncu peyğəmbər”dən, təqribən, 1400 il sonra, XX yüzilin ilk çərəyində belə bir obrazı düşüncə mədəniyyətinə gətirmək, əlbəttə, təsadüfi deyildi: Peyğəmbərlik ideyasını bəşəriyyətin bu ideyadan ən çox uzaqlaşdığı, bir inkarçılıq fəlsəfəsi ilə dumanlandığı, dərin nihilizmə vardığı çağlarda yenidən fikir üfüqlərində görükdürən Ərəb-Amerika düşünəri Cibran Xəlil Cibran o Peyğəmbərliyi göydən enən yox, yerdən çiçəklənən, təklərin, seçilmişlərin yox, hər kəsin yüksələ biləcəyi bir ali məqam kimi ayıtdı. Bəyan etdi ki, İnsan ilahi mənəviyyatın təkcə əzəl daşıyıcısı deyil, onun hər an yaradıcısıdır. Peyğəmbərlik bəşəriyyət üçün bitmiş bir hadisə deyil, onun hər gün getdiyi Yoldur, genişləndirdiyi Üfüqdür, endiyi Okeandır, Yüksəldiyi Dağdır. Peyğəmbərlik – yer kürəsi əhalisinin Bəşəriyyət tək vəhdətə gəlməsi, İnsanlıq Meracına yüksəlməsidir! Özü də Cibran bu böyük həqiqəti ən kiçik nəsnələrin incələnməsi ilə inandıra bilir! İnandırır ki, insanlar düşüncə və əməllərində, məqsəd və niyyətlərində bir-birindən sanki ağlasığmaz dərəcədə fərqlənsələr də, öz aralarındakı çatın dərinliklərini öyrənə-öyrənə, bir-birinə isinişir, Vəhdətə üz tutmağın yoluna yönəlirlər də!.. Cibranın sığındığı və mənim də heç bir şübhə etmədiyim ən ulu Həqiqət budur: İnsan genomunun daşıyıcıları vahid Kainatın bu beşik məkanında – doğma yer kürəsində bir-birinə yad olaraq necə yaşaya bilərlər?! Onların savaş durumunda mövcudluğu varlıq məntiqi ilə bir yerə sığırmı?! Əlbəttə, yox.
FƏRİD HÜSEYN: “Peyğəmbər” əsərində hansı detal və ya məqam sizin ruhunuza daha yaxındır, daha artıq diqqətinizi çəkib?
RAHİD ULUSEL: Dünyanın dərin mahiyyətinə baş vuran mükəmməl əsərlər yaranıb tarix boyunca. “Peyğəmbər” isə bu panteonun zirvəsində dayanan ən kamil örnəklərdəndir. “Peyğəmbər” – Təklə Universumun (oxşar qavramlarda – İnsanla Tanrının, Zərrə ilə Küllün) Vəhdət məqamıdır. Konkret bir dildə (ingiliscə), konkret bir məkanda (ABŞ-da), konkret bir zamanda (1920-ci illərdə) yazılsa da, ona zamansızlıq və məkansızlıq xasdır. O, sanki min il əvvəl də, min il sonra da yazıla bilərdi. Bizim planetdə yox, ayrı bir kosmik məkanda yarana bilərdi. Ancaq mütləq yaranmalı idi. İnsan yaranandan sonra onun Dili, Dilindən sonra Sevgisi, Sevgisindən sonra əsil Həyatı yarandığı kimi! Hətta “Peyğəmbər”in ingiliscəsi də bütün hüceyrələri ilə ruh fizionomiyası almış bir dildir ki, məncə, buna yaxın bir səviyyəni şairlik və rəssamlığının vəhdəti ilə fəth edən, Cibran Xəlil Cibrandan yüz il öncə yaşamış ingilis mütəfəkkiri Uilyam Bleyk olmuşdur: Uilyam Bleykin “Kontinental Peyğəmbərliklər” (“Continental Prophecies”) üçlüyünə daxil olan əsərlərinə də qeyri-adi alleqorik ruh hakimdir. Cibran “Peyğəmbər”ində isə alleqoriklik və simvoliklik fantaziyadan yox, gerçək həyatın dərin fəlsəfi məzmunundan törəyir. Cibran “Peyğəmbər”i Kainatı İnsan, İnsanı Kainat kimi danışdıra bildiyi üçün, İnsan Kosmosunu onun ürəyinin bütün duyuntularından, sezgilərindən dilləndirə bildiyi üçün, Tək və Universum arasındakı təmasın ən incə, kövrək titrəyişlərini mənalandıra bildiyi üçün mənə nəinki yaxındır, həm də doğmadır.
FƏRİD HÜSEYN: Sizcə, nəyə görə Cibran Xəlil bu əsəri əvvəlcə “Nəsihətlər” adlandırıb, sonra isə “Peyğəmbər”?
RAHİD ULUSEL: Hər hansı bitkin əsərin doğuluşu onun ideya toxumundan real təcəssümünə doğru gərgin axtarışlı yaradıcılıq prosesidir. “Peyğəmbər” bu yolun daha çətinini, enişli-yoxuşlusunu keçib. Cibran Xəlil bu əsəri hətta bitirsə də, əlyazmasını özündə dörd il saxladıqdan sonra – 1923-cü ildə çap etdirib. Yəqin bu müddətdə onun üzərində müəyyən dəqiqləşdirmələr aparıb. Cibran Xəlil Cibran kimi bir ustad ənənəvi Şərq didaktikası ilə anımlaşan “Nəsihətlər” adı üzərində, əlbəttə, dayanıb dura bilməzdi. Bu əsərin etik-fəlsəfi planında özünəməxsus nəsihətçilik toxumaları olsa da, bu onun əsas mahiyyətini təşkil etmir. Peyğəmbər nəyisə öyrətmir, “nəsihət, öyüd vermir”, hətta mükəmməl etik-əxlaqi qanunların mövqeyindən danışmır. O, İnsanın içindəki əxlaqı oyadır, daş-tərəzini işə salır. Burada həyatın hər üzü – hətta aşkar bilinənlər, heç bir şübhə doğurmayanlar – suala çəkilir... Ona görə də “Nəsihətlər”dən “Peyğəmbər”ə adlama tamamilə təbiidir. Çünki əsərin cövhərində Peyğəmbərlik dayanır. İndiyədək gedilməmiş yolu açandır Peyğəmbər!.. Əsərinə “Peyğəmbər” adı qoymaq missiyasının nə demək olduğunu bilərək Cibran bu addımı atıb!
FƏRİD HÜSEYN: Bu əsərdə dinlərin birliyi əsas məsələ kimi göstərilir. Bəhailər də eyni ideyanı irəli sürürlər. Sizcə, bu əsərdə bəhailik düşüncəsinin təsiri varmı?
RAHİD ULUSEL: Bu məsələ ilə bağlı belə bir mülahizəyə istinad edilir ki, Cibran Xəlil Cibran 1912-ci ildən bəhailiklə hansısa əlaqələrdə olmuşdur. Bunu da təsdiq edən Cibranın tanışlarından biri Culiyet Tompsondur. C.Tompson xatırlayır ki, Cibran bəhailiyin yaradıcısı Bahaullahın oğlu Abdul Baha bu təlimi Qərb ölkələrində təbliğ edərkən onunla tanış olmuşdur: Abdul Baha ilə görüş öncəsi, Cibran Xəlil səhərədək yata bilməmiş, görüşdən sonra isə bəhailik rəhbərinin onda “dərin iz qoyduğunu”, onun portretini də çəkmək istədiyini C.Tompsona söyləmişdir... Şübhəsiz, tarix boyu bir-biri ilə vuruşan dinlərin bəhailikdə konvergensiyasının yaradılması, bütün bəşəriyyətin vahid bir din təməlinə gətirilməsi bir ideya, bir məqsəd olaraq Cibran Xəlil Cibrana yad ola bilməzdi. Ancaq bu o demək deyil ki, mütəfəkkir yazıçı “Peyğəmbər”i məhz bəhailiyin, onun mücahidlərinin təsiri altında yazıb. “Peyğəmbər”dəki konseptualizm bəhailik dini təliminin çərçivələrinə sığmayan miqyasdadır.
Dünyagörüşü ən müxtəlif dini-fəlsəfi baxışların çarpışması ilə qığılcımlanan Cibran görür və dərk edir ki, bunların heç biri ayrı-ayrılıqda İnsanın nicat yolu deyil. Odur ki, Cibran daha çox İntibah dövrünün panteistləri kimi, daha çox sufilər kimi vəhdət məqamlarına diqqət kəsilir, bəşəri ideyaların vahid təcrübəsindən çıxış edir. Klassik panteizmlə yeni çağ romantizminin, Şərq və Qərb mədəniyyətlərinin ən aparıcı axınlarının bir işıq nöqtəsində cəmləşməsi – Cibran yaradıcılığına misilsiz bədii dəyərlər bəxş edir.
“Peyğəmbər” – Cibran dünyagörüşünün bədii ensiklopediyasıdır. Yazıçının poetik vəhyi, onun həyat və ölüm metafizikası, əzəli mövcudluq və təkamülə uğrayan dəyərlər üzərində ilahi düşüncələri burada tam gücü və dolğunluğu ilə öz əksini tapıb. Burada Cibran sufi ədəbiyyatının şərtiliklərindən, ən parlaq obrazlarından, rəngarəng metafora və simvollarından güc alıb... “Peyğəmbər”in üslubu – son dərəcə cilalı, ruhayatardır. Burada söz pardaqlanır, fikir qat-qat, lay-lay açılır. “Peyğəmbər” əsərində Tövrat şairanəliyi, Budda müdrikliyi və sadəliyi, Quranın vəcdi, qüdsiyyəti, ləngərli ritmikası var. Üztutmalar ən incə aforizm sayrışları ilə süslənib. Cibran bu əsər üzərində özünü şam kimi əridib. Əridib ki, Peyğəmbərinin dilindən deyilənlər təkcə eşidilməsin, oxunmasın, birbaşa qana keçsin, iliyə işləsin: “...Məsciddə səcdə edən, məbəddə sitayişdən usanmayan, kilsədə dualar qılan kəslər – sevmişəm sizi. Çünki siz də, mən də – bir vahid dinin övladlarıyıq, qəlbin kamilliyinə yol göstərən ilahi əlin bərk-bərk sarmaşmış barmaqlarıyıq...”
Azərbaycan romantikləri “Məhəbbətdir ən böyük din!” – deyərək, insanları birliyə çağıranda, Amerikada Cibran Xəlil də milli-dini mənsubiyyətlərdən ali ümumbəşəri dinə səsləyirdi! Cibran dinin üzərindən ortodoksal pərdəni götürür, onun insani-dünyəvi mahiyyətini üzə çıxarırdı. Cibran deyirdi: “İsa – insan övladıdır. O, Yerüzünə gəlməmişdi ki, dərdi-müsibəti – həyat rəmzinə, həyat məqsədinə çevirsin, gəlmişdi ki, həyatı – həqiqət və azadlıq rəmzinə ucaltsın!..”
FƏRİD HÜSEYN: Sizcə, poemanın qəhrəmanı peyğəmbərdən daha çox şairə bənzəmirmi?
RAHİD ULUSEL: Bax, görürsünüz, Siz “Peyğəmbər”i poema adlandırırsınız. Onu esse də, nəzmlə yazılmış nəsr də hesab edənlər var. Bu əsər o qədər universal keyfiyyətə malikdir ki, onu hər hansı bir janra sığdırmaq mümkün deyil. Mənim fikrimcə, “vəhy” sözünü yalnız dinlə məhdudlaşdırmaq, onu teoloji mənasında qapatmaq düz olmazdı. Vəhy – məhz “Peyğəmbər” nümunəsində onun janr biçiminə daha çox uyğun gəlir. Əsərin qəhrəmanı da şairliyi, bəstəçiliyi, filosofluğu, psixoloqluğu, mütəfəkkirliyi, peyğəmbərliyi, avatarlığı özündə birləşdirir. Ümumiyyətlə, Cibran Peyğəmbərinin Sözü – poeziya, musiqi, boyakarlıq, elm, din, fəlsəfə... rənglərinin “qatışığından” ərsəyə gəlmiş kimi görünür.
Hələ XIX əsrin ortalarında alman bəstəkarı Rixard Vaqner belə bir ideyaya rəvac vermişdi ki, bir-biri ilə tutaşan sənət sahələrini birləşdirməklə, epik-monumental janrın əsasını qoymaq olar. R.Vaqner üçün belə bir əzəmətli-kolossal janr – özündə musiqini, dramı, tarixi qəhrəmanlıq eposunu birləşdirən opera idi. Romantik bəstəkarın üzərində 26 il işlədiyi dörd epik operadan – “Reyn qızılı”, “Valkiriya”, “Ziqfrid”, “Allahların ölümü”ndən ibarət olan məşhur “Nibelunq üzüyü” belə bir sinkretik janrın klassik örnəyidir.
XX əsrin əvvəllərində bu böyük ideyanı başqa istiqamətdə Cibran Xəlil Cibran inkişaf etdirirdi. O, yaradıcılıq aktında müxtəlif sənət növlərinin üzvü vəhdətinə nail olmağa, daxili formanın bütövlüyünü tapmağa, poeziya ilə musiqi harmoniyasını, rəssamlığa xas rəng çalarlarını, ritm və intonasiyanı, plastik vasitələri birləşdirməyə, onları Söz yaradıcılığının nüvəsinə cəm etməyə və “İdeya Atomu” yaratmağa çalışırdı. Buna görə də Cibranın əsərlərində esse ilə pritça, ironiya ilə hikmət, alleqoriya ilə impressionallıq, şerlə nəsr, klassik fəlsəfi ənənələrlə XX əsr bədii dünyagörüşü qaynayıb-qovuşub. Polifoniyanın belə təbii forması romantizmin ruhuna doğmadır.
FƏRİD HÜSEYN: Necə fikirləşirsiniz, Cibran Xəlilin “Peyğəmbər” əsəri ilə Fridrix Nitsşenin “Zərdüşt belə söyləmiş” əsəri arasında hansısa əlaqə varmı?
RAHİD ULUSEL: Dünya mədəniyyətinə onun az qala sütunları və paradiqmalarının dəyişdirilməsinə qədər təsir edən bu iki abidənin təmas nöqtələrinə Şərq və Qərb sivilizasiyalarının dixotomiyası kontekstində baxmaq gərək. Fridrix Nitsşenin “Zərdüşt belə söyləmiş” əsəri – Qərb inqilabi fikrini individualizmə gətirib çıxaran, “üstinsan” fəlsəfəsində təntənəsinə çatan bir məramın daşıyıcısıdır; Cibran Xəlil Cibranın “Peyğəmbər” əsəri isə Şərq inqilabi fikrini universallığa toxdadan, fərdi eqoizmdən mütləq şəkildə imtina edən, “üst” yox, “kamil” insanın yerini Kainat universumunda tapan bir məramın daşıyıcısıdır. Birincisi – tanrısallığın inkarı (Nitsşenin “Allah ölüb!” imperativi onun dayaq nöqtəsi idi), ikincisi – tanrısallığa daha ali məqamda qayıdışın təntənəsidir. Nitsşe nə etsin?! Axı, Qərbdə peyğəmbər olmayıb! Keçmişində peyğəmbərlik olmayan Nitsşe onu Şərqdən götürür – (Zaratustranı) Zərdüştü! Nitsşe dahidir. O yaxşı bilirdi ki, yeni dünyanın yeni fəlsəfəni yaratmaq üçün Qərb sivilizasiyası “coğrafiyasında” bu təməldə dayanası bir örnək yoxdur. Nəinki xristianlığı onun Allahı ilə birlikdə dəfn etmiş, lap başdan, Sokratdan, Platondan bəri Qərb sivilizasiyası yaradıcılarının əksəriyyətini onsuz da alt-üst etmiş, “amoralizmi” həyat manifestinə çevirmişdi Nitsşe. Bəs kimə söykənsin?! Zərdüştə! Bəşər fikrinin yeni tarixinə Zərdüştlə başlamaq olardı. Nitsşe belə də etdi. Ancaq özünü “Avropanın Buddası” adlandıran Nitsşe Zərdüştü də yenidən yaratdı. Cibran Xəlil Cibranın Peyğəmbəri isə, öncə vurğuladığımız kimi, peyğəmbərliyin bitkin obrazıdır. Bax, əsas fərq də bu məqamdadır! Cibran Peyğəmbəri – bəşəriyyətin topar enerjisini cilalayıb daha böyük mənəvi gücdə onun özünə qaytarır. Bu, insanlıq üçün olduqca vacib kosmoqonik mübadilədir ki, onsuz yerüzündə həyat getdikcə sönər! Nitsşe Zərdüştü isə o enerjini “üstinsan peykinin” uçuşuna sərf edir. Həmin enerji bir nöqtəyə toplanıb israf edildiyindən, sonradan böyük sivilizasiya nihilizmi – Qərb dekadansı, “Qərbin süqutu” (O.Şpenqler), “tarixin sonu”, “insanın sonu” (F.Fukuyama), hətta “müəllifin ölümü” (R.Bart), “subyektin ölümü” (M.Fuko) başlayır... Bəs “Yer kürəsinin mənası olan üstinsan” (F.Nitsşe) öz təcəssümünü nədə, kimdə tapdı?! Meqapolislərin arxitekturasında, yoxsa milyarderlərin triumfunda?!
Əlbəttə, Cibran Xəlilin “Peyğəmbər”i ilə Fridrix Nitsşenin “Zərdüşt belə söyləmiş” əsəri bir sıra oxşar keyfiyyətlərə də malikdir. Əvvələn, hər iki mütəfəkkir insanı əsarətə alan kulta qarşıdır. Cibran “Peyğəmbər”i Nitsşenkindən haradasa 40 il sonra yazılıb. Hətta quruluşuna, müəyyən mövzular üzrə bölüşümünə, aforistik ricətlərinin dərinlik, kəskinlik, paradoksallıq, inkarçılıq ruhuna, ənənəvi qəliblərdən imtina iddialarına görə onların bənzərlikləri var. Hər iki əsərin “uvertürası” da bir-biri ilə anım yaradır. Başlıca ideyaları ilə də bu əsərlər insanlığı yeni bir fazaya qaldırmağın yanğısındadırlar. Məsələn, Nitsşenin “Göyərçin tək yeriyən fikirlər dünyanı idarə edir” aforizmi, demək olar ki, Cibran yaradıcılığının mayasındadır. Amma “İsa – İnsan övladıdır” söyləyən Cibran heç zaman deməzdi – “Sezar dönüb oldu heyvan (Roma imperiyasının çöküşünə işarə), yəhudi dönüb oldu – Allah!” (İsraildə zühur edən İsaya ironiya). Bunu isə Cibran heç dilinə gətirməzdi: “İnsanqarışıq hər şeyi görən Allah ölməlidir! (Burada Allahın əsas immanenti – “hər şeyi görənlik” rədd edilir). İnsan buna heç dözməz ki, onun belə bir şahidi olsun!” Fridrix Nitsşe Tanrını “öldürür” ki, onun yerində “Üstinsan” ucaltsın!.. Yüz ildən çox tarixi olan bu “layihə” fiaskoya uğradı: “üstinsan” heç ayaq tutmadan Nitsşenin nifrət etdiyi “kütləyə” çevrilmə metamorfozasını yaşadı. Cibran Xəlil Cibran isə insanı tanrısallığa yüksəltmək məramından heç zaman dönmədi. Demək olmaz ki, bu ideya gerçəkləşib. Ancaq onun həyat potensialı yeni dünya quruculuğu üçün böyük humanist təməldir.
FƏRİD HÜSEYN: Ötən əsrin ilk onilliklərində Peyğəmbər, İblis və Allah mövzusu ədəbiyyatda geniş yayıldı. Sizcə, dövrün tarixi hadisələrinin, xüsusən Birinci Dünya müharibəsinin bu əsərin yaranmasına təsiri olmuşdumu?
RAHİD ULUSEL: Elədir. Bədii-fəlsəfi fikrin inkişafı tarixində göstərdiyiniz anlayışların arxetipikləşməsi, dindən ədəbiyyata davamlı transformasiyası baş vermişdir. Aliqyeri Dantedə (“İlahi komediya”), Con Miltonda (“İtirilmiş cənnət”), Volterdə (“Məhəmməd”), İohann Volfqanq Hötedə (“Faust”), Bayronda, Lermontovda və s. bu, üstün poetik funksionallıq aldıqdan sonra, XX əsrin əvvəllərinin Birinci Dünya müharibəsi ilə gərginləşən dönəmində ədəbi axtarışların da başlıca motivlərindən birinə çevrilir. Həmin dövrün yaradıcıları sanki bir daha tarixi ələk-vələk edir, Xeyir və Şərin köklərinə, onun etik-psixoloji əsaslarına baxmağa çalışırlar. Problem üzrə tədqiqatlar aparan humanitar elmlərlə yanaşı (məsələn, Ziqmund Freyd, Karl Qustav Yunq), bədii-estetik düşüncə bunu aydınlaşdırmaq çabasında olur ki, sivilizasiyanın tərəqqisi nə üçün insanlararası, dövlətlərarası münasibətlərin yumşalması, humanistləşməsi əvəzinə getdikcə kəskinləşir, amansızlaşır, qəddarlaşır. Hətta insan tarixində inkişaf ideyasının özü belə şübhə altına alınır. Bəşəriyyəti qanlı toqquşmalar xaosuna salan proseslərin genezisinə baxılır. Cibran Xəlil Cibranın “Peyğəmbər”, “Yer üzünün Allahları”, “İsa – İnsan Oğludur”, Hüseyn Cavidin “İblis” və “Peyğəmbər” əsərləri belə yaranır...
FƏRİD HÜSEYN: Elə mən bu sual-problemin üzərinə gəlmək istəyirdim, Rahid bəy. Təxminən, eyni dövrdə yazılmış Hüseyn Cavidin “Peyğəmbər”i ilə Cibranın “Peyğəmbər”inin oxşar və fərqli cəhətlərini nədə görürsünüz?
RAHİD ULUSEL: Dünya ədəbiyyatında epoxal mərhələ olan romantizmin inkişafının yalnız son çağlarına doğru Tarix dramatizmi Düşüncə dramatizminə toxdayır. Bu təkamül prosesi iki böyük romantikin – ömrünün sonunadək Tarix dramatizmi ilə vidalaşmayan Hüseyn Cavid və Düşüncə dramatizminin sədlərini də aşan Cibran Xəlil Cibranın yaradıcılığında özünü gerçəkləyir. Hüseyn Cavid heç səhnədə oynanılmasını rəva görmədiyi “Peyğəmbər” dramını Azərbaycanda, Cibran Xəlil Cibran isə “öz varlığının bir hissəsi” hesab etdiyi “Peyğəmbər” əsərini Amerika Birləşmiş Ştatlarında eyni ildə – 1923-cü ildə çap etdirib. Həm bu dövrün, həm də müəlliflərinin bütöv yaradıcılığı kontekstində baxılırkən, Cavid və Cibran “Peyğəmbər”ləri Birinci Dünya müharibəsindən sonrakı bəşəriyyətin – müəyyən mənada öz keçmişindən və bir-birindən qırılmış bəşəriyyətin öz bütövlüyünü hansı mənəviyyat təməlləri üzərində bərpa etmə, kəskin sosial-siyasi transformasiyaların söküntülərindən qorunma, gələcəyin cığırlarını arama səmtində atılmış qətiyyətli addımlar idi. Peyğəmbərliyin əzəl missiyası – çaşqın toplumsal hərəkətləri yönlətmək, dolaşıq situasiyalara nizam gətirmək, inkişafın sonrakı dövrələrinə keçid üçün mənəvi mühit yaradaraq, cəsarəti enerjiləndirmək – Cavid və Cibran “Peyğəmbər”lərinin dərin ideya qatlarının gizlinindədir.
Cavid və Cibran Peyğəmbərləri Həqiqətin seçim anıdır. Hər iki Peyğəmbər bəşəriyyətin iradəsinin fatalizmə güc gəlməsinin təsdiqidir. Hər iki Peyğəmbərlik dünya mənəviyyatı təcrübəsinin itirilməzliyi, onun sərvətləri təməlindən ideya-əməl prosesinə keçmə zərurətidir. Cavid və Cibran Peyğəmbərləri bircə dənə də olsun adi söz işlətmirlər, hikmət saçırlar! Hər iki romantikin sənətinə bəzək olan aforizmlərin (Cavid: “Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, // Sürüklənən bəşəriyyət qadınla yüksələcək”; “Kəssə hər kim tökülən qan izini, // Qurtaran dahi odur Yerüzünü”; “Hər düha başqa bir cihan istər, // Kimsə olmaz evində Peyğəmbər...” [Tolstoyla səsləşmə]; Cibran: “Müqəddəslərin belə qalxdığı elə yüksəklik yoxdur ki, sizin hər biriniz o zirvəyə qalxa bilməyəsiniz. Elə bir alçaqlıq da yoxdur ki, siz ora enə bilməyəsiniz!..”; “Həyatla ölüm birdir, çayla dəniz kimi”; “Ağacın istəyi olmadan onun bircə yarpağı da saralmır...”) – əslində, böyük həyat məramını ifadə edən ideya inciləri onların “Peyğəmbər” əsərlərində toplanıb. “Peyğəmbər”ləri onların canından qopan Ruh Əsərləridir. Buna görə də Cibran deyirdi: “Peyğəmbər”siz mən olmazdım.” Düşünürəm ki, elə Cavid də belə deyərdi...
Hüseyn Cavidin Peyğəmbəri – Tarixin Peyğəmbəri, İslam dininin yaradıcısı Hz. Məhəmməddir. Cibran Xəlil Cibranın Peyğəmbəri – Əbədiyyətin Peyğəmbəridir. Buna görə də Caviddə, təbii olaraq, konkretləşdirmə, Cibranda universallaşdırma qabarıqdır. Cavid Məhəmməd peyğəmbəri – həm İslam dininin, həm İslam dövlətinin, həm də İslam ideologiyası və fəlsəfəsinin, İslam mədəniyyəti və əxlaqının banisi kimi, bütün həyat və mübarizəsinin əsas (Bi’sət, Də’vət, Hicrət, Nüsrət) mərhələləri ilə, eyni zamanda, onun İslam Şərqinin dini, fəlsəfi, irfan ədəbiyyatında ucaldılan möhtəşəm obrazına uyğun olaraq yaratmışdır. Daha dəqiq desək, Cavid Peyğəmbəri – İslam Peyğəmbərinin obrazlaşdırılmış portretidir. Cavid “Peyğəmbər”i – “Quran”dakı açar ayələrin və Məhəmməd peyğəmbərin hədislərindəki kəlamların poetik izharı ilə süslənmişdir. Məhəmməd peyğəmbərin “Allah-təala buyurur: “Ey insan! Əgər ancaq mənim qanunlarıma riayət etsən, mənim kimi olarsan...” – hədisi Şərq irfan ədəbiyyatında, eyni zamanda, Cavidin sələfləri Nəsimi və Füzulidə Allahla İnsanın Böyük Vəhdəti fəlsəfəsinə məqam açdığı kimi, mütəfəkkir Cavidin də Peyğəmbərinin son bəyanının əsas ideyası olur: “Əvət, arif düşünür, Haqqı bulur, // Aqibət kəndisi bir Tanrı olur”. Cibranın Peyğəmbəri isə bütün zamanların və dinlərin peyğəmbərliyini özündə təcəssüm etdirən ümumiləşmiş obrazdır.
Öz qayəsinin özül istiqamətinə görə, Cavidin Peyğəmbəri – ilahi iradəyə, Cibranın Peyğəmbəri – bəşəriyyətin həyat təcrübəsindən doğan məntiqə əsaslanır. Cavid Peyğəmbəri – Allahdan İnsana və Cəmiyyətə enir, Cibran Peyğəmbəri – İnsan və Cəmiyyətdən Allaha yüksəlir. Cavid Peyğəmbəri bəşəriyyətin yeni mənəviyyat tarixini – vahid Allaha inanmaq və inandırmaqla başlayır, İslamı – səmavi din kimi bərqərar edir. Cibran Peyğəmbəri isə – əslində, bütün din və etiqadların panteonu kimi, onlardan süzülmüş insanilik cövhərində yeni “din” yaradır. Bu – Yerdən göyərən dindir. Deməli, Böyük Yol açıqdır: Cavid Peyğəmbəri ilahi həqiqətləri göydən yerə endirən, Cibran Peyğəmbəri isə insan həqiqətlərini Yerdə əkib becərə-becərə ilahi məqama qaldıran Allah elçisitək o Yolun üzərində, dünən, bu gün və sabah hərəkətdədirlər. Cavid Peyğəmbəri – o ilahi həqiqətləri imperativ kimi səsləndirir, İslam dinini yaradan Peyğəmbər missiyasında, həm də dünyanın ilk müsəlmanı olaraq, həmin dinin iradəsinə və bütün şərtlərinə əməl edir. Cibran Peyğəmbəri – insan həqiqətlərini min illər boyunca fəsillənən həyatın dürlü sınaq və gələnəklərindən dərərək toplayır, kristallaşdırır, sonra da onları imperativləşdirmədən elə insanların öz mühakimələrinə buraxır. Cavid – Mütləqdən başlayır, Cibran – Mütləqlə sona çatır!..
FƏRİD HÜSEYN: “Peyğəmbər” yazılandan sonra fanatiklər, dindarlar Cibran Xəlili dindən uzaqlaşmaqda qınadılar. Sizcə, müəllifin “Kafir Xəlil” əsəri bu qınaqlara cavab kimimi yazılıb?
RAHİD ULUSEL: Əlbəttə, uzun yüzilliklər boyu dini mühafizəkarlıq qınından çıxmağa qoymayan, hər cür tərəqqiyə sipər çəkən, bu azmış kimi dini təriqətləşdirən, ideolojiləşdirən, siyasiləşdirən qüvvələr, əlbəttə, Cibran Xəlil Cibranın dinin də, cəmiyyətin də dünyagörüşündə inqilab yaradan fikirlərini qəbul etməyəcəkdilər. Doğru deyirsiniz, “Kafir Xəlil” (“Khalil the Heretic”) həmin qınaqlara cavab ruhunda yazılıb, ancaq çılpaq əks-reaksiya kimi deyil, daha tutarlı bədii münasibət səpkisində.
FƏRİD HÜSEYN: Poemada məhəbbət, müəllimlik, övlad, cinayət, cəza, ticarət, qanun azadlıq, ağıl, ehtiras, özünüdərk, fədakarlıq, geyim, sevinc, kədər, gözəllik, din, ölüm və sair məsələlərin izahı verilir. Cəmiyyətin müxtəlif üzvləri sual verir və qəhrəman bu sualları cavablandırır. Cibran Peyğəmbəri bu cavablarda, Nitsşenin dili ilə desək, “xeyrin və şərin o özünə”, yəni mahiyyətə keçir və mövzuya vəhdət nöqtəsindən baxır. Məsələn, cinayət və cəza haqqında deyir ki, “çox zaman məhkum zərərçəkmişin qurbanına çevrilir”, “Məbədin guşə daşı təməldə duran əl altdakı daşdan heç də yüksəkdə deyil”. Əsərdəki bu cür qəribə fikirlərə münasibətinizi bilmək istərdim...
RAHİD ULUSEL: “Qəribə” yox, gözlənilməz fikirlər, sərrast yanaşmalardır Cibran Peyğəmbərinin sözlərini cazibədar edən! Ustad, İnsanı tanımaq və tanıtmaq üçün onun fəaliyyətinin bütün sahələrini əvvəlcə ayrıntılayır, sonra da, Sizin vurğuladığınız kimi, onlara vəhdət nöqtəsindən baxır. Bu, “xeyrin və şərin o özünə” keçmək yox, vacib konsentrasiya mövqeyini tapmaq deməkdir. Ustad mənəvi dünyanın elə bir “cazibə mərkəzini” tapır ki, onun orbitində dövr edən insan fəaliyyətinin hər cürü – Sizin seçimlədiklərinizin hər biri həm ayrıcalığında, həm də bir-biri ilə bağlılığında özlərinin “bütün sirrini” açacaq konfiqurasiya alır! Təkcə sevinc-kədər, cinayət-cəza, həyat-ölüm kimi əks-anlamlar deyil, insan fəaliyyətinin bütün koordinatları zəruri məqamında bir-biri ilə “görüşür”. “Özünüdərk” qütbündən baxanda “azadlıq”, “məhəbbət” qütbündən baxanda “gözəllik”, “qanun” qütbündən baxanda “ticarət”, “ağıl” qütbündən baxanda “ehtiras” ... daha aydın görünmürmü?! Cibranın dahiliyi də bundadır – varlığın ən dərin mahiyyətinə varmasında, həyat dürlərini bülluruna çatıncayadək cilalamasında, özünün dediyi kimi, “dumandan kristalı” çıxarmasında!..
FƏRİD HÜSEYN: Necə fikirləşirsiniz, “Peyğəmbər” əsəri, ümumən Cibran Xəlil yaradıcılığı üçün səciyyəvi olan romantizm, bəzən hətta sentimentalizm bugünkü ədəbi meyarlar baxımından haradasa anaxronizm kimi görünmürmü?
RAHİD ULUSEL: Cibran fenomenini hər hansı bir dinin sərhədləri daxilində görmək mümkün olmadığı kimi, onu hər hansı bir ədəbi məktəb və cərəyan qəliblərində təsəvvür etmək də çətindir. Əlbəttə, yaradıcılığının ümumi istiqamətinə, əsərlərinin strukturuna görə, o, daha çox romantik sənətkar sayıla bilər. Mən onu esselərimdə belə də səciyyələndirmişəm. Eyni zamanda, bu yaradıcılıqda sentimentalizm “süxurlarını” da sezmək mümkündür. Ancaq bütövlükdə Cibran romantizmi mükəmməl fəlsəfi realizm qaynaqlarını özündə daşıyır. Cibran, bədii sözünün bütün romantik qüdrəti ilə gerçəkçi filosofdur. Buna görə də onun əsərləri, xüsusilə aydın və dəqiq strategiyadan çıxış edən, mükəmməl və orijinal dünyagörüşünün bəliri olan “Peyğəmbər” yüz ilə yaxındır ki, milyonların qəlbinə yol tapıb. Qərbdə də, Şərqdə də yüzilliyin ən nüfuzlu fikir sahibləri bir ideya mənbəyi olaraq bu əsəri yüksək qiymətləndiriblər. Ona görə də düşünmək olmaz ki, çağımızın ədəbi meyarları baxımından Cibran yaradıcılığındakı “romantizm”, “sentimentalizm” anaxronizm təsiri bağışlasın. Əksinə, bugünün formalist ədəbi tendensiyaları Cibran semantikasının dərinliyi, çoxmənalılığı, nüfuzediciliyi qarşısında sox sönük görünürlər. Cibran Xəlil Cibran özünəqədərki və özündənsonrakı zamanların qaynağında bir ədəbi epoxa yaradıb ki, buradan anaxronizmə yox, xaosu yatıran harmoniyaya meydan açılır. Cibran Sözdən Dünyagörüşünə qədər bünövrəli və dayanıqlı harmoniyanı yaradan estetikanın memarıdır!
FƏRİD HÜSEYN: Cibran Xəlil Cibran yaradıcılığında peyğəmbərlik mövzusu təkcə bu əsərlə bitirmi?
RAHİD ULUSEL: Yox. Ustad hələ XX əsrin əvvəllərindən – bəşəriyyətin “texniki yürüşə” başladığı bir vaxtda pünhan bir mövzu – “Peyğəmbərlik ideyası” ətrafında düşünürdü. Gerçəkliyin mayasında yetişən Azad Ruhun İntibah Zərurətini Cibran duymuşdu! Məhz belə bir duyğu təlatümündə o, trilogiya yaratmaq qərarına gəlir: bizim üzərində dayandığımız “Peyğəmbər” adlanan birinci hissə – İnsanın İnsana münasibətini, “Peyğəmbərin bağı” adlanan ikinci hissə – İnsanın Təbiətə münasibətini, “Peyğəmbərin ölümü” adlanan üçüncü hissə – İnsan-Tanrı münasibətlərini əks etdirməliydi. Ancaq Cibran ilk hissəni bütövlükdə yaza bildi. İkincini tamamlaya bilmədi. Üçüncünü isə ölüm heç başlamağa macal vermədi!.. Cibranın ölümündən, həm də “Peyğəmbər”in nəşrindən 10 il sonra – 1933-cü ildə çap olunmuş “Peyğəmbərin bağı” da bu trilogiyada müstəsna yer tutur. Əgər trilogiyanın birinci hissəsində (“Peyğəmbər”) Peyğəmbərin Orfalesdəki qürbət həyatının son yaşantıları əks olunubsa, onun ikinci hissəsində (“Peyğəmbərin bağı”) Peyğəmbərin doğma vətəninə qayıdışındakı ilk yaşantıları təsvir edilib. On iki ilin ayrılığından sonra, Peyğəmbərin ayağı doğma torpağa dəyir. 40 gün cığırlarını ot basmış, kimsəsiz qalmış ata evinə çəkilir. Vaxtilə anasının becərdiyi bağda işləyib düşünür... Onun yanına adamlar gəlməyə başlayır. Peyğəmbər təkcə onlar üçün deyil, dünya vətəndaşları üçün böyük, ədəbi həqiqətdən misqal-misqal dilinə gətirir: “...Qan qardaşlarım mənim! Siz bu dünyanın yollarında qoltuq ağacları ilə alver edən çolaqlara, güzgü satan korlara rast gələcəksiniz. Məbəd qapıları ağzında dilənən dövlətlilərə tuş olacaqsınız!..” Peyğəmbərin olduqca sarsıntılı məqamlara toxunan, başdan-ayağa “tikanlı” hikmətlərlə süslənmiş ulu bəyanından sonra hamı çəkilib gedir. Yol üstündə tək-tənha dayanmış qadın, qürubun alatoranlığına qarışaraq uzaqlaşıb itən Peyğəmbərin son kəlmələrini ürəyində təkrar edir: “...Mən gedirəm.. Əgər mən hələ dilimə gətirmədiyim, açmadığım həqiqəti özümlə aparıramsa, demək, o həqiqət özü məni arayıb-axtaracaq, məni bir də bu dünyaya gətirəcək və mən yenə də işıqlı cahanda zühur edəcəyəm!”
FƏRİD HÜSEYN: İnsan çox sevdiyi əsəri oxuyandan sonra özü də bu mövzuda nəsə yazmaq istəyir, “Peyğəmbər” mövzusunda yazmaq istəyiniz olubmu?
RAHİD ULUSEL: Ümumiyyətlə, mədəniyyət düşüncəsi birbaşa təsirlənmələri qəbul etmir. Bu, təqlidçiliyə yol açır. Mən Cibran Xəlil Cibranı bir şəxsiyyət və sənətkar olaraq nə qədər sevsəm, qiymətləndirsəm də, onun təsirinə qapıldığımı hiss etməmiş, onun kimi, onun mövzularında yazmağa çalışmamışam. Onsuz da o üslubda o zirvəni bir daha fəth etmək heç kimə nəsib olmaz... Bizim dünya mədəniyyətindən, onun Cibran kimi böyük yaradıcılarından mənimsədiklərimiz, sanki maddi dünyadan aldıqlarımız kimi, ruhumuzun dərin qatlarına süzülür ki, bu “cövhər” bizim yazılarımızda, hətta duyğusallığımızın görsənişlərində, baxışlarımızda, davranışlarımızda, münasibətlərimizdə əksini tapa bilər. Təbii bəhrələnmə belə olur. Mövzu baxımındansa, “Peyğəmbər”lə tutaşan bir essem var – “Peyğəmbərlik hərəkatına uvertüra”. Ancaq mən onu yazanda, Cibran “Peyğəmbər”i ilə hər hansı bir assosiasiya yadıma gəlmir. Hə, bir də “Əgər sən...” adlı essemi üç böyük ərəbə – Cibran Xəlil Cibrana və onun ideya məsləkdaşlarına – Mikhail Naima və Əmin ər-Reyhaniyə həsr etmişəm... Ustadlardan öyrənmələr, mənimsəyişlər yaradıcı insanlar üçün, dediyim kimi, yalnız ruh qatında baş verir. Bu mənada, Cibran yaradıcılığı elm, fəlsəfə və sənətin halal torpağında çalışanlar üçün doyulmaz sərvətdir. Biz öz milli mədəniyyətimizin tarixi taleyinə baxsaq, görərik ki, o, hər zaman insanlığa görk olası böyük mənəvi idealların yurdu olub. Cibran kimi bir mənəviyyat adamı ilə yaxınlığımızın kökündə də bu bağlar dayanır. Bizim üçün bu da olduqca önəmli faktdır ki, ilk dəfə bir azərbaycanlı xanım – görkəmli şərqşünas alim Aida İmanquliyeva Cibran Xəlil Cibranın həyat və yaradıcılığına dair sanballı tədqiqatını onun ölümündən (1931) 44 il sonra – 1975-ci ildə çap etdirib. Görürsünüz, Azərbaycanın möhtəşəm Cibran dünyası ilə ünsiyyətinin yarım əsrə yaxın yaşı var!