Qafqazda “qalanan” Marten sobası

Qafqazda “qalanan” Marten sobası
16 oktyabr 2023
# 12:00

Kulis.az Fərid Hüseynin "Prezident İlham Əliyev və Qafqazda “qalanan” Marten sobası" adlı yeni yazısını təqdim edir.

Bu günlərdə mətbuatdan oxudum ki, ermənilər son günlər 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, MLRS və minaatan, 1 ədəd İHA, 7 min ədəddən çox atıcı silah və tank əleyhinə silah, təxminən 66,1 milyon sursatı Azərbaycan tərəfinə təhvil veriblər.
Bu siyahı özü-özlüyündə nəhəng bir silah bazası, təhciz olunmuş ordu düşərgəsi deməkdir. Elə silah bazası, elə ordu düşərgəsi ki, Qafqazdan bir sıra ölkələrə belə od ələməyə bəs edəcək, regional münaqişə alovları yaradacaq qədər...
Müharibənin yazılmamış çoxsaylı qanunları var. Onlardan biri də budur: Əgər əldə silah varsa, gec-tez atılmalı, bir sözlə, çanaq kiminsə başında əvvəl-axır çartlamalıdır. Lütfizadə demiş: “Əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək”.
Prezident İlham Əliyevin siyasi bəsirəti, qətiyyəti, iradəsi və döyüşkən ordumuzun qüdrəti nəticəsində Qarabağda ermənilər tərəfindən istifadə edilməyən silahlar sandıqlarda bizə təhvil verildi. Atılmayan hər silah-sursatın müqabilində neçə-neçə igidlərimiz öz ailələrinin yanına sağ-salamat qayıtdılar. Unutmayaq ki, Qafqazdakı sülh həm də dünyadakı təhlükəsizliyin ayrılmaz bir parçasıdır.
Bu gün baş verən olayların əksinə nəzər salaq, tarixə boylanaq, görək ötən əsrin əvvəllərində oxşar vəziyyətlərdə hansı hadisələr cərəyan edib və son günlər Azərbaycan ordusunun Qarabağda, öz doğma torpaqlarımızda apardığı antiterror əməliyyatı bizi hansı bəlalardan xilas edib?
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiki Məhəmməd Hadinin “Həyat” qəzetinin 1906-ci il, 77-ci sayında “Kürdəmirdən” adlı bir məqaləsi dərc olunub. Məqalənin dili ərəb və fars sözləri, tərkibləri, izafətlər ilə zəngin və xeyli mürəkkəb olduğundan həmin mətndən dəqiq sitat vermirəm, əvəzində məqalənin məzmununu heç bir təhrifə yol vermədən yazıram;
Deməli, Məhəmməd Hadi o yazısında qeyd edir ki, neçə ay bundan əvvəl Kürdəmirdə erməni rəhbəri, yəni keşişindən nə qədər yanğın törədən partlayıcı maddələr müsadirə edilib. Hələ bu azmış kimi xeyirxah kimi tanınan bəzi erməni vətəndaşlarımızın əlindən müxtəlif silahlar da alınıb. Müsadirə olunanlar bunlardır: Beşaçılan, Mauzer tüfənginin patronu – 29 ədəd, qundaqsız Berdanqa – 1 ədəd, Mauzer tüfəngi qundaqsız – 2 ədəd, papaqda gizlədilmiş əlavə patron – 9 ədəd, arxalıqda gizlədilmiz ağacsız Berqanda, 1 ədəd gözəl xəncər, barıt – 6 funt.
Və bu siyahı təqdim ediləndən sonra məlum olur ki, bunlar yalnız bir furqonda tapılan silah-sursatdır, başqa döyüş avadanlıqları isə çoxdan qaçırdılıb.
Məqalənin gedişatından o da ortaya çıxır ki, hələ nə qədər bu cür furqonların ərazilərimizə gətirilməsinə və çıxarılmasına şərait yaradılıb. Bütün bunlar bu azmış kimi Azərbaycandan bəzi silahlar da Ermənistana aparılıb.
Sözünün davamında Hadi yazır ki, bu tutulanlar hələ heç nədir, dəryada bir qətrə kimidir, hələ silahlardan nə qədəri bu vaxtacan daşınıb aparılıb, ya da Göyçayın namərd naçalniki kimi Vətənə xilaf çıxan satqınlar, naxələflər ucbatından başqa yerlərə keçirilməsinə mane olan olmayıb, həmin silahlar ərazilərimizdə gizlədilib.
Nəhayət, Hadi məqaləsini ürəksıyıran, ağrı dolu bir şeirlə tamamlayır. Şeir farscadır, mənası isə belədir: “Qara xəbər gözlədiyimə görə, müharibə xofu ucbatından heç nə yemirəm, amma sülh vaxtı qorxum daha çoxdur. Çünki belə məqamda bəzi adamlar, çıxıb sülh ayəsi oxuyur, amma elə ki, axşam düşür, onda düşmən ordusu yatmışların üstünə hücum çəkir”.
Yəni Hadi bu şeiri ilə bizi ayıq-sayıqlığa, siyasi ixtiyari əldən verməməyə çağırır. Əfsus ki, o vaxtlar indiki kimi dəmir yumruq, güclü iradə meydana qoyulmayıb deyə xalqımız növbəti bəlalarla ürcah olub.
Yada salaq ki, bu məqalə yazılanda 1906-ci il idi, o zamanlar idi ki, biz bir il öncəki 1905-ci ilin qırğınlarından, erməni terrorunun acı nəticələrindən dərs almamışdıq, Yenicə sovuşan qətliamları “məndən ötdü qardaşıma dəydi, elə bil saman çuvalına dəydi” məntiqi ilə qarşıladığımızdan təkrarən ermənilərin yurdumuzda silah daşımalarına, ərazilərimizdə at oynatmalarına səssiz qalırdıq.
Bəs sonra necə oldu? Sonrası məlum: daşınmasına, gizlədilməsinə göz yumduğumuz silahlar 1918-ci ilin 31 mart soyqırımında bizi al qanımıza qəltan elədi. Aradan bir əsrdən çox vaxt keçib hələ də müxtəlif yerlərdə həmin soyqırımılara aid kütləvi məzarlıqlar aşkarlanmaqdadır.
Fəqət daha bu xına, o xınadan deyil. Bu dəfə bizim qələbəmiz ermənilərlə bərabər, həm də unutqan yaddaşımız üzərindədir.
Ona görə də dövlət başçımız Qarabağdakı qondarma, cinayətkar rejiminin təslim olmasını ilk şərtlərdən biri kimi ermənilərin qarşısında qoydu, nəticə də göz qabağında. Ona görə də erməniləri yaxşı tanıyan, tarixə bəs qədər bələd olan və qiymətləndirən müasir Azərbaycan siyasəti dayanıqlı sülh üçün ermənilərin əlindən aldığı silahları Məmməd Arazın “Müharibə olmasa” şeirində dediyi “marten sobası”nda əritdi. Əritdi ki, Qafqaza sülh gəlsin, qurd quzuyla otlasın... Xankəndidə qaldırdığı bayrağımızla dövlət başçımız həm də sülhün bayrağını ucaltdı.
İndi hər iki Məhəmməd – həm Məhəmməd Hadi, həm də adı Məhəmməd adının qısaltması olan Məmməd (Araz) yəqin axirət evində, o dünyada məsuddurlar.
Məhəmməd Hadi ona görə məsuddur ki, ermənilər tərki-silah edildi, başlarının altına yığdıqları silahlar daha neçə-neçə ölümlərə səbəb olmayacaq, Məmməd Araz ona görə şaddır ki, nəhayət, həmin təhvil verilən döyüş avadanlıqları günahsızları, igidlərimizi yaralamadan Qafqazdakı sülhün qarantı olan Azərbaycanın “marten sobası”da əridilərək yox olacaq...

# 2436 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #