Bu gün gənc şair Fərid Hüseynin doğum gündür. Kulis.az bu münasibətlə onun oxucular tərəfindən maraqla qarşılanan “Minimalist şeirlər”ini təqdim edir.
Çiçəklər öz rənglərinə
inanmırlar -
Solurlar...
***
Allah bizə ömür
verir,
insanlarsa vaxtımızı alır.
***
Qar üzərində yeriyirəm
ancaq
sol ayağımın izləri qalır.
***
Şəkil çəkdiririk nağıla dönür:
Biri var idi, biri yox.
***
Ezop zəncirini açmağa qorxur,
Bilir ki, itləri bağlayacağıq.
***
Müharibə:
Əsgər ağzında evlərindəki
çörəyin xəyalını çeynəyir.
***
Vaxt ötdükcə,
sənin günahlarını unudub
öz günahlarımı xatırlayıram.
***
Nitq hissələri:
Sifətlərlə sevirik,
fellərlə ayrılırıq.
***
Bəlkə də səadət mən gəlməmişdən öncə
evdə işıqların yanmasıdı ancaq...
***
Səni hər görəndə
qabırğalarımı sayıram
əskik gəlir.
***
Heç nə unudulmur bu yer üzündə -
Hər şey öz adıyla əzaba dönür.