Elçin Hüseynbəyli: “Niyə polisi özümüzə yad hesab edirik?”

Elçin Hüseynbəyli: “Niyə polisi özümüzə yad hesab edirik?”
13 sentyabr 2013
# 07:45

"Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında danışırıq. Budəfəki həmsöhbətimiz “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylidir. Qeyd edək ki, E.Hüseynbəylinin ən sevdiyi əsər Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi” hekayəsidir.

- Hansı bədii xüsusiyyətlər, sizə “Danabaş kəndinin məktəbi” əsərini sevdirib?

- Əvvələn deyim ki, mənim bir neçə sevimli əsərim var, bunlardan biri dostum, yazıçı Quram Odişariyanın “Prezidentin pişiyi” romanıdır, sonra Anarın “Dantenin yubileyi” və Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” hekayələridir. Bütün bu əsərləri, əslində, bir məsələ birləşdirir: İnsan taleyi. Amma gəl “Danabaş kəndinin məktəbi” əsərindən danışaq. Bir məqamı də etiraf edim ki, Mirzə Cəlilin hekayələri mənim stolüstü kitabımdır və zaman-zaman həmin əsərləri yenidən oxuyuram.

Təəssüf ki, “Danabaş kəndinin məktəbi” hekayəsi Mirzə Cəlilin digər əsərləri ilə müqayisədə az təhlilə cəlb olunub. Məni bu əsərdə cəlb edən Mirzə Cəlilin çox yüksək ironik və yumoristik yazıçı məharətinə sahib olma bacarığıdır. Onun yumoru heç bir əsərində, məncə, bu həddə çatmayıb. Bu əsərdə Danabaş kəndinin insanlarına yuxarıların münasibəti, kənd sakinlərinin özlərinin özlərinə qarşı münasibəti, camaatın yuxarıları hansı gözlə görməsi və nəhayət, bütün bunları yazıçının necə təsvir etməsi mənim üçün çox maraqlıdır. Hekayə belə başlayır; kəndə bir yığın adam gəlib, nəçərnik, mirovoy sud, uşkol və s. Danabaş kəndinin sakinləri də xoflanırlar ki, əcaba bu qədər rütbəli adam niyə gəlib kəndə? Güman edirlər ki, yəqin əsgər aparacaqlar. Hamısı qorxur, ancaq heç kəs hadisənin məğzini bilmir. Əsər uşağın dilindən danışılır, bu lap da əsərin dilinin şirinliyini, hadisələrin məzəsini artırır.

Məsələn, atlının gəlməsini görən kənd əhli tayanın arxasına keçəndə uşaq öz gizlənməyini belə təsvir edir: “Hətta bu da yadımdadır ki, tayamızın dal tərəfindən itimiz yuvaya nisbət bir deşik qayırmışdı. Gündüzlər istinin dərdindən haman dəliyə girib kölgələnirdi. Hacı Namazlını atlı gətirəndə mən o dərəcədə qorxdum ki, qaçıb özümü soxdum haman itin yuvasına”.

Bu cümləylə elə bir mənzərə yaranır ki, sanki başqaları da, həmin qorxan böyük kişilər də əgər sığsaydılar, onlar da qaçıb girərdilər həmin itin yuvasına. Hekayədə bu cür maraqlı, baməzə təsvirlər çoxdu. Mirzə Cəlil bu əsərdə bütün Danabaş kəndinin, avamlığın üzünü çox ustacasına açır, onun heç bir əsərində bu həddə yumor yoxdu. Ağrını adam güldürə-güldürə oxucuya çatdırmaqda Mirzə Cəlilin tayı-bərabəri tapılmaz.

Axır ki, əsərin intriqası açılır və məlum olur ki, nəçərnik məktəb açmağa gəlib, camaatın uşağını oxutmaq, savadlandırmaq üçün toplamaq istəyirlər. Əsərdə belə bir məqam var, nəçərnikin rusca kənd əhlinə dediklərini dilmanc meydana cəm olan camaata çatdırıb deyir: “Mən Danabaş kəndinin əhlini özümə dost tuturam. Amma bunu da buyurur ki, mənim bu camaata yazığım gəlir, çox avam camaatdı, çox biməna camaatdı”. Bu sözlərdən, Danabaş kəndinin sakinlərinə mənasız deməsindən sonra camaat bir ağızdan deyir: “Allah ağaya ömür versin”. Naçarnikin dili ilə, əslində, Mirzə Cəlil özü bu sözü üzünü onlara tutub deyirdi.

- Mirzə Cəlil obrazların xarakterlərini ifşa yolu ilə açırdı. Məsələn, “Ölülər” əsərində biri digərinin üzünə durur ki, sən öz yaxın adamını filan səbəbdən diriltmək istəmirsən. Bu əsərdə də insanlar bir-birinin üzünə durur ki, sən uşağını gizlətmisən, sənin uşağın xəstə deyil və s. Başqa əsərlərində də var bu cür ifşalar, deyək ki, bu daha böyük ideya şəklində, millətçilik, dinçilik, Avropaya meyl kontestində “Anamın kitabı” əsərində rastımıza çıxır. Sizcə, Mirzə Cəlil nəyə görə bir çox məqamlarda xarakterlərini məhz ifşa yolu ilə açırdı?

- Mənə elə gəlirdi ki, Mirzə Cəlil millətin yaxşı tərəfini görürdü, amma o millətin elə bir xüsusiyyətini göstərmək istəyirdi ki, millət o sarıdan geri qalırdı, özünü tanımırdı. Çox sevdiyim bir ifadə var: “Meymun güzgüyə baxıb özünə gülən vaxtdan insan olmağa başlayıb”. Cəlil belə düşünürdü ki, gülüş xəstə cəmiyyəti sağaltmaq üçün ən normativ həbdir. Satiriklərin, maarifçilərin çoxunun əsərlərində belədir. Onlar insanların iç üzünü açmalı idilər. Sən buna ifşa deyirsən, amma səninlə razılaşmıram, mən bunu gülüş sayıram. Mirzə Cəlil ifşa etmirdi, Mirzə Cəlil onlara gülürdü. Hekayədə sonluq yadınızdadırsa belədir ki: “Hacı Namazəli camaata səmt çönüb, hər iki əlini qovzadı, uca səslə və ürəkdən dedi...”. Hekayə tamamlanmır, yəni son söz yenə satqın Namazəlidədir, yəni o cür adamların hələ cəmiyyətə deyəsi çox sözü var.

Xristianlar cahillikdən xilas olub ona görə inkişaf etdilər ki, xurafatdan yaxa qurtardılar. Falçıları, cadugərləri, hətta orta əsrlərdə yandırırdılar. Bu gün az halda qalanları da ekstrasens səviyyəsində fəaliyyət göstərirlər. Ona görə də xristianlıq təmizləndi, işləri əngələ düşəndə birinci kilsəyə üz tuturlar. Bizim insanların çoxu isə pis bir hadisə üz verəndə məscidə getmirlər, hamı falçının yanına qaçır ki, görüm o nə deyəcək, bu işin axırı necə olacaq. Gülüş məsələsinə ona görə qayıdıram ki, mən Cəlildə ifşa görmürəm, gülüş görürəm. O, bütün bu cür bəlalara gülürdü.

- Əsərdə bir “kərmə qalağı” adlı yer var. Uşaqlar məktəbə getməsinlər deyə orda gizlədirlər. Mirzə Cəlilin kənd mühitində seçdiyi bu bədii məkan çox unikaldır və variyasıyalıdır.

- Kərmə qalağı bir simvoldur, yəni təhsildən, savadlanmaqdan qaçan insanların həyatdakı yeri oradır. Onlar o üfunətin, qaranlığın içində olmaq istəyirlər, ancaq onları ordan dartıb çıxartmaq lazımdır.

- Mirzə Cəlilin bir çox hekayələrində qəhrəmanların missiyası yoxdur. Məsələn, “Danabaş kəndinin məktəbi” hekayəsində hadisələri nəql edən uşağın missiyası nədir, o kim olmaq istəyir, yaxud real mənzərə ona nə təklif edir və s. Bütün bu cəhətlər, sonu qaranlıq qəhrəmanlar, mühit, əslində, maarifçiliyə zidd amil idi. Sizcə, bu təzad nədən doğurdu?

- Bu cür əsərlərdə obrazın missiyasını yazıçı həll edir. Obrazın taleyinin çözülməsi missiyadan da yuxarıda dayanan bir şeydir. Məsələn, “Danabaş kəndinin əhvalatları”nda da Məhəmmədhəsən əminin miisiyası yoxdur, arzusu var. Kərbəlaya getmək istəyir. Bu cür əsərlərdə əsas missiya yazıçının missiyasıdır ki, cəmiyyətin iç üzünü açıb göstərsin. Cəlilin əsərlərində də müəllifin missiyası vardı, o missiyanın da açarı isə yumor idi.

- Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” hekayəsinin yazılma zamanından az qala bir əsr keçir, o vaxt məktəbdən qaçıb kərmə qalağına girənlər, indi də kor-koranə universitetlərə axışırlar, hamı ali savadlı olmaq istəyir. Xarakterlərsə təxminən eynidir, kütləvilik “ölçü”lərini dəyişmir, elə deyilmi?

- Əsərin yazılma vaxtından bir əsr keçsə də, biz Mirzə Cəlildən bir əsrlik məsafədə uzaqlaşa bilməmişik. Biz hardasa onun obrazının ömrünü öz ömrümüzün içində yaşadırıq. Mirzə Cəlilin dövründə qazıya, uşkola pul verib uşağını məktəbə qoymayanlar, indi ondan daha çox müəllimə pul verir ki, qoy uşağım oxumasın, ancaq ona qiymət yaz. Eyni dərəcədə savadsızlıq qalır. Hər dövrdə isə ağıllı adamlar olub. Bugünkü ağılsızlığı dünyanın indiki inkişafı ilə müqayisə edəndə faciənin daha dərin olduğunu anlayırıq.

- Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları” adlı povest, “Danabaş kəndinin məktəbi” adlı hekayə və “Danabaş kəndinin müəllimi” adlı dram yazıb, sizcə, onun şərti ad daşıyan bu kəndə və bu mövzuya təkrar-təkrar sövq edən nə idi?

- Dünya ədəbiyyatına baxsaz, bir məkanın təsvir edildiyi silsilə əsərlərə rast gəlmək olar. Qabriel Qarsiya Markes və Uliyam Folknerin əsərləri bir məkanda cərəyan edir. Mirzə Cəlil Danabaş kəndini Azərbaycanın modeli kimi görürdü. Mirzə Cəlil balaca bir kəndlə dünyanı, Azərbaycanı əlaqələndirə bilirdi.

- Mirzə Cəlil niyə Azərbaycan insanını əsgər kimi görmürdü? Anarın ssenarisi əsasında çəkilən “Qəm pəncərəsi” filmində də həmin motiv saxlanılıb. Mirzə Cəlil Azərbaycan insanını ordu adı çəkiləndə gizlənən insanlar kimi təsvir edib. Niyə?

- O dövrdə Çar Rusiyası düzünə qalsa, çox nadir hallarda Azərbaycandan orduya əsgər aparırdı. O vaxt ciddi mənada hərbi mükəlləfiyyət yox idi. Müsəlmanlardan hərbi qulluqda çox az halda istifadə edilirdi. Hətta Azərbaycanın sərhədlərini kazaklar qoruyurdular. Azərbaycan ordusu, polisi yox idi, o cür vəzifələrə ruslar təyin olunurdu. Dövlətçiliyin olmaması çox pis haldır. Hətta bunun acı nəticələrini indi də görmək olur. Anlaşılmazlıqlar meydana çıxır, xalq dövləti özününkü hesab eləmir, elə bilir ki, dövlət başqa dövlətin qurumudur və insanları əzmək üçün olan aparatdır. Bu da müstəmləkə psixologiyasından irəli gəlir, daimi təzyiqlərin nəticəsi kimi üzə çıxır. Biz hələ də əsgəri və polisi özümüzə yad hesab edirik, özümüzdən saymırıq.

- Sizcə, Mirzə Cəlil nəyə görə Hacı, Məşədi və Kərbəlayıları daha çox fırıldaq adamlar kimi qələmə verirdi?

- Mirzə Cəlil bu cür insanları qəsdən fırıldaqçı kimi qələmə verirdi. Özü də bunu edərək o, dini-filan alçaltmırdı. Sadəcə göstərirdi ki, bu adamların işi-gücü qurtarıb, ancaq istəyirlər ki, ya Həccə, ya Kərbəlaya, ya da Məşədə getsinlər, olsunlar “yaxşı müsəlman”. Yaxşı müsəlman anlayışı isə yoxdur, yaxşı insan var. Heç eşitmisiz ki, yaxşı xristian deyələr kiməsə? Yoxdu. Amma müsəlmanlar o vaxt seçilmək üçün bu cür addımlar atırdılar. Yazıçı da onları ona görə lağa qoyurdu ki, hamı bəyəm Hacı, Kərbəlayı, Məşədi olmalıdır? İndi də var belə problemlər, yetmiş il yetimin malını yeyən adam minir təyyarəyə Həcc ziyarətinə gedir. Xristianların iki əsas dini mərkəzi var, Yerusəlim və Vatikan. Həmin şəhərlərə bu qədər kütləvi axın yoxdur, nə də ziyarət edən insanlara seçiləcək bir ad da vermirlər. Allahın nəzərində biz hamımız birik.

# 3608 dəfə oxunub

Müəllifin son yazıları

# # #