"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri
1 may 2024
# 12:00

Kulis.az Fərid Hüseynin “Ədəbiyyatımızın kədərli dəqiqələri” adlı esselər silsiləsindən "Böhtan mükafatı” adlı beşinci yazısını təqdim edir.

Böhtan ona tuş gələn, onunla üzləşən hamının bağrını yandırır, köksünü sökür, heç eləsinə rast gəlməzsən ki, hədyandan, ağ yalandan, yaraşmayan sözdən incinməsin, hətta ən möhkəm, sarsılmaz, köksüdaş adam da yalanın, şərin qarşısında dişini-dişinə sıxır, yumruğunu düyür, əsəbilikdən kəndir gəmirir, bəzən də dözə bilməyib bihal olur.

Fəqət böhtan ömrü boyu xeyirxahlıqlar etmiş, yaxşılıq fürsətlərini fövtə verməyən, ehtiyacı olanları darda qoymayan, kimsənin taleyinə biganə qalmayan adama qarşı yönələndə, o başqalarından qatbaqat daha artıq inciyir, küsür, bəzən də hər şeyi əlinin ardıyla itələyərək kənara çəkilməyə üstünlük verir. Bu sayaq incinib kənara çəkilən, qıraqda qalmağı üstün tutan adamları görən, “gözü çıxmış qardaşlarından” dərs alan başqa xeyirxahların da beləcəli yaxşılıqlar etməkdən, köməkdarlıqdan soyuyur və beləcə dünya asta-asta, aram-aram qalır, qanmazların, köntöylərin, daşqəlblilərin, əzazillərin ümidinə...

Bəllidir ki, böhtan “mükafatı”, “şər hədiyyəsi” daim xeyirxahlıqlar edən, nəcib işlərin altına əlini qoyan adamın heç zaman bu dünyadan alacağı cavab, gözlənti, umacaq olmayıb. Xeyirxah insanlar cavablarını Allahdan gözləyirkən, bunun əksinə olaraq paylarını bəndələrdən, özü də nadürüst, haqqı nahaqqın ayağına gözqırpmadan verən bihəya, üzüqırmızı adamlardan alanda, sanki onlar üçün Tanrının ruhi sədası, daxilə yönəlik səsi bir qədər eşidilməz olur.

Bu sayaq ağır böhtanla üzləşənlərdən biri də görkəmli yazıçı Cəlil Məmmədquluzadənin zövcəsi, tanınmış ictimai xadim, xeyirxah insan Həmidə Məmmədquluzadə idi. Tuş olduğu böhtan yazılanda hələhəyat yoldaşının itkisinin yarasının yeri onun qəlbində isti idi, haqqında söhbət gedən tarix ona dünən qədər yaxın idi. Əgər böhtanlar, əyriyozumlar Cəlil Məmmədquluzadənin ölümündən sonra bunca tez başlamışdısa, bəri başdan onun həyatına riyakar qiymətlər ayaq açmışdısa, onda Həmidə xanım uzaq sabahdan, gələcəkdən neçə arxayın olub ürək dolusu yaşaya bilərdi? Hər yerindən duran böyük yazıçıya bu qədər hədyan daşları atsaydı, onda onun həqiqət aynası çilik-çilik, xıncım-xıncım olub ayaqlar altına tökülməzdimi? Ona görə də bu cür ağır bir vəziyyətdə Həmidə xanım ömür-gün yoldaşına atılan böhtana bir cavab yazısı qələmə almalı olur.

Həmidə xanım Məmmədquluzadə bir fədai xanım idi, əgər Cəlil Məmmədquluzadəni bədii irsi bu gün limizdədirsə, ustada aid neçə-neçə başqa əsərlər yazılıbsa, onların meydana gəlməsinə səbəb olan bu cəfakeş, millətsevər xanıma daim minnətdar olmalıyıq. Axı Həmidə xanım Cəlil Məmmədquluzadənin təkcə ilham yox, həm də həyata inam pərisi idi, ən çatin anlarda, “Molla Nəsrəddin” qapadılanda ərini inadla inandırırdı ki, sən yazmalısan, millət yolunda çalışmalısan, bu gün düzəlməyəcək kimi görünən işlər, sabah hökmən yoluna düşəcək, maddi sıxıntılar isə müvəqqətidi. Məncə, hər yazıçının ilham mələyindən çox, bu cür hifzkar bir inam məlaikəsinə ehtiyacı var. Yoxsa Cəlil Məmmədquluzadənin ömrünün sonundakı kimi neçə-neçə başqa əlyazmalarını da sobaya atıb millətin ədəbi gələcəyini öz istedad nişanələrindən məhrum qoyardı. Şairlərin ilham pəriləri çox ola bilər, amma hər qələm əhlinin qarşısına heyif ki, inam pərisi çıxmır...

Gələk əsas məsələyə, sözümüzün mustafasına, yəni Həmidə xanımın Məmmədquluzadənin üzləşdiyi böhtana. 1936-cı ildə Həmidə xanım Əziz Şərifə bir cavab məktubu yazıb. Həmin məktubdan bizə bəlli olur ki, həmin il “Literaturnıy Azərbaydjan” jurnalının 7-8-ci saylarında Əziz Şərif “İlk Türk satirik jurnalı “Molla Nəsrəddin”in 30 illiyinə” adlı məqalə qələmə alıb, həmin mətndə açıq şəkildə bildirilir ki, Cəlil Məmmədquluzadə 1910-cu ildə, yəni jurnalın yaranmasından beş illiyində “sərfəli nikah üçün varlı dul qadın” Həmidə Məmmədquluzadə ilə evlənib, ondan sonra jurnalın işlərindən əli soyuyub və rəhbəri olduğu mətbu orqanın fəaliyyəti yavaş-yavaş axsamağa başlayıb.

İlk baxışdan real görünən, kimlər üçünsə ağılabatan iddiadır. Əslində isə, bircə cümləlik fikirdə iki açıq böhtan gözə batır. Əvvəla Mirzə Cəlil ilə Həmidə xanım 1901-cu ildə yox, 1907-ci ildə ailə qurublar. 1909-cu il jurnalın abunə, gəlirlilik baxımından ən parlaq dövrü olub. Əziz Şərif yenə həmin məqaləsində öz dediyini danaraq yazıb ki, 1908-1909-cu illərdə jurnal ölkənin hüdudlarından kənarda da yaxşı satılırdı. Onda məlum faktdan aydın şəkildə ortaya çıxır ki, iddiada başqa bir hədyan da var, deməli, “varlı dul qadına” görə jurnalın işində zəifləmə yox, əksinə fəallaşma hiss olunurmuş. Həmidə xanımla izdivac jurnalın fəaliyyətinə düşərli olub və mistikaya inansaq, bu ayağısayalı qadın Mirzə Cəlilin uğurlarını ona doğru çağıran carçı imiş.

Həmin yazıda aşqa bir hədyan o idi ki, Mirzə Cəlil pula görə evlənib jurnalı yaşatmaq istəyirmiş. Əvvəla Mirzə Cəlil şəxsiyyət kimi fürsətkeç, müftəgəzən biri olmayıb, hər zaman çalışıb və heç zaman özünü dolandırmaqda acizlik göstərməyib. Qələmi onun çiyinlərindən minnət yükünü hələ ilk gənclik illərindən götürməyə yetərincə qabil imiş. Həqiqət isə o idi ki, Əzizi Şərifin qeyd etdiyi illərdə Qarabağda taxıla olan çəyirtkə hücumları Həmidə xanımın təsərrüfat işlərini müflisləşdirmişdi, eyni zamanda Qarabağda ermənilərin törətdikləri qırğınlar oradakı həyatı yaşanmaz hala salmış, zəhərə döndərmişdi deyə onlar ailəlikcə Tiflisə köçməyə məcbur qalmışdılar. Tiflisdə də həm Həmidə xanımın, həm də onun Mirzə Cəlildən əvvəlki nikahından doğulmuş “uşaqları” - “Molla Nəsrəddi”nin satışından gələn gəlir hesabına güzəranlarını təmin edirdilər.

Həmidə xanım göynəkli sətirlərlə bir sıra həqiqətləri yazır və nağıl eləyir ki, 1910-cu ildə isə Mirzə Cəlilin qardaşını İranda həbs edib edam hökmü kəsmişdilər. Mirzə Cəlil ona vəkil tutub xilas etmək üçün uzunmüddətli səfərlərə gedirdi – irəvanlı vəkillə bu məsələni həll etməyə çalışırdı. Ona görə Mirzə Cəlil jurnalın nəşr işlərini Ömər Faiq Nemanzadəyə tapşırmışdı. Həmin vaxt isə mollalar, var-dövlət əhli “Molla Nəsrəddin”dən durmadan şikayət edib onun xaricdəki abunəliklərini ləğv etdirirdilər, poçt xidmətlərinə mane olurdular Axırda jurnal özünü dolandıra bilmədiyinə görə Həmidə xanım məcbur qalıb Qarabağa qayıdır, Ömər Faiq Nemanzadə isə istəksiz halda jurnaldan uzaqlaşıb təsərrüfat işlərinə başlayır.

Göz önündə gətirirəm min bir bəlalara, övlad itkilərinə tuş gəlmiş Mirzə Cəlili, onun ölüm təhlükəsi ilə dəfələrlə üz-üzə gəlməyini, gah burda, gah digər yerlərdə yaşamaq məcburiyyətlərini, dərdli gecələrdə, heç kəslə danışa bilməyəndə içinin ağrısını tökdüyü kamançanı, o kamançanı ki, “Molla Nəsrəddin” bağlananda heç kəslə danışmaq istəməyib otağında ağlaya-ağlaya kamanı ilə həmdərd olmuşdu və bütün bu balalı ömür ərzində onun silahdaşına çevirmiş Həmidə xanımı. O qədər əlləş-vuruş, tale burulğanları yaşa, olanını millət yolunda ərit, axırda da qiymətin, özü də Əziz Şərifin verdiyi akademik dəyərin bu olsun. Ağılsız başlar sağlığında min bir böhtanla səni ləkələsinlər, ağıllı başlar, ziyalı qiyafəsindəkilər isə bu dünyadan köçəndən sonra. Bu idimi iki ömrün mükafatı? Həmidə xanım Əziz Şərifin o sətirlərini oxuyarkən keçirdiyi hisslər, o hissləri artıq bu dünyada olmayan Mirzə Cəlilin duyması mənim üçün ədəbiyyatımızın ən kədərli dəqiqələrindəndir...

“Özü üçün sərfəli şəkildə nikahlanmışdır”. Bəli, Əziz Şərifin cümləsidir, adlandırmasıdır: “Özü üçün sərfəli şəkildə nikahlanmışdır”.

“Mirzə Cəlil və özü üçün?!”

“Molla Nəsrəddin və özü üçün?!”

Kim idi Mirzə Cəlilin özü?

Mirzə Cəlilin özü biz deyildikmi?

# 3297 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #