Dalğanın şeirlərilə ilk tanışlığımın həyəcanını sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Hər şey bir təsadüflə başladı, bir şeirini oxudum və heç ləngimədən, internetdə Dalğa Xatınoğlu imzasıyla axtarış verib qalan şeirlərini tapıb oxudum. Bu qədər gənc bir şair üçün o qədər usta bir nəticəylə qarşılaşdım ki, şaşırdım. Bəlkə bir az abartacam, amma Dalğa, S. Çvayqın, səhv etmirəmsə, R. Rollan haqqında söyləmiş olduğu fikrindəki kimi, nəsildaşlarıının yazmaq istədiyini, amma yaza bilmədiyini yazmışdı. Bu da onda gəldiyim qənaət idi. Ən azından, əksərən, işi köhnəlmiş qəlibləri yıxmaqla məhdudlaşan, bir-birini çox da keçməyən eksperimentlərlə müqayisədə bu şeirlər əvvəllər heç yerdə rastlaşmadığım qədər fərqli gəldi mənə. İndi, sayı çox olmayan, o şeirləri neçə dəfə oxuduğumu da unutmuşam. Onun kimi yazmağa etdiyim cəhdləri də.
Bəs mənim gözümdə Dalğa Xatınoğlu şeirlərini bunca fərqli qılan cəhətlər hansılardır?
1. Dalğanın şeirlərində şəxsiyyətinin görkəmi var. Dalğa o şairlərdəndir ki, şeirlərini oxuyan kimi haqqında qəti fikrə gəlmək mümkün olur. (Öz təcrübəmdən çıxış edərək deyirəm, bir şeir müsabiqəsində tanış olduqdan sonra yanılmadığımı gördüm.)
Adımı sorsanız,
Mənim adım Heçkim
Günəş kölgəsi də deyə bilərsiniz
Bəri bax, bəri
Gözlərinizə göstərdim bütün görəməzlikləri
Qulaqlarınıza bağırdım bütün eşidilməzlikləri
Şeir fəlsəfəm olanaksızlar üzərində qurulmuş
Habelə bir də,
Ürək sözüm yazmadığım şeirlərdə,
Eyni şeyi başqalarının timsalında da görmək mümkündür.
Qarşımda bir qoca var
Hamıdan küsmüş
Qırx ildir daş kimi susmuş
Hörümçəklər var saqqalında
Və ətəyində bir quş var səssizcə yuva qurmuş
Ürəyindən nələr keçər biləməm
Bütün alimlər yığışıb da aça bilməz gizin,
Qarşımda bir qoca var
Qırx ildir peşindədir
On dörd yaşlı bir qızın
2. Öz hekayəsini (Tarixini) yazmağa müasirlərindən çox müvəffəq olub. (Mənim nöqteyi-nəzərimcə)
küçə uşağıyam
Küçə söyüşlərinə öyrənib dilim
Təbəssümümdə gözəlliyin sınayan qızları heç də sevmədim,
Qeyrət yüküyəm
Küçə qızlarıdır sevgilim
Küçə divarlarına yazdım şeirlərimi,
Ara-sıra görə bilərsiniz
Üsyançı mübarizəm
Küçə daşıdır silahım
Və anasını sıxdığım polislər var
Süleymanın sümüyündən yonulmuş çomaq bellərində
Ayişənin saçından hörülmüş şallaq əllərində
3. Demək olar ki, bütün şeirlərinin təkrarlardan ibarət həlqələri olan eyni fərqli üslubu var.
Sizin köydə ağız yormuş bir insanız
Gözlərim ovuclarımda,
yoldan keçənlərə uzadıram əllərimi yalvarcasına,
Xanım, gözlərimi bir anlıq gözlərinizə taxa bilərsizmi?
Bəy əfəndi,
Gözlərimlə bir an özünüzə baxa bilərsizmi?
Bəy-bayanlar,
Böylə həyata od vurub yaxa bilərsizmi?
Bəy-xanımlar,
Murdar əllərinizi yaxamdan çəkə bilərsizmi?
4. Yuxarıdakı nümunələrdən də göründüyü kimi, Dalğanın şeirləri deyiş gözəlliklərilə zəngin, individual, qəribə, hətta bir az qorxuncdur.
Orada bir kişi,
Eşinə bir tikə sümük sonur ad günündə
Altını imzalayır: ”doğum gunun qutlu olsun”
Orada bir qadın,
Ərinə başdaşı yonur ad günündə
Üstünü damğalayır: ”gələcəyin mutlu olsun”.
5. Və yenə də yuxarıdakı nümunələrdən də göründüyü kimi Dalğa özünü mükəmməl ifadə edə bilən tək-tük şairlərdəndir. Özünün fərqli olduğuna inandıra bilən müəllifdir.
Adımı sorsanız
Mənim adım Heçkim
Sükutun səsi də deyə bilərsiniz
Haqqınızı yedim doğrudur
yirmi dörd il artıq yaşadım
Danmıram ki,
Yüz səksən santimetr artıq dikəlmişəm
Kəsin hər yerimi, sizin olsun
Danmıram ki
Altmış kilo artıq kökəlmişəm
Kəsin ətlərimi, sizin olsun
6. O, sözlərin ən dramatiklərini seçə və ən gərəkli yerdə işlədə bilir.
Mənim heç kimim olmadı
Anam olmadı
Qoynuna girəmədim ki
Babam olmadı
Cəsarətini görəmədim ki
Heç bir qadını sevmədim
Birisini sevdim,
Nə yazıq, özümü ona sevdirəmədim ki!
Heç bir oğlum olmadı
Su içmədi ovuclarımda
Heç bir qızım olmadı
Saçlarını hörəmədim ki
7. Əksər şeirlərinin rok musiqisini xatırladan konseptini xüsusi vurğulamaq istəyirəm.
Yuxularım real sinema
Sən kabuslarımın aktrisası
Gül mənə,
Dəlicəsinə gül,
Dişlərin üzümə itilmiş mişar kimi,
Kəs gövdəmi, min yerə böl
Yaralı köksümdən fidanlar baş qaldırmada
8. Dalğa dilini nəinki artıq kəlmələrlə yükləmir, hətta, az-qala bir-neçə sözlə də öz fikirlərini çatdıra bilir.
Küsməyi naşı kimi
Barışmağı naşı kimi
Peşmanlığı naşı kimi
Necədə duzlu-duzlu gələrdi
Gözlərimin yaşı kimi.
9. Təsvirləri rəssam dəqiqliyilə verir. Oxucuya oxuyla yanaşı izləmə zövqü yaşadır.
Harada bir kefli gördüm,
Saxta dişlərini qumarda uduzmuş,
Harada bir qadın gördüm,
Özünü aynada öpürkən,
Qonşu uşağın ürəyini üzmüş
Harada bir qarı gördüm,
Ərindən iyrənirkən,
Öyləsinə Otuz bir il dözmüş,
Harada bir uşaq gördüm,
Uyuyurkən,
Əlləri anasının bacaqlarına süzmüş,
İndi neçə ildən sonra bu şeirlərin bu kitabda sığınacaq tapması münasibətiylə Dalğanı təbrik edirəm.