Axsaq qoca Tur - Nobelli yazıçının hekayəsi

Axsaq qoca Tur - Nobelli yazıçının hekayəsi
22 yanvar 2024
# 14:30

Halldaor Laksness 1902-ci ildə İslandiyanın paytaxtı Reykyavik şəhərində doğulub.Yol tikintisi inspektoru ailəsində dünyaya gəlib. Üç yaşından etibarən ailəsilə birlikdə Reykyavikin cənub hissəsindəki Laksness fermasında yaşayıb. İlk dəfə 14 yaşında, "H.G." imzasıyla çap olunub. İlk kitabı 1919-cu ildə "Laksnessli Halldor" imzasıyla işıq üzü görüb. Katolik məzhəbini qəbul edib, 1922-ci ildən bir müddət Klevroddakı benedikt məbədində yaşayıb. Sosializm tərəfdarı olub. Hekayə və romanlarında mürəkkəb insan xarakterlərini, cəmiyyətdəki sinfi problemləri, bəşəri keyfiyyətləri təsvir edib. 1929-cu ildə çap olunan "Xalq kitabı"nda sosializmi tərənnüm edib. Sovet dövründə Rusiyada çoxlu sayda kitabı nəşr edilib. 1955-ci ildə "İsland nəsrinə gətirdiyi parlaq epik təsvirlərə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 1998-ci ildə Reykyavikdə dünyasını dəyişib.

Kulis.az onun "Axsaq qoca Tur" hekayəsini təqdim edir.

Hamımız Axsaq qoca Turu hələ limanda işlədiyi dövrlərdən tanıyırdıq, sonra o, şəhərin ictimai işlərində işlədi. Burada - Reykyavik yaxınlığındakı qəsəbədə çoxdan yaşayır. Onu tez-tez limandakı qara fəhlələrin yığıncaqlarında görmək olar. Çox vaxt kətili əlinə alır, bir kənara çəkilib dayanır, saqqalı da uzanıb, yəqin çoxdandı onlara ülgüc dəymir.

Turun xoş, mülayim siması var; üz-gözünə baxan kimi belə bir adamın boş-bekar, əl-qolunu sallayıb oturacağına inanmaq olmur. Və bu, həqiqətdir, Tur işsiz dayana bilmir. O, Esterlandda doğulub boya-başa çatıb, özü də nə quruda, nə suda - heç vaxt işdən qorxmayıb. Hələ bir parça torpağında kənd təsərrüfatıyla da məşğul olub. Düz on il, sərasər, torpaqda eşələnib. Amma bu zırıltı əhvalatdı, o barədə imkan düşsə, sonra danışaram. Düzdür, çox adam təsərrüfatı atanları qınayır, ancaq mən qoca Turu asıb-kəsmək fikrində deyiləm. Kim bilir, bəlkə buna ciddi səbəbləri varmış.

Qoca axsaq adını doğrudan da bir ayağını çəkdiyi üçün almışdı. Sən demə, başına iş gəlib, - eşitdiyimə görə bir dəfə gəminin anbarında yıxılıb, elə o vaxtdan da axsaq qalıb. Amma bu çatışmazlığı ona əngəl olmayıb. Qocanın bədbəxtliyi bunda deyildi. Düzdür, qoca tez-tez həmkarlar təşkilatlarının yığıncaqlarında iştirak edir, orada deyilənlərə diqqətlə qulaq asır, baş verənləri izləyirdi, amma nə olursa-olsun, Marksla Leninin fəhlələrin hakimiyyəti ələ keçirmək, kapitalizmi məhv edib yerində zəhmətkeşlərin əməyinə qiymət verən dövlət qurmaq haqqındakı təlimlərini başa düşə bilmirdi. Zənnimcə, Tur həmkarlar hərəkatı liderlərinin dediklərinin çoxuna inanmırdı və iş ondaydı ki, özünün inandıqlarının da yarısını demirdi. Hərdən özümə sual verirdim, görəsən o, öz gücünün mənbəyini haradan alır, ümidləri haradan qaynaqlanır, yumoruna nə rəng qatır?

Demişdim axı, Tur uzun illər şəhər kənarında yaşayıb. Arvadı və iki oğluyla birlikdə köhnə evin çardağına sığınıb. Az sonra arvadı ölüb, oğlanlarının başına gələnlərdən isə təfsilatıyla xəbərim yoxdur. Turun yeganə qızı yerli balıqçılardan birinə ərə getmişdi və şəhərdə yaşayırdı. Bir dəfə qoca mənə üç nəvəsi olduğunu demiş, sonra da onları xeyli tərifləmişdi. Hər halda onlar yaxşı uşaqlar idi.

Tez-tez tənha Tura baş çəkirdim. Yeməyi özünə primusda bişirirdi, arabir məni qəhvəyə qonaq edir, biz də baş-başa verib olub-keçənlərdən, Esterlanddan, doğma yerlərdə baş verənlərdən, onun təsərrüfatını işlətməyindən, onu nə səbəbə atmağından danışırdıq. Hə, demişdim axı, bu uzun həngamədir.

Arabir söhbəti fəhlə hərəkatına, fəhlələrin aparmalı olduğu mübarizəyə, Marksla Leninin buyurduğu kimi, onların hakimiyyəti ələ keçirəcəyinə yönəldirdim. Amma ömrümdə Tur qədər sülhpərvər adamla rastlaşmamışdım. Heç vaxt heç kəslə mübahisə etməmişdi, heç bir mübarizəyə - xalqın çəkdiyi zəhmətə görə qazandığı qəpik-quruş uğrunda əzəli mübarizəsindən başqa - qatılmamışdı. Heç kəsə əl açıb nəsə ummamışdı, yox, qoca Tur belə bir şeyi ağlına da gətirməzdi. Deyirdi ki, ehtiyatla, sakit hərəkət etmək lazımdır. Bəli, Axsaq Tur safürəkli adam idi, eləsilə hər addımda qarşılaşmaq olmur.

- Bircə bolşeviklərdi günümüzü qara edən, - deyirdi. - Öz hərəkətlərilə kapitalistləri azğınlaşdırırlar. Düz də deyirlər, bolşeviklər - ixtişaşçılardı, hər kəsə ağalıq eləmək istəyirlər, ona gərə də hər yerə yamanlıq toxumu səpirlər.

- Amma öz aramızdı, az yerə ağalıq eləmirlər ha, - Baltik dənizindən Sakit okeana qədər, - xatırlatdım.

- Nə-əə?

- O yerlərdə mülkiyyətçilik, kapitalizm yoxdur. Oralarda fəhlə-kəndli hökuməti yaranıb.

- O barədə heç nə bilmirəm, sərhəddən o tərəflərdə baş verənlər məni az maraqlandırır. Ancaq burda, bildiyim qədərilə, bolşeviklər kapitalistləri üstümüzə qaldırmaq üçün fürsəti əldən vermək istəmirlər. Sən bir onların tələblərinə, şikayətlərinə, narazılıqlarına bax! Heç ağlı başında olan adam onları ciddi qəbul edər? Əslində sudan sakit, daşdan ağır olmalıdırlar. Düz də deyirlər, onlar fəhlələri biabır eləyirlər!

- Sən də qoy görək, - cavab verdim. - Dünyanın ən böyük ölkəsində onlar hüquqlarını müdafiə edə biliblər.

Soyuqqanlılığını qoruya bilməyən qoca üyüdüb tökdü:

- Əşi, lənət şeytana, onlar dildən pərgardılar! Bir arvaddan eşitdim, onun sözlərinə etibar eləmək olar, onlar kilsə xadimlərinə - keşişlərə, yepiskoplara da divan tuturlar. Bəs çətinə düşəndə adam ürəyini Tanrıdan başqa kimə açmalıdır?

Tur hər bazar kilsəyə baş çəkər, məxsusi olaraq fəhlələrin mübarizə ruhunu yüksəltmək üçün deyilən duaları dinləyərdi. Ən çox da Zəbur surələrini dinləmək üçün ürəyi gedirdi. Ancaq Tur heç vaxt kinoda olmamışdı. Pul verib əylənmək üçün nəzərdə tutulan hər şeyə ikrahla baxardı. Bir dəfə üç kron verib nəvələrini kinoya yollayanda yaşadığı sevinci hələ də unuda bilmirəm. Üç kron ha - o vaxt üçün yaxşı pul idi!

- Bu uşaqlara canımı da verərəm! - sözünü bitirib gülümsündü. - Çox yaxşı uşaqlardı!

Bir neçə il sonra - 1932-ci ilin yazı qocanın həyatında ciddi iz buraxdı: balıqçının kürəkəni vəfat etdi. Suda boğulsaydı, yenə dərd yarıydı. Amma bədbəxt nəsə bir xəstəlikdən getdi. Üç uşağı yetim qaldı, arvadı ora-bura yazmağa başladı. Balıqçı ailəsinə bu şəhərdən başqa heç bir miras saxlamamışdı. Nəsə, belə şeylər bütün kasıbların başına gəlir. Sadəlövhlükdən elə bilirlər ki, şəhər onların uşaqlarına baxacaq, qollarını açıb onları öz ağuşuna alacaq, amma təəssüf ki, küçələri fəhlələrin zəhməti ilə başa gələn şəhərin sahibi varlılar olur. Bəlkə elə ona görə də kasıblara bu küçələrdə sərbəst gəzməyə ixtiyar verirlər. O da həmişə yox.

Elə götürək 1 mayı. Həmin gün fəhlələrin küçələrə çıxmağına qadağa qoyulur. Elə küçəyə çıxmağa bənd olurlar ki, haradansa qollarına svastika (faşist nişanı) bağlamış varlı balaları, əli dəyənəkli polislər peyda olur. Onlar fəhlələri evlərin arasında öz əllərilə saldıqları küçələrdə ehtiyatla gəzməyə çağırır, xəbərdarlıq etməyə tələsirlər. Bir az əvvəl dediyim kimi, balıqçı övladlarına bircə bu şəhəri miras saxlamışdı.

Sən demə, şəhər rəhbərliyi, xoşməramlı adamlar - şəhər sovetinin üzvləri - onlara qucaq açıb xoş üz göstərənə qədər, ancaq Axsaq Tur çardağının qapılarını yetimlərin üzünə açıb demişdi ki, özlərini evlərindəki kimi hiss etsinlər. Ona görə də balıqçının ailəsi Turun balaca hücrəsinə sığınmışdı. O, bu ailəyə təkcə evini yox, bir tikə çörəyini də əsirgəməmişdi. Buna deyirlər fəhlələrin həmrəyliyi. Bu həmrəylik hər yerdə, hər ölkədə var. Elə həmin yaz şəhər qocaya yardım etdi: o, işə düzəldi.

Mən də getməzdən əvvəl vidalaşmaq üçün ona baş çəkdim. Uşaqlar da evdəydi. Onlarla xeyli söhbət etdim. Qoca Tur düz deyirdi: çox yaxşı uşaqlardı. Balıqçının dul arvadı utandığından mənimlə kəlmə kəsmədi. Fəhlələrin başına yeritmişdilər ki, zehni əməklə çörək pulu qazananlar halal zəhmətlə qazananlardan üstündür. Amma qoca Tur ona dedi ki, məndən qorxmasın.

- Hə, mənim qocaman dostum, - sözə başladım, - səninlə vidalaşmağa gəlmişəm, tezliklə Sovet İttifaqına yola düşürəm.

- Deyəsən sənin ağlın yerində deyil axı! - acıqla dedi.

- Ora dünyanın ən böyük ölkəsidir, - bunu deməklə səfərimə haqq qazandırmağa çalışırdım.

- Bunun mənə dəxli yoxdur, - qoca etiraz etdi.

- Ora dünyada fəhlələrin hakimiyyəti ələ ala bildiyi yeganə yerdi, - davam etdim.

- Qulağını köhnə havalarla doldurublar, o havaları mən də çox eşitmişəm. Sizin - savadlı, yarısavadlı oğlanların ürəyində məsuliyyət hissi olmur. Bircə hay-küy sala bilirsiz: inqilab, inqilab, bir də Rusiya, Rusiya! Sizin bu hərəkətiniz kapitalistləri özündən çıxarır. Budey, bir dəstə qulduru töküblər bayıra ki, fəhlələri ağıllandırsınlar. Təkcə sizin kimi məsuliyyətsiz bambılılar ehtiyatlı, tədbirli olmaq əvəzinə, boyunlarına xalta keçirməyə tələsirlər. Ağaları acıqlandırmaqdan nə xeyir qazanırsız? Ehtiyatla hərəkət eləmək lazımdır, addım-addım, inan mənə.

- Sovet İttifaqında kapitalist yoxdur, - etiraz elədim. - Onlarla çoxdan haqq-hesab çəkiblər. Orada adam başqasının hesabına dolana bilməz.

- Anarxistdilər də! Axı Tanrıdan da imtina eləyiblər! Onlar hər şeyi zor gücünə eləyirlər. Yox, yaxşısı budur sən mənə cəfəngiyat danışma, bolşeviklər haqqında heç nə eşitmək istəmirəm, mən dinc inkişaf tərəfdarıyam.

Qoca məni heyrətləndirdi: "dinc inkişaf"! Esterlanddan olan binəva qoca belə sözlərin mənasını haradan öyrənə bilərdi? Bu sual məni xeyli düşündürdü.

Budur, yaz gəldi. 1 may günü fəhlələr küçələrə axışdı. Əvvəllər olduğu kimi, yenı iki düşmən dəstəsi üzə-üzə gəlirdi. Dəstələrdən biri: "İnqilab! İnqilab! və Rusiya! Rusiya", - deyib çığıraraq canilərdən ibarət sürünü özünə tərəf çəkir, digəri - dinc inkişaf tərəfdarları isə sakit, ehtiyatla hərəkətə keçməyə çalışırdı.

1932-ci ilin 9 noyabrda, island fəhlə hərəkatı üçün o əziz gündə Sovet İttifaqında idim. Ancaq evə dönəndən sonra həmin gün baş verənlərdən xəbər tutdum. Sən demə, şəhərə dədəlik edənlərin ağlına gözəl bir ideya girib: fəhlələrin əmək haqqını azaltmaq. Nəticədə bu şəhəri tikənlərin balaları ac qalıb. Şəhərin dədələri bir səslə qərar çıxarmışdı ki, bu ağır günlərdə ictimai işlərdən ötrü xəzinədən əlli min kron buraxılmasın. Onlar əsl təntənə ilə işsizlik bayramını qarşılamağa, şəhəri tikən bu axmaqları başlarından eləməyə hazırlaşırdılar. Ağalar fəhlələrə sübut etmək istəyirdilər ki, onlara qətiyyən ehtiyacları yoxdur, fəhlələr hara istəyirlərsə, cəhənnəm olub gedə bilərlər.

Axı bələdiyyənin nəyi yaxşıdır?! Bir-iki yekəqarının əlini havaya qaldırmağı bəs edər ki, yüzlərlə uşaq qanına qəltan olsun, acından ölsün, soyuqdan donsun, sağlamlığını itirsin, ailələr pərən-pərən düşsün. Məgər bu vikinqlərin tətbiq elədiyi üsul deyil, onların sinfi qardaşları da körpələri nizənin ucuna keçirmirdimi?

Başqa nə gözləmək olardı ki? Bu dəfə də bələdiyyə ilə hökumət əlini həmişəki kimi həqiqətdən çəkdi. Görəsən fəhlələrin, onların balalarının yaşamaq hüququ doğrudanmı ağaları narahat edir? Dövlət hakimiyyəti - fəhlələrin yox, ağaların hakimiyyətidir. Fəhlələr - ağaların qatı düşmənidir. Ona ehtiyacın yoxdursa, düşmənin qarnını niyə doyurmalısan? Əgər fəhlələr Marksla Lenin buyurduğu kimi, kapitalistlərin axırına çıxsalar, hakimiyyəti ələ alsalar, bir də kapitalizmi bərpa etmək üçün böyük pullar xərcləyərlərmi? Əlbəttə, yox! Heç ağıllarının ucundan da keçirməzlər! Hər bir ağlı başında olan adam dərk eləməlidir ki, kapitalistlər nə edirlərsə düz edirlər, əgər fəhlə əməyinə ehtiyacları yoxdursa, pullarını boş yerə havaya sovurmazlar. Reykyavikin fəhlələri bunu necə lazımdır elə də başa düşdülər. Başa düşdülər ki, bir yol tapıb bu qışı keçirməli, balalarının qarnını birtəhər doyurmalıdırlar, odur ki, varlıları məcbur etməlidirlər ki, nə olursa-olsun bu qış onlara iş versinlər.

1932-ci ilin 9 noyabrında xalq baş götürüb bələdiyyə binasının qarşısına yığışdı. Heç kəsin sözü çəp gəlmədi, heç kəs bir-birini bolşevik agenti, sosialist tör-töküntüsü olmaqda ittiham etmədi; müxtəlif partiyalardan - kommunistlər, sosial-demokratlar və sağçı sosialistlər - olan fəhlələr qapını kəsdirib dayandılar, qət etdilər ki, bələdiyyə üzvləri və ağalar əməkhaqqının azaldılması ilə bağlı qərarı dəyişməsələr, işsizliyin aradan qaldırılmasına əncam çəkməsələr binanı tərk edə bilməyəcəklər. Buna cavab olaraq mötəbər ağalar polisə toplaşanları öldürmək, vurub şikəst etmək əmri verdilər. Araya qırğın düşdü. Fəhlələr hamı bir nəfər kimi düşmənlərinin üstünə tökülüşdülər. Təbii ki, vahid birlik cəbhəsi də elə həmin gün yarandı. Sövdələşmək, sakit inkişaf söhbətləri ilə baş qatmaq zamanı deyildi. Birləşən fəhlələr müqavimət göstərib qalib gəldilər. O gün hamı dərk etdi ki, fəhlə birliyini heç nə ilə qırmaq mümkün deyil və yalnız əməkçilərin vahid cəbhəsi ağaları xalqın tələbini - ona çörək və iş vermək tələbini - icra etməyə məcbur edə bilər.

Şahidlər, iştirakçılar 9 noyabr 1932-ci ildə bələdiyyə binası qarşısında baş verənlər barədə çoxlu ibrətamiz şeylər danışırdılar. Mənsə, tanışlarımdan eşitdiyim bir epizoddan, söz açmaq istəyirəm. Əhvalat Axsaq Turun başına gəlib.

Qoca o mötəbər gündə qapının ağzını kəsdirənlərin arasında olub və tələb edib ki, onları da iclasa buraxsınlar. Qapını polislər qoruyurmuş. Dava başlayıb. Camaat gözəl başa düşürmüş ki, ölkədə iki millət - kasıblar və varlılar milləti yaşayır. Axsaq Tur kasıblar dəstəsinin ön sıralarında dayanıbmış. Yeganə silahı da yumruqları imiş. Həyətdəki iri dirəyi görəndə onu götürməyə yüyürüb. Təbii ki, dirək böyük olduğundan onu yerindən tərpətmək, üstəlik, qaldırıb polisin başına endirmək tək adamın işi deyilmiş. Tur dirəyi götürməyə tələsəndə başına iki polis dəyənəyi dəyib. Axı ancaq xalqın başından vurmaq əmr olunmuşdu. Qoca səndirləyib. Bir müddət huşsuz qalıb. Yoldaşlarından ikisi həkimə aparmaq üçün ona qalxmağa kömək edib. Tur iki yerdən yaralanıb. Başını sarıyan kimi qoca yenidən döyüş meydanına atılıb, amma bu dəfə əlinə bir paya alıb. Əlini sağa-sola yelləyərək qabağına çıxan polisi şil-küt edib. Bu, əlindəki paya qırılana, üz-gözünə polis dəyənəyi dəyənə, huşunu itirib yıxılana qədər davam edib. Polislər bu dəfə də onun başından vurublar. Qoca bir də vahid cəbhə qalib gələndən sonra özünə gəlib. Şəhərin ağaları əmək haqqını azaltmaqdan daşınıb, işsizliyi aradan qaldırmaq üçün vəsait buraxmağa razılıq veriblər.

Evə qayıdandan sonra bir gün küçədə qoca Turla qarşılaşdım. Yaraları çoxdan sağalmışdı, daimi iş yeri vardı. Dedi ki, evində hər şey qaydasındadır. Qızı 9 noyabr ərəfəsində doğub, iki böyük nəvəsi də məktəbə gedir.

- Çox yaxşı uşaqlardı, - qoca əlavə etdi.

- Biz axırıncı dəfə görüşəndə sən dinc inkişafdan dəm vururdun, - qocaya sataşmaq üçün söz atdım.

- Nə deyim, həmişə bolşeviklərə qarşı olmuşam. Elə indi də onlara qarşıyam. Axı onların hamısı anarxistdilər!

- Qulaq as, - dedim. - Hamı səni sakit, dinc adam kimi tanıyır. Nə əcəb 9 noyabrda əl qaldırıb Tanrıya dua eləmək əvəzinə, camaatla bir yerdə davaya girişdin, adam vurdun?

Qoca bu barədə danışmaq istəmirdi. Hər şey aydındı, bu söhbətdə qoca məğlub olmuşdu.

- Səninlə Rusiya barədə nə danışım axı? - dedi. - Siz öz Rusiyanızı elə tərifləyirsiz ki, elə bil sizdən başqa ağıllı adam yoxdur. Axı siz, bambılının birisiz!

Qoca qətiyyətlə çevrilib yoluna davam etdi. Heç məni evinə də çağırmadı. Deyəsən, qoca 9 noyabrda evimdə yox, Rusiyada olmağımı mənə bağışlaya bilmirdi.

- Qulaq as, - arxasınca səsləndim, - hiss eləmirsənmi ki, sən məndən daha ağıllısan. Sən həmin gün vahid cəbhənin sıralarında vuruşmusan, polis dəyənəyi iki dəfə başını yaralayıb, huşunu itirmisən. Sən qalib gəlmisən. Bax, Rusiyada da hər şey elə-belə olub.

- Əşşi, yox ey... sadəcə... təzə doğulan körpəyə xatir, - üzrxahlıq edirmiş kimi deyib uzaqlaşdı.

Rus dilindən tərcümə: Əyyub Qiyas

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #