Ədəbi tənqid qədər birmənalı qarşılanmayan ikinci bir fəaliyyət sahəsi təsəvvür etmək çətindir.
Bəlkə də, ona görə ki, «kritika» (tənqid) yunancadan tərcümədə «mühakimə etmək, ayırd etmək» deməkdir və bəşər övladı, yalan-doğru nə iş görmüş olsa da, mühakimə olunmağı heç sevmir. Sevgisizlik isə sevginin özündən də güclü hissdir.
İnsafən, tənqidi sevməməyin obyektiv əsasları da yox deyil. Bu etikadakı paradokslardan biri ilə bağlıdır – insan mənəvi baxımdan kamilləşdikcə özünə daha tənqidi yanaşmağa başlayır və başqalarını mühakimə etməyi artıq özünə rəva bilmir. Daha doğrusu, özünü buna layiq bilmir. (Mühakimə etmə ki, mühakimə edilməyəsən – Bibliya ehkamı da, yəqin, buradan qaynaqlanır). Belə çıxır ki, mühakimə etməli olan adamlar bunu etmirlər, bunu şövqlə etmək istəyənlərə isə bu işi etibar eləmək olmaz…
Lakin tarixi təcrübə göstərir ki, bu paradoksda ilişib qalmaqla işi irəliyə aparmaq mümkün deyil. Çünki nəticədə sosial-ierarxiya sisteminin yuxarı pillələrində qərarlaşmış, əksərən mənəvi keyfiyyətləri ilə başqalarından heç nəylə seçilməyən subyektlər dövrəyə girir və hər şeyi dişlərinə vurmağa, çəkməyə, ölçməyə, qiymətləndirməyə başlayırlar. Bəlli məsələdir ki, yalnız özlərinə sərf etdiyi və ya ağıllarının kəsdiyi şəkildə.
Tənqidçinin missiyası məhz bu məsələlərin idrakına söykənir.
Ya sən bu işi profanların öhdəsinə buraxırsan, ya da hər şeyi göz önünə alaraq, bu gedişata çəki-düzən verməyi öz boynuna götürürsən.
Sözsüz, burada söhbət Çernışevski və ya Dobrolyubov kimi çox zaman siyasi manifest xarakterli tənqidi məqalələr yazan, indinin özündə də sosrealizm üslubunda sicilləmələr istehsal edən sənətkarlardan yox, ədəbi mətnin özünə istinadən təhlillər aparan tənqidçi-ədəbiyyatşünaslardan gedir.
Bu tənqidçi-ədəbiyyatşünas bilir ki, mədhiyyə və ya pamflet janrında yazılmış «tənqidi məqalə»lər tənqidçinin ölüm kağızıdır.
Bilir ki, prinsiplər çeşidli qrupların və bir-birindən mənasız «ədiblər»in iddiaların mübarizəsinə qurban gətirildikdə ehtikar olmamaq mümkün deyil.
Ona yaxşı məlumdur ki, tənqidçi üçün «mətndən başqa heç nə yoxdur». Derrida bunu nahaqdan demir. Ədəbi tənqidçinin sözünün kəsəri bilavasitə onun obrazına bağlıdır. Obrazın yoxdursa, qızıl da xırdalasan effekti olmayacaq. Bu obrazın yaranması üçün isə tənqidçiyə görə mətndən başqa heç bir kənar mətləb olmamalıdır…
***
Müasir Azərbaycan tənqidi fikrini təmsil edən tənqidçi-ədəbiyyatşünasların içərisində həmişə maraqla oxuduğum bir imza var – Cavanşir Yusifli. Təkcə estetik qanunları bilməklə qalmayıb, ciddi etik normaları da gözləyən, yəni oxucunu avam yerinə qoyaraq, bədii əsərin qavranılması üçün sağa-sola hazır formullar və reseptlər səpələməyən, heç vaxt təmkinin pozmayan, ədəbi tənqidin ictimai fikrin bir fenomeni olduğunu hər addımda bizə xatırladan Cavanşir Yusifli.
Cavanşirin «Bədii mətnin sirləri», "Bir söz söylə, bu dünyadan olmasın", "Ədəbiyyatda yaşamağın formulu", "Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» Fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış", "Azərbaycan komediyasının poetikası" "Gülüş və dünyanın sonu", "Filoloji fantaziya» və s. kitabları, ədəbi prosesə işıq tutan çoxsaylı məqalələri ədəbi hadisələrə sadəcə refleksiya kimi görsənmir, çünki onlar həmişə yaradıcı əməyin məhsuludur və bu onu başqalarından müsbət mənada fərqləndirən cəhətdir.
Təhlil pafosu, yersiz bəlağəti, klişe yanaşmaları sevmir. Çox zaman yazılarını riyazi əməliyyat aparırmış kimi qələmə alan və müvafiq nəticələr əldə edən sənətkarlardan fərqli olaraq, Cavanşir Yusifli yazıçının obrazlarla ifadə etdiyini və ya etməyə çalışdığını «şifahi» formaya salmağa, anlaşıqlı etməyə həmişə müvəffəq olur. Burada səviyyə və ya standart axtarmalıyıqsa, bu e lə onların göstəricisidir.
Yazarlar çox vaxt tənqidçilərdən obyektiv tənqid gözləyir, onları mətnə «qeyri-adekvat» yanaşmaqda suçlayırlar. Ancaq kimsə fərqində deyil ki, «Obyektiv tənqid»in mütləqləşdirilməsi qədər də tənqidçi obrazını zədələyən, onun əl-qolunu buxovlayan və yazdıqlarını törəmə mətnə çevirən ikinci bir kontekst tapmaq çətindir. Burada önəmli olan tənqidçinin özünün yüksək bilik səviyyəsinə, zəngin dünyagörüşünə malik olması və şəxsiyyətinin bütövlüyüdür. Bunlar varsa, bu insanın «subyektiv» fikri hamıya maraqlı olacaq. Tənqidin humanitar təbiətinə, vəzifələrinə və funksiyalarına cavab verən də budur. Necə ki, Cavanşir Yusiflinin qələmə aldığı bütün mətnlər ədəbi cameədə maraqla qarşılanır və rezonans doğurmadan ötüşmür.
Cavanşir Yusiflinin elmi və bədii tərcümələri haqqında ayrıca danışmaq lazım gəlir. Onun P. Züskind, R.Bart, A.Kamyu, T.Eliot, J.P.Sartr, Q.Başlyar, X.Kortasar, X.L.Borxes, P.Elüar və s. kimi korifey imzalardan etdiyi tərcümələr Azərbaycan oxucusunun sevə-sevə oxuduğu əsərlərdir. Ümumiyyətlə, Cavanşirin istər orijinaldan etdiyi tərcümələr, istərsə də, tərcümə haqqında yazdığı məqalələr Azərbaycanda tərcümə məktəbinin formalaşması prosesinə verdiyi əhəmiyyətli töhfələrdir. Təsadüfi deyil ki, BSU-da çapa hazırlanan «Azərbaycan tərcümə ensiklopediyası»nın redaktorlarından biri də Cavanşir Yusiflidir.
Bu günlərdə Cavanşirin 55 yaşı tamam oldu. Sözünə, dostluğuna doymadığım sənətkarı həyatının bu əlamətdar günü münasibətilə təbrik edir, ona bol şanslar və yeni uğurlar arzulayıram.