Kulis.az Əsəd Cahangirin “Ədəbi gənclik nə istəyir?” yazısının üçüncü hissəsini təqdim edir.
“Kilidsiz açarlar” hekayəsinin müəllifi Ziyad Quluzadə hər an erməni hücumu gözlənilən bir kənddə xərçəngə tutulub yatağa düşən, ölümünü öz sevimli kitablarının əhatəsində gözləyən atanın timsalında sovet dövrü millətçi kəsimi və onun turançı eyforiyasının iflasından danışır. Lakin hekayə boyu Kafkanın "Çevrilmə”si və Sizif haqqında miflə bağlı çoxsaylı mesajlar göstərir ki, müəllif məsələnin bir ucunu aparıb Allaha bağlamaq istəyir. ("Çevrilmə” üzdə ataya etirazın ifadəsi olsa da, altda yəhudilərin allahı Yəhvaya üsyanın işarəsi, Sizif isə Olimp tanrılarına itaətsizliyin birbaşa əksidir) Amma o bunu elə də uğurla eləyə bilmədiyindən, istər Kafka, istərsə də Sizif atanın kitabxanasından çıxıb, oğulun hekayəsində tam vətəndaşlıq statusu qazanmır, əsas müəllif vurğusu dini yox, mill(lətç)i düşüncənin üstünə düşür. Lakin istənilən halda xəstə atanın kitabxanası həm də Allahın Kitabını işarələyir və bununla da, yeni dönəmin praktik gəncliyi sovet dövrü insanının ilahiləşdirilmiş mill(ətç)i ideallarına ironiyasını bildirir. Bu, gerçəklikdə öz təsdiqini tapmayan, sadəcə ideya şəklində mövcud olan hər şeyə, sözün bütün anlamlarında Kitaba ironiyadır: Ata, xəbərin var, erməni gəlib qapının ağzını kəsib, üç gün ömrün qalıb, sən hələ də romantik xəyallarla yaşayırsan? Ziyadın ironiyasının dilə gəlməyən alt qatında mən bu ritorik ittihamları "eşidirəm”. Amma hər cür kobud birmənalılıqdan uzaq bu ironiyaya ataya sevgidən doğan həzin ağrı-acı da qarışır. Bu, hekayəyə intellektual zəriflik, elitar duyğusallıq gətirir və Didronun bir kəlamını yada salır: "Bədii ədəbiyyatın (bir-Ə.) vəzifəsi (də-C.) insanı kobudluq və bayağılıqdan xilas etməkdir.”
Ziyad 30 il öncəki “xəstə” zamanın (atanın!) nəbzini tutaraq, ürək döyüntülərini dinləyir və ona diaqnoz qoyur – ölüm! Çıxardığı nəticədən asılı olmayaraq məhz bu mövzuya müraciət hekayə müəllifinin uğurudur. Çünki o, tarixin yüzlərlə olayı arasından həlledici, kritik məqamı tutur, ümummilli taleyüklü problemi seçir və tarixi qəlbindən vurur! Hamletin diliylə desək, "maral yaralandı, düz ürəyindən!” Amma belə bir hekayə 30, heç olmasa 20 il öncə yazılsa, öz müəllifinin daha ciddi uğurundan xəbər verərdi. Çünki ədəbiyyat zamanla bərabər at başı yüyrütməli və daha yaxşısı onu qabaqlamalıdır. Yazıçı təkcə həkim yox, həm də öncəgörən, ədəbiyyat təkcə bədii diaqnostika yox, həm də proqnostika mərkəzidir. Məsələn, Ziyadın haqqında yazdığı dövrə münasibətini M.F.Axundov özünün "Aldanmış kəvakib” (1857) povestində 130 il öncə, özü də daha obyektiv bildirib. Dostoyevski bolşevizmin gətirəcəyi fəlakəti "Cinayət və cəza” (1862) Oruell isə kommunizmin çökəcəyini "1984” (1948) romanlarında yarım əsr öncə xəbər veriblər. Muğannanın "İdeal”ını diqqətlə oxuyanlar bilir ki, Qarabağ hadisələrinin nə vaxt başlayacağı romanda ilinə qədər proqnozlaşdırılıb. A.Abbas "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanında Mübariz İbrahimov fenomenini illər öncə görüb və göstərib. Bu, zamanın buxovlarından azad olmaq, onu qabaqlamaq istəyən əbədi ruhun tələbidir və əslində, bədii istedaddan daha ciddi şeydir. Təəssüf ki, Ziyad da, onun yaşıdları da hələki keçmişə baxırlar. Mən fantastik janrda yazan nəinki gənc, yaşlı yazarımızı da görmürəm və bu, ədəbiyyatımızın ciddi boşluqlarından biridir.
Bütün bunlar, əlbəttə, iraddan daha çox arzudur, amma Ziyada konkret bir iradım da var. "Kilidisiz açarlar” başlığı reallıqdan məhrum (kilidisz) ideallar (açarlar) barədə mesaj ötürməklə müəllif ideyasını əks etdirir. Amma ad və hekayənin əlaqəsi ümumi ideya planı ilə də bitir - müəllif bu əşyalara mətndə özəl bir yer ayırmır.
"Kilidsiz açarlar” realist üslubda yazılıb, hekayənin ikinci planla bağlı başlığı isə müəllifin modern advermə üsulunu göstərir. Məncə, hekayənin adı və özü arasında birbaşa əlaqənin olmaması bu metodoloji uyğunsuzluqdan irəli gəlir. Halbuki, bu uyğunluğa malik əsərlər nəsrimizdə kifayət qədərdir: “Yaşıl teatr”da (S.Əhmədli) insan təbiətlə oyun oynayır (yaşıl teatr) həm də personajların yaşadığı həyətin yaxınlığında Yaşıl Teatr binasının tikintisi gedir; "Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə (Anar) altıncı qat sosial ehkamlardan yüksəyə qalxmağa işarədir, həm də romanın qəhrəmanlarından biri beşmərtəbəli binanın liftiylə "altıncı qata” qalxır; "Dalanda” (S.Azəri) romanında dalan taleyin çıxılmazlığının rəmzidir, həm də qəhrəmanın evi dalanda yerləşir;
Adın həm yuxarı, həm də aşağı vurması – ikili kodlaşdırılması İ.Hüseynovun "Teleqram”ı, Elçinin "Ölüm hökmü”, F.Kərimzadənin "Qarlı aşırım”ı, İ.Məlikzadənin "Quyu”su, M.Süleymanlının "Dəyirman”ı, A.Məsudun "İzdiham”ı, K.Abdullanın "Yarımçıq əlyazma”sı, R.Məcidin "10 sentyabr”ı, K.Əfsəroğlunun "İt qanı”, A.Quliyevin "Rusiyadan gələn qardaş”ı, S.Talıblının "Adəmin övladları”, H.Herisçinin "Solaxay”ı, İ.Fəhminin "Aktrisa”sı və digər roman və povestlər üçün də səciyyəvidir. Ziyadın hekayəsində bu ikiliyin ancaq birinci tərəfi var, ikincisi yoxdur, yuxarısı var, aşağısı yoxdur. Semiotik dillə desək, işarələnən var, amma işarələyən görünmür. Ona görə müəllifin tənqid etdiyi turançı ideallar kimi hekayənin adının da ayaqları yerə çatmayıb, eləcə havada qalır. Ziyad başlığa mətnin içində ayaq yeri qoymur.
Yeri gəlmişkən, uğurlu ad seçimi təkcə Ziyad yox, demək olar ki, bütün gənclərin problemidir. Yəqin buna görə antologiyadakı 20-dən artıq hekayə arasında hədəfə vuran ad azdır. Halbuki, tarix şumerdən, teatr qarderobdan başladığı kimi, bədii əsər də addan başlayır. Ad əsərin nüvəsidir və onun qeyri-adekvatlığı müəllifin öz yazdığının nüvəsinə çatmaması, nə demək istədiyinin özünə axıracan aydın olmaması deməkdir.
Postmodernist düşüncənin ada tamam əks mövqedən yanaşması – Eko özünün "Kənar qeydlər”ində deyirdi ki, ad oxucunu çaşdırmaq üçündür – məhz sözü öz nüvəsindən ayırmaq məqsədi güdürdü. İndi niyə güdürdü, belə yanaşma konkret tarixi zamanla bağlı hansı tələbdən doğurdu, bu artıq başqa söhbətin mövzusudur.
Ziyadla diametral əks mövqedə duran Rövşən Danyeri özünün"Ayin” hekayəsində dini inanc və elmi xurafatı rədd edərək, çıxış yolunu mifə (bozqurdçuluğa!) qayıdışda görür. Rövşənin çağdaş dövrün bəlasına çevrilən elmi xurafatı rədd etməsiylə razılaşıram. Dinin inkarı məsələsi üzərində isə ayrıca dayanmalı olacam.
Mif və elmdən fərqli din öz kökü etibarilə tarixi yox, əzəlidir və elə buna görə də əbədidir, yəni bəşəri yox, ilahidir. Miflə elm isə tarixi və bəşəridir, yəni müəyyən tarixi dönəmlərdə insanın dinə yanaşmasının keçici formaları kimi meydana çıxır. Rövşənin bozqurdçuluğa özəl rəğbəti özü də onun “milli din”ə sahib olmaq arzusundan doğur. Bu arzunu gerçəkləşdirmək üçün ötən əsrdə bizdə iki cəhd olub - "İdeal” romanıyla Muğanna, “Mütləqə inam” kitabıyla Asif Ata. Amma gənc yazar kimi böyük yazıçı və ünlü mütəfəkkir də unudurdular ki, din özünün ilahi mənşəyi və mahiyyətiylə milli çərçivəyə sığmır. Çünki o, qan birliyi yox, daha köklü prinsipə - ruhani vəhdətə söykənir. Ruh isə nəinki milli, hətta ümumbəşəri də yox, metafizik subyektdir. Odur ki, millətçi kəsimin düşüncəsinin əksinə, İslam "ərəbin” yox, Allahındır. Əgər belə olmasaydı, Rövşənin can atdığı bozqurdçu babalarımız özləri Allaha könül xoşluğuyla iman gətirməzdilər.
“Ayin”dəki ideoloji problemlər üzərində yerli-yataqlı dayanmağım, "analitik ayin” icra etməyim təsadüfi deyil. Əvvəla, bu hekayə müəllifin öz ideoloji proqramını təqdimi vasitəsidir. İkincisi isə söhbət olduqca ciddi məsələdən - yeni nəslin din, mif, elm kimi fundamental ictimai şüur formalarına yanaşmasındakı doğru-yanlışlardan gedir. Gələcək toplumun mənəvi-idraki durumu bu yanaşamalarla müəyyənləşəcək. Amma aydındır ki, necə düşünmək, nəyə iman gətirməkdə kimisə qınamaq fikrindən uzağam. Öncələrdə dediyim kimi, bu hər kəsin fərdi seçim haqqı, vicdan məsələsidir. Digər yandan mətnə ideoloji altyapı qoymaq özü artıq Rövşəni təqdir etməyə yetərlidir. O, antologiyadakı gənclər içində ən konseptual və sistemli düşünənlərdən biri(ncisi)dir.
Bütün bunlarla yanaşı, "Ayin” hekayədir və bu tələb edir ki, ona bədii mətn kimi yanaşaq. Mistika və reallığın kəsişdiyi bu hekayə vaxtaşırı bir-birini əvəzləyən iki paralel xətt üstündə qurulub və özünün mürəkkəb kompozisiyası ilə seçilir. Rövşənin istər məzmun, istərsə də formaca belə mürəkkəbliyə getməsini müəllifin sadəcə özünütesti adlandırsaq, yəqin ki, insafsızlıq olar. Çünki əvvəlki hekayələrinə baxanda gənc yazarın texniki irəliləyişi göz qabağındadır. Üstəlik də bu, onun gələcək inkişafına göz eləyir. Amma hekayənin paralel xətləri arasında sadəcə ideya yox, həm də daha aydın forma (süjet!) əlaqəsinin olmasına, məncə, ehtiyac var. Çünki bütün hekayə boyu inkişaf edən bu xətlər finalda vahid axara düşmür, eyni nöqtədə birləşmirlər. Bu, o deməkdir ki, Rövşən öz bozqurdçu ideyasını mətn çərçivəsində tam formalaşdıra bilmir. Nəticədə "Ayin”in mürəkkəb süjet və kompozisiyasına həm də mükəmməl demək olmur.
Savalan Talıblının "Qəza” hekayəsi mistik yox, real olaya, tarixi deyil, çağdaş həyat materialına söykənir. Bakı küçələrindən birində baş verən yüngül bir avtomobil qəzası ağır mənəvi-əxlaqi qəzanın üstünü açır. Müəllifə görə, bu durumun səbəbi analitik-laborator çözümü olan qan-gen yaddaşında, çıxış yolu isə elmdədir. Hekayənin süjet baxımından Elçinin "Parisdə avtomobil qəzası” hekayəsi, ideya yönündən S.Əhmədlinin "Qanköçürmə stansiaysı” povestiylə səsləşməsi də təsadüfi deyil – birinci əsərdə milli xarakter, ikincidə isə milli genetikanın bədii analizi var.
Amma Savalan unudur ki, hər sonra gələn nəzəriyyənin özündən öncəkini inkar etməsi elmə mütləq həqiqət kimi baxmağa imkan vermir. Ona inam bəsləmək olar, amma iman gətirmək olmaz. Çünki bu "iman” xurafatın yeni növünü - elmi xurafat yaradır. Rolan Bart deyirdi: "Hər dövrün öz mifi var”. Çağdaş dövrün mifi də elmdir. Amma elmi mifə çevirməklə bir şeyi unuduruq - biz mağara adamının od əldə etmək üçün iki quru ağac parçasını bir-birinə sürtməsinə necə baxırıqsa, gələcəyin (post)insanları da bizim qürur duyduğumuz çağdaş elmimizə elə baxacaq. Qanın laborator analizinə gəlincə, o bir çox xəstəliklərin müayinə və müalicəsinə səbəb ola bilər. Amma problemlərin kökü qan yox, ruhdadır və o, heç bir laborator analizə sığmır. Təəssüf ki, Savalan bir addım dərinə atıb, qandan ruha keç(ə bil)mir.
Lakin bu, "Qəza”nın bədii ləyaqətinə xələl gətirmir. Müəllif subyektivizminin minimuma enməsi burda istər hadisə, istərsə də xarakterlər baxımından bədii həqiqəti həyat həqiqətinə maksimum yaxınlaşdırır. Hekayənin əslən rayondan olan alim qəhrəmanı, onun kəndçiləri bəyənməyən deyingən qaynanası və öz anasının yolunu gedən arvadı, bütün həyatını elmə həsr edən xeyirxah qoca professor, hətta epizodik personajlar olan "anlayışlı” polis nəfərləri və işvəkar tibb bacısı belə həyati prototipləriylə hər gün rastlaşdığımız, bədii ümumiləşdirmə gücüylə təsvir olunan canlı insan surətləridir. Qəfil hadisəylə başlayıb, novella finalıyla bitən süjet də öz təbiiliyi və məntiqiliyinə oxucuda şübhə oyatmır - hadisələr ən çox necə ola bilərsə, elə də baş verir. Ümumən, "Qəza” antologiyadakı hekayələr arasında ən səciyyəvi realizm örnəyidir.
İndiyəcən Azərbaycan radiosunun əməkdaşı kimi tanıdığım Savalanın hekayəsi yəqin bu üzdən mənim üçün sürpriz oldu. Amma məni bir sual düşündürür - görəsən, o, qəza ehtimallarıyla dolu yazıçılıq yolunu tutacaq, yoxsa "Qəza” onun bioqrafiyasına ötəri gənclik həvəsindən doğan xatirə kimi yazılacaq? Qoy, bir sualı da zaman cavablandırsın.
Müşfiq Şükürlü özünün "Mənim kiçik nağılım” hekayəsində təkcə Savalan yox, dünyaya alternativ mövqedən çıxış edir - ruh qatına keçir. Onun nağılçısı dünyasını dəyişmiş körpənin ruhudur və odur ki, gənc yazar insana nə elmi, nə dini, nə də mifik yox, mistik rakursdan baxır. Bu təcrübə Elçinin "Baş” romanında artıq olub və hər işdə hamını qabaqlamağa çalışan Müşfiq burda bir az gecikib. Lakin "Baş” onun başından yuxarı sıçramaqda yaşıdları arasında birinciliyini inkar etmir. Üstəlik də Xalq Yazıçısı və gənc yazarın məsələyə yanaşması fərqlidir – birincisi ruha həqiqət, ikincisi metafora ("nağıl”!) kimi baxır.
Müşfiqin "ruhu” anasına bəslədiyi gizli sevgidən, ərinə xəyanəti açılan qadının çağasını da götürüb, məşuqunun yanına köçməsindən, çağanın onların sevişməsini seyr etməsindən, nəhayət, 7 aylığında dünyadan köçməsindən elə zərif şeiriyyət, kövrək lirizm, axıcı dillə danışır ki, elə bil, kəpənək gülə qonur. Axı, bu insanın yox, ruhun dilidir. Bu dildə olsa-olsa ilk məhəbbətin etirafı mümkündür. Müşfiqin "ruhu” elə belə də eləyir – anasına bəslədiyi (ilk!) "məhəbbətini” boynuna alır. Lakin günah olmayan bu dildə cəza da yoxdur - hamı və hər şey bağışlanır. Gəlin biz də təhkiyə tərzinə bədii tərcümələrdən gələn açıq-aşkar təsiri Müşfiqə bağışlayaq.
Amma, doğrudanmı, bu dünyada bağışlanmayan günah yoxdur? Müşfiq yerə "göylərdən” baxdığından hər şeyi "gözəl” görür və deyir ki, sizin günah saydıqlarınız ruhun əzəli sevdasıdır. Əzəli olan isə hər cür sonrakı yasaqdan üstündür və deməli, günah deyilən şey yoxdur. Öz "körpə”, "məsum”, "qurbanlıq” ruhunu metafizik çarmıxa çəkməklə günah kompleksindən azad olmaq! Məncə, hekayə müəllifinin ilk və düşünülmüş qənaəti budur.
Müşfiqin hekayədən daha çox ruhun qissəsini xatırladan hekayəsi ilhamdan daha çox "vəhyin” məhsuludur. O bir neçə il öncə antakiyalı dülgər Həbib Nəccar haqqında hekayəsində Quranın qəlbinə ("Yasin”!) girmişdisə, bu hekayəsini öz ruhunun hökmüylə yazıb. Birinci halda yazmaq onun üçün Allahla müsahibə, ikincidə isə mübahisə üsuludur. Birinci hekayədə o ilahi tezisi sadəcə bədiiləşdirir, ikincidə isə ona qarşı antitezis irəli sürür - öz sevgi "dinini” yaradır. Görünür, gənc yazarın Allahla barışı gələcəkdə yazacağı hansısa üçüncü hekayədə baş tutacaq - çünki tezis və antitezisdən sonra labüd olaraq sintez gəlir. Amma bu proqnoz hekayə barədə hələ son qənaət deyil.
Bəs, son qənaət nədir? Müşfiq insanın üzünü astarına (ruh!) çevirmək və orda öz sevgi idealını tapmaqla, ölümdən nəinki qurtulmur, əksinə, "ölməmişdən əvvəl” (körpə ikən!) ölür. Başqaları ölümə qədər gəlirsə, o ölümü ötüb keçir. Başqaları ölümün fasadına baxırsa, o ölümün interyerindən baxır. Başqaları başqalarının ölümünü yazırsa, o özünün ("Mənim ...nağılım”!) ölümünü nağıl edir.
Kamyünün Kaliqulası ("Kaliqula”) ölümdən qaçmağın mümkünsüzlüyünü görüb, absurd bir üsula əl atır – özü ölümə çevrilir. Müşfiqin "ruhu” daha "çoxbilmiş” tərpənir – dünyanı tərk edir və ölməzliyə qovuşur. Ölümsüzlüyün bir yolu var – o da ölümdür. Hekayədən hasil olan bu son qənaət, məncə, artıq şüuraltı qatdan doğur. İnsan özü də fərqinə varmadan ölüb ölümdən qayıtmaq, dünyaya yeni tale formatında gəlmək istəyir.
Əlbəttə ki, Müşfiq ölüb, yenidən doğulmayacaq! Hətta reinkarnasiya (tənasüh) təliminə inansaq və onun ruhu 300-500 ildən sonra özgə bədən geyib hardasa dünyaya yenidən gəlsə belə, o körpə bizim indi tanıdğımız bu oğlan yox, tamam başqası olacaq. Müşfiqin taledən narazılığı isə ən azı bu ömürdə çözülməyəcək! Bəlkə, bu çözüm heç lazım deyil? Çünki bu narazılıqdan gələcək nəsrimizin razılıq doğuran örnəkləri doğula bilər. Müşfiqin isə barışdan başqa əlacı yoxdur, çünki yazı(q)çının əzəldən qisməti budur - əzab alıb, nəşə satmaq! Bu yaxşı, ya pisdirmi, bilmirəm, bir onu bilirəm ki, əgər qəza vəfasızlıq etməsə, bütün gələcək əzab və nəşəsiylə birgə Müşfiqin alnına yazıçı qisməti, yazıçı taleyi yazılıb.
Biz bu gün insanı (post)insandan ayıran həlledici keçid zolağına gəlib çatmışıq. Amma bu, sadəcə ayırıcı zolaq yox, uçurumdur. Elə bir uçurum ki, ya onu keçməli, ya ölümü seçməlisən! Üçüncü variant yoxdur! Bu zolağın üstündən sıçramağı bacaranları yeni həyat, bacarmayanları "ruhlar səltənətinin dinc qoynu” gözləyir. Qəribədir, Müşfiqin bir çox yaşıdları – gənclər (!) bu dilemmanı ölümün xeyrinə çözür. Bəziləri bunu Fərhad, Zərdüşt, Mövlud, Mahmud kimi həyatda, bəziləri mətndə eləyir. Bu bəzilərinin alın yazısı, bəzilərinin şəxsi iradəsindən doğur. Amma fərq eləməz, mahiyyət birdir – nəticə ölümün xeyrinədir! Müşfiqin "ruhunun” çoxundan fərqi odur ki, o, ölümün gəlişini gözləmədən özü onun üstünə gedir – seçimi özü eləyir. Bu yöndən onu bir nəfərə - "körpə” ömrünü intiharla başa vuran Mövluda bənzədirəm. Mövludun özünü yerə atdığı hündürmərtəbəli bina Müşfiqin dünyaya boylandığı metafizik mərtəbənin təcəssümü, Mövludun ölümü Müşfiqin nağılının gerçəkləşməsidir.
Bir faktı deyim – "Mənim kiçik nağılım”ı öz işlədiyi "Teleqraf.com” saytında ilk dəfə Mövlud dərc edib və görünür ki, xarakterinə uyğun bir maksimalizmlə nağılı həqiqət zənn edib. Çoxbilmiş Müşfiq isə fəndə əl ataraq ölümü aldadır - vaxtından əvvəl (körpə ikən!) və mətndə "ölməklə” onun vaxtı və yerini dəyişir. Təsadüfi deyil ki, o, hekayədə ölümdən əvvəli və sonranı yazır, bu ikisi arasındakı zolağa isə probel (tabu!) qoyur. Görəsən, niyə? Təkcə ona görəmi ki, onun bədəndənkənar hissiyyatı - ölüm təcrübəsi yoxdur və bilmədiyi bir şeyi yaza da bilmir? Bu da var! Amma həm də ona görə ki, o, ölümdən yazmaq istəmir və bu naməlum, sirli, qorxunc zolağın üstündən gözünü yumub, at gedişiylə sıçrayır. O, mərhuma ölüm sənədi vermək istəməyən həkimə, məhkuma ölüm hökmü vermək istəməyən hakimə bənzəyir.
Bəs, Müşfiq niyə qurtuluşun alternativ elmi yolunu (postinsan) qoyub, əski mistik təcrübəyə (ruh) üz tutur? Niyə gül kimi çiplərdən alıb bədəninə qoymaq və ölməzliyin dadını çıxarmaqdansa, ölüb ölümdən qayıtmaq istəyir? Çünki hər gün feysbukda ingilis dilində musiqi albomları və filmlər paylaşsa da, onun ən yeni dünya elmi, fəlsəfi və bədii fikriylə dialoqu yoxdur, milli elmi, fəlsəfi, bədii fikir isə bu barədə susur. Müşfiqin paylaşmalarıysa bu dialoqun baş tutmamasından doğan boşluğu dolduran sadəcə kosmetik görüntülərdir, halbuki onlar kosmik olmalıydı.
Yaxşı, bəs, belə bir dialoq baş tutsa, nə olacaqdı ki? O çiplərdən almaq, ümumən tibb elminin son nailiyyətlərindən bəhrələnmək üçün maddi vəsait -özü də küllü miqdarda - lazım deyilmi? Neçə müddətdir işsiz qaldığından Hacıkəndə - qaçqın valideynlərinin yanına gedən Müşfiq isə mənə yazır ki, mümkünsə oralarda mənim üçün bir iş soraqlayın. Mən onun demədən dediklərini sizə çatdırıram: gəlin, ermənilərin yurdundan qaçqın saldığı bir gənci biz də ədəbiyyatdan qaçırmayaq; istedadlıdır, özünə görə savadı, sözünə görə qələmi var, ana dilini pis bilmir, bu qədər maddi çətinlik içində ödənişli kurslara gedərək ingiliscəni də yaxşı-yaman öyrənib; bəyəm, bütün bunlar qəzet, sayt, mərkəz, birliklərdən birində ona adi bir kargüzar ştatı vermək üçün bəs eləmir?
Söhbət, əlbəttə ki, təkcə Müşfiqdən yox, aldığı maaş ailə-uşağıyla birgə yaşadığı kirayə mənzilin haqqını güclə ödəyən Mansur Rəğbətoğludan, qəzetlərdən birinə birtəhər korrektor düzələn və bunu həyatının sevinci kimi qarşılayan Fuad Cəfərlidən, normal həyat dalınca baş götürüb Türkiyəyə gedən Ziyad Quluzadədən, eyni səbəbdən Almaniyaya getməyə hazırlaşan Bahəddin Salmandan və ömrünü sözə, ədəbiyyata bağlamaq istəyən neçə-neçə istedadlı gəncdən gedir. Muğannanın sözü olmasın, bu gənclər "xaliqin ən gözəl yaranmışlarıdır.” Gəlin, onları həyatdan əl götürüb, özlərindən "nağıllar” uydurmağa, bundan bir şey çıxmadıqda hündür binaların ən uca mərtəbələrinə qalxıb, ölümün ağuşuna atılmağa, bəxtə və Allaha etiraza vadar eləməyək... /artkaspi.az/