Cavanşir Yusifli "Qorxut uşağını Salam əmiynən, yaxud ədəbiyyat xəstələri" məqaləsində Əsəd Cahangir haqqında tənqidi fikirlər səsləndirmişdi. Əsəd Cahangirin 6X6 layihəsində Cavanşir Yusifli haqqında yazdıqlarını təqdim edirik.
1. V.Yusifli ilə cismən, T.Əlişanoğlu ilə mənən qardaşdır; hər ikisi “mətn”, “mətn” deyə-deyə mətinliyini itirib; hər ikisi ədəbi separatizmə meyillidir – Tehran regionçu, Cavanşir dəstəbazdır; hind filmindəki Ram və Şam adlı ayrı düşmüş əkiz qardaşları xatırladırlar; müdrik hind süjeti deyir ki, əvvəl-axır möcüzəli bir nöqtədə birləşəcəklər; bu, Anarın möcüzələrlə dolu “Göz muncuğu”su ola bilər! Cavanşir əsərin qaranlıq məqamlarına artıq şam tutub, sözünü deyib, qalır Tehranın sözü çıxan qardaşından ibrət götürməsi – ram olması.
2. “Sənət sənət üçün” fikrindədir; E.Zolyanın bütün ömrünü itlər üzərində məqsədsiz eksperimental cərrahiyyəyə sərf edən cərrahına bənzəyir; bıçağı kütdür, itiləmək üçün təhqirə çəkir; içində boğulan adamdır; zamanı duymur, buna görə yeni minilliyə keçə bilmədi; kəramətini itirib, postmodern dövrdə ötən əsrin poststrukturalizminə ilişib qalıb; ədəbi proseslə ünsiyyəti ilişmə janrındadır, “böyürtikan” paltara ilişən kimi yetənə ilişir; ilişdiyi, amma girə bilmədiyi ən böyük kol yaxşı qavramadığı Rolan Bartdır; siyasi müxalifət öz uğursuzluğunun heyfini S.Vurğun və Babəkdən çıxdığı kimi, o da heyf çıxmağa adam axtarır.
3. Bir məsələdə Tehrandan fərqlənir – psixozdan nevroza gedir; yazıları 3 dövrə bölünür: başlanğıc uğurlu dövrüydü; 90-ların sonunda psixoz dövrü başladı; “Tənqidin ölümü” adlı manifestasyon məqaləsilə özünə və qardaşlarına ölüm hökmü verdi; on beş il gözlədi, tənqid ölmədi ki ölmədi; nevroz dövrü başladı - indi qışqırır.
4. Uzun illər özündən ədəbiyyatı “məğrur tənhalığın uca zirvəsindən seyr edən filosof tənqidçi” obrazı uydurmağa çalışıb, öz fikrincə, AYB və Anarla soyuq müharibə aparıb; bütün bunların sonucu o oldu ki, Anarın axırıncı əsərinə hamıdan birinci “Amin!” dedi; sonra gənc şair Anar Amin haqda isti bir yazdı; zərləri cütləyir – beləsinə Bakı çayxanalarında da etibar etmirlər.
5. Pedaqoji Universitetin fransız filologiyası bölümünü bitirib, fransızcanı fransızdan, ruscanı rusdan... “yaxşı bilir”, təkcə sözün dilini bilmir; filoloji sxolastika xarakterli yazılarından ciddi bir mətləb hasil olmur; obyektiv deyil - epiqonu istedada, vikipedik məlumatbazlığı intellektə qarşı qoyur; tərcüməçi yox, çevirməçidir – orijinalın altını üstünə çevirir; Anarın “Gecə düşüncələri”ni “gecə qara, tərcümə qara” üsulu ilə çevirib, Züskindin “Ətriyyatçı”sının çevirməsi naş(ı)atır qoxuyur, Bartdan çevirmələri bartabartdır; bir sözlə, tərcümənin pasportu deyil; əvəzində yaxşı pasport tərcüməçisidir; illərdən bəri çalışdığı notarius sənədlərinin tərcüməsi idarəsində avtoritetdir; “sənət sənəd üçündür” məsələsində brenddir.
6. İstinad nöqtəsi – doststrukturalizm.
kult.az