Kulis.Az Əsəd Cahangirin “Roman dediyin hər kəsə meydan ola bilməz...” məqaləsini təqdim edir.
Hər şey ondan başladı ki, biz “Azərbaycan” jurnalında “Çağdaş Azərbaycan romanı: problemlər, mülahizələr...” mövzusunda dəyirmi masa keçirdik və müzakirə materialları əvvəlcə ixtisar edilmiş şəkildə jurnalın özündə dərc olundu, sonra da tam halda “525-ci qəzet”də işıq üzü görməyə başladı. Beləliklə, onsuz da gündəmdən düşməyən roman mövzusu ətrafında söhbətlər bir az da qızışdı. Atəşkəs yenidən pozuldu. Müzakirədə romanları tənqidə (məncə, tamamilə haqlı tənqidə!) məruz qalan Pərviz Cəbrayıl, Nərmin Kamal, Qanturalı, Cəlil Cavanşir, Aqşin, Sevinc Pərvanə qarşı tərəfi susdurmağa çalışmaqla tənqidə dözümsüzlüklərini nümayiş etdirdilər. Heç kəs öz ayranına turş demir, burası aydındır. Hamının etiraz etmək, öz fikrini bildirmək haqqı var. Müasir ünsiyyətin əsas forması monoloq yox, dialoqdur. Burası da aydındır. Odur ki, məni düşündürən bu cavabların verilməsi deyil. Əksinə, məncə, bu cavabların verilməməsi daha pis olardı. Onda demək, kor quyuya daş atırmışıq. O cavabların aşıq-aşkar ədalətsizliyi də məni təəccübləndirmir - birinci dəfə deyil, öyrəncəliyəm.
Məni maraqlandıran başqa şeydir. Doğrudanmı, neçə ildən bəri az qala hər gün mətbuatda yazıları dərc olunan, hərəsinin bir neçə kitabı yayımlanan, yüzlərlə söz məclisi, onlarla teledebat görən, gənclik yaşları ilə vidalaşan, yaxud vidalaşmaq üzrə olan bu adamlar öz fikirlərini ən adi etik çərçivədə demək vərdişi və mədəniyyətinə hələ də yiyələnməyiblər? (İnsafən, Pərviz Cəbrayıl, Nərmin Kamal və Cəlil Cavanşirin ən ümumi tonu yerdə qalanlardan müsbət mənada seçilir və sözlərimin bu şəxslərə dəxli yoxdur). O qədər yiyələnməyiblər ki, hətta bu iradlara cavab vermək belə istəmirsən. Və əgər “Kulis.az” saytından “Ən yaxşı Azərbaycan romanı” ictimai rəy sorğusunun nəticələrinə münasibət ifadə edən yazıyla bağlı sifariş almasaydım, yəqin ki, bu sözləri də yazmayacaqdım. İndiyə qədər yüz dəfələrlə yazmadığım kimi. Baxın: biri deyir - onların müzakirəsindən naftalin iyi gəlir (!); ikincisi bir addım da qabağa atır - onların müzakirəsi murdar bir yanaşma (!!), özləri isə QİÇS virusunun daşıyıcılarıdır (!!!); üçüncüsü artıq Rubikonu tamam keçir və hətta “Yasin”imizi oxuyub, fatihəmizi verir – onlar ölü canlardır!!! Ən pisi odur ki, bu gülləbarançılar arasında xanım da var. Ən yaxşısı odur ki, naftalin heç də pis şey deyil, zərərvericilərdən qoruyur. Ölü canlar barədə isə heç bir “revizorluq” etməyəcəm, çünki Qoqoldan üzü bəri iki yüz ilin qulaqları yağır eləyən şablonudur.
***
Ən gözlənilməzi isə müzakirədə nə yaxşı, nə də yamana adı keçməyən Şərif Ağayarın bu unudulmağın “qisasını” almağa çalışması oldu – özü də “Məkrli roman müzakirəsi” adlı publisist fantastikanın parlaq örnəyi olan bir məqaləsi ilə. Bəzən uğurlu, bəzən də uğursuz olan nəsr cəhdlərində Şərif mənə əksərən realist təsiri bağışlayıb, sözügedən məqalədə isə psixoloji fantastikaya keçib. Gözlənilməzlik də elə bundadır.
Etiraf edim ki, Şərifin müzakirədə öz adının hallanmaması ilə bağlı narazılığını təbii qarşılayıram. Amma Şərifdən fərqli olaraq mən narazılığımı mətbuat səviyyəsində bildirməz, uzaqbaşı ya telefon açar, ya da nə vaxtsa rastlaşanda bir giley edərdim: “Ay Şərif, bu nədir belə?” Bu, əlbəttə ki, mənim mövqeyimdir, Şərif isə başqa cür düşünür, qoy düşünsün, bu da onun haqqıdır.
Amma dostum bir məsələni unudur - müzakirə məruzə, yaxud məqalə deyil, o daha demokratik janrdır. Yəni siyasi terminologiya müstəvisinə keçirsək, birincilər monarxiya, ikinci isə respublikanın analoqudur. Burda iştirakçıların qarşısına kiminsə adını çək, yaxud çəkmə tələbi qoyulmur, seçimi onlar özləri edir, necə düşünürsə, elə də danışırlar. Məsələn, mən Vaqif Yusifli, yaxud İntiqam Qasımzadəyə deyə bilmərəm ki, filankəsin adını çək, bəhmənkəsin isə yox. Məqalə yox, məhz müzakirə janrına üstünlük verməyimiz də elə bu demokratizm xatirinədir. Məsələn, “Kulis.az” saytı ən yaxşı romanlarla bağlı rəy sorğusu keçirdi, amma bəyəm sorğunun təşəbbüskarları nəticələrə təsir edə bildi?
İkincisi, sözügedən müzakirədə Şərifdən də başqa layiq olub, amma adları keçməyən yazıçılar var: “Xunxarlar” romanının müəllifi Natiq Rəsulzadə, “Azər və Aida adası” romanının müəllifi Gülşən Lətifxan, “Əfqanıstan uçurumu” romanının müəllifi Zakir Sadatlı, “Kuma-manıç çökəkliyi” romanının müəllifi Azad Qaradərəli, “Qara dayı” romanının müəllifi Malik Dursunov, “Fosforlu əkizlər” romanının müəllifi Qəni Camalzadə, “Ordan geriyə yol yoxdur”, “Bosforun şirin duzu” və digər çoxsaylı romanların müəllifi Elçin Səfərli, “Zəngulə” romanının müəllifi Nüşabə Məmmədli, “Əski” romanının müəllifi Natella Osmanova...
Şərifin və onunla həmrəy olanların ədəbiyyata kardinal münasibətinin, yəni öz fərdi eqolarını hər şeyin mərkəzinə qoymalarının bir səbəbini də bunda görürəm - başqalarını az oxuyurlar. Əgər özündən bir bayram da kiçik olan Elçin Səfərlinin bircə romanını oxusa, dilə gətirmədiyi, amma məqaləsinin altında gizlənən iddialarına Şərifin bir balaca da olsa redaktə edəcəyinə inanıram. Çünki AYB üzvlüyündən çıxandan bəri müxtəlif saytlarda yazdığı çoxsaylı od püskürən yazıları, atəş sovuran açıqlama və müsahibələrinə baxmayaraq, onu qeyri-obyektiv və zövqsüz adam hesab eləmirəm. Hərçənd ki, bu obyektivliyin hərdən dəstəbazlıq rakursundan pozulmasını da, bu zövqün bəzən absurda varan şərifanəlik-qəribanəliklərini də unutmuram.
Şərifin də bir şeyi unutmamasını arzu edirəm – hər şeyi söhbətin təbii gedişinin müəyyən etdiyi müzakirəmizdə əsas məsələ nə hazırda Türkiyədə yaşayan, üzünü belə görmədiyim Elçin, nə də pudlarla çörək kəsdiyim Şərif yox, ümumən çağdaş roman problemləri idi. Odur ki, Şərif gərək müzakirəyə “mənim adım” prizması yox, müzakirədə qoyulan və həllinə cəhd göstərilən problemlər rakursundan yanaşa idi. Məsələn, demirsən ki, müzakirədə kimlərinsə romanlarına məkrli surətdə (?!) həvəskar etiketi vurulub, onda zəhmət çək bu romanların peşəkar düşüncəsinin məhsulu olduğuna bizi inandır. Yəni, göstər görək sənin Finlandiyadan Kanadaya qədər gedən yenilməz romançılar ordun hardadır? “Olsaydı birində bir süxənsənc, əlbəttə, əyan olurdu ol gənc”, elə deyilmi? Hə, əziz Şərifim, dünyada aksiomatik dillə danışmaqdan asan heç nə yoxdur:
- Qatıq qaradır, kömür ağdır.
- Axı belə deyil.
- Yox belədir!
- Niyə axı?
- Çünki mən belə istəyirəm!
Bir sözlə, “yüz badi-xəzan əssə də, tufan ola bilməz!” Şərifin heç bir faktla hesablaşmayan allı-güllü məqaləsindəki mövqeyi təxminən belədir. “Məkrli roman müzakirəsi” öz müəllifi üçün ümumən səciyyəvi olan ayebefobiyanın daha bir əyani örnəyidir. Məsələn, Şərifə görə, müzakirə AYB rəhbərliyi tərəfindən planlaşdırılıb və guya bundan məqsəd “istedadlı” romançılarımıza qarşı yuxarı dairələrdə neqativ münasibət formalaşdırmaqdır. Guya müzakirədə iştirak edən “çoxbilmiş hiyləgərlər” arasında yeganə sadəlövh adam zavallı Seyran Səxavət imiş. Guya mən Seyran müəllimin 30 il əvvəl yazdığı “Daş evlər” romanından danışmaqla, tanınmış yazıçımıza “Sənin son illər yazdıqların bir şey deyil” mesajını ötürürmüşəm. Üstəlik də bu mesajla yuxarıların gizli fikir ötürücüsü rolu oynayırmışam...
Guya, guya, guya... Balaca bir yazıda əsassız şübhə toxumları səpən nə qədər fantastik ittihamlar olarmış. Amma Şərifdən fərqli olaraq mən faktlarla danışacam: əvvəla, Seyran Səxavətə bir nasir kimi xüsusi hörmətimiz olmasaydı, yüzlərlə imza arasından məhz onu dəyirmi masaya dəvət etməzdik; ikincisi, Seyran müəllimin ən radikal siyasi romanı olan “Nekroloq” haqqında mənim hələ 2006-cı ildə, yazıçının 60 illik yubileyində “Ədəbiyyat qəzeti”ndə “Seyran Səxavətin antiutopiyası” adlı yazım dərc olunub. Üçüncüsü, müzakirədə yazıçının məhz “Daş evlər” romanından xüsusi söz getməsinin bircə səbəbi vardı – söhbət detektivdən gedirdi və “Daş evlər”in qabarıq detektiv-kriminal motivi var. Sizcə, əlavə nəsə sadalamağa ehtiyac var?..
***
Qərəz, cavanlar romanla bağlı müzakirədən narazı qaldılar və müzakirənin ədalətsiz yöndə aparılmasını sübut etmək üçün ictimai rəy sorğusuna başladılar, yəni xalqdan kömək istədilər. Xalq da öz sözünü belə dedi: Azərbaycanın üç ən yaxşı romanı “Qətl günü”, “Əli və Nino” və “Dəli Kür”, üç ən yaxşı romançısı isə müvafiq olaraq Yusif Səmədoğlu, Qurban Səid və İsmayıl Şıxlıdır.
Sorğunun nəticələri və ona olan münasibətdən danışmazdan əvvəl deyim ki, burda iki formada kobud qayda pozuntusuna yol verildi. Özüm də sorğuda iştirak etdiyimdən bilirəm ki, resipiyentlərin qarşısına tamamilə aydın bir sual qoyulmuşdu: “Fikrinizcə, yaranışından ta bu günəcən ən yaxşı üç Azərbaycan romanı hansıdır?” Siyahı açıqlananda isə məlum oldu ki, resipiyentlərin bəziləri bir, bəziləri iki, bəziləri dörd, bəziləri hətta beş əsərin adını çəkiblər. Beləliklə, say prinsipi pozulub.
İkincisi, janr prinsipi alt-üst edilib. Resipiyentlərə məhz roman janrıyla bağlı sual verilib, onların mühüm bir qismi isə povesti romana, romanı povestə qatıb. M.F.Axundov – “Aldanmış kəvakib”, C.Məmmədquluzadə - “Danabaş kəndinin əhvalatları”, İsa Hüseynov - “Teleqram”, “Saz”, Sabir Əhmədli - “Qanköçürmə stansiyası”, Anar - “Ağ liman”, “Dantenin yubileyi”, “Macal”, Əkrəm Əylisli - “Mənim nəğməkar bibim”... Bəyəm bunlar romandır? Hər şey bir yana, axı bu müəlliflərin əksəri adıkeçən əsərlərini roman yox, povest hesab ediblər. Və roman hesab etsəydilər belə, romanla povestin məlum janr sərhədləri var.
Mirmehdi Ağaoğlunun “Küləyin dişləyən” hekayəsinin adını çəkməklə Mahir Mehdi bir addım da qabağa ataraq romanı nəniki povest, hətta hekayəyə müncər etməyə qədər gedib çıxır. Yeri gəlmişkən deyim ki, müəyyən postmodern düşüncə ilə yazılan və ciddi problematikaya toxunan bu hekayəni mən də bəyənir, ümumən Mirmehdini son illər nəsrə gələnlər arasında Şərif Ağayar, Cavid Zeynallı və Pərvin də daxil olmaqla iki-üç perspektivli imzadan biri sayıram. Təsadüfi deyil ki, Şərifin “Kərpickəsən kişinin dastanı” və Cavidin “Günəşi gözləyənlər” romanı haqqında olduğu kimi, Mirmehdinin bu hekayəsi ilə bağlı ayrıca yazı ilə çıxış etmişəm. Amma “Küləyi dişləyən” romandırmı?
Janr məsələsinə etinasızlıqda irəliyə doğru növbəti addımı atan Afaq Məsud öz sevimli romanları sırasına M.S.Ordubadinin siyasi publisistika örnəyi olan “Qanlı illər”ini əlavə etməklə, ümumən bədii nəsrin əhatə dairəsindən kənara çıxır. Mehriban Vəzir nəinki bəyəndiyi romanın, hətta onun müəllifinin də adını təhrif edir – bəyəm, Aleksandr Zöhrabbəy adlı yazıçı, “Şirvanşahlar” adlı roman var? Yəqin ki, söhbət həyatdan erkən köçmüş istedadlı yazışı Anatoli Zöhrabbəyovun İkinci Dünya Müharibəsindən dərhal sonra, tarixi mövzuda yazdığı və o dövrdə çox yaxşı qarşılanan yeganə romanı – “Odlu diyar”dan gedir. Mehriban xanım, əgər sevdiyi yazıçı və əsərə qarşı belə diqqətlidirsə, görəsən, sevmədiklərinə münasibəti necədir?
Ən yaxşı üç Azərbaycan romanı sırasına Cəlil Məmmədquluzadənin “Ölülər” pyesini də daxil edən Aqşinin bu seçiminə isə xüsusi orijinallıq cəhdində bulunmaqdan başqa ad vermək olmur. Bununla da o, sorğunun janr prinsipini nəinki nəsrdaxili ərazi, ümumən ədəbi-bədii növ miqyasında pozur, bir sözlə, romanı lap gözündən vurur.
Sorğunun say və janrla bağlı prinsiplərinin 78 resipiyentdən üst-üstə götürəndə 30-u tərəfindən pozulması isə onun nəticələrini şübhə altına alır. Odur ki, məncə, sorğunun prinsiplərini pozan 30 nəfərin cavabları bir kənara qoyulub, yerdə qalan 48 nəfərin rəyi əsasında nəticələr yenidən müəyyənləşdirilsə, daha yaxşı olar. Yeri gəlmişkən deyim ki, mən elə belə də etmiş, müəyyən qədər fərqli nəticələr əldə etmişəm, sadəcə, sorğu təşkilatçılarının işinə müdaxilə etmək istəmədiyimdən indi o nəticələri açıqlamaq istəmirəm. Məsləhət bilsələr, özləri edərlər.
***
Sorğunun nəticələri nə göstərdi? Doğrudanmı, “Qətl günü”, “Əli və Nino” və “Dəli Kür” bizim üç ən yaxşı romanımızdır? Bəri başdan deyim ki, bu suala iki vur iki bərabərdir dörd dəqiqliyində heç kəs cavab verə bilməz. İstənilən halda mənim qənaətlərim də subyektiv olacaq. Amma mən, əlbəttə ki, Seymur Baycan kimi “Qətl günü” başdan-ayağa qurama romandır. Sintetik bir əsərdir. Romanda heç bir həyat elementi yoxdur” səviyyəsində subyektivlik etməyəcəm. Çünki sənət həyat deyil, o, həyatın fotosurəti yox, bədii əksidir və təsadüfi deyil ki, “sənət” sözü “süni” sözü ilə eyni kökdəndir. İstəyir Seymur kimi qondarma deyək, istəyir də “təxəyyül” adlandıraq, mahiyyət dəyişmir, “sünilik” amili sənətdə qaçılmazdır. Sənəti həyatla mütləq mənada eyniləşdirmək cəhdləri həmişə uğursuzluqla nəticələnib və bunun ən bariz nümunəsi kimi on doqquzuncu əsrin naturalistlərini göstərmək olar.
Şərif Ağayardan fərqli olaraq mən “Qətlin günü”nü “uğursuz eksperiment” yox, uğurlu eksperiment sayıram. Bunu ən azı sorğunun nəticələri təsdiq edir.
Rasim Qaracadan fərqli olaraq isə mən bu romanı “Master və Marqaritanın” kopyası da saymıram. Ədəbiyyatda təsirlənmə tamamilə normal hadisədir. Bu təsirdən kənarda olan bircə əsərin belə adını çəkmək mümkün deyil, istər milli ədəbiyyat olsun, istərsə də dünya ədəbiyyatı. Üstəlik, çağdaş ədəbiyyatşünaslıqda ənənəvi fikrin əksinə olaraq təsirin olması yox, olmaması nöqsan sayılır. Çünki bu, yazıçının özündən əvvəlkilərlə dialoqa girə bilməməsinin göstəricisidir. Mətnin mütləq orijinallığı modernizmin tələbidir, biz isə postmodern dövrün adamlarıyıq. Rasim Qaraca kifayət qədər savadlı adamdır və belə şeyləri məndən pis bilmir, sadəcə, Məmmədəli bəy ampluasında özünün növbəti gəlişini eləyir.
Amma bütün bunlara baxmayaraq, mən “Qətl günü”nü ən yaxşı Azərbaycan romanı da hesab etmirəm. O, yaxşı, ola bilsin, ən yaxşı romanlarımızdan biridir, amma birincisi deyil. Ən azı ona görə ki, ortada “İdeal” var və “Qətl günü” ölümü, “İdeal” isə ölməzliyi təsdiq edən romandır. Bədii keyfiyyət dərəcəsindən asılı olaraq romanlarımız çoxmərtəbəli bir binanın fərqli qatlarında məskunlaşmış sakinləri xatırladır. Əgər “Qətl günü” onun ən uca mərtəbəsindədirsə, “İdeal” damındadır. “Qətl günü” müəllifindən fərqli “İdeal” müəllifinin düşüncəsi sadəcə tarixi yox, həm də kosmikdir. “İdeal” bədii təfəkkür beşmərtəbəmizin altıncı qatıdır. Onun romanlarımız arasında müstəsna mövqeyi ilk öncə bununla bağlıdır - ikinci belə romanımız yoxdur.
Mənim üçün ən təəccüblüsü “Əli və Nino”nun ikincilik qazanması oldu. Çünki bu roman yarısından o yana, təxminən Əli ilə Ninonun ailə qurub Dağıstana getməsindən sonra sadəcə reportaja çevrilir. Bu əsərə belə yüksək qiymət verilməsi ideoloji idrakımızın estetik mühakimə qabiliyyətimizə üstün gəlməsinin göstəricisidir. Bu seçimdə, məncə, romanın müəllifliyi ilə bağlı səngimək bilməyən və indiyə qədər nəticəsiz qalan mübahisələrin də öz payı var. Ömrü boyu mifləri dekonstrukiya etməklə məşğul olan Rolan Bartın son qənaəti bu oldu ki, miflər qaçılmazdır, çünki hər dövrün öz mifləri var. “Əli və Nino” XXI əsr Azərbaycan ədəbiyyatına XX əsrdən gəlmiş mifdir. Xoş gəlib, səfa gətirib!
Və nəhayət, “Dəli Kür”! Allah İsmayıl Şıxlıya rəhmət eləsin, o, struktur baxımından klassik bir tarixi romana imza atıb! Canlı insan xarakterləri, maraqlı süjet, psixoloji incələmələr də öz yerində! Amma burda da “Məhşər” çıxır ortaya. “Qətl günü” “İdeal”a, “Dəli Kür” isə “Məhşər”ə doğru gedən yolda dayanacaqlardır. Azərbaycan ədəbiyyatı Muğannaya doğru gedir. Uğurlu yolçuluqlar!