Cənnət uçuşları- Elnarə Akimovanın ön sözü

Cənnət uçuşları- Elnarə Akimovanın ön sözü
26 dekabr 2016
# 15:19

Kulis.Az Elnarə Akimovun Ülvi Babasoyun “Ədəbiyyatla cənnəti tapmaq” kitabına yazdığı “Cənnət uçmaq deməkdir” adlı ön sözü təqdim edir.

Uçuş

“Yerinizi rahatlayın, xanımlar və cənablar. Yolumuz uzundur. Gedirik Meksikaya. Ordan da cənnətə”.

Ülvi Babasoyun kitabında yer almış bu fikirləri oxuyanda xəfif bir təbəssüm qondu üzümə. Cavan oğlan deyəsən, mətnlərinin qanadında oxucunu hansı zaman-məkan uçuşuna dəvət etdiyinin fərqindədi. Yoxsa, ünsiyyətində bu qədər əmin olmaz, onları özünün fikir səmasında bunca dolaşıqlığa salmaqdan nigaran qalardı. Amma nigaranlığa əsas varmı? Xüsusilə, çağdaş ədəbiyyatın düşüncə sistemini müəyyənləşdirən paradiqmaların qapalı kulturoloji sistemlərlə səciyyələndirilməsi mümkün olmadığı indiki zamanda. Bir mətnin tərkibinin müxtəlif mənşəli laylardan ibarət olduğu, özünün başqa mətndə proyeksiyası olduğunu bildiyi düşüncə epoxasında.

Mən bu çoxqatlılığa varan esseistik yanaşmaya ilk dəfə ədəbiyyatşünas Azər Turanın 1990-cı illərdə yazdığı yazılarda, ələlxüsus “Ölüm süvarisi”ndə rast gəlmişəm. Mətnə münasibətdə sərgilənən yeni düşüncə modeli iyerarxiklik, irəli-geri sıçramalar, intertekstuallıq, onların təhlilinin oxucu beynində davam edən ardıcıllığında pozulmalar şəklində gerçəkləşirdi. Ülvi Babasoy da yeni dövrün – postmodern epoxasının yazarı kimi davranır mətnlərlə. Çağın yeni tərz, yanaşma estetikası deyiriksə, mövcud ədəbi-nəzəri fikrin prinsiplərindən niyə yan keçilsin ki? Bu gün yaranan bədii əsərlər çoxqatlı, polimpsest mahiyyəti ilə seçilə bilirsə, onun tənqidi də həmin mətnə adekvat olmalıdır. Ülvi Babasoy məhz, həmin adekvatlığın nümunələrini qoyur meydana. “Yeni dövrün estetik xəritəsi təhlil yazıları, esse və məqalələr arasında da postmodern eyhamlar, simvolik informasiya mübadilələri tələb edir”, - zərurətini dərk edərək və bu ideyaya sarılaraq yola çıxır. Postmodern estetikanın indiyədək daha çox roman siqlətinə sığdırılan elementlərini, nəzəri əsaslarını tənqidə tətbiq etməklə yeni çağın tənqidçı obrazını, yeni forma və düşüncə ədasını formalaşdırmağa çalışır. Bu yanaşma qoyulan məsələlərin dünya bədii fikrində işlənmə müxtəlifliyi ilə bizi mətnlərarası münasibətlərin olduqca geniş məkanına sürükləyir. Cəfər Cabbarlının Sevilindən Mario Varqas Yosanın Florasına qədər, İsa Hüseynovun “İdeal”ından Carlos Fuentesin “Terra Nostra”sına (Bizim torpaq) qədər. Oxucu düşüncəsində kollaj yaranır. Elədir ki, var. Bu kitab dini, mifoloji, mədəni, tarixi və ədəbi mətnlərin kollajıdır.

İtmiş sivilizasiya axtarışı

Ülvi Babasoyun məqalələrində qoyulan məsələlər ayrı-ayrılıqda mətn strukturuna malik olsalar da mətnlərarası əlaqələr onları dərkin ən səmərəli yolu kimi mənalanır, qaydaların, etalonların dəyişməzlik prinsipi bu hiterarxiyada pozulur, bütün fərqliliklər bu eyniyyətdə əriyir. Niyə belə olur? Çünki çoğrafi və kulturoloji təyinatları fərqli olan əsərlər insan yaşantısının oxşar məxrəcində görüşə, salamlaşa, ünsiyyət qura bilirlər. Axı hamımız “Adəm və Həvvadan” yaranmışlarıq, təməldə eyniyik. Ülvi Babasoy ilkinliyə gedən yolda bütün zaman maneələrindən sərf-nəzər edir, zamanın və məkanın ədəbiyyat adlı məxrəcini yaradır, bütün duyğuları, mətndən alınan həzzin həqiqətini önə çəkib ümumdünya mədəniyyətinin tablosunu cızır. Əks tədqirdə, ədəbiyyat nədir bəs? Onun başlıca missiyası nədən ibarətdir? Bütün insanlığın xoşbəxtliyi üçün çalışan ədəbiyyatın özünün uyğun müstəvilərdə qovuşuq anı baş tutmayacaqsa, o öz niyyətinin aliliyinə necə inandıra biləcək bəşəriyyəti?

V.Hüqo"Səfillər" haqda yazırdı ki, “bu əsəri ölkəmə olan dərin bir sevgiylə yazsam da, onu hamı üçün yazmışam. Ancaq Fransaya aid qayğılarım hansısa başqa bir xalqa olan narahatlığımdan heç də üstün olmayıb”. Bütün sənət nümunələrinin oxucu ilə dialoqu bu müstəvidə baş tutur. Onda bir insanın, bir xalqın iztirabından yol alaraq ümumbəşər ağrısını ifadə etməyə qədər gərilmənin gücü təmərküzləşir. Ülvi Babasoy bu ağrının şaxələnən qollarını bir yerə cəm edir sadəcə. Daha çox “ədəbiyyatda kimlik” məsələsini qabardır, bu üzdən dünya ədəbiyyatının zəngin təcrübəsi yeni tematikanın əsasına çevrilə bilir. “Bir fərdin kimliyi nədir? Həqiqət nədir? Eşq nədir?” Bu, yalnız Alonso Quixadanın yaradılışla bağlı sorduğu sual kimi səslənmir, həm də öz tarixi statusunu və kimliyini müəyyənləşdirməyə çalışan fərdin düşüncəsinin strukturu şəklində meydana çıxır. “Haradan gəlirik? Kimik? Hara gedirik?”. Bu da fransız rəssam Pol Qoqenin rəsm tablosunun daxili boya qatı olaraq qalmır, kitabdakı mətnlərin bütün düşüncə polifoniyasını çevrələyir. Retrospektiv çalarlar, keçmişi qavramaq cəhdləri təhlillərin əsasında məhz, bu baxımdan dayana bilir. Universal məzmunlu dəyərlərlə birləşmək, dünya fəlsəfi-estetik düşüncəsindən iqtibas etdiyi məqamlarla sintez, inteqrasiya prosesinə daxil olmaq üçün. Ülvi Babasoy seçdiyi mətnə yalnız struktur – süjet-fabula, bədii təhkiyə və diskurs və s. qatlarında dünya nəzəri fikrində aparıcı təhlil modellərini tətbiq etməkdən vaz keçir. Başlıca meyar əsərlərin fəlsəfi-estetik kateqoriya səviyyəsində mənalanmasıdır: “Eco ədəbiyyatın gözəllik duyumu və estetik zövq olduğunu göstərdi. “Qızılgülün adı” romanı ən böyük gözəllik nümunəsi idi. Vacib olan qızılgülün adı, qoxusu və ya rəngi deyildi. Vacib olan Qızılgülün adının, qoxusunun, dadının və rənginin olmadığı bir dünyanı sevməkdi. Sevmək və oxumaqdı. Sevmək və gülməkdi. Hə, bir də gülmək. Səndən bizə gülüş qaldı, Eco”.

Estetik məhvərdə görüş

Kim deyir ki, ədəbiyyatın məkan və zaman problemi var?! Bəs niyə kitabda məkаn və zаmаn hüdudlаrı asanlıqla aşılır, mövzu kоnkrеtliyi tez-tez dəyişilir, düşüncə fəzаsındа sərbəst gəzişmələr edilir... Ən uzaq məmləkətin yazarları eyni estetik məhvərdə görüşüb vahid ola bilirlər. Ülvi Babasoy onların hamısını mərkəzi “bağ”a düyünləməklə ortaq bir ədəbiyyat çevrəsi yaratmağa nail olur. L.Tolstoy, F.Dostoyevski, M.Şoloxov, M.Kundera, C.Coys, U.Eco, O.Pamuk, A.Canıgüz, İ.Hüseynov, S.Oğuz və b. bizə hansısa ölkənin yazıçısı kimi deyil, məhz mətn yaradıcısı kimi böyük görünürlər. İlk baxışda, mübahisə doğura bilər. Belə bir müqayisə, özünün milli, immanent inkişaf qanunauyğunluğu zəminində yetişən yazıçıları eyni obyektivə fokuslamaq metodoloji baxımdan uyğundurmu? Bu dialoqun baş tutmasını şərtləndirən amil hardadır, nədir? Ülvidə həyat gerçəkliyini ədəbi təhlillərin mərkəzinə gətirib ancaq ona dayaqlanmaq parametri deqradasiyaya uğrayır. Həyatla ədəbiyyat arasında sərhədlər rəngsizləşir, itir. Burada obyektivə fokuslanan müstəvi insanın var oluşunu şərtləndirən dəyərlər sistemidi: “Tarix, fəlsəfə, din və həyatın qarışıq atmosferində boğulan dəyərlər ədəbiyyatın estetik müstəvisində nəfəs alır”. Qalan hər şey təfərrüatdı. Ədəbiyyat, oxunan əsərlər də, onlardan alınan həzz-təəssürat da həyata dönüşün kamil yollarını nişan verən araçılardı, o qədər. Bu niyyətlə yola çıxmamışıqsa, elə başlanğıcdan geri dönüm zamanıdı. Çünki “Yalnız insan varlığının bilinməyən bir tərəfini ortaya çıxaran ədəbiyyatın bir dəyəri vardır. Yazar olmaq, bir həqiqət haqqında nəsihət vermək deyil, yazar olmaq bir həqiqəti kəşfdir” (M.Kundera). Ülvi müxtəlif rakurs-baxış bucaqlarından təsnif etməyə çalışdığı yazarlarla eyni tipoloji ortamı bölüşür. Kunderanın - “həyatı sənətlə kəşf etməyə çalışan romançı”nın niyyəti ilə birləşir, ölümsüzlüyün Vergili-Kundera-Brext-Vudi Allen yönlərindən necə çözülməsini arayarkən həm də özünün duyğu estetikasını dövriyyəyə qatmış olur. Təhlil etmir, daha çox sual qoyub ona cavab verməyə qadir olan, gücü yetən əsərləri irqi, dini və qövmi ayrıseçkiliyə uğratmadan, ədəbiyyat meyarı ilə çözməyə çalışır. Amma burda dəyişən yalnız coğrafiya, zaman və məkan koordinatları ola bilər, ədəbi diskursun predmeti kimi mənalanan bədii-fəlsəfi və əxlaqi yaddaşın dayaqlandığı ərazinin sabitliyi isə heç vaxt pozulmur. Azərbaycan nəsrində gedən proseslərin ümumi mahiyyəti, dünya ədəbiyyatı ilə müvafiq paralellər, bədii-estetik fərqlilikləri müəyyənləşdirmək, bu fərqləri mətnin struktur-semiotik təhlili ilə meydana çıxarmaq – çoxsəslilik burdan doğur. İç-içə gətirilən mətnlər, oxşar problemi qabardan müxtəlif əsərlərin bir araya cəm olub çözülməsi... nəzərlərimizi çox uzaqlara dikilməyə vadar edir. Ülvi qoyduğu böyük suallara ümumədəbiyyat dəyərləri kontekstində cavab tapmağa çalışır, düşüncənin hərəkət-gəzişmə trayektoriyasını - Qərbdən Şərqə aparan, Avropadan Azərbaycana gətirən düşüncənin hüdudlarında gerçəkləşdirir. Bu dixatomiyada bizi məyus edən səbəblər də olur, əlbəttə. Ülvinin böyük kriteriyalarla yanaşdığı Mətn anlayışı dünya ədəbiyyatı nümunələri üzrə gəzişib milli ədəbiyyata dönürmü... o zaman məyusluq başlanır. Tənqidçinin yüksək materiyalardan soraq verən zövqü, estetik tələbi qarşısında bizim milli ədəbiyyatın müvazinət saxlaması çətinləşir, inteqrasiya qarşıdurmasına duruş gətirə bilmir. Uzun illər milli statusundan perik düşmüş ədəbiyyatın boşluqları bu kitabın sərgilədiyi mahiyyətdə daha bariz görünür. “Modern türk romanının əsası Tanpınarla atıldı, Yusuf Atılganla qoyuldu, Oğuz Atayla isə heç də dünya ədəbiyyatından geri qalmadığını sübut etdi. Orxan Pamukla isə dünyanı fəth etdi. Pamuk nəsri Recaizade Ekremdən Yaşar Kamalacan türk ədəbiyyatının, eləcə də Servantesdən müasiri olduğumuz dövrə qədər dünya romanının bənzərsiz və rəngarəng sərgisidir...” – bu universal və polifonik ölçüyə tən gələn analoji uyğunluğu tapıb yanaşı qoymaq istəyirsən...

Və cənnət...

Böyük yazıçıların əsərlərinin ruhsal qatında, onların nəfəslərindən çıxan fırtınanın dalğasında insanın və dünyanın mənəvi naqisliyi əleyhinə üsyan dayanır. Gənc tənqidçi də bəşəriyyətin cənnət axtarıcılığı və ona aparan yolların istiqamətini bura yönəldib doğru ünvanları – dünyanı xilas modellərinin kodlaşdığı mənəvi universumu tanıtmağa çalışır. Adəmin cənnətdən qovulma cəzası, M.V.Yosanın “Cənnət başqa yerdədir” deməsi də onu niyyətindən döndərməkdə acizdir. Ülvi cənnəti başqa yerlərdə yox, elə ədəbiyyatda tapmağa ümid edir. Ona görə bu kitabda cənnət axtarışı simvolika, rəmz yox, konsepsiya səviyyəsində gerçəkləşir. Cənnət burdadır, deyilir. İşığın, diriliyin, mənəvi yüksəlişin olduğu yerlərdə. Və inandırır... İnanmayanlar oxusun bu kitabı. Cənnəti tapmağa ədəbiyyatın nə qədər güclü arbitr olduğuna əmin olmaq üçün ən azı.

“Yerinizi rahatlayın, xanımlar və cənablar. Yolumuz uzundur”...

# 2933 dəfə oxunub

Müəllifin son yazıları

# # #