Bir polemikanın təriqi ilə
Müasir prosesə klassik ədəbiyyatın təcrübəsini çatdırmağa ehtiyac həmişə var. Ən azı hadisənin, faktın etnik-tarixi tipini-genotipini müəyyənləşdirmək və onu bu günün dəyərlərinə ötürmək, təcrübəsinə yenmək üçün. O da məlumdur ki, sovet metodologiyasının süquta uğradığı 1990-cı illərdən sonra bu sahədə böyük bir boşluq var və indi bu kontekstdə atılan hər müqtədir addım elmi-nəzəri-metodoloji perspektivi şərtləndirmiş olur.
Amma təbii ki, söhbət elmi meyarların dəqiqləşməsindən gedir, birbaşa rədd olunub, az qala bütöv bir dövrün üstündən xətt çəkməkdən yox. Məncə, çağdaş ədəbiyyat tarixçiliyində əsas məsələ XX əsrin əvvəllərində yaşayıb-yaratmış ədiblərimizin irsinin yeni təfəkkür kontekstindən tədqiq olunma zəruriliyidir. Nədən ki, Sovet imperiyasının hakimi-mütləq olduğu dövrlərdə bu dövr sənətkarlarımızın irsi təhrif olunmuş, onların yaradıcılığı daha çox sovet ideologiyasının lokomotivi kimi təhlilə çəkilmişdir.
Bu dövr təsnifatında Azərbaycan sovet ədəbiyyatına ayrıca bir mərhələ statusunda yanaşılmış, XX əsr ədəbiyyatının tərkib hissəsi kimi deyil, onun başlıca hadisəsi kimi dominant müstəvidə şərh olunmuşdur. Bu baxımdan, əsrin ilk iki onilliyini qapsayan dövrlərin ədəbiyyatı kölgədə qalmış, həmin ədəbiyyatın kifayət qədər dünya proseslərinə açıq və ayıq olan reaksiyası, özünəməxsus üslubi zənginlikləri öyrənilməmişdir.
Təbii ki, XX əsr tarixi-tipoloji vahiddir və ona, əsrin yetmiş ilini çevrələsə belə sovet dövrünün dominant mövqeyindən deyil, özünəməxsus inkişaf stixiyasından yanaşsaq dövrü bütün ziddiyyətləri və parametrləri ilə görməyə müvəffəq olarıq. Biz daim bu dövr sənətkarlarının yaradıcılığını dünya ədəbi-mədəni proseslərindən ayırmış, təhriflərə məruz qoymuş, onlarda XX əsr ölçülərini araya bilməmiş, yaxud şüurlu şəkildə görməzlikdən gəlmişik.
H. Cavidin yaradıcılığındakı fəlsəfi dramatizmin, yaxud Ə. Hüseynzadənin əsərlərindəki sosial-ictimai dərinliyin izlərini çox uzaqlarda, Qərbdə, Avropa düşüncəsinə aludəlikdə, onu yamsılamaqda axtarmışıq. Halbuki, XX əsrin əvvəllərində Qərb bizdən çox uzaqda deyildi, elə Bakıda idi. Bir qədər “Molla Nəsrəddin”in xətti ilə yayıldığı ərazilər - bütün İran, Hindistan, Volqaboyunda gəzişir, bir qədər də “Füyuzat”ın qanadında dünya elmi ədəbi-bədii düşüncəsi milli ədəbiyyatımıza gətirilirdi.
İndi bu mərhələnin tədqiqi əsrin ideya-estetik dərkində, onun tarixi inkişaf ritminin duyulmasında başlıca məsələlərdən biridir. Sənətin üzərindən kölgələrin çəkilib getməsi milli müstəqillik dönəmində ədəbi mətnlərə daha obyektiv elmi–nəzəri yanaşmalar etməyə imkan verir. Təbii ki, bu yeniliklər, yeni meyllərin tədqiqi ilk növbədə, milli ədəbiyyat nümunələrinin diktə etdiyi bədiilik statusuna əsaslanmalıdır. Eyni zamanda mətn və zaman əlaqəsi, sənətkar və onu yetişdirən tarixi zəmin unudulmamalı, dövrün fəlsəfi dərkində bu amillər nəzərə alınmalıdır.
Bu gün bütün keçmiş postsovet məkanı ölkələrində XX əsrin ilk onilliklərində rəngarəng tendensiyaların formalaşmasına rəvac verən amil kimi I Dünya müharibəsi, onun aşıladığı inqilabi xarakter, bəşər miqyasında başlanan dekadans, dünyanın gələcəyi ilə bağlı pessimist əhval-ruhiyyə, apokalipsis hissi, insanların psixologiyasında, düşüncə və xarakterində başlanan “çevrilmə” əsas səbəblər kimi mənalandırılır və bu, həqiqətən də XX əsr insanını, sənətkarını öz zamanı və məkanı içrə səciyyələndirməyə imkan verir.
XX əsrin əvvəllərində yaşamış sənətkarımızın bir qisminin yaradıcılığı da məhz bu ölçülər, dünya proseslərini xarakterizə edən düşüncə tipi və tendensiyaların meyarları daxilində təsbitini tapmalıdır. Əks təqdirdə, milli ədəbiyyatın ölçülərini, dünyada gedən proseslərə reaksiyasını öyrənmək mümkün olmaz.
Son zamanlar ədəbiyyat tariximizdə özümlü yeri olan sənətkarlarımıza diletant yanaşmalar hakim olub. S.Vurğun, M.Cəlil növbəti konyukturanın qurbanına çevrilməkdədirlər. Zaman-zaman bu obrazların hücumlara məruz qalmasına bir növ adətkərdə olmuşuq. Kimsə orijinal görünmək istədimi- hədəfdə klassiklərdi, kimsə ədəbiyyat biliklərini hansı şəkildəsə sərgiləmək istədimi- ən yaxşı vasitə ədibləri “ifşa” tendensiyasına başlamaqdı.
Bütün bunların üstündən bəlkə də sükutla keçmək olar, nədən ki, obyektiv, elmi qanunauyğunluqları meyar edən ədəbiyyatşünaslar var və onlar hansısa populist yanaşmadan fərqli olaraq sənətin və ədəbiyyatın təəssübündə dayanırlar. Amma tarazlıq onda pozulur ki, həmin ədəbiyyatşünasın özü belə sənətə münasibətdə diletant qanunauyğunluqlardan çıxış edir. Bu baxımdan imzasına daim sayğı duyduğum Rüstəm Kamalın XIX əsrlə bağlı düşüncələri ədəbiyyat tariximizin bu dövrlə bağlı yanaşmalarda da problem olduğunu bəlli etdi.
“XIX əsr haqqında bəlağətli fikirləri bir qədər şişirdilmiş hesab edirəm. O dövrün Azərbaycan ədəbiyyatı tarixində mükəmməl, fərqli bir dövr olduğunu qəbul etmirəm. Əvvəla XIX əsr Azərbaycan ədəbiyyatında təmsil olunan şairlərinin əksəriyyəti əski, İran ədəbiyyatının ənənələrini davam etdirirdilər, buna görə mənasız idilər.”
XIX əsri mənasız saymaq hansı elmi meyarlara əsaslanır? Bəllidir ki, XIX əsr Azərbaycan ədəbiyyatının diferensiasiyası proseslərinin başa çatdığı bir dövrdür və milli mifoloji təfəkkürün, aşıq poeziyasının, xalq poeziyası üslubunun dirçəldilməsi ilə bahəm həm də İslam poeziyasının atributlarını özündə daşıyır. Bu dövrdə yazıb yaradan şairlər özündə ərəb, fars və türk komponentlərini ehtiva edən ümummüsəlman mədəniyyətinin nümayəndələridirlər və bu xətt onların yaradıcılığında ehtiva olunur.
“XVIII əsr Azərbaycan ədəbiyyatında baş verən etnik, estetik təbəddülatların XIX əsrdə arxası gəlmədi. Çünki İran ədəbi kanonlarının daşıyıcıları həmin etnik-estetik kanonların, şifahi xalq ədəbiyyatından, elat ədəbiyyatdan, Vaqifin qoşmalarından gəlmə təfəkkür sistemini yaxına buraxmadı.”
Azərbaycan ədəbiyyatında etnik-mədəni prosesin təbii axarına bir qədər diqqətli olsaq görərik ki, XIX əsr poeziyasında mövcud din amili bütün Şərq miqyasında gedən ümummüsəlman mədəniyyətinin əsas komponenti kimi çıxış edir. İslam bu mədəniyyətdə yalnız dəyişmə faktoru olmayıb, həm də daxili mahiyyət daşıyan başlanğıcdır, bütöv bir həyat tərzidir. Bu ideologiya ərəb, fars və türk dilində yaranmış ən qiymətli ədəbi – bədii əsərləri özündə ehtiva edərək ümummüsəlman mədəniyyəti yaratmışdır.
Azərbaycan mədəniyyəti Yeni dövrə- XIX əsrə yalnız mifoloji yaddaşı, etnik potensialı ilə deyil, bütün tarixi təcrübəsi ilə, XIX əsrə qədər düşünən bir xalqın zəngin yaradıcılıq imkanları ilə daxil olurdu. Milli ədəbiyyatımızda bədii inkişaf təkamülü səciyyə daşıdığından başqa ölçülər aramağa hacət yoxdur. XIX əsr özündə həm Şərq, həm də Avropa evolyusiya ənənəsini birləşdirən bir dövr kimi səciyyələnir, hətta bu faktor XX əsrin əvvəllərində belə funksionallığını itirmir. “Füyuzat” birbaşa bu atributlar üstə köklənir, dünya ədəbiyyatını böyük əzm və inadla təbliğ edən Əli bəy Hüseynzadənin bu mövzuda manifest xarakterli fikrini xatırlayaq: "… türklük və islam dairəsində tərəqqi etmək istəriz”; yaxud M.Cəlilin Füzuliyə münasibətini yada salaq: “...götürünüz “Molla Nəsrəddin” jurnalının 20 illiyini tökünüz qabağınıza. Hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır”; H.Cavidin, M.Hadinin ərəb-fars izafətlərindən yoğrulmuş dilinə nəzər yetirək.
Sadəcə, XVI əsrdən başlayaraq xalq poeziyasının dilçəldilməsi səbəbindən bütöv bir mədəniyyət sırası yaratmış faktordan imtina eləmək və onu bədii-estetik idrakdan kənarlaşdırmağa çalışmaq tendensiyası obyektiv dəyərləndirməni bəri başdan kənara qoyur. Ümumiyyətlə, biz niyə hər hansı əsrə əlahiddə qiymət verməyə çalışırıq. Axı ədəbiyyat mərhələləri daxili ritmi, inkişaf məntiqi ilə hərəkət edən, immanent inkişaf qanunauyğunluğu olan bir sistemdir.
Bu sistemdən hissəni ayırmaq və hər ədibin yaradıcılığına kamil sənət zirvəsindən nəzər yetirmək düzgün metodologiyadırmı? Doğrudan da, “Niyə hamı Füzuli olmalıdır” (C.Yusifli). Tək bu ritorik sualla açılan mübahisəyə nöqtə qoymaq mümkündür. Niyə Füzuli, yaxud Vaqif, yaxud Sabir kamillik etalonu kimi götürülməli, digərləri ona nəzərən şərhini tapmalı, bu etalona tən gəlməyən hər şey “mənasız ”, “aqoniya” anlayışları ilə izah olunmalıdır?!
Bu rakursdan yanaşsaq, XII əsri də mənasız saymalıyıq. Nizami dühasına müvafiq çoxmu adlar verib ədəbiyyat tarixinə? Yaxud XVI əsr poeziya zirvəsi sayılan Füzuliyə nisbət əsr bu səviyyəli şairlərlə zənginmi? Eləcə də N.Cəfərovun ədəbiyyatda intibah dövrü kimi səciyyələndirdiyi Vaqif zamanı, XVIII əsr necə- mənasız deyilmi?! Tək Vaqif imzası üzərində gəlişir. Ondan istedad və ilhamca geri qalmayan Vidadiyə münasibətdə isə sanki belə bir şair yoxmuş kimi davranırıq.
“Bu millət bu günə qədər ədəbi coğrafi sınırlarını müəyyənləşdirə bilmir. Xorasan türkmənı Həsənoğlunu da ədəbiyyat tarixinə salır, Kayseridə ölmüş Qazi Bürhanəddini də, Kərbəlada yaşamış Füzulini də. Amma keçən əsrin 30-cu illərində burdan köçüb getmiş, Özbəkistanda yaşamış, özbək şeirinin ən böyük ustadlarından biri Maqsud Şeyxzadəni ədəbiyyat tarixinə salmır.”(Rüstəm Kamal)
Ədəbiyyat dili, yayılma ərazisi imkan verdiyi qədər ümumbəşəri, o cümlədən milli mənsubluq daşıyıcısıdır. Türk təfəkkürü və ruhu ilə yazılan hər əsər ərazisindən, dilindən asılı olmayaraq milli ədəbiyyat çevrəsinə daxil edilir. Belə olmasaydı, Nizaminin, Xaqaninin fars, Füzulinin fars və ərəb dillərində olan irsindən imtina edərdik. Əgər “yaddaş güclü olanda o Vaqifin dilini XX əsrə də gətirib çıxara bilir”sə, o zaman türk ruhu daşıyan istənilən sənətkarına dünyanın o başında da olsa sahib çıxacaqdır. Bu halda türk düşüncəsinin hüdudsuzluğu ilə bahəm, həm də coğrafi sınırlarının genişliyilə yalnız öyünmək lazımdır.
İstənilən sənətkarı, ədəbi şəxsiyyəti, həmçinin ədəbiyyat tarixini real tarixi gerçəklikdən ayırdıqda zaman da, sənətkar da yeni repressiyanın qurbanına çevrilirlər. Ona görə də belə məsələlərə həssas yanaşmamız vacibdir.