Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək...

Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək...
24 yanvar 2024
# 09:00

Kulis.az Elnarə Akimovanın "Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək..." adlı yeni yazısını təqdim edir.

(Bədii mətnlə inam aşılayanlar üçün)

Uşaq ədəbiyyatı ilə bağlı maraqlı bir iş üzərində çalışıram. Görülən işin mənəvi zövqünü, feyzini ayrı cür hiss edirəm varlığımda. Axı söhbət gələcəyin insanından gedir. İşə bax ki, bu il də ölkə başçısının sərəncamı ilə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Nə əlaqə deyib keçməyin. Dünyanın bütün əlvan rəngləri uşaqların əli ilə boyanıb, bəlkə göyqurşağı da nə vaxtsa onların səmaya sıçratdığı rənglərin qarışımıdır, kim bilir. Tanrının xoşuna gəlib, saxlayıb bu rəngləri özündə, hərdən insanları sevindirmək üçün çiçək kimi səpələyir göy üzünə.

Təbiətin rəngidir yaşıl. Saflıq, dirilik, bolluq rəmzidir. O yaşılı qorumaq uşaqlıqdan aşılanan mənəvi missiyaya çevrilib. "Yaşıl ölkəm"! Yaşıl bizim ölkəmizin adıdır. Bayrağımızdakı üç simvoldan biridir, inanc və irfanımızın işarəsidir.

Təbiəti öyrənməyin ən gözəl vasitəsi uşaq ədəbiyyatıdır. İnsan böyüdükcə, onun təbiətə münasibəti də dəyişir, o təbiətdə toxunduğu hər şeyi dəyişib özünə oxşatmağa, insanlaşdırmağa çalışır. Nəticədə, bunun əksi ilə qarşılaşır. Təbiət ondan mütləq qisas alır, fəlakətlərdə mütləq mənada talelərin səslərini də eşitməli oluruq. Bəs necə etməli ki, bu baş verməsin?! Ümidimiz sözün möcüzəsinədi. Uşaq ədəbiyyatının stixiyası olan xilas etmək gücünə. Uşaq ədəbiyyatı uşaq-təbiət tandeminin ən munis dövrünün başlanğıcında dayanan və təbiətə doğma münasibət formalaşdıran sahədir. Bu mənada, ədəbiyyat insanla təbiətin arasındakı sağlam bağı, əlaqəni qoruyub saxlayan bəlkə də yeganə düşüncə məkanıdır. Bir şeirlə dünyanı gözəlləşdirmək, bir sınmış budağın belə ürəyi olduğunu uşağa aşılayıb onu təbiətə ziyan vurmaq kimi davranışlardan daşındırmaq... Bu, qələm adamına öz ağrılarını ürəyinin bir küncünə sıxışdırıb onu yenmək hasabına başa gəlsə belə. Məsələn, belə edirdi Mikayıl Muşfiq. Əkrəm Cəfərə ünvanladığı məktubda "Çocuqkən çırpınışlarım yetim barmaqlarıyla saçlarımı yoldu. Mən şeiri göz yaşlarım skamyaların qara üzünü aratdırkən duydum...", - yazırdı. Amma mətnlərində fərqli estetik üsul seçirdi, bəxtiyarlıq, həyat eşqi ilə bütün dünyaya gülümsəyirdi:

Mənə ilham verir o yaşıl çəmən,

Üstümə quşbaşı yağan yasəmən.

Demək, sevimlidir bahar da, qış da,

Bir yenilik duyub mən hər baxışda

Sevirəm dəyişən, dönən varlığı.

Bu günün, yarının bəxtiyarlığı

Sevdasilə coşan nə bəxtiyardır!

Bu yaxınlarda esseist Qismət Rüstəmovun "Ekoloji tənqid: Yaşılı öyrətmək" məqaləsində ekoloji tənqid terminini ilk dəfə 1978-ci ildə yazdığı "Ədəbiyyat və ekologiya" məqaləsində elmə gətirmiş Vilyam Rukertin düşüncələri mənə maraqlı göründü: "alim fərz edir ki, ədəbiyyatın insanlara təsir gücündən faydalanıb eko-sistemə verilən zərərləri azalda bilərik, çünki günəş enerjisinin günəşdən yer kürəsinə, oradan isə bütün canlılara çatması və həyat dövriyyəsinin fasiləsiz şəkildə davam etməsi kimi, şairin enerjisi də şeir vasitəsilə oxuculara çataraq fantaziyanın və intellektual hazırlığın yayılmasına zəmin yaradır. Rukert deyir ki, bir şeir bir eko-sistem modeli kimi ekologiya dərsində oxuna, təhlil oluna bilər. Onun fikrincə, şeirin "nədən bəhs etməsindən çox, nə etməsi və bunu tutarlı şəkildə necə etməsi" çox vacibdir".

Bilmirəm niyə, amma Eqzüperinin "Balaca şahzadə"sini xatırladım. Qəlbini sevinc və işıqla doldurub bütün kainata yetəcək qədər sevgi paylayan qızılı saçlı oğlanı. Onun bəslədiyi bir qızılgül, üç vulkan sahibinin sevgisi və diqqəti ilə əhatə olunmuşdu və Balaca Şahzadəyə görə kainatda yaşayan hər bir insan onun kirlənməməsi, təmiz qalması, ziyanlardan xali olması üçün məsuliyyət daşımalı idi. Az qala bir əsr öncəyə qədər zamanı çevrələyən bir əsər onillərin o tayından dünyanın bütün dillərinə tərcümə olunaraq həm də təbiət qarşısında insan əxlaqının necəliyini öyrədir insanlara:

"- Mən, nəhayət dilləndi o, - bir gülüm var, onu hər gün sulayıram. Üç vulkanım var, hər həftə onları təmizləyirəm. Sönmüş vulkanları da təmizləyirəm. Bilmək olmaz qabaqda bizi nələr gözləyir, heç bilmək olmaz. Bunlar mənim vulkanlarım və gülüm üçün çox vacib işlərdir".

"Düşüncəsi belə idi ki, əgər vulkanları vaxtında və qaydasında təmizləsən, onlar fasilə vermədən düzgün və sakit şəkildə yanacaqlar. Vulkan püskürməsi soba borusundakı yanğına bənzəyir. Şübhəsiz ki, yer üzündə yaşayan insanlar onsuz da bu vulkanları sona qədər təmizləyə bilmirlər və məhz bu səbəbdən onlar bizim üçün bu qədər çətinliklər törədə bilirlər".

"Bu elə nizam-intizam məsələsidr, - balaca şahzadə daha sonralar mənə deyirdi. Səhər tezdən, yerindən qalxıb yuyundunmu, dərhal planetin də qayğısına qalmaq, onu təmizləmək lazımdır. Hər gün gözlərini dörd açıb baobabları kökündın qoparıb atmaq lazımdır, onların zoğlarının hamısı demək olar eyni böyüklükdə olur. Düzdür, bu bir az darıxdırıcı işdir, ancaq başqa çarə də yoxdur".

Kainatın bu sevgiyə, qayğıya ehtiyacı var. Dünyanın uşaq üzünə dönüşməyə yəni. Bu əsərin proloqunda belə bir fikir yer alır:

"Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır."

Müəllifin nəyə işarə vurduğu məlumdur. Ürəklərinin bir tərəfində təmiz bir hücrə saxlayanlar xatırlayırlar o anı. Vaqif Səmədoğlu "yoxdur yer üzündə qocalıq, yoxdur", - deyirdi. Ruhundakı uşağı əbədi diri saxladığına görə. Anna Axmatova Boris Pasternaka həsr etdiyi şeirdə "O, bir əbədi uşaqlıqla mükafatlandırılıb" misrası ilə həmkarının portretini dəqiq cıza bilirdi. Əli Kərimsə bunun yolunu şeirləri vasitəsilə göstərirdi:

Əlimi qaşımın üstünə qoyub,

Boylanıb baxıram uşaqlığıma:

Özüm böyütdüyüm dəcəl çəpişə,

Əlimlə saldığım cənnət bağıma.

Eheyy!! - qışqırıram, baxmayır uşaq,

Bir də qışqırıram, dinmir ki, dinmir.

Başa düşürəm ki, çıxmırmış səsim,

Çox zaman yuxuda olduğu kimi.

Amma təsadüfən çevrilib uşaq,

Gözləri dolusu baxır uzaqdan,

Birdən fikir verib mən ağ saçlıya

Qaçır,

bir əsər də qalmır uşaqdan.

Nöqsanım,

qüsurum,

mən, bir də qəmim,

Yüyürüb,

yüyürüb,

düşürük həkdən.

Göydəmi, yerdəmi,

ürəyimdəmi

Kimsə qəhqəhəylə gülür ürəkdən:

-Nə fikrə getmisən, - deyir, - nə fikrə,

Bir dərdin olmasa, sən də gülərsən,

Atsan yanındakı yoldaşlarını,

Sən məni o zaman tapa bilərsən...

Yəni yalnız nöqsan, qüsur və kədərsiz bir dünyanın sakinləri ola bilir uşaqlar. Bu uşağı qoruya bilənlər yaradır uşaq ədəbiyyatını. Bəlkə heç uşaq mətni yazmır, amma içindəki uşağın, uşaqlığının əlindən tutub çıxır yaradıcılığın çətin yolçuluğuna. Ötən həftələrin birində Rey Bredberinin "Zəncirotu şərabı" romanı haqqında Hədiyyə Şəfaqətin yazdığı "Əjdaha şərabı" məqaləsini mütaliə edərkən bir məqamı aydınlaşdırdım özüm üçün: qərb yazıçı və şairləri öz keçmişlərindən utanmırlar, kompleks yaşamadan boylanırlar uşaqlıqlarının qüssəli məqamlarına. Psixoloji travmaları onları müşayiət etsə belə ədəbiyyata sonsuz bağlılıq onların içindəki ağrını işıqla əvəzləməyə yetir: "İnsan yaşadığı şəhərdən ayrılanda o şəhər fantaziyaya çevrilir" - və tezliklə də bunu təkcə şəhərlərə aid etmək fikrindən daşınır. "İndi mən də burda, İllinoysda, sakit bir gölün kənarında yerləşən Yaşıl şəhərdə kiminsə fantaziyasıyam".

Biz həm də özümüzün fantaziyasıyıq. Bredberi uşaqlığına qayıdaraq öz fantaziyalarının mövcudluğuna inandırır. Onun ayağını qoyduğu yeri dünyanın mərkəzi, olduğu zamanı zamanın mərkəzi adlandırmağa haqqı çatır. Çünki o, əjdahalara inanır. Çünki o uşaqkən xəyalən qorxduğu çardaqda yaşayan əjdahanı yerə endirib onunla bir ömür keçirib.

"Hər kəsin öz əjdahası var. Bir gün o, aşağı enə bilər..."

Əlbəttə, siz öz çardağınızdakı əjdahanı böyüklərə öldürtdürməmisinizsə..."

Oxunan mətnlər uşaqlığımızın hüdudlarını müəyyən etməyə imkan verir: o əsərlər ki, oxuyub ilk qorxunun dadını bilmişik, o əsərlər ki, oxuyub mübariz olmağın çətinliyini duymuşuq, böyük okeanlara can atan balaca qara balıqları, pəncərinin o üzündəki işığı görüb ora keçmək üçün özünü şüşəyə çırpıb öldürən qara milçəklərin varlığından xəbər tutub addım-addım həyatı öyrənmişik. Dərinə getdikcə, heyrət etməmək olmur. Bizə sadədən sadə görünən, yəni ilk baxışda yazılışı asan təsir bağışlayan uşaq mətnləri hasilə gətirməyin əslində, necə çətinlikləri varmış. Bu çətinliklərə sinə gərib ən dəyərli mətnlər meydana qoyulub - mübarizə, inam aşılayan. Həyatın dibinə enməkdən qorxmayan, qorxularını, uşaqlıq travmalarını dilləndirməkdən çəkinməyən, özü olmaqdan zövq alanlar, ən kritik anda belə balacalara sevgi, sevinc ötürməyi bacaranlar...

Bu mətnləri yazanlar da inanıblar əslində. İnanıblar ki, yazdıqları əsərlərlə uşaqlara tərtəmiz bir dünya yaradırlar. Nağıllar aləmində böyüyən uşaqların təfəkkür üfüqlərinin genişliyinə kim şübhə edə bilər? Uşaq aləminin nağılla başlanan yolçuluğu özündə yaddaş kodlarını daşıyacaq qədər sakraldır. Mifopoetik təfəkkürdən çağdaş zamana keçid mərhələsinin ən etibarlı məxəzidir nağıllar. Y.V.Çəmənzəminli demiş, "bu mədəniyyətin əsrarını bilmək üçün" nağıl və əfsanələri unutmamaq lazımdır, onlar həm də mənəvi dünyagörüşümüzün ifadəsidir. Əxlaqi, etnik düşüncəmizi formalaşdıran bu janrlar özündə doğma elementləri ehtiva etdiyi qədərincə tarixin saxlancında əbədi qorunacaqlar. Bəs yaradıcı şəxslərin rolu burda nə qədərdir? Öz mədəniyyətinə baxış fəlsəfəsinin aliliyi müəyyənləşdirir onların yaşam gücünü həm də. Toğrul Nərimanbəyovun Kukla Teatrının divarlarını bəzəyən rəsmləri kimi. Mistik ovqat çaları ilə ona baxan neçə-neçə uşağın ürəyinə düşən bu şəkillər bir də uşaq şairi Teymur Elçinin poetik dilində nağıl kimi şəkillənib. Azər Turanın "Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası" məqaləsi bu iki dahinin "şərikli" əsərinın ehtiva elədiyi yaşantıların miqyasını vermək baxımından gərəkli mətndir: "Rəssamın yaratdığı rəng axını onun özünə olduğu kimi, şairə də intermedial qurğu üçün geniş üfüqlər açır. Burada, həm dekorativ tətbiqi sənətin xalça sənətindan başlayaraq bütün növləri, eləcə də arxitektura, mifoloji anlamlar, həm musiqi, həm folklor elementləri və s. birlikdə iştirak edir".

Uşaq ədəbiyyatının müstəsnalıq gücü həm də bundadır. Bütün duyğu orqanlarını, yaradıcı işarələri işə salmasında, onların potensial imkanlarını bir araya cəm edib fərqli estetik çevrə yaratmasında. Bu dərinlikdə yalnız sənət əsasında təzahür edən obraz deyil, həm də o sənəti yaradan, hasilə gətirən şəxsin kimliyi kəşf olunur. Amma burada vacib olan başqa məqam da var. Təhtəlşüurdan rəsmə, ordan yazıya, kağız üzərinə tökülmüş nağıl söyləmələri və obrazları onun seyrinə dalanları mifoloji yaddaşın ən dərin qatlarına aparır. Toğrul Nərimanbəyovun çəkdiyi nağıl rəsmlərinin struktur təhlilini Teymur Elçinin şeirlərinə tətbiq edib nağıl obrazlarını oxumaq mümkün olur. Bu obrazlar yalnız nitq janrlarında, poetik mətnlərin ricətlərində ehtiva olunmur, həm də rəsmlərin, tabloların yaddaşında gizlənir. Deməli, xalq öz milli özünüdərkini, mifopoetik yaddaşını bu sənət əsərlərinin hesabına bərpa edə bilər.

Uşaqlar üçün mətn hasilə gətirənlər nə edir? Əsası nağıl, əfsanə, rəvayət və hekayət olan mənalar dünyasını yaradır. O mənalar dünyası ki, orada insan taleləri oxunur, nə olmaqla yanaşı, necə olmağın sirri açılır balaca oxucuya. O, özünü kiməsə bənzədərək böyüyür, xəyallarındakı qəhrəmana doğru yol alır. Çingiz Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" povestinin sonunda Kiriskin gəldiyi həqiqəti xatırlayırsız? O dərk edir ki, şüuraltında səslənən "sözlər ömrünün son günlərinəcən birlikdə yaşayacağı öz xüsusi mahnısının ilk sözləridir". Bəli, hər uşağın öz nəğməsi ilə böyüməsi onun içində çərpələng kimi uçuşan arzulara açılan Yoldur əslində. Bu yol yerdən göyə qədər, göydəki günəşə, aya, ulduzlara aparacaq qədər uzun olsa belə, işıq və sevgidən yoğrulduğu üçün onun ömür fəlsəfəsinin cövhərinə çevrilir. Və burdan o yana ona ancaq inanmaq qalır:

"Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr səmaya bax. Bütün ulduzlar çiçəkləyəcək..."

# 1507 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #