Sizin yeriniz Salyandı...

Sizin yeriniz Salyandı...
27 oktyabr 2015
# 15:17

“...Sən, Salyanda balıq qoymadın”. Bu sözləri Nəbi deyir...

Amma bu sözləri deyənə qədər uzun bir yol getməliyik.

“Mənə deyən gərək ki, a belə-belə olmuş, bir hinduşka kababından ötrü 220 kilometr Salyana, ordan da o qədər yolu dala qayıdasan. Elə bir hinduşka alardım, kef eliyərdim də özümçün.” Nəbi bu sözləri doğma Siyəzən ləhcəsiylə deyir...

“Tehran, kabab dadlıdı, amma bərkdi”. Bu sözləri də mən deyirəm: Tehrangilin Qarağaşlı kəndlərindəki həyətlərində (Əslində bura Neftçala ərazisi sayılır, kəndə də el arasında “Pasyolka” deyirlər. Deməli, biz həm də neftçalalıların qonağıyıq).

“Bir xoruz, iki fərə hinduşkam vardı. Fərələr arıq olduqlarına görə, xoruzu kəsdim”.

Məni dəli gülmək tutur. “A Tehran, - deyirəm, - bir xoruz, iki fərən ola-ola bizi o boyda yolu bura niyə gətirirdin!?”

Hamı mənə qoşulur. Ən çox da Nəbi gülür. “Doğrudan e, nöş gətirirdin?”

“Ördək, qazımız da var da!” - Tehran gülə-gülə deyir.

Salyan səfərimizin məqsədi əslində balıq tutmaqdı. Amma elə yağış yağır ki, çölə çıxmaq mümkün deyil.

“Mən balığa-zada gedən deyiləm”, - Nəbi cığallayır.

Mənsə əl çəkmirəm. “Sabah gün çıxacaq” deyirəm.

“Yaxşı olardı, - Tehran deyir, camaatın sahəsi qalıb ağzı göyə, oraları şumlamalıyam”...

“Gün çıxsa da, heç yana gedən deyiləm”. Nəbi cığallığından qalmır.

Səhər doğrudan da gün çıxır. Tehran qarmaq və yem tədarükü görür.

“Çayı orda, gölün qırağında içərik. Samovarı da götür”. Bu sözləri hündürdən deyirəm ki, içəridə yatan Nəbi də eşitsin. Tehran sözlərimi göydə tutur. Maşını işə salır. Nəbi səsə çıxır. Amma özünü o yerə qoymur, əsnəyir, gərnəşir.

“Hara belə?” - soruşur.

“Necə yəni hara, balığa”. Mən deyirəm.

“Bəs mən burda neyniyəcəm?”

“Sən bizi gözləyəssən”, - deyirəm.

“Allah vurmuşdu səni. O tərəfə çəkil görüm ə, maşını özüm sürəcəm...”

Beləcə balıq ovu başlayır...

...Oturmuşuq “Köhnə Dəyirman” deyilən yerdə. Üç tərəfimiz nar və heyva bağıdı, sol tərəfimizsə göl. Gölün giriş-çıxışı da var. Ona görə də balıqları zığ iyi vermir. Bunu sonra bilirik. Hələliksə, yerdən qalanmış ocağın üstündə qızaran kabablardan dadırıq.

Qarmağı atmışam gölə. Bir gözüm onun yanındadı. Nəbi, Tehran və “Asa” ləqəbli İsrail (gölün şəriki), bir də mən, bala-bala vururuq, keçmişdən-gələcəkdən, indidən danışırıq. Dostların, uşaqların, ailənin sağlığına doyunca tost deyirik: “Bülbül ol, qəfəsdə olma”ya qədər...

Birdən qarmağa balıq düşür, yəni görürəm ki, balıq əvvəlcə döyür (neftçala-salyan sayağı desək, dəyir), hamımız bir nəfər kimi ona tərəf cumuruq. Onda mən az qala bağırıram: “Siz hara, - deyirəm, - xeyirdi, balığa getmək ideyası məndən, qarmağı suya sallamaq da məndən, ləzzətini siz görəsiz!?” Yerimdən qırğı kimi qalxıb qarmağı tuturam, balığı ləzzətlə çıxarıram. Bir dəfə demişəm axı, balıq – qadın tutmaq kimidi (Lütfən, məni məişət pozğunlarıyla səhv salmayın. Mən obrazlı danışıram).

İsrailə baxıram. Bilmək istəyirəm ki, onun gölündən balıq tutmaq ürəyincədi, ya yox? Görürəm ki, gözlərindən gülür. “Əmi, qadoyu alım, nə yaxşı qırmağa gəldi, ötən dəfəki kimi biabır olmadım. Sonra fikirləşərdin ki, balığı əvvəlcədən yemləmişəm ki, qırmağa gəlməsin!”

İsrail əfəndi bizdən, yəni mənim əsgərlik yoldaşlarım olan Nəbi və Tehrandan 5-6 yaş balacadı, ona görə də bizə şirin-şirin “əmi” deyir: həm hörmət üçün, həm də cavanlığını bizə nümayiş elətdirmək üçün.

“Ötən dəfə” deyəndə isə payızı nəzərdə tutur, bir il əvvəli, doğrudan da balıq tuta bilmədik. Ona görə də İsrail özü qonşu göldən balıq gətirəsi oldu...

Nəbi mənə baxıb deyir: “Qalmışıq bu yazıçının əlində də. Sən evə getmək haqqında fikirləşirsən?” – deyə soruşur.

“Günortadan sonra, - deyirəm, -Tehran da gedəcək”.

“Onda mən də vurum də, nöş diyanıb baxıram?”

Daha iki balıq tuturam. İsrail onları peşəkarlıqla təmizləyir, ocağın üstünə qoyur.

Bax, onda Nəbi deyir: “Sən Salyanda balıq qoymadın ki...”

“Paxıllama.” - deyirəm.

Bir azdan İsrail sevinə-sevinə gölün o tərəfindən gəlir. “Əmi, orda da qırmağ atmışdım e, bəxtinizdən iki balıq düşüb”, - deyir və onları da yola qoyur”...

Maşına minəndə İsrail iki torba gətirib maşına yükləyir.

“Bu nədi?” deyə soruşuram.

“Bu bağın meyvələrindəndi, eşitdim ki, gələcəksiz, yığıb hazır qoymuşdum. Əmicanı, bundan Bakıda yoxdu, alma kimi heyvalardı, nara da ki, söz yoxdu”.

Bakıya qayıdırıq. Nəbi deyir: “Amma ağzını dadını bilənsən ha. Nə yaxşı ki, gəldik.”

Tehran: “Mən də darıxıram, - deyir, - hərdən gəlin də. Evdə hələ qaz-ördək də var e...”

Onun bu sözlərinə qəşş eləyirik.

Birdən Nəbi qayıdıb nə desə yaxşıdı: “Canımçün, Elçin, sənin yerin Səlyandı...”

Bəziləri Salyanın istisini nəzərə alıb, bu sözü anlamırlar, hərdən də istehza edirlər. Səlyan istidir, axı. Mən onda anlayıram ki, bu sözü macəra axtaranlar üçün deyiblər. Səlyanın iqlimi yumşaq, ovu ov, balığı balıq, qonaqpərvərliyi də öz yerində. Adama daha nə lazımdı? Məşhur filmdəki sual kimi...

Salyanda yaşayan tələbə dostlarım Təyyarla Xaqaniyə xəbər vermirəm. Çünki qıymıram. Qarağaşlıya gedən yollar nahamardı, yağış yağdığından bir az da etibarsızdı.

Hə, indi yadıma düşdü. Gedim bir nar kəsim. İstəyirsiniz, sizi də qonaq edim, dostlar. Sizin yeriniz Səlyandı: vətənimin ən gözəl, mehriban, qonaqpərvər ellərindən biri – Səlyan...

17-26 oktyabr 2015

# 2522 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #