Turistlərin azərbaycanca danışdıqları şəhər

Turistlərin azərbaycanca danışdıqları şəhər
17 avqust 2015
# 11:38

Kulis Elçin Hüseynbəylinin “Şəki - nağıllar və duyğular şəhəri” yazısını təqdim edir.

“Şəki...Şəki...”

...Qəbələdən Şəkiyə gedərkən yazar dostum Xəyal Rza bu mahnını zümzümə edirdi. Mən də hərdən vəcdə gəlib ona qoşulurdum...

Şəki...Şəki...

Şəkiyə ilk dəfə 1984-cü ilin yayında getmişəm. Tələbə yoldaşım Azər Hüseynbalanın dəvətiylə. Onun doğma kəndi Orta Zəyzidə. Bu kənd daha çox alatoran axşamlarıyla yadımda qalıb. Eynən başqa kəndlər kimi... Gün batmağa az qalmış doqqaza çıxar, örüşdən gələn davarlara baxar, ayaqlarının altından çıxan tozu alaqaranlığın işığında seyr edər, Azərin uşaqlıq dostları ilə söhbət edərdik. Arzularımızın ünvanı yadımdan çıxıb, amma Şəki lətifələri xatirimdədir...

Qayıdaq bu səfərə. Mən son on ildə, demək olar ki, hər il Şəkiyə gedirəm.

Bu dəfə təşəbbüs əsgərlik dostlarımdan gəldi. Keçmiş pexotaçı (piyada qoşunlar əsgəri) Nəbi zəng eləyib dedi ki, Yavərlə səni Qəbələdə gözləyirik. Bakıda da bir isti var, gəl görəsən. Dedim ki, bu istidə iti də quyruğundan bağlasan, çöldə durmaz, bəs mənim orda nə itim azıb? O, da məni şirnikləndirmək üçün qayıtdı ki, Vəndamdayıq: bir tərəfimiz çay, bulaq, o biri tərəfimiz şəlalədir, qarağacın altında oturub sərinlənirik. Tehranla Nazim (o biri əsgər yoldaşlarımız nəzərdə tutulur) gələ bilmədilər...Sonra Yavər telefonu götürdü, dedi ki, Bakıdan Qəbələyə üç addımlıq yoldu, atıl maşına min, özümüz qarşılaşarıq. Düzü, dostlarla görüş hamının ürəyincədi, elə mənim də.

Xəyala zəng elədim. Soruşdum ki, atın yürüyə bilirmi? Dedi: yürüyür. Dedim, yəhərləsən Qəbələyə gedə bilərikmi? Cavab verdi ki, canın da alarıq, əgər fikrin qətidirsə və mənə də bir saat vaxt versən... Düzü, iki daşın arasında qalmışdım: həm kondisionerli otağı qoyub çölə çıxa bilmirdim, həm də Şəlalə və bulaq, dostlar da üstəlik məni dartırdı...Romanım da yarımçıq: “Əli və Nino”yla bağlı epizodu işləyirdim...

Amma səyahət hamısına üstün gəldi və getdik. Sən demə, çətini çölə çıxmaqmış...

Xəyalla bundan öncə dəfələrlə yol yoldaşı olduğumdan bu səfərin də maraqlı keçəcəyinə əmin idim: mahnı oxuya-oxuya, deyib gülə-gülə...

Qəbələ, nə Qəbələ. Yolları rahat, şəhər səliqəli, Vəndamın təbiəti gözəl, insanları istiqanlı... Nəsə...

İndi isə qayıdaq Şəkiyə. Onu da deyim ki, Yavərin Vəndamda başladığı işlər, yəni istirahət mərkəzinin açılışı qalıb gələn ilə. Ona görə də çöldə taxt qurub, yer saldıq və ulduzlara baxa-baxa yuxuya getdik: şah taxtı və şah yuxusu...

Şəkili dostlarımız Qəbələdə olduğumuzu biləndə “sizi Şəkidə gözləyirik” dedilər. Deyirlər, söz sözü çəkər, yol yolu (Qoy, bu da mənim məşhur atalar sözünə improvizəm olsun).

Bir atalar sözü də deyim, keçək mətləbə: Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar...

Şəki...Şəki...

Şəhərə günortaya yaxın çatdıq və adətimə uyğun olaraq, köhnə şəhərə tərəf üz tutduq. Karvansarada toxdadıq. Görüş yerimiz oraydı. Xan sarayına səfəri sabaha saxladıq.

Doxdur Vüqarı Şəkidə tanımayan az olar. Məşhur adam və alimdi. Əyalətdə tibb üzrə doktorlara az rast gələrsən. Vüqar əsl doxdurlardan (həm də doktorlardan) biridi.

Oğlu Mayis (babasının adının daşıyıcısı) bu il Sankt Peterburqda Seçenov adına Tibb İnstitutunda imtahan verib və əla qiymətlər alıb. Ona görə də kefi kökdür. Səxavətinə söz ola bilməz. Dostlara yazdığı dərmanları özü alar. “Siz, yazarlar xırda işlərlə məşğul olmayın. O bizlikdi. Sizinki də yazmaq”. Vüqargilin ailəsində ədəbiyyat söhbəti eləmək asan məsələ deyil. Atası Mayis müəllim tarix professorudur, anası Qaratel xanım ədəbiyyat müəlliməsi. Zəngin kitabxanaları var. Vüqar doxdurun güclü yumor hissi var (Deyəcəksiniz ki, şəkilidi də). Evlərinin birinci mərtəbəsindəki kitabxanaya girəndə başımı aşağı əydim. “Tavan niyə alçaqdır?” deyə təəccübləndim. Cavab özünü çox gözlətmədi: “Dədəm öz boyuna uyğun düzəldib də”. Mayis müəllimlə Vüqar iki almadır tən bölübsən: hər ikisi də bəstəboy...

Qoca Xalid təbli şair və gözəl tərcüməçidir. Vladimir Vısotski, Sergey Yesenin və çox sevdiyi Yuri Kuznetsov onun sayəsində Azərbaycan türkcəsində səslənib. Kusnetsov qazax qızı Fatiməyə evlənib və həyatının sonuna qədər Azərbaycana bağlı şair olub. Qoca Xalid ondan danışmağı sevir, çünki xatirələri çoxdur. Moskvada Ali ədəbiyyat kurslarında oxuyanda tanış olublar. Və bir də Aleksandr Rubtsov. Arvadının bilməyərəkdən öldürdüyü və Qoca Xalidin məzarını ziyarət etdiyi məşhur şair...

Həmin gün “Ləziz” restoranında sərinlədik, söhbətimizi Əlirza dostumuzun işlətdiyi “Şəki Saray” hotelində davam elətdirdik. Qoca Xalidlə Xəyal Rzanın çox sevdiyim şeirlərini dinlədik, eşitdiyimiz son lətifələri bölüşdük. “Qarabağ”ın “Seltik”lə oyununa baxdıq və mərhələ adlamadığına xeyli üzüldük. Hamımız bu qənaətə gəldik ki, sevimli komandamız Şotlandiyada bir qol buraxmasaydı, mərhələni adlaya bilərdi, heç olmasa penalti seriyasına görə. Nədənsə inanırdıq ki, penalti seriyası olsa, Şehiç bizi bu oyundan üzü ağ çıxaracaq və Qlazqoda buraxdığı səhvin əvəzini verəcək...

Səhəri bu düşüncəylə açdıq, inanmasanız da deyim ki, yuxuda gördüyüm futbol oyunlarıydı. Kimsə qol vurub bizi sevindirir, kimsə əksinə, bizi üzürdü. Qarşıda “İnter”lə, “Qəbələ”nin də oyunları vardı. “İnter”in də məsələsi aydın idi, Qəbələnin də: birinin udmaq şansı, böyük idi, o birinin uduzmaq. Proqnozlarımız düz çıxdı.

Sonralar jurnalist ölümüylə bağlı qanqaraldan hadisə olmasaydı, futbol sevincini çox yaşayardıq. Heyf... İnsan kədərini heç bir sevinclə əvəzləmək olmaz...

Səhər tezdən yuxudan qalxdım. Günəş “Gələrsən, görərsən” qalasının qalıqları arxasından yenicə boylanırdı. Şəkililərin Nadirqulu xana cavabını rəmzləşdirən qala. Heyf, ora hələ də çıxa bilməmişəm. O da öz təmir növbəsini gözləyir. Şəhərə çıxdım. Dağlardan əsən meh ruhumu təzələdi. Bu səliqə-sahmanlı, xudmani şəhərin daş döşəmələriylə addımlayır və düşünürdüm ki, imkan olsaydı, elə burda da qalardım.

Bu diyar ölkəmizə saysız-hesabsız sənətkarlar verib: Aşıq Molla Cümə, şair Bəxtiyar Vahabzadə, dramaturq Sabit Rəhman, bəstəkar Emin Sbitoğlu, aktyor Lütvəli Abdullayev, rejissor Rasim Ocaqov, tənqidçi Aydın Məmmədov, çoxlarımızın müəllimi Şirməmməd Hüseynov, Nurəddin Babayev... Saymaqla qurtarmaz.

Şəkinin hər iki karvansarası təmir olunub. Adamın qulağına həmin illərin səs-küyü gəlir. Alveri də bəzən burda edirdilər axı. Olacaqların girəcəyində dəvə və at bağlanan yerlər də həminkidir, sadəcə qiyafəsini dəyişib. Yolboyu yeni-yeni dükanlar və kurslar açılıb. Halvaçı Mahmudun Şəki paxlavası, bamiyəsi və şirniyyatından çoxlarımız dadıb, qalayçıların və toxucuların əl işlərindən yaxınlarımıza xeyli hədiyyə də almışıq... Dükanların qapısının üstündə qəribə xəbərdarlıqlar var: “Kondisioner işləyir”, yəni çəkinmədən içəri girib həm alver edə, həm də sərinlənə bilərsiniz. “Kamera izəyir”, yəni dükançı olmasa da, nəyisə çırpışdırmağa can atmayın. “Qızlar üçün hind rəqsləri kursu...” Bir zamanlar, hind kinolarına baxanda elə bilirdik ki, dünyanın ən cənnət guşələri Hindistandadır, sevən ürəklər də ordadır. Qanq çayı dünyanın ən böyük və möhtəşəm çayıdır. Həm də ədalətlidir. “Sənin suların qana batıb, Qanq!” O filmlər bizə insanlığı, mərhəməti öyrədirdi.

Şəkinin ortasından keçən Qurcana çayının (Qurcana – “qur genə”, yəni təzədən qur deməkdir) suyu azalıb, əslində yumşaq dedim, susuzluqdan quruyub. Quraqlıq buralardan da yan keçməyib.

Xan sarayının həyətindəki yüzillik çinarların dibində oturub sərinlənərkən Hacı Çələbini xatırladım. On səkkizinci əsr Azərbaycanının ən mərd xanlarından birini. Gürcüstan valisi İrakli Azərbaycanın başqa xanlarını “Sınıq körpü”yə dəvət edir: Qacarlara qarşı döyüşmək üçün danışıqlara. Amma hiylə işlədərək onları əsir götürür. O zaman bu xəbəri eşidən Hacı Çələbi bu xəbəri ona gətirən atlıya deyir: “Qoca baban onları qurtarar” və qurtarır da...

Şəki həm də sevimli rejissorumuz Hüseynağa Atakişiyevin yaradıcılığının çiçəkləndiyi və Şəki teatrını çiçəkləndirdiyi məkandır...Təmirdən sonra teatrın açılışında olmuşam. Müasir standartlara və tələblərə uyğundur. Bizim üçündür.

Şəkinin yarıgünəşli, yarıkölgəli küçələrində addımlayarkən özümü sehrli bir məkanda hiss edirdim... Hər şeyi yuxulu kimi görürdüm...”Bura haradır, baba?” deyə öz-özümə suallar verirdim. “Həmin əfsanəvi yurddur, dədə!” deyə özüm də özümə cavab verirdim.

Bir müddət öncə Rusiyanın “Pyatnitsa” kanalında “Oryol və reşka” proqramı aparıcısının verilişinə də baxmışdım. Şəkidən heyranlıqla danışırdı. Onu Şəkiyə yönləndirənlər sağ olsunlar. Vətəni sevdirməyin ən vacib yollarından biri də belə verilişlər və turist axınıdır.

Şəkidə çoxsaylı turistlərə rast gəldik. Onlar şəhərə baxıb məftunluqlarını gizlətmirdilər: “Şəki...Şəki...” deyirdilər və artıq Azərbaycan türkcəsində salamlaşmağı da öyrənmişdilər: “Günaydın”.

Oteldə “Bura hansı mərtəbədir?- deyə lift dayananda soruşuram. Əvvəlcə almanca, sonra türkcə cavab verirlər: “Dört”.

Bu servisin, münasibətin həsrətini çox çəkmişik, biz də niyə olmasın demişik. İndi olur...

Bakıya dönmək istəməsək də, hər başlanğıcın bir sonu da olur. Ona görə də daimi yaşayış və iş yerimiz olan paytaxta yola düşdük. Amma bu sehrli və tarix şahidi olan yurddan ayrılmaq istəmirdik, elə dostlardan da.

Gözlərimiz qabağa baxsa da, Şəkini görürdük. Nağıllar və duyğular şəhərini...

Şəki...Şəki...

04-08 avqust 2015

# 2544 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #