Yenilməz söz yolçusu - Afaq Məsud

Yenilməz söz yolçusu - Afaq Məsud
19 iyun 2026
# 14:30

Kulis.az Xalq yazıçısı Afaq Məsudun "Yenilməz söz yolçusu" yazısını təqdim edir.

Bu il istedadlı tənqidçi, dəyərli fikir adamı Əsəd Cahangirin 60 yaşı tamam olur. İnsan ömrünün ən məsul hesabat dönəmi sayılan bu əlamətdar tarixə sanballı elmi-ədəbi irsi - təsirli esse və məqalələri, publisistik-bədii əsərləri ilə qədəm qoyan qələm dostumu bu hər mənada dolğun yubiley günü münasibəti ilə ürəkdən təbrik edir, yeni-yeni elmi, ədəbi və daha əsaslısı - ruhsal zirvələrin fəthini arzulayıram.

Əsəd Cahangir imzası hələ 90-cı illərin əvvəllərindən - ədəbiyyata, bədii sözə fərqli yanaşma tərzi, gizli ağrılar dolu duyğusallıqla müşaiyət olunan ciddi analitik təhllil improvizələri ilə tanınıb. Peşəkar ədəbi cameənin diqqət və marağını qısa müddət ərzində qazanmış bu yaradıcılıq zaman-zaman məndə bəzən heç cür sakitləşmək bilməyən, insanı dönə-dönə yenidən və daha dərindən düşünməyə vadar edən nələr uğrundasa çarpışmaqdan usanmayan təlatümlü dənizin bir parçası, zaman-zaman qarşısına çıxan hər şeyi alt-üst edib dağıtmağa köklənmiş vulkanik duyğu püskürtüləri ilə şahə qalxan və yorğun təslimlərlə geriyə - hər an partlamaq həddində olan gizli nüvəsinə çəkilib səbirlə közərməyə davam edən yüksək voltlu energetik fikir axını təəssüratını yaradıb.

Başlıca predmeti, sanki “insan”, “ədəbiyyat”, “bədii fikir” olmayan bu yaradıcılığı eyni zamanda - ədəbiyyatdan və insandan daha lüzumlu və nəhayətsiz olan ayrı nəyinsə axtarışına həsr olunmuş qurtuluş cəhdləri kimi də dəyərləndirmək olar.

Bəzən bu təlatümlü söz ərazisində Əsədin, sanki öz əslini - yaşam uğrunda mübarizələrdə hansı tərəflərinisə itirib deformasiyaya uğratdığı Həqiqi Özünü axtardığı, bəzən, uzun illərlə milli və dünya ədəbiyyatı külliyyatında, əsərlərin, fikir və ideyaların üst və alt qatlarında axtardığının - insandan və onun şüur məhsulu olan bütün əsərlərdən və ədəbiyyatlardan daha bədii və Həqiqi Olanı tapmaq, Ona qovuşmaq yanğısı olduğu qənaətinə gəlinir. Və sözün bu yerində əziz qələm dostuma, qədim sufilərin kainat qoxulu bir kəlamını, təsəvvüfün dayaq sütunlarından sayılan dərin və ibrətamiz deyimi xatırlatmaq istəyirəm. “İnsan min il də yaşasa və həmin o min ili usanmadan Yaradanına sarı yürüyüb, ona yetməyə çalışsa belə, mənzil başına yetilməz. O səbəbdən ki, yol hədsiz uzun, nəhayətsiz və sonsuzdur...”

Ədəbi-mədəni həyatımız, elmimiz üçün əlamətdar saydığım bu əziz günündə Əsədə, axtardığını nə vaxtsa tapıb, ona qovuşmaq ümidini qırmamaq şərti ilə, yürüdüyü bu çətin və müqəddəs yolda mətin olmağı, zaman-zaman alovlanıb duyğu fəvvarələri püskürdən, zaman-zaman soyuq, dinməz damlalar sızdıran sönməz nüvəsində, öz məhrəm fikir axınında uzun-uzadı, sağlam və mənalı ömür yaşamağı arzulayıram.

# 147 dəfə oxunub

Oxşar xəbərlər

“Gər çi gör üzüüü…m üstə yağışları..." - Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

“Gər çi gör üzüüü…m üstə yağışları..." - Şəhriyar poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?

16:20 18 iyun 2026
“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

“Qəvvas” bu pritçaya uyğun gəlir... - Oğurluq burada niyə metafizik statusa qaldırılır?

14:30 16 iyun 2026
“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

“Böyük savaşı başladan kitabı yazan kiçik qadın” - "Anti-Tom" ədəbi janrı necə yaranmışdı?

14:00 14 iyun 2026
"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

18:21 11 iyun 2026
Yaxşı roman necə ərsəyə gəlir?

Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər