Kulis.az Qismət Rüstəmovun "Ədəbiyyatımızı dünyaya çıxarmaq haqqında" yazısını təqdim edir.
Milli ədəbiyyatın prestiji, mədəniyyət sənayesi, kültür siyasəti və idarəetməsi, dünya ədəbiyyatı kimi anlayışlardan danışarkən fransız ədəbiyyat nəzəriyyəçisi Paskali Kazanovanın “Dünya ədəbiyyatı respublikası” kitabına istinad etməmək olmaz. Kazanova xanım sözügedən kitabını 1999-cu ildə fransız dilində yazıb, beş il sonra kitab ingilis dilində çap olunub və bütün dünyada məşhurlaşıb. Bu kitabda o, ədəbiyyatla bağlı çox maraqlı, orijinal, özünəməxsus bir formul təklif edir. Kazanovanın fikrincə, ədəbiyyat klassik əsərlərin yazılmasıyla yanaşı, oxucular, nəşriyyatlar və jurnallar yoluyla yayılmaqla, yəni ədəbiyyatı dəstəkləyən qurumların inkişafı ilə hər millətin yığdığı, saxladığı, idxal və ixrac etdiyi simvolik sərmayə formasıdır.
“Dünya ədəbiyyatı respublikası” kitabında müəllif yazır ki, təbii sərvətlər, qaynaqlar kimi, ədəbi ulduzlara, avtoritetlərə sahib olmaq üçün də millətlər arasında şiddətli rəqabət gedir. Kazanovanın fikrincə, təkcə maddi, fiziki dünyada yox, mənəvi dünya sayılan sənət aləmində də yarış və bundan yaranan şiddət var. Bu, hər bir ölkənin daxilində də baş verir, mövcud olduğu coğrafiyada, qitədə, kontinentdə də. Bir ölkənin daxilində bu paytaxt ilə əyalət arasındakı münasibətlərdə özünü göstərir; daha geniş miqyasda isə balaca ölkələrin minor ədəbiyyatlarının mərkəzi ölkələrə baxıb düzlənməsi deməkdir.
Kazanovanın fikrincə, bu gün dünya ədəbiyyatının ucqarı, periferiyası vəziyyətinə düşən, vaxtilə dünya ədəbiyyatının paytaxtı olan Parisdir; belə ki, bu gün sənət dünyasının təsdiqlənmə, viza verilən məkanı Nyu-Yorkdur. Kazanova buna “ədəbiyyatın Qrinviç meriadianı” deyir. Kazanovanın ədəbiyyat modeli kənardan bir-biriylə vəhdətdə olan, aralarında konflikt yox, konsensus olan, bir-birinin davamı, ən yaxşı halda, bir-birindən bəhrələnmə ünvanı kimi görünən səthin altında, əslində, iqtidar mübarizəsinin getməsini ortaya çıxarır. Onun yanaşmasında əsas maraqlı, orijinal məqam ədəbi rəqabətin siyasi rəqabətdən nisbi də olsa azad olmasıyla bağlıdır. Belə ki, məsələn, hər hansı bir ölkə - tutalım, XX əsrdəki Fransa, öz geopolitik gücündən də böyük ədəbi sərmayə sahibi ola bilər; ancaq bunun əksi də mümkündür, tutalım, periferiyadakı bir yazıçı (Dublində Coys, Çexiyada Kafka kimi) beynəlxalq avtoritet qazanaraq ölkənin siyasi kimliyindən məhşur ola bilər.
Kazanova bu günə qədərki beynəlxalq ədəbiyyat münasibətlərini əmələ gətirən mürəkkəb mexanizmləri təhlil edərək indi hər şeyin başqa cür olmaq ehtimalından söz açır. Bu gün Paris dünya ədəbiyyatındakı mərkəzi yerini itirib. Bəzi yazıçılar hələ də fransız dilinə tərcümə olunaraq diqqət çəkməyi bacarsa da, artıq ingilisdilli mərkəzlər – London və ya Nyu-York beynəlxalq sənət dünyasına viza verən mərkəzlərdir.
Kazanova da digər həmkarları kimi bu yeni qlobal ədəbi reallığı əvvəlki əsrlərdə arzu edilən ədəbi internasionalizm modelinə qarşı qoyur. Onun fikrincə, “Dünya Ədəbiyyatı Respublikası” adlanan fərziyyəvi məkan əvvəlki əsrlərdə yeniliklər və rəqabətlə formalaşırdısa, bu gün onun yiyəsi artıq sınaqdan çıxarılmış estetik formullara əsasən yazılan, daim böyük auditoriyanı nəzərə alacaq şəkildə yazılmış “məhsullar”ı təşviq edən ticarət qurumlarıdır. Bu tənqidin kökündə bir az da ötən əsrdəki Frankfurt məktəbinin kütləvi sənətlə bağlı tənqidlərinin əks-sədası gəlir. Hələ o vaxt Teodor Adorno estetik orijinallığın və dərinliyin itməsindən, qazanc əldə etmək üçün hər cür kitç ədəbi məhsulun reklam olunmasından şikayət edirdi. Kazanova da çıxış yolunu qlobal mənada amerikanlaşmağa qarşı yenidən fransız və ya avropa dəyərlərinə qayıtmaqda görür və bu mənada bir az da millətçi kimi çıxış edir.
Alimin fikrincə, dünyada ədəbi prestij qazanmaq profesional mühitlə, özünəməxsus meyarları, estetik standartları olan, sənət və mədəniyyətlə maraqlanan, ona sərmayə ayıran elita və ya ziyalı burjuaziya ilə, böyük intellektual tədbirlər planı, ixtisaslaşmış nəşriyyatları, media ənənəsi, hörmət sahibi naşirləri, redaktorları, sözünün çəkisi olan istedad ovçuları və özlərini yalnız yazmağa həsr etmiş məşhur yazıçılar olan cəmiyyətlə mümkündür.
Kazanova yazır ki, hər hansı cəmiyyət legitimliyini və ədəbi etibarını köklü intellektual mirasından, ənənədən və praktikadan alır. Həmin cəmiyyətin dünyaca qəbul edilən ədəbi qurumları, akademiyaları, sənət münsifləri, hörmətli tənqidçiləri, ədəbiyyatı məktəbləri varsa, həmin qurumlar kiməsə “böyük yazıçı” deyirsə, onda bu fikir qəbul görəcək. Bu cəmiyyətlərdə çap edilən və satılan kitab sayı, yazıçıların adına olan küçələrin sayı, qəzetlərin kitab tanıtımlarına nə qədər yer ayırması, hər vətəndaşın oxumağa ayırdığı vaxt, yazıçılara olan maddi dəstək, prestijli nəşriyyat və kitab evlərinin sayı, markaların və əskinasların üstündə müəlliflərin nə qədər portretinin olması, televiziya kanallarında kitab tanıtımlarına ayrılan vaxtın nə qədər olması, başqa dillərə tərcümənin miqyası, çap edilən əsərlərin müxtəlifliyi həmin cəmiyyətin və onun müəlliflərinin dünyadakı prestijinə təsir edir.
Tədqiqatçı-alimin fikrincə, ədəbi mirası zəif olan, oturuşmuş sənət anlayışı olmayan, dünyaca qəbul edilmiş, universallıq statusu qazanmış əsər və müəllifin sayının azlığı, savadlılıq səviyyəsinin aşağı olması, ədəbiyyatı ikinci plana atan dövlət siyasətinin və onunla maraqlanmayan xalqın, kitab satışının azlığı, yazıçının əsərini yazmaqla dola bilməməsi kimi, yazıçılığın əlavə iş, hobbi kimi, boş vaxtlarında məşğul olduğu şey kimi sayıldığı cəmiyyətlər mədəni sayılmır, oradan çıxan əsərlər həvəskar, qeyri-ciddi qəbul edilir.
Paskali Kazanova 2018-ci ildə vəfat etdi, ancaq onun ədəbiyyatı təkcə mənəviyyat yox, elə ən böyük siyasət, ən böyük güc kimi görən və bu gücün üzdə görünməyən daxili dinamikasını, alt qatda gedən savaşlarını üzə çıxaran dəyərli araşdırması hələ uzun illər tədqiq ediləcək, hər milli ədəbiyyat öz problemlərinə onun fonunda baxmağa, özünü ordakı fəsillərdən, ordakı problematik məqamların hansınsa yerləşdirib çıxış yolları axtarmağa davam edəcək.
Son beş ildə xanım Kazanovanın kitabı ədəbiyyatşünaslar, ədəbi tənqidçilər, tərcüməçilər qədər, naşirlər və yazıçılar arasında populyarlaşıb. Elə bir beynəlxalq sərgi, panel, dünya ədəbiyyatının müzakirə edildiyi forum tapılmaz ki, orda “Dünya ədəbiyyatı Respublikası” kitabına istinad edilməsin, onun təklil etdiyi model təsdiq yaxud inkar edilməsin.
Hələlik ana dilimizdə olmayan bu kitab yaxın illərdə tərcümə edilsə, humanitar fikrimizdə, düşüncə dünyamızda böyük dəyişikliklər yaradar, bizi sentimental, pafoslu qənaətlərdən daha ayıq, daha aydın, daha məqsədyönlü məcraya yönləndirə bilər.