Kulis.az Yazıçı Natiq Rəsulzadənin APA TV-nin “Sözün kodu” verilişinə müsahibəsini təqdim edir.
- Natiq müəllim, necəsiniz, əhvalınız necədir?
- Yazıçının əhvalı onun yaradıcılığından asılıdır. İndi böyük bir əsər üzərində çalışıram. Mövzu gözəldir, artıq bu romanı ssenariyə çevirmək haqqında da düşünürəm. Bilirsiniz, indi dünyada bütün yazıçılar öz əsərlərini kinoya uyğun yazırlar. Yəni imkan yaranan kimi onu studiyalara versinlər. Təəssüf ki, bütün dünyada ədəbiyyata maraq azalıb. Kinoya isə əksinə, həmişə maraq var. 700-800 səhifəlik romanı kinoya çevirəndə insanlar ona daha həvəslə baxır. İki həftəyə roman oxumağa sanki həvəs qalmayıb. Bu da zəmanənin hökmüdür. 100 il əvvəl insanların vaxtı var idi, heç kim heç yerə tələsmirdi.
- İstisna əsərlər var. “Karamazov qardaşları”, “Səfillər”, “Hərb və sülh” romanlarını oxuyarkən aldığımız zövqü film əvəz edə bilməz...
- Razıyam. Bilirsiniz, mən daha çox kütlənin mövqeyini nəzərdə tuturam. Sizin və mənim münasibətim başqadır. Əlbəttə, biz roman oxuyanda həzz alırıq. Çünki kitabdakı çox şeyi ekranda göstərmək olmur. Məsələn, müəllifin fikirlərini. Hətta ən istedadlı rejissorlar da bunu tam edə bilmirlər. Bu baxımdan əlbəttə, roman oxumaq daha yaxşıdır. Klassik romanların ekranlaşdırılmasında itkilər çox olur. Amma bu həqiqətdir ki, kütlə kinoya meyllidir. İndi kitabı mütləq təbliğ etmək lazımdır. Düzdür, bir neçə il əvvəlki dövrlə müqayisə etsək, kitab satışında bir az irəliləyiş var.
- 90-cı illərlə müqayisədə əlbəttə, dirçəliş var. Amma bu, yazıçını hələ də qane etmir.
- Nə yazıçıları qane edir, nə naşirləri. Bilirsiniz, indi əyləncə növləri çoxdur. Sovet dövründə isə kitabdan başqa əyləncə yox idi. Hamı qəzet-jurnal oxuyurdu. Tolstoyun yaxşı sözü var: “Kitab yazanda unutmayın ki, o bir növ əyləncə olmalıdır. Əgər siz birinci səhifədən darıxdırıcı yazsanız, oxucu onu kitab rəfinə qoyacaq və bir də qayıtmayacaq”. Oxucunu əyləndirərək öz fikirlərini ona öyrətməlisən. Kitabın və internetin əsas fərqi nədədir? İnternetdən oxuduğun sənin ağlına, kitabdan oxuduğun ürəyinə ünvanlanır. Ruh, ürək olmayanda insan birtərəfli inkişaf edir. Yaxşı iş adamı ola bilir, amma kinodan, ədəbiyyatdan, musiqidən xəbəri olmur. Soruşanda ki, Hüseyn Cavidi tanıyırsan, deyir, o kimdir? Mənim yazıçı və müəllim kimi borcum gəncləri kitaba həvəsli yetişdirməkdir.
- Uzun illərdir Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Həmin universitetin tələbələrinin intellektual səviyyəsi ilə bağlı xoş olmayan fikirlər səslənir. Bu haqda nə düşünürsünüz?
- Bu, böyük mövzudur. Qəribə olsa da, mənim tələbələrimin içində qızlar daha fəaldırlar. Müəllimdən asılı olan odur ki, onları maraqlandıra bilsin. Dərs deyəndə hansı kitabı nümunə göstərirəmsə, mütləq əlavə edirəm ki, Azərbaycan dilinə tərcümə olunub, oxuyun. Növbəti dərsdə görürdüm ki, doxsan faizi oxuyub. Tələbəyə istiqaməti düzgün vermək lazımdır. Çünki kitablar çoxdur və müxtəlifdir. Yazıçı kimi oxucu da istedadlı və istedadsız olur. Volter deyir ki, biz yaxşı kitabları oxuya-oxuya yaxşı danışmağı da öyrənirik. Bizim tələbələrin əksəriyyəti də aparıcı olmaq istəyirlər. Ona görə də kitab oxumaqları vacibdir.
- İstərdim, bir az geriyə qayıdaq. Vaxtilə, kitablarınız 50-100 min tirajla çap olunub. Yazıçılıq yolu haradan və necə başladı?
- Doqquzuncu sinifdə oxuyanda cızma-qara edirdim. Getdim “Azərbaycan gəncləri” qəzetinə və dedim ki, sizdə işləmək istəyirəm. Atam yaşında adamlar idi, mənə qəribə baxdılar. Soruşdular, haradan gəlmisiniz? Dedim, məktəbdən gəlmişəm, doqquzuncu sinifdə oxuyuram. İndiyə qədər yadımdadır, elə darıxdırıcı tapşırıq verdilər ki... Bir cəmiyyət var idi, köhnə inqilabçılar ora yığışırdı. Söhbətləri də 1917-ci ili xatırlamaq idi. Lenin belə danışdı, biz belə iştirak etdik... Görünür, işçilərin hamısı bu reportajdan imtina edib, məni də məktəbli hərif kimi ora göndəriblər. Qulaq asdım, gəlib evdə yazdım. Redaksiyada oxuyub güldülər ki, belə yazmaq olmaz. Mən onu poema kimi yazmışdım. Məni oturtdular, başladılar redaktə etməyə. Gördüm, materialdan bir şey qalmadı. Dedilər, qəzet dili lakonik olmalıdır. Material çıxanda qəzeti aldım, adımı-soyadımı görəndə əlim titrədi. Elə bilirdim, küçədə hamı mənə baxır ki, bu oğlan jurnalistdir. Bir neçə il o qəzetdə ştatdankənar işlədim. Çox şey öyrəndim. Yəni nəsrdə artıq söz yazmaq olmaz. Əgər sən fikrini izah edə bildinsə, deməli, ondan artıq yazma. Ulu öndər Heydər Əliyev senzuranı ləğv elədi. Biz yazıçılar da rahat nəfəs aldıq ki, senzura artıq yoxdur. Amma yaşlı nəsil özünü itirdi. Əlbəttə, mən istedadlı yazıçılardan danışıram. Biz mətnaltı yazmağa öyrəşmişdik. Alt qatda olan məsələlər ağıllı oxucuya hesablanmışdı.
- Deməli, vaxtilə senzura sizə də qadağalar qoyub...
- O qədər... Qadağadan başqa mənə damğa da qoymuşdular. O vaxt çox təhlükəli və məşhur söz var idi: dissident. Mənə də dissident damğası qoymuşdular ki, bu sovet yazıçısı deyil. İki kitabım möcüzə nəticəsində çıxdı. Senzurada oturanlar da insan idilər və gedib onlarla dil tapırdım, inandırırdım. Kitablar çıxandan sonra hay-küyə səbəb oldu. İmran Qasımova yaxınlaşdım ki, vəziyyətim yaxşı deyil, yəqin ki, Bakıdan gedəcəyəm. Çünki Moskvada institutu təzə bitirmişdim, məni orada saxlamaq istəyirdilər. Allah rəhmət eləsin, İmran Qasımov dedi ki, cavansan, tələsmə. Mən də dedim, fəalam, amma jurnallar yazılarımı vermir, kitablarım çıxmır. İki-üç həftədən sonra katibəsi zəng vurdu ki, İmran müəllim sizi gözləyir. Getdim, İmran müəllim dedi, Heydər Əliyevlə danışdım, dedi, kitabı oxumuşam və bu nöqsanlar cəmiyyətdə var, amma biz onların öhdəsindən gəlirik və gələcəyik. Bununla da söhbət qurtardı. Bu, mənim taleyimdə yaxşı bir epizoddur. Çünki buna qədər mənim kitabımı təhlükəsizlik idarəsində, milisdə müzakirə etmişdilər. Bundan əvvəl o məmurlar ki məni təhqir edirdilər, Heydər Əliyevin bu münasibətindən sonra imzalı kitab üçün sürücü göndərirdilər. Mən də kin saxlayan deyildim, imzalayıb verirdim. Başqa bir maraqlı əhvalatı xatırladım, sizə danışım. Artıq beş-altı kitabım çıxmışdı, yazıçı kimi məşhur idim. Evə zəng gəldi. Bir oğlan dedi, mən şimalda işləyirəm, indi Bakıdayam, sizinlə görüşmək istəyirəm. Fikirləşdim ki, yəqin gənc yazıçıdır, istəyir kitabına öz söz yazım. Görüşdük, gördüm ki, “Qaz 24”ün içindən bir yapon maqnitofonu çıxardı. Mənim üçün gətirmişdi. Dedim, sizi birinci dəfədir görürəm, bu nədir? Qayıtdı ki, mən aeroportda reysimi gözləyirdim, qəzet köşkündən sizin kitabınızı alıb oxumağa başladım. Başım qarışdı, gecikdim, təyyarə gözümün qabağında qəzaya düşdü, partladı. Dedi, bir yazıçı kimi siz məni xilas etmisiniz, ona görə bu hədiyyə sizin üçündür. Mən də ona dedim, yaxında yaşayıram, bura gəlməyiniz böyük hədiyyədir. Amma sizin həyatınızı xilas etməyə görə kiçikdir. Ona görə, vurun qoltuğunuza gedin, çox sağ olun. Amma gərək götürərdim. (Gülür).
- Siz Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirmisiniz. İstərdim, bu haqda danışaq...
- Valideynlərim jurnalistika ilə məşğul olmağımı istəmirdilər. Texniki instituta daxil olmağımı arzulayırdılar. Çünki oranı bitirmək ömür boyu bir tikə çörəyinin olması demək idi. Valideyn mövqeyindən düz deyirdilər. Dördüncü kursdan texniki institutu atıb getdim Moskvaya. Yazıçılar İttifaqının sədri İmran Qasımov bir qrup gəncləri Moskvaya tərcümə şöbəsində oxumağa göndərdi. Mən də tərcümə şöbəsini bitirmişəm. Mənə diplom veriləndə rektor dedi, siz bizi aldatdınız. Dedim nə mənada? Cavab verdi ki, biz sizi beş il tərcüməçi kimi oxutduq, siz nasir oldunuz. Qorki adına Ədəbiyyat İnstitutu çox maraqlı institut idi.
- Yəqin ki, indi əvvəlki nüfuzu qalmayıb...
- Düzdür. Moskvada olanda gedib dəyirəm. Əlbəttə, 70-80-ci illərin institutu deyil. O institutla bağlı xatirələrim çoxdur. Bir roman yazmışam, hadisələrin 90 faizi o institutla bağlıdır. Mən orada çox maraqlı yazıçılarla tanış olmuşdum. Verilişdən qabaq biz sizinlə Oljas Süleymenovun kitabına baxdıq...
- Dediniz, Süleymenovla bağlı maraqlı xatirələriniz var...
- Oljas 32-33 yaşında çox məşhur yazıçı idi. Bizim institutda vaxtaşırı görüşlər keçirirdi. Dördüncü kursda dava etdiyinə görə onu qovmuşdular. Bir dəfə dedi, bütün qovulan tələbələr kimi mən də məşhurlaşdım. Doğrudan da, ondan sonra arda-arda kitabları çap olundu.
- Sizin ssenariləriniz əsasında bir neçə film çəkilib. Kino fəaliyyətiniz necə başladı?
- Moskvadan qayıdandan sonra bir müddət nəşriyyatda və jurnalda işlədim. Sonra kinostudiyada işə düzəldim. Əvvəl “Mozalan”dan başladım. “Mozalan” üçün onlarla ssenari yazdım. “Mozalan”ın rəhbəri Ziyafət Abbasov mənə deyirdi, Natiq, belə bir mövzu lazımdır, mən cibimdən çıxarıb verirdim. Sonra başqa mövzu istəyəndə o biri cibimdən çıxarırdım. Deyirdi, sən robot kimi işləyirsən. Mən cəmiyyətdə olan satirik şeyləri yazmağı sevirəm. “Mozalan”da yaxşı da pul qazanırdım. Bir səhifəlik yazı üçün 500 rubl alırdım. Təxminən min dollar. Daha sonra qısametrajlı filmlərə başladım. Cəmil Quliyev ilk filmini mənim ssenarimə çəkdi. Daha sonra Eldar Quliyev bir neçə ssenarimə film çəkdi.
- Kino həm də ona görə maraqlıdır ki, kitabdan fərqli olaraq, yaxşı qonorarı olur...
- Sovet dövründə o qədər də böyük fərq etmirdi. İndiyə qədər yadımdadır, ssenariyə 8 min rubl qonorar verirdilər. İndi isə 6-8 min manat arasından dəyişir. Kinoda işləmək çox maraqlıdır. Amma onun da böyük problemləri var. Əlbəttə, Azərbaycan kinosu inkişaf edir. Son illər daha çox inkişafdadır. Gənclər, cavan rejissorlar gəlir.
- Son çəkilən filmlərdən hansılara baxmısınız?
- Kinoteatrlarda təqdimatlara gedirəm. “Qırmızı bağ”a baxdım, bəyəndim.
- Azərbaycanda uşaq ədəbiyyatı ilə bağlı narahatlıqlar tez-tez səslənir. Siz nə düşünürsünüz, yeni yazılan nümunələr nə dərəcədə keyfiyyətlidir?
- Mən də bir zamanlar uşaqlar üçün hekayələr yazmaq istəyirdim. Bir neçə hekayə də yazdım. Sonra gördüm, çox çətindir. Bu sahədə bizim ədəbiyyatda boşluq var. Lev Tolstoy deyir, uşaqlar üçün böyüklərdən qat-qat maraqlı yazmaq lazımdır. Uşaq əsərində bir dənə süni şey görsə, onu qəbul etməyəcək. İnanıram ki, bu sahədə də yaxşı əsərlər yazılacaq.