Kulis.Az əməkdaşının mükafat alan pyesi: “Ürəyində arzu tut”                                                       

Kulis.Az əməkdaşının mükafat alan pyesi: “Ürəyində arzu tut”                                                       
30 iyul 2014
# 07:45

Kulis.Az əməkdaşımız Sevinc Elsevərin “Anamın kitabı” müsabiqəsində birinci yerə layiq görülən “Ürəyində arzu tut” pyesini təqdim edir.

Ürəyində arzu tut

İki pərdəli dram

İştirak edənlər:

Arzu - Xocalılı qız, 20-25 yaşlarında

Murad - Arzunun nişanlısı, 23-30 yaşlarında

Həsrət - Arzunun dayısı, 48 yaşında

Xatirə - Arzunun dayısı arvadı, 45 yaşında

Yusif - Xatirənin qardaşı, 40 yaşında

Şirin - Yusifin arvadı, 38 yaşında

Şəfaət - nevroloji dispanserdə baş həkimin müavini, 45-50 yaşlarında

Azad - Arzunu sevən oğlan, 30-40 yaşlarında

Hadisələr Birinci Qarabağ müharibəsindən sonra baş verir.

Birinci pərdə

Bakı. Xocalı sakinlərinin məskunlaşdığı yataqxana. Kasıb, səliqəli bir otaq. Yaşamaq üçün lazım olan hər şey bir otaqdadı. Divarın dibində çarpayı, çarpayının üstündə üst-üstə yığılmış yorğan-döşək var. Bir kənarda qaz peçi, üstündə köhnə qəhvədanla çaynik. Otağın ortasında balaca bir masa. Masanın ətrafında dörd stul.

Xatirə, Şirin, Yusif,Həsrət başlarına-gözlərinə döyürlər.

Həsrət. Ay Allah. Bu nədi bizim başımıza gəldi?!

Xatirə. Evin yıxılaydı, necə ki, yıxılmışdı, ay Həcər. Sərdarın da, balalarının da başına bu nə oyundu gətirdin? Ay Arzu! (ağlayır)

Şirin Xatirəni qucaqlayıb sakitləşdirməyə çalışır

Şirin. Yaxşı, ay Xatirə, özünə gəl, şükür elə, heç olmasa Arzunun sağ olduğunu bilirsən.

Yusif. Hə, qız o boyda qan-qadanın içində sağ qalıb.

Xatirə. Əsirlikdə Allah bilir başına nələr gətiriblər? Can bala, caan! (dizinə döyür) Murad eşitsə, dəli olacaq. Bədbəxt oldu uşağım. Ay Arzu! Dedik, gəl bizimlə gedək. Yapışıb qaldı o cəhənnəmdə, dedi anamgillə gələcəm.

Həsrət var-gəl edir

Həsrət. (səsini qaldırır) Heç vaxt yaxşı şey fikirləşmədin sən. Budu sənin təsəllin?

Yusif aranı sakitləşdirməyə çalışır.

Yusif. Yaxşı, özünüzü ələ alın. Hələ görək nə var, nə yox. Murada da bir söz deməyin.

Xatirə. Bilməyəcək tifil? Əvvəl -axır biləcək də. Xəbər bütün yataqxanaya yayıldı. (ərini göstərir) Bunun dilində söz qalır ki? Sevincək oldu kişinin oğlu!

Həsrət. Xatirə, sənin işin ancaq mənimlədi. Ölsəydim, dincələrdin. Sənin dərdin Arzu deyil e! Dərd səni götürüb ki, Arzu sağ-salamat qayıtsa, Muraddan necə ayıracaqsan.

Xatirə. Bıyyy... (əlini təəccüblə ağzına aparır) Arzu qayıdanda Murada alacağıq onu? Ay Həsrət bütün yataqxana bizdən danışar!

Həsrət Xatirəyə sarı gəlir. İki əlini də onun qabağında açır.

Həsrət. Səni and verirəm kimi istəyirsən onun canına,dilinə yiyəlik eylə. Ta mənim bağrım çatladı. Murad Bakıdan Xocalıya dalımızca gələndə getdim qapılarına. Dedim, ay Sərdar, Solmaz mənim bacımdı, mənim qeyrətimdi, Bakıya çıxıram, ver uşaqları da aparım. Ya da gəl özün də çıxaq gedək. Gəlmədi ki, gəlmədi. Dedi, gərək Həcər xalamı yola gətirəm. Həcər arvad da ki, tərsin biri. Dedi, ölərəm, evimdən, yurdumdan çıxmaram. Ona nə var, 70 yaşını haqlamışdı. Ələyi ələnib xəlbiri göydə fırlanırdı. Getdik Muradla gördük də arvadı. Oturub yükün üstündə, papirosu papirosa calayır. Qoşalüləni də qoymuşdu balışının böyrünə. Dedi: "hünəri var bu qapıdan bir erməni girə, güllənin birincisini ona vuracam, ikincisini də özümə. Bəlkə ondan sonra ürəyim soyuya". Nə oğlu vardı, nə qızı, Allah göstərməsin. Kişi kimi şey idi. Tüfəng kürəyində, özü də at belində. Kənd sovetiydi də zalımın qızı. Amma adamın başının üstündə Allah var. O saxlayıb böyütmüşdü bizim Sərdarı. O vaxt atasını qara volqalılar əlibağlı aparandan sonra Həcər arvad Sərdara atalıq eləyib, bacısına da ərlik.

Xatirə. Nə oldu, gəldi töküldü hamısı Sərdarın burnundan. Anası yazıq qəbirdə o üz-bu üzə çevrilir indi.

Həsrət. Xatirə! (qışqırır)

Şirin Xatirəyə yaxınlaşır, qucaqlayıb aparır. Otaqda Həsrətlə Yusif ikisi qalır.

Həsrət. (çətinliklə danışır) Qardaş, o vaxt mən getdim Ağdama. Bizimkilərdən heç birinin meyitini tapmadım. Görəsən bacımgil də sağ olarlarmı?

Yusif. (əllərini yana açır) Nə bilim vallah... Hər şey Allahın əlindədi.

Həsrət. Gedək görək aşağıda camaat nə danışır?Nə xəbər var?

Yusif. Gedək.

Çıxırlar.

Murad daxil olur.

Əvvəlcə küt-küt baxır. Sonra stula təpik vurub yıxır, stolu aşırır, pəncərənin pərdəsini qırır. Əlini atıb qalstukunu sıxır. Sonra qolları boşalır.

Murad. İlahi, mən necə kişiyəm? Necə dözürəm? Mən bundan sonra necə yaşayacağam? Mən Arzunu orda tək qoyub gəlməməliydim. Atasına arxayın olmamalıydım.

Xatirə içəri girir. Həyəcanla Murada sarı yüyürür.

Xatirə. Deməli öyrəndin.

Murad. Elə bilirdiniz öyrənməyəcəyəm.

Xatirə. Murad, bala, özünü ələ al. Əlimizdən nə gəlir? Tək sənin nişanlın deyil ha, əsir düşən. Xocalıdan min beş yüzəcən adamı əsir aparıblar. Onların hamısının səbəbkarı sən deyilsən ki?!

Murad. (əlini sinəsinə döyür) Hamımızıq səbəbkar. Ana, Arzu sağ-salamat qayıdacaq, görərsən. Bibimi öldürüblər. Sərdar əmini də qanına qəltan eləyiblər. Hələ Ümidin körpə canına necə qıyıblar əclaflar! Amma Arzumuz ölməyəcək.

Xatirə. Bibini öldürüblər? Ümidi, Sərdarı da? Vay-vay! (əlini dizinə çırpır)Sən hardan bilirsən?

Murad. Dünən Xocalıdan olan əsiri dəyişiblər. Universitetdə oğlan var. Jurnalist işləyir. O, mənə dedi, getdim maraqlandım. Gedəm görəm kim?

Xatirə. Kim?

Murad. Allahverdi dayı. Həcər arvadla biçənək üstündə sözləşmişdi e yadındadı? Həcər də tüfəngini çiynindən aşırıb ayağının altına güllə sıxmışdı.

Xatirə. Mən tanımadım. Yadıma gəlmir. Bəlkə atan tanıya. O dedi sənə bibingili öldürüblər?

Murad. Hə.

Xatirə. Bəs Arzu necə olub sağ qalıb?

Murad. Vallah, dedi ki, Arzuyla bircə dəfə xəstəxanada rastlaşıb. Onda soruşub. Qız bircə onu deyib ki, heç biri sağ deyil. Ondan sonra da Allahverdini Şuşa türməsinə aparıblar. Daha Arzudan xəbəri olmayıb.

Xatirə. Arzu da xəstəxanadaymış?

Murad. Hə də! Hə!...

Xatirə. Daha niyə əsəbləşirsən, ay bala?

Murad bayaq aşırdığı stula bir təpik ilişdirir.

Xatirə. Niyə qırırsan? Oturmağa bir şey tapmırıq. Onsuz da sınıq-salxaqdılar.

Murad. Stulun da dərdini çəkəcəm? Cəhənnəm olsun hamısı.

Murad. (yavaş səslə) Həcər arvad da özünü qoşalüləylə vurubmuş.

Xatirə. Dediyi kimi birinci gülləylə də erməni öldürüb?

Murad. Yox. Ermənilər Xocalıya girməmişdən əvvəl vurubmuş özünü. Görüb ki, Sərdar dayımgil onsuz çıxıb getmək istəmirlər. Özünü vurub ki, onu basdırsınlar, sonra getsinlər.

Xatirə. Kaş elə arvadı basdırıb həmin gün çıxaydılar.

Murad. Günorta Həcər arvad özünü vurub, axşama qədər dəfn eləyiblər. Gecə yarısı isə ermənilər hücum eləyib. Ana, bu Allahverdi bir söz də dedi. Dedi ki, bir qadın xeylağını da bizim tərəfə veriblər. Amma saçı-başı tökülübmüş sifətinə. Başını da yerə elə dikibmiş ki, üzü-zadı görünmürmüş.

Xatirə. (çəkinə-çəkinə) Arzu işdi-şayət qayıtsa, hər şey əvvəlki kimi olacaq, Murad?

Murad. (təəccüblə) Nə demək istəyirsən, ana?

Xatirə. Sən onunla hələ də evlənmək fikrindəsən?

Murad. Sən nə danışırsan, ana? Bu hay-hayda sən nəyin dərdini çəkirsən? Keçi can hayındadı, qəssab piy axtarır.

Xatirə. Arzunun qayıtmağı üçün mən gecə sabaha qədər Allaha dua eləyirəm. Onu öz qızımız kimi saxlarıq. Başımızın üstündə yeri var. Amma daha ondan sənə arvad olmaz, ay bala.

Murad. (səsini qaldırır) Ana, sən əsirlikdə olan, günahsız bir qızın barəsində necə belə düşünə bilərsən? Nə olur-olsun. İstəyir, Arzu ordan bir qolu kəsilmiş, iki gözü çıxarılmış qayıtsın, mən yenə onu atmayacağam.

Xatirə. Əgər onu təkcə şikəst eləsələr...nə vardı ki! Oğlum, axı... mən hər şeyi səninlə açıq danışa bilmirəm. Sən Arzunu ürəyindən çıxart.

Murad. O faciə bizim də başımıza gələ bilərdi. Deməli, mən əsir düşsəydim, Arzu mənə arxa çevirərdi? Heç bilirsən ermənilərin əlinə düşən kişilərin başına nə oyun açırlar?

Xatirə. Allahsızlar! (ağlayır)

Həsrət içəri girir. Dağılmış otağa göz gəzdirir

Həsrət. Burda nə baş verib?

Murad. Ata, Arzugildən xəbər var.

Həsrət səntirləyir, az qalır yıxıla. Murad yüyürüb tutur. Stulu yerdən qaldırır. Stolu dikəldir. Atasının oturmağına kömək eləyir.

Həsrət. (güclə danışır)Deməli, Arzudan gələn məktubu oxumusan?

Murad. Məktub? (tərs-tərs anasına baxır)

Həsrət. Sənin məktubdan xəbərin yoxdu? Yükün altındadı, götür bax.

Murad məktubu tapıb açır

Murad. (qışqıraraq) Ata! Bəlkə Allahverdinin dediyi o qadın... Arzudu.

Həsrət. Hansı qadın?

Murad. Dünən Allahverdiylə birgə bir qadını da bizimkilərə veriblər.

Həsrət. İki ildən çox vaxt keçib. İndiyə əsiri sağ qoyarlar? İnanmağım gəlmir o məktuba.

Murad. Məktub Qırmızı Xaç cəmiyyətinin əliylə gəlib. Burda səhv ola bilməz. Mən Ağdama gedirəm! Gedib maraqlanacam.

Xatirə. (əllərini dizlərinə döyür) Olmaz! Bəs məktəbin? Təhsilin? Aspiranturaya girmisən!

Həyatını məhv eləmək istəyirsən? Təkbaşına gedib xilas edəcəksən bibin qızını? Özü də müharibə də dayanıb, atəşkəsdi.

Murad. Əvvəla o, təkcə bibim qızı deyil. Özü də əsiri döyüşə-döyüşə dəyişmirlər. Ay ana, bildiyini də danışırsan, bilmədiyini də!

Xatirə. Bundan sonra təkcə bibin qızıdı. Sən elə bilirsən əsir düşmüş, erməni əlində başına min bir oyun gətirilmiş qıza sahib çıxmaq, ərlik etmək asandı? Beynin qandı belə danışırsan. Heç kim bacarmaz bunu. Sən də bacarmazsan!

Murad. Ana! Atamın halı yaxşı deyil.

Həsrət sinəsini tutub qıvrılır. Muradla Xatirə ona sarı qaçırlar.

Həsrət əliylə "yaxşıyam" deyə işarə eləyir

Həsrət. Kənara durun! Qoy özümə gəlim. Aç pəncərəni, Xatirə.

Xatirə pəncərəni açır.

Həsrət. (öz-özünə ) Solmaz Arzunun əlini isti sudan soyuq suya soxmurdu , həmişə qırmızı geyindirirdi ki, bəxti də qırmızı olsun. Qara geyinəndə təpinirdi. Uşaqlar onu möhkəm əsəbləşdirəndə də onlara qarğış eləməkdən qorxurdu: "Allah sizi saxlasın, ay bala" deyirdi. Bizim arvadı da qarğışcıllığına görə danlayardı.

Xatirə. İndi danlamasın!

Həsrət Xatirənin dediyi sözdən diksinir.

Həsrət. İndi danlamasın?!

Xatirə. (əsə-əsə) Hirslənmə, ay Həsrət, qurban olum. Dilimdən çıxdı.

Həsrət. Necə yəni dilimdən çıxdı? Siz məndən nəsə gizlədirsiniz.

Murad. Ata, gec-tez biləcəksən. (əyilib, atasının əlini tutur) Bibim də, Sərdar dayı da, Ümid də (səsi titrəyir) öldürülüblər. Onlar əsir düşməyiblər. İtkin düşməyiblər.

Həsrət. Kim dedi?

Murad. Dünən əsirlikdən qayıdan adam. Allahverdi. Yadındadı, Həcər arvadın qoşalüləylə vurmaq istədiyi Allahverdi? Arzunun sağ olduğunu da mənə o dedi.

Həsrət. Hə! (başını aşağı dikir)

Xatirə. (Qorxa-qorxa ərinə yaxınlaşır). Ay Həsrət, bəsdi, qurban olum, özünü az həlak elə. Allah bilən məsləhətmiş.

Həsrət. (Əlini stola çırpır, ayağa qalxır) Allahın yerdə baş verənlərdən xəbəri olsa, belə məsləhət görməz, göz yummaz bu dəhşətlərə. Deməli, o, ya bu dünyadan, insanlardan əl götürüb. Ya da o, ümumiyyətlə, yoxdu!

Xatirə. Bəsdi, Həsrət! Allaha asi düşmə! (qışqırır)

Həsrət. Mən başıma haranın külünü töküm, ay Allah! (iki əlini də başına vurur)

Sonra diz çökür, əllərini göyə açır

Həsrət. Yaratdığın yerə, göyə and verirəm! Bacımın balası sağ-salamat bu qapıdan girsin.İtin, pişiyin olaram.(hönkürür)

Yusif qaçaraq daxil olur

Yusif. (qışqırır) Gözün aydın ay Həsrət. Gözün aydın! Arzunu gətirirlər.

Xatirə. (heyrətlə) Yox ha!

Murad. (əllərini bir-birinə vurur) Dedim də!

Hamısı qaçıb qapıdan çıxır. İşıqlar sönür. Musiqi.

İşıqlar yanır. Yataqxanada bayaqkı otaq.

Arzu yerdən salınan yataqda oturub, kürəyinə yastıq söykəyiblər.

Yusif. Şükür Allaha, ay Həsrət!

Şirin. Hə, gözünüz aydın olsun! Vallah, ölüsü ölən adam təskinlik tapır. İtik pis şeydi.

Yusif. (Arzuya)Şükür, o cəhənnəmin içindən sağ-salamat çıxdın, qızım! Atana-anana, qardaşına da Allah rəhmət eləsin.

Arzu. (doluxsunaraq) Onları öldürdülər. Ermənilər Xocalıya neçə yerdən hücuma keçdilər. Qaçmağa yol yox idi. Maşınla yola çıxmışdıq ki, tankdan atəş açdılar. Atamla anam qabaqda oturmuşdu, elə orda can verdilər. Ümidi də qollarımda vurdular.Bircə məni Allah öldürmədi (üzünü tutub ağlayır)İki dəfə özümü öldürməyə çalışdım. Qoymadılar öləm. Bir dəfə içki şüşəsini stolun üstündən qapıb sındırdım, ürəyimə soxdum. Amma ürəyimin yerini düz tapmamışdım. Sümüyə dirəndi. Əvəzində yaralandım, qan itirdim. Sonra yaram çirk elədi. Ağrıdan qıvrılır, qızdırmadan yanırdım. Ətimin içində şüşə qırıntıları qalmışdı. Məni gözüm baxa-baxa, iynəsiz-zadsız əməliyyat elədilər. Qəsdən əzab verə-verə. Bu yaxınlarda da damarımı kəsdim (sarıqlı qolunu göstərir) Sofi məni qurtardı, ölməyə qoymadı.

Həsrət. Sofi hər kimdisə, Allah köməyində dursun.

Arzu. Sofi Qırmızı Xaç Cəmiyyətinin isveçli nümayəndəsi idi. Əsirlərə çox yanıb-dönürdü. Ən çox da qadınlara. Qolum tikiləndə erməniləri keyidici iynə vurmağa məcbur elədi. Əsirlərlə vəhşi rəftarlarına görə əli çatan yerlərə yazacağı ilə hədələyirdi. Deyirdi, siz faşistlərdən də pissiniz. Bir də Artur sağ olsun. Artur deyirdi, yazıçıdı. Bakıda Xarici Dillər İnstitunda oxuyurmuş. Ülvi Bünyadzadəylə dost imiş. Bakıda oxuyanda xalasının evində qalırmış. Azərbaycanca da danışa bilirdi. İmkan düşəndə kömək eləməyə çalışırdı. Deyirdi, azərbaycanlılardan pislik görməyib.

Yusif. Bakı ermənilərlə dolu idi də. Hamısı da burda yaxşı yaşayırdı.

Arzu. Artur mənim başıma gələnləri Sofiyə danışmasaydı, belə tezliklə vətənə qayıda bilməzdim. Hətta bəlkə ölüb qalacaqdım oralarda. Meyidimi də təhqir eləyib ayaqyoluna atacaqdılar.

Şirin. Vay! Vay! Lap ürəyim sıxıldı ki... ( əlini sinəsinə qoyur)

Həsrət. Narahat deyilsən? Yastığını düzəldimmi? Aşağı sürüşüb.

Arzu. Yaxşıyam, dayı. Bu yataq, bu ev cənnətdi indi mənə.

Xatirə. Bala, bəs indiyəcən niyə məktub yazmırdın? Gəlməmişdən bir həftə qabaq yazmısan. O da az qala səninlə bir gündə gəlib çatıb.

Arzu. Dünən gəlmişəm mən. Bir gün də xəstəxanada nəzarətdə saxladılar. Gördülər babatam buraxdılar evə. Bütün məktubları yoxlayırdılar.Yəqin ermənilər gecikdiriblər. Xoşlarına gəlməyən cümlələri sildirirdilər. Yalan niyə yazaydım ki. Həm də mən sağ qalmaq istəmirdim. Fikrim vardı özümü öldürəm. Başıma gələnləri bilməyəsiz.

Xatirə. Çox incidirdilər?

Arzu. (köynəyinin qolunu yuxarı sıyırır) Bədənimdə siqaret söndürüblər, baxın! Qorxumuzdan beynəlxalq nümayəndələrə də göstərə bilmirdik. Bizə tapşırırdılar ki, yaralarımızı gizlədək. Yoxsa, döyürdülər.

Şirin. Həcər olmasaydı,Xocalıdan tez çıxsaydınız, belə yanar oda da düşməzdiniz!

Arzu. Bizi yanar oda Həcər nənəm salmadı.

Yusif. (arvadına göz ağardır) Sən Allah, bağışla. Ağzının danışığını bilir ki, bizim arvad ?

Şirin. İndi nə dedim axı, pis adam oldum?

Həsrət. Xatirə, çay qaynamadı?

Xatirə. Gətirirəm!

Xatirə masada çay süzür, əvvəlcə kişilərə verir. Sonra Şirinlə Arzuya.

Şirin. (çayından bir qurtum alır) Deyirlər,Murad üçün qız soraqlayırsan?

Xatirə. Onu kimdən eşitdin?

Şirin. Vallah, bütün yataqxana danışır.

Xatirə. Hə, deyirəm daha evlənmək vaxtı keçir. Allah halal süd əmmiş birini çıxartsın qabağına.

Arzunun əlləri əsir, çayı üstünə dağıdır.

Həsrət. (yerindən sıçrayır) Xatirə, kömək elə, uşaq özünü yandırdı!

Xatirə. Qızım, bir az ehtiyatlı olsana!

Həsrət. Əlləri əsir. Yaxşısan, bala?

Şirin. Əsəbləri pozulub, ondandı.

Həsrət. Həkim dərman yazıb. Deyir, əsas odu adamlara qaynayıb qarışsın, hər şey yoluna düşəcək.

Murad içəri girir.

Xatirə. (özünü oğlunun qabağına atır ) Nə var, ağrın alım? Arzu yorğundu. Sonra bacınla yaxşıca görüşərsən.

Arzu üzünü çevirir. Murad tərəfə baxmamağa çalışır.

Murad da boylana-boylana qalır.

Arzunu öyümə tutur. Hamısı ayağa qalxır.

Həsrət. (qışqırır) Xatirə, vanna gətir!

Murad. Xatirəni qabaqlayır. Vanna gətirir, Arzunun yatağının böyrünə qoyur. Arzu qaytaranda Murad dözmür, dalı-dalı otaqdan çıxır.

Xatirə. (Arzunun qolundan tutur) Qalx, həkimə gedirik. (Həsrətə) Get, maşın tut.

Tələsik çıxırlar. Murad tək qalır. Stolun üstünə bir yumruq vurur, çıxır.

Uzaqdan maşın səsi gəlir. Sonra qapı çırpılır. Maşın səsi uzaqlaşır. Xatirəylə Arzu görünür. Xatirə Arzunun qoluna girib gətirir. Onu ehmallıca yatağa uzandırır. Şirin özünü yetirir.

Şirin. Ay qız nə oldu? Hara getdiniz? Hardan gəldiniz?

Xatirə. Qoy bir nəfəsimi dərim. Öldüm, şəhidim çıxdı. (stula çökür)

Arzu üzünü divara tutub ağlayır.

Şirin Arzunun saçlarını sığallayır.

Şirin. Uşaq idi?

Sükut.

Şirin. (Arzuya) Daha niyə ağlayırsan? Ermənidən uşaq doğmayacaqdın ki!

Arzu. Xəstəxanaya yollananda içimdə bir qisas yanğısı vardı. İçimdə böyütdüyüm balaca bir ermənidən qisas almağa gedirdim. Amma sonra...(ağlayır)

Şirin. Yoxsa uşağı saxlatdırdın?

Xatirə ayağa durub özünə bir stəkan su süzür, içir

Xatirə. Az nə saxlamaq? Yox! (başını bulayır)

Arzu. Mənim də uşağım idi. Günahı yox idi.

Xatirə. Ay qız, ürəyinə salma, dəlisən sən? Camaat ildə üçün-dördün abort elətdirir. Bunun başına xeyir!

Şirin. Həssas olub, ay Xatirə. Qınama!

Arzu. O, mənim yeganə doğmam idi.

Xatirə. Boyy! Sən niyə belə danışırsan? Dayın eşitsə, infarkt olar. Bir yandan da o ciyəri yanmış həkimlər bunun əsəbləriylə oynadılar. Vacib idi onlara niyə abort elətdirdiyini, kimdən, harda uşağa qaldığını deyirdin?

Şirin. Doğrudan onların nə işinə qalıb ki? Aborta gedən təkcə sənsən?

Arzu. Hisslərimlə oynadılar. "Gül kimi, əli-ayağı düz qız uşağı idi. Niyə abort elədin? Evdə də qızın var? Qaynanan məcbur elədi? Ərin istəmədi?" O qədər sual elədilər ki, lap başımı itirdim. Adama qatil kimi baxırdılar.

Xatirə. Gördüm ki, içəridə səs-küy var. Deyib ərim yoxdu, elə biliblər ki, gəzəyəndi. Biri gördüm deyir ki, gəzib ondan-bundan uşağa qalırlar, biz günaha batırıq. Mən Allah adamıyam, filan. Girdim içəri. Dedim: yox bir, biz elə şeytan adamıyıq! Arzunun erməni əsirliyində olduğunu biləndən sonra suyu süzülmüş cücəyə döndülər. Utandıqlarından bilmədilər neyləsinlər. Arzu da danışdı, danışdı, özündən getdi. Qaldım bunun əlində. Ürəkkeçmə tapıb qız, ay Şirin. (ağlamsınır)

Şirin. Yaxşı eləyib, ağızlarının payını verib. Onun-bunun həyatı barədə öz həyatlarından çox maraqlanırlar. Sən heç narahat olma, ay Xatirə. Əsəb dispanserində xalam qızı işləyir. Əla həkimdi. Baş həkimin müavinidi. Apararıq onun yanına. Ona bir müalicə yazar. Heç nəyi qalmaz, inşallah.

Xatirə divarın dibinə düzülmüş kartoflardan beş -altısını götürüb stolun üstündə soymağa başlayır.

Xatirə. Gün-günortadan keçib. Az qalıb axşam ola! Biz hələ acıq. Hamısı da cücərib. Bu qız gərək ət, yaxşı-yaxşı şeylər yeyə, özünə gələ.

Murad daxil olur.

Murad. Ana, qalmağa yer tapdım.

Xatirə. Yaxşı elədin, bala. Otur, gözlə, mən indi yemək bişirirəm, hazır olsun, sən də ye.

Murad. Yemişəm, ac deyiləm.

Xatirə. Sən də əsir qaldın, oğlum. Harda qalacaqsan?

Murad. İki tələbə yoldaşımla. Universitetin yataqxanasında. Komendantla da danışdım. Deyir, otaq yoldaşların məktəbi qurtarıb, əsgər gedəcəklər. Ondan sonra otaq sənindi, istəyirsən lap evlən, yaşa burda.

Xatirə. Allah balasını saxlasın o komendantın. Bircə özünə yaxşı bax. Yekə kişisən. O qədər də nigaran deyiləm səndən. Sənin burda qalmağın alınmır. Qoy Arzu bacın da rahat olsun. Dayısından elə də utanmır. Amma səndən utanar.

Şirin ayağa qalxır ki, gedə.

Şirin. Gedim. Səhər evdən çıxdığımdı.

Qapıdan çıxır. Təzədən qayıdır.

Şirin. Xatirə, yardım maşını gəlib. Nə oturmusan?

Xatirə kartof doğramağına ara verib, şalını çiyninə atıb çıxır. Muradla Arzu tək qalırlar.

İçəri sükut çökür.

Sükutu Murad pozur.

Murad. Necəsən, Arzu?

Sükut

Murad. Bilirəm, yaxşı deyilsən. Bağışla ki, o vaxt sənin ətəyindən yapışıb yalvarmadım, bizimlə Bakıya gələsən. Sərdar dayım məni inandırdı ki, hər şey yaxşı olacaq.

Arzu. Sən heç nədə günahkar deyilsən!

Murad. Arzu, kaş hər şey başqa cür olaydı.

Arzu. Hə.

Murad. Hələ sənin sağ olduğunu bilmirdik. Tez-tez son görüşümüzü xatırlayırdım. Həmişəki kimi ayrılanda gözlərimə baxıb "Ürəyində arzu tut" deyə əmr eləyirdin mənə xəyalımda. Başqaları başa düşməsin deyə həmişə söhbəti fırladırdın. (Arzunun səsini yamsılayır) "Murad, ürəyində arzu tut!" (öz səsiylə) "Tutdum!" (yenidən Arzunun səsiylə) "Hansındadı?" .... Mən də sol gözümü göstərməliydim qaydaya görə. Guya kipriyim sol gözümdən yanağıma düşüb. Sonra da əlimi yavaş-yavaş sinəmin sol yanına-ürəyimin üstünə endirməliydim. Ürəyimdə Arzu tutmalıydım!

Murad bu sözləri deyə-deyə Arzunun yatağına yaxınlaşır.

Arzu üzünü çevirir. Çiyinləri titrəyir.

Murad onun üzünü özünə tərəf çəkir.

Murad. Yenə ağlayırsan? Yaman gözü sulu oldun, ha! (zarafat eləmək, könlünü almaq istəyir)

Arzu. (səsi titrəyə-titrəyə) Ürəyindən Arzunu çıxart, Murad!

Murad. Sən də anam kimi fikirləşirsən?

Arzu. Heç nə olmamış kimi davam eləməyimiz mümkün deyil!

Murad. Arzu... mən...(başını aşağı salır) Mən səni həmişə ürəyimdə sevəcəm. Evlənsəm də, lap on uşağım olsa da! Mən həmişə ürəyimdə Arzu tutacam.

Qapının ağzında ayaq səsi eşidilir. Murad tez qalxır. Arzu göz yaşlarını silir.

Şirin qapıda görünür.

Şirin. Murad, bala. Anan deyir gəlsin kömək eləsin. Düyü, un kisələri var, daşımaq ağırdı.

Murad Şirinin dalınca çıxır. Arzu tək qalır. Hönkürüb ağlayır. Musiqi.

İkinci pərdə

Arzunun yataqxanadakı otağı. Şəfaət həkim ona əşyalarını yerləşdirməyə kömək edir. Otaqda bir çarpayı, qapısı qırılmış şifoner var. Köhnə masanın ətrafında cəmi üç stul. Arzu çarpayının üstündəki çemodandan paltarlarını çıxarıb şifonerin gözünə yığır. Şəfaət qutudakı qab-qacağı masanın üstündə səliqə ilə yerləşdirir.

Şəfaət. Gördün, ay Arzu? Səni xəstəxanaya, yanıma gətirdiklərində nə haldaydın? Sənə deyirdim, tələsmə, hər şey yaxşı olacaq. Sənə yaşamağı, həyatdan beşəlli yapışmağı öyrədəcəm?! Olmadımı, oldu bunlar hamısı. Oxudun. İndi də məktəbdə müəllimə işləyirsən.(Pauza) Bu qaşıqları,çəngəl, bıçağı da stolun üstünə qoyuram.(göstərir)

Arzu. Çox sağ olun, Şəfaət xanım. Hər şeyi, bu otağı da sizin sayənizdə əldə elədim. Sizin tanışlarınız da sağ olsunlar! Əsirlikdən qayıdanda tez-tez özümü öldürmək haqqında düşünürdüm. Orda özümüzü öldürmək azadlığımız belə yox idi. Bir dəqiqə gözdən qoymurdular. Yaxud qabağımızı alırdılar. Daha da incidirdilər. Yaraladığın yerdən təpiklə elə vururdular ki, intihar eləmək arzunu ürəyində boğmağa məcbur qalırdın.Onların xoşuna gəlirdi ki, əsiri əzab verə-verə öldürsünlər.

Şəfaət. (ah çəkir) Bircə sənin qadın kimi xoşbəxt olmağını da görsəydik...

Arzu. O iş çətindi bir az. Özünüz səbəbini bilirsiniz. (başını aşağı salır)

Şəfaət. Bəs o şagirdinin əmisi vardı, Azaddı, nədi... deyirdin dalımca gəlir, söz göndərir. Onunla məsələ nə yerdə qaldı?

Arzu. O, mənim kim olduğumu bilmir ki!

Şəfaət. Deməmisən?

Sükut.

Şəfaət. Onu itirməkdən qorxursan?

Arzu. O mənimdi ki, itirəm?!(zorla gülümsəyir) Sadəcə köhnə yaralarımın təzələnməyini istəmirəm.

Şəfaət. Amma onun fikri ciddidisə, bilməlidi sən kimsən. Sonradan başqasından eşitməsi pis olar.

Arzu. Hər şeyi sizinlə danışa bilmək nə yaxşıdı. Siz bu müddət ərzində mənə ana, bacı kimi olmusunuz.

Şəfaət. Mən də səni çox istəyirəm. Həm də sən çox istəməli qızsan. Niyə tək yaşamaq istədiyini başa düşmədim, amma. Dayıngildə səni yola vermirdilər? Axı evləri əvvəlki kimi darısqal da deyil. İndi tək qalıb çox darıxacaqsan. Yenə orda başın qarışırdı.

Arzu. Dayımgildə ömrümün axırına qədər qala bilməzdim. Bilirsiniz, dayım oğlu Muradla biz nişanlı idik axı.

Şəfaət. Bilirəm, o cəhənnəmdən qayıdandan sonra dayın arvadı qoymadı oğlu səni ala. Evlənib o?

Arzu. Hə, bir qızı da var. Allah tərəfi birbaş üzümə heç nə deməyiblər. Amma Xatirə xala bir az mövhumatçıdı.Nəvəsi bir balaca xəstələnsə, mənə eşitdirir ki, görəsən buna kimin gözü dəydi? Mən evə gələn kimi gəlininə göz eləyir ki, uşağı götürüb öz otağına keçsin. Muradın arvadıyla bir balaca sözü-söhbəti olmadımı? (gülür) Başlayır ki, bunlara kimsə cadu elətdirdi. Siz məni yaxşı tanıyırsınız. Birincisi, mən o cür şeylərə inanmıram. İkincisi də, mən Murada pislik eləmərəm.

Şəfaət. Sənin başına gələnlər hər kəsin başına gələ bilər. Hətta Muradın qızının da!

Arzu. Yox! Allah eləməsin, bir də kiminsə başına o dəhşətli şeylər gələ! Ağzınızdan yellər alsın! Orda adamların başına elə oyunlar açırdılar ki! Laçın adında gəlin vardı, on iki yaşlı qızını zorlamışdılar, özünü asıb öldürdü. Eləsi vardı saçından asırdılar, eləsi vardı döşündən. Yada salmaq belə işgəncəlidi. Hər gecə orda gördüyüm adamlar yuxuma girir. O yazıqların heç birini unuda bilmirəm.

Şəfaət Arzuya yaxınlaşıb boynunu qucaqlayır

Şəfaət. Barı bundan sonra xoşbəxt olasan.

Arzu. (ona qısılır) Sağ olun!

Şəfaət. Bizimkilər qadına ən adi nöqsanı bağışlamırlar! Bəzi kişilər evlənənə qədər əlli qızla görüşür. Qızları aldadır, hissləri ilə oynayıb atırlar. Sonra demirlər ki, onu yoldan çıxarıb atan, ümidlərini qıran mənəm. Amma evlənəcəkləri qızın keçmişini çox qurdalayırlar. Allah eləməmiş o keçmişdə bir dənə balaca nöqsan olsun, vəssalam, heç nə görünmür gözlərinə. İstəyir qızın öz günahı ucbatından olsun, istəyir başqalarının günahından, fərqi yoxdu.

Arzu. Hə, elədi.

Mobil telefon çalır. Şəfaət çantasını açıb telefonu çıxarır, danışır

Şəfaət. Hə, yaxşı. Gəlirəm. Yarım saata ordayam. (Arzuya) Mən getməliyəm. Xəstəm məni gözləyir. Sağlıqla otur. İçində xoşbəxt yaşa. Gün o gün ola, yataqxanadan çıxıb gəlin köçəsən, evin-eşiyin olsun.

Arzu. Çox sağ olun. Yaxşı yol.

Şəfaət çıxır.

Qapı döyülür. Arzu açır.

Arzu. (təəccüblə) Azad? Ünvanı kimdən aldın?

Azad əlində gül içəri girir. O yan-bu yana göz gəzdirir.

Azad. Sağlıqla otur. Ünvanı tapmağa nə var. Bilirdim hansı yataqxanaya daşınırsan. Komendantdan soruşdum. Dedim qohumumsan. Otağın nömrəsini verdi. (stulu çəkib oturur) Uzatmayacağam. Ciddi danışmağa gəlmişəm. Uşaq deyilik biz. Böyümüşük, oxumuşuq, işləyirik, qalıb evlənməyimiz... Anam da məni tələsdirir. Ona səndən danışmışam. Demişəm, Rasimin oğlunun tarix müəlliməsidi. Gözəl, başıaşağı, namuslu qızdı. Anamın da ürəyi atır ki, səninlə tanış olsun. Bir sözlə, mənə ərə gələrsən?

Arzu. (çətinliklə) Azad, hər şey sən bildiyin kimi deyil. Bilmirəm haqqımda hər şeyi öyrənəndən sonra mənimlə evlənmək istəyəcəksən, ya yox?

Azad. Nişanlı olmusan? (səsi titrəyir)

Arzu. Nişanlı olmuşam. Amma hələ bu hamısı deyil...

Azad. Niyə birdən demirsən? Mus-mus eləmə, sözünün mustafasını de, ürəyim çəkildi.

Sükut.

Azad. Ərdə olmusan?

Arzu. Ərdə olmamışam. Amma bakirə deyiləm.

Azad əsəbi halda stuldan qalxıb gəzinir.

Azad. Kim aldadıb səni? Kimdi o əclaf?

Arzu. Heç kim aldatmayıb. Sən düşündüyün kimi deyil.

Azad. O deyil, bu deyil, bəs nədi?

Arzu. Mən Xocalıdan əsir gedən, bədbəxtlikdən sağ qalan 1500 adamdan biriyəm.

Azad yenidən oturur, ikiəlli başını tutur.

Azad. Neçə nəfər idilər?

Arzu. Bilmirəm. Saymamışdım. (qışqırıraq)

Azad başını ağır-ağır qaldırır.

Azad. Əgər mən bilsəydim, ömrüm boyu sənin başına gələnləri heç kim öyrənməyəcək, mən səninlə evlənərdim də, Arzu.

Arzu. (ikrahla) Evlənərdim də! Necə böyük minnət. İstəməz! Mən bilirdim ki, sən elə belə də deyəcəksən. Yaxşı ki, ən cüzi xəyalı belə özümə qadağan eləmişdim. Çıx get Azad. Xahiş edirəm.

Azad çıxır.

İşıqlar sönür.

İşıqlar yananda Arzu çarpayıda oturub kitab oxuyur. Qapı döyülür. Arzu başmaqlarını geyinir, qapıya gedir.

Azad daxil olur. Əlində içki şüşəsi var. Arzu onu otağa buraxmaq istəmir.

Arzu. Mən bu yataqxanaya təzə köçmüşəm. Hər könlün istəyəndə bura gələ bilməzsən. Məni biabır eləmək istəyirsən?

Azad səntirləyir, az qalır yıxıla. Arzu onu tutur, yıxılmağa qoymur.

Arzu. Özün də içkilisən. (üzünü kənara tutur)

Azad. (acıqla) Nədi, heç içkili erməni yaxınlaşmayıb sənə?

Arzu. Əsəbisən, için yanır. Amma acığını, hayfını məndən çıxma. Get burdan.

Azad. Səni sevirdim. Məni niyə aldatdın?

Arzu. Mən səni aldatmamışam, Azad. Nə varsa, hamısını sənə danışdım.

Azad. Sənə ayrılıq acısı çəkəcək qədər vurulandan sonra? Mənə niyə əvvəlcədən demədin? Elə ilk görüşümüzdə niyə məni qovmadın?

Arzu. Hər şey bu qədər ciddiləşməsəydi, deməyəcəkdim də. Başıma gələnlərin hamısını alnıma yazıb vurmalıyam ki, hamı oxusun?

Azad. (əsəbi şəkildə əlini Arzunun qaşlarına uzadır) Bəs bunlar yalan deyil? Onda bu qaşlara niyə toxunmamısan?

Arzu. (eyni qəzəblə) Çünki mən ağ gəlinlikdə gəlin köçməmişəm. Qaşlarım səni narahat eləyirsə qırxaram onları.

Çantasını götürüb açır, ülgüc çıxarır, qaşlarını qırxmaq istəyir. Azad yüyürüb ülgücü əlindən alır.

Azad. Dəymə! Neynirsən? Qaşlarını qırxmaq daha heç nəyi düzəltməz! Mən artıq dərdindən dəliyəm.

Qucaqlamağa çalışır. Arzu əlindən sıçrayıb çıxır.

Cibindən Arzunun saç sancağını çıxarır, qızın gözlərinin qabağında tutur.

Azad. Bu sənin saç sancağındı. İlk görüşümüzdə onu skamyada unutmuşdun. Götürdüm ki, səni xatırlamaq üçün məndə bir əşyan olsun. Onun üstündəki bu telləri də çıxarıb atmadım, hər gün qoxladım. Saçlarının ətri gedincə qoxlamışam, görürsən?

Azad danışa-danışa Arzuya tərəf gəlir.

Arzu. (qorxa-qorxa) Sən çox içmisən, Azad. Çıx get! Xahiş eləyirəm.

Dalı-dalı çəkilir. Divara dirənir.

Arzu. Qışqıracam!

Azad. (gülür) Qışqıracaqsan? Sən o qədər ağılsız deyilsən qışqırasan. Gecənin bu vaxtı yad bir kişini otağına buraxmağını da qəbahət sayacaqlar, bilirsən. Mən burdan gedəndə də qorxundan dalımca hələ xeyli o yan-bu yana boylanacaqsan ki, görəsən görən olmadı.

Azad Arzunun qolundan tutub çarpayıya yıxır. Bir əli ilə ağzını tutur.

Arzu çırpınır, müqavimət göstərir.

Murad içəri daxil olur. Gördüyü mənzərədən dəliyə dönür.

Stolun üstündəki mətbəx bıçağını götürüb Azadın böyrünə soxur.

Murad. Öl, erməni köpəyoğlu. Öl, gəbər!

Arzu üstünə yıxılan Azadı kənara eləyib üst-başı qan içində ayağa qalxır.

Arzu. (dəhşətlə) Sən neylədin, Murad? O, erməni deyil, Azaddı. Aman Allah! Səni tutacaqlar. Çıx get burdan. Heç kimə demərəm bunu sən eləmisən. Heç kim bilməməlidi sən burda olmusan. Deyərəm özüm vurmuşam! Yalvarıram, get burdan! Sənin ailən-uşağın, karyeran var!

Murad. Yox! Heç yana getməyəcəyəm! Səni o əclaflardan qoruya bilmədim, əlim çatmadı. Burda da qorumasam, nə kişiyəm mən? Məni bağışla, Arzu. Gərək səni atmayaydım.

Arzu barmağıyla Muradın dodağına "sus" işarəsi qoyur.

Bir-birlərinə sarılırlar.

Pərdə enir.

# 5128 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #