"Məni Rafiq Tağını öldürməkdə ittiham edirdilər” - Həmid Herisçidən sensasion MÜSAHİBƏ

<b>"Məni Rafiq Tağını öldürməkdə ittiham edirdilər” - <span style="color:red;">Həmid Herisçidən sensasion MÜSAHİBƏ </b>
23 iyun 2017
# 15:26

Kulis.az tanınmış yazıçı Həmid Herisçi ilə müsahibəni təqdim edir.

- Həmid ağa, sizi böyük şair sayanlar var. Hətta sorğuların birində Şəms Təbrizdən yazdığınız şeir ötən əsrin ən yaxşı şeirlərindən seçildi. Öz şeirlərinizə bu gün necə baxırsınız? Onlar Füzuli, Nazim Hikmət, Səməd Vurğun ənənələri ilə nə qədər qohum, nə qədər yaddır?

- İndi bir çoxları şou biznes qanunlarını, top onluqlarını ədəbi meyar etmək istəyirlər. Peşəkar ədəbiyyatşünaslığı, ədəbiyyatşünasları göz ardına vururlar. Onların məqsədi ədəbiyyat yox, kütləvi ədəbiyyat yaratmaq, ədəbiyyatı şoulaşdırmaqdır. Bizdə bu proses musiqidə “Azəristar” yarışmaları ilə başlayıb. İndi də bu şoulaşdırma ədəbiyyata qarşı tətbiq edilir. Xahiş edirəm yaradıcılığımı, şerlərimi top onluqlar şkalası ilə ölçməyəsiz. Şerlərim, nəsrim barədə peşəkar qələm sahibləri, tənqidçilər danışsa daha yaxşıdır, nəinki saxta top onluqlar. İndi, incəsənətin bütün sahələrində olduğu kimi ədəbiyyatda da həvəskarlar ilə peşəkərlar adasında qarşıdurma yaranıb. Musiqi, TV-radio sənəti artıq bir mənalı şəkildə bu həvəskarların iti caynaqlarındadır. Qalıb ədəbiyyat, şeir, rəsm, aktyor sənəti. Bu sahələri də indi kütləviləşdirmək, top onluqların inhisarına vermək istəyirlər. Bu prosesi buxovlayan, donduran sirli dirijor çubuğuna ciddi ehtiyac yaranıb. O çubuqdan biri məndədir. Bax bu çubuğu siz bizə çox gördünüz deyəsən.

- Xatırladım ki, sorğu bizdə, yüz nəfər peşəkar ədəbiyyatçı arasında keçirlmişdi...

- Hə...

- Hə. Keçək, ikinci suala. Sizi SSRİ-nin təəssübkeşi kimi əvvəldən tanıyırıq. Amma mən bir dəfə sizin iş otağına gələndə gördüm, hər yanı faşist emblemləri və Hitlerin fotoları ilə bəzəmisiniz. Üstəlik, bir ara əfqan mücahidlərinin papağını qoyurdunuz. Bunlar nə idi? Axtarış? Yoxsa nələrisə yazmaq üçün fərqli obrazlara, fərqli dünyalara girmək cəhdi?

- İki səmanın qartalıyam. Ziddiyyətləri aşmağı bacarıram. Faşist də ola bilərəm, kommunist də. Pələng dərisi geymiş o məşhur ədəbi qəhrəman kimi… Ziddiyyətləri aşmışam, sadəcə. Mənim üçün ikili, ziddiyyətli dünya yoxdur. Mehdi Hüseynzadə kimiyəm - gecələr kommunistəm, gündüzlər faşist. Günorta demokrat da ola bilərəm.

- Məşhur çıxışlarınızın birində deyirdiniz ki, böyük əsərlər ilahi mətnlərlə əlaqədə yaranır. Məsələni bir az da konkretləşdirək: sizcə dindar olmaq yaradıcılıqda nə qədər vacibdir?

- İyirmi ildən çoxdur ki, bizim “ədəbi müxalifətimiz” Kefli İsgəndərin yeknəsəq, darıxdırıcı monoloqunu təkrarlamaqdan başqa bir iş görmür. Ədəbi müxalifətimiz eynən siyasi müxalifətimiz kimi 21-ci əsrdə deyil, 18-ci əsrdə yaşayır. Ovaxtkı vulqar fransız maarifçilərini tutuquşu kimi təkrarlayır. Ancaq çağdaş dünyanın ədəbi trendi dəyişib. İndi din ilə ədəbiyyat antoqonist, əks qütblər deyil. Əksinə, bir-birini tamamlayan vahid qüvvədirlər. Məncə, ədəbi mətn, dərinə baxsaq, gizlində dini mətndir. Məsələn, Maksim Qorkinin "Ana" əsəri Müqəddəs Məryəm barədəki İncil hekayələrinin yeni versiyası, bir növ dekonstruksiyasıdır. Fərq ancaq qəhrəmanların adındadır - Qorki öz Məryəminə Palegeya Nilovna deyib, vəssəlam!

Dediklərimdən belə bir nəticə çıxır ki, sovet dövründə də biz, məktəblərdə müqəddəs İncili Qorkinin redaktəsində mütaliə etmişik. Yəni dini təhsil almışıq.

Eyni sözləri biz Fizulinin "Şəbi-hicran" qəzəli barəsində söyləyə bilərik. Bu qəzəl, əslində, İmam Mehdi intizarıyla qələmə alınıb. Konspiroloji şeirdir. Konspirologiyası o qədər güclüdür ki, sovet ateizmi dövründə belə senzuranı aldadaraq dərsliklərə düşüb.

Eyni sözləri bütün digər ədəbi mətnlər barəsində söyləyərdim - bütün bədii mətnlər dini mənşəlidir. Dinə xidmət edir.

Sovet senzorlarının gözünü bağlayan, o cür konspiroloji mətnləri uşaq dərsliklərinə salan qüvvə də məhz elə İlahi qüvvədir.

Müasir postmodernistlərimiz şüuraltında bunu dərk edir, bu səbəbdən klassik ədəbiyyat nümunələrinə qarşı üsyan edirlər. Mənə qarşı nifrət də elə məhz burdan, bu nöqtədən qaynaqlanır. Çünki mən ədəbiyyatın dini mənşəli olduğunu bilirəm. Onlarsa ədəbiyyatı din elan edib ateizmi təbliğ etmək istəyirlər.

Deyəsən, onlara həm din mane olur, həm də… həm də Həmid Herisçi. Sakitləşin. Müasirləşin. Ziddiyyətlərin əsirinə çevrilməyin. Orta, barışdırıcı nöqtələr axtarın bu qarşıdurmalarda.

- Fikrinizin davamı kimi deyim ki, Azərbaycan ədəbiyyatında əsas qopma nöqtələrindən biri Füzuli və Axundovdur. Siz Axundov xəttini qəbul etmirsiniz. Füzulini də dəfələrlə dekadans adlandırmısınız və simvolik düşüncəni də tənqidi realizm kimi qəbul etmirsiniz. Bəs istiqamət haradır? Nizami və Xaqanı? Bəs Nizami-Xaqani ənənələrinin modernləşməsini necə görürsünüz?

- Müasir dünya ədəbiyyatının standartları məncə Nizami, Xaqani tərəfindən hələ 12-ci əsrdə qoyulub. Heyf, Şərq bu standartları qoruya bilmədi. Qərb isə ancaq yüz il əvvəl bu dəyərləri qəbul etdi. Xaqani, Nizami bəli, “realizm, süjet, ədəbi qəhrəmanlar” anlayışlarını ilk dəfə ədəbiyyata gətirdilər. Həm fizikanı, həm metafizikanı bir nöqtədə birləşdirdilər. Bunun təntənəsi, simfonik ifası Nizaminin “İsgəndərnamə”sidir. Burdakı İsgəndər sizin Kefli İsgəndər deyil. Sizin sevdiyiniz Novruzəli deyil. Untermenş deyil. Ubermenşdir. Fövqəlinsandır. Post insandır. Çünki o, ziddiyyətlərin əsiri deyil. Ziddiyyətləri dəf edib yeni üfüqlərə baxan şəxsdir. Siz Aristotel fikrinə önəm verib Platon düşüncəsini şübhə altına alırsınız. Ancaq Nizami bu ziddiyyətlərin əsiri olmadı. İsgəndər surətində bu ziddiyyətlərdən kənara sıçramağı bacardı.

- Düşünək ki, Axundov yoxdur, ədəbiyyatımız, ümumiyyətlə mədəniyyətimiz nə itirərdi, sizcə?

- Axundov deyirdi, dərviş Parisi patlada bilməz, ancaq tale özü cavab verdi bu iddiaya. Paradoksa bir baxın, məhz azərbaycanlı alim İkram Kərimov - fizika və riyaziyyat professoru, dünyada ilk tektonik, yəni zəlzələ törədən silahı icad edib Axundov mirasına güldü. Yəni, dərvişlərin ənənəsi, təntənəsi davam edir. Axundovun fikirləri isə tarixin sınağından alnı açıq çıxmadı. İndi bizə köhnə Axundov, Cəlil maarifçiliyi lazım deyil. Neomaarifçilik lazımdı. Orda ziddiyyətlər, qarşıdurmalar deyil, barış hökm sürəcək. Kefli İsgəndər meyindən ayılın. Keçin Nizaminin İsgəndərinə.

- Dediniz, mənə nifrət edənlər var. Bir dəfə də demişdiniz ki, şimallıların hamısı mənə nifrət edir. Axı mən şahidəm ki, nifrət etməyənlər, hətta sizi böyük istedad kimi qəbul edənlər, sevənlər var.

- Bir şerim var - “Məni sevənlərin hamısı öldü”. Mövzunun cavabı ordadır. Sözsüz, bir gün “Məni sevməyənlərin hamısı öldü” şerini də yazacağam. Maraqlıdır, mən olmasam, məni sevməyənlər sakitləşəcəklər? Özlərini xoşbəxt hiss edəcəklər? Niyə görə mən çoxlarına bu qədər mane oluram? İstedad heç vaxt bağışlanılmır. O, həmişə cəzalandırılır. Bunu öz qanımla, canımla yaşamışam burda. O ki, qaldı güneyli mənşəyimə… Bəli, təbrizli olmağım karyera pilləkənimə xeyli əngəl törədib. Bilirsiniz, bu tayda gərək azərbaycanlı yox, qarabağlı, lerikli, yardımlı olsan. Mən isə azərbaycanlıydım - anam bakılı idi, atam təbrizli. Bizdə belələrini bağışlamırlar. Uzun zaman işsiz, pulsuz qalmışam öz təbrizli mənşəyimə görə. Heç bir yaradıcı qurum məni öz qanadı altına almayıb. Heç vaxt sizdən nə bir mükafat, nə bir ödül, nə təqaüd almışam. Adım bu tayda heç it dəftərində də yoxdu. Necə deyərlər, “bu dünyada tənha bir adamla, tənha bir itin ayaq izləri uzanıb gedər… dənizə qədər...”

Görüntünün olası içeriği: 1 kişi, ayakta, okyanus, gökyüzü, açık hava, su ve doğa

Bu taya bir siyasi mühacir kimi düşmüşük talenin hökmü ilə. İndi də bu mühacir həyatımı yaşayıram.

Tikanlı suallarınızdan da görünür ki, əslində siz biz kimilərin təəssübünü çəkənlərdən deyilsiniz. Sizi bizim uğurlarımız deyil, nöqsanlarımız maraqlandırır. Ancaq yadda saxlayın - mənə həqiqi dəyər verməyənəcən işləriniz axsayacaq. Ədəbi fortuna üzünüzə gülməyəcək. Xeyir tapmayacaqsınız.

- Əksinə, mən elə bu an sizdə nəsə narahatlıq, inamsızlıq hiss edirəm. Bəziləri bu cəhətlərinizə görə, düşünür ki, ədəbiyyatı öz unikal tezisləri ilə həmişə yönəltməyi bacaran Həmid Herisçi artıq bunu bacarmır, ona görə belə qalmaqallar yaradır.

- Oxu atıb yayını gizlətməyin. Açıq deyin kim deyir bunu? Anonim suallara, fikirlərə gəlin bu səmimi söhbətdə yer verməyək.

- Yaxşı, keçək postinsana. Deyəsən, bu ideyanız tutmadı. Özünüz deyib, özünüz eşitdiniz...

- Müasir dövrün qəhrəmanı postinsandır. İnsan deyil. “Solaxay” romanımın, son 30 hekayəmin qəhrəmanları məhz postinsanlardı. Gördüyünüz kimi, postinsan nəzəriyyəmi, öz postinsanımı mən öz ədəbi mətnlərimdə yetişdirib sınaqdan çıxarmışam. Postinsan “Zəmanəmizin Səyavuşudu” mənimçün. Ədəbiyyatımıza verdiyim bu yeni töhfəmlə ancaq fəxr edə bilərəm. Bu, niyə Sizi sevindirmir? Niyə bu dəyərə qarşı ətrafınıza şübhə toxumları səpmək istəyirsiz? Qorxursuz postinsandan? Qorxursuz gəlib sizin zəif qəhrəmanlarınızı, novruzəlilərinizi bircə çırtması ilə yerə yıxar? Postinsan mərhələsini ədəbi diskursa gətirdiyimi peşəkar tənqidçi Əsəd Cahangir sübut edib. Həvəskarların bu mövzuda iradları gülüncdü.

- Həmid ağa, nə əcəb güneydə qalmadınız? Bunu arzulayrdınız...

- Bağışlayın, Araz deyəsən sizin həmişə topuğunuzdandır. Mənim üçün isə o həmişə boğazımdandır… Acı, ağır mövzudu bu. Taledi. “Dumansız Təbriz” , “Stalker” hekayələrimdə bu sualın cavabı var. Təbrizdəki ev işimi sahmanlasam, ilin yarısını orda yaşayaçam inşallah, qalanını burda. Arzum budur.

- İnşallah. Şəxsən mən Moskvada qalmağınızı istəyərdim. Amma orda da qalmadınız. Bəlkə Moskvada Həmidlər çoxdur, ona görə?

- Yazıçı suallara şerlə, hekayə ilə, romanla cavab verir. Bir-iki kəlmə ilə kifayətlənmir. Mövzu ilə əlaqədar “Mən Kremlə necə daxil oldum” hekayəm var. Cavabınız ordadır. Sualınızdakı ”Həmidlər” kəlməsi yersizdi. Mən heç vaxt cəm şəklində olmamışam. Olmayacağam da. İkinci Həmidi harda görübsüz ki… İkinci Həmid nə Moskvada var, nə də ki, Bakıda. Düzü, Moskva ədəbi həyatına yaxşı bələdəm. Orda müxbir işləsəm çox dərdlərinizə əlac taparam. Qoymaram Mariya Zaxarova kimilər sizləri dişinə alıb didsin. Öz ədəbi taleyimi də orda həll edərəm. Kimdi bizə bu şəraiti indi Moskvada yaradan? Kim?

- Sizi məhsuldar saymaq olar. Bir neçə roman, hekayələr, şeirlər... Hələ televiziya və jurnalist fəaliyyətiniz demirəm... Amma sanki nəsriniz gözlənilən effekti vermir. Az oxunur. Sizcə nədən?

- Yaradıcılığım barədə deyəsən bəri başdan fikir formalaşdırmaq istəyirsiz. Nəsrimi də, şerlərimi də eyni sayda oxuyurlar. Sayğaclara baxsaz, nəticəni görərsiz. Çünki nəsrdə də orijinalam. Təkrarçı deyiləm. Elə bircə “Zerkalo Klaranın güzgüsü”, “İtlər vadisi”, “Qızıl tac”, “Divardələn” hekayələri ilə hamının dizini qatlayaram. Xahiş edirəm nəsrim ilə şerlərimi qarşı-qarşıya qoymayın.

- İranda Mustafa Məstur, Rusiyada Viktor Pelevin, Türkiyədə Murad Məntəş, Latın Amerikasında Qabriel Vasges təxminən sizinlə yaşıddırlar. Amma az qala bütün dünyada tanınırlar. Siz bunu niyə edə bilmədiniz?

- Nümunə çəkdiyiniz imzalardan dəfələrlə güclü qələmə sahibəm. Xahiş edirəm o cür adamlarla adımı yanaşı çəkməyəsiz. Dəqiq bilirəm ki, gələcək mənlikdi. Mən, Əsəd Cahagir demiş, “öz əsərini Allahapənah başlayıb, sonra onu Əzrayılın köməyi ilə bitirən yazarlardan deyiləm”. Yəni əsərlərim bayağı ölüm səhnələri ilə bitmir. Yəni dekadent deyiləm.

Qəribədir. Mənə dəyər verməməyiniz azmış kimi, istəyirsiz mən də özümə dəyər verməyim. Yox. Yanılırsınız. Özümə həmişə dəyər verəcəyəm.

İmkan yaradın, əsərlərimi tərcümə edin, başlayın bu əsərləri xaricdə təbliğatına, görün qısa dövr ərzində hansı uca qarlı zirvələri fəth edirəm. Siz axı özünüz bunu istəmirsiz. Bunun üçün heç nə etmirsiz. Sonra bunun məsuliyyətini yükləyirsiz bizə. Günahkar burda Azərbaycan istebleşmenti, bizim ədəbi, siyasi rəqiblərdi. Yenə də deyirəm - güneyli mənşəyim karyerama əngəldi. Yolumu kəsənlər çoxdu.

- Həmid ağa, anomal hadisələr və parapsixologiya ilə bağlı verilişlərinizdə dediklərinizə özünüz səmimi qəlbdən inanırdınız, yoxsa bu verilişin maraqlı alınması üçün qurulmuşdu?

- Səmimi olmadan yaradıcılıq mümkün deyil. Azərbaycanın paranormal həqiqətlərini “Mumiya”, “Qarğa dili”, “Uçan boşqablar” və s. hekayələrimdə qələmə almışam. Ədəbi mətnə yatan nə varsa, bəli, həqiqətdir. Ədəbi mətnə nə girmirsə, yalandı. Ədəbi testim bu cürdü. Pirlər mövzusunu da bax beləcənə sınaqdan çıxarmışam.

- Məncə mərhum Rafiq Tağı ilə məşhur yazışmanızın da səbəbi Axundov və Nziami-Füzuli ənənlərinin üz-üzə gəlməsi idi. Yəni, çox ciddi və dərin mövzu idi. Sonra elə bil bir az şəxsiləşdi. O sizin atanızdan yazdı, siz onu ölümündən sonra sərt tənqid, bəzilərinin fikrincə hətta təhqir etdiniz.

- “Kilhanter” hekayəmdə bu qətlin sirlərini bitdə-bitdə açmışam. Oxuyun onu. Sizə tam həqiqət aydın olar.

- Hə, bir də Anarın “Göz muncuğu” əsərindən yazdınız... Demirəm, qeyri-səmimisiniz. Ola bilər əsər bu yazıya doğrudan da layiqdir. Ancaq az qala ömrünüzün yarısını onunla haqlı mübarizəyə həsr etmişdiniz və Azad Yazarlar Ocağı ilə münasibətlər korlanan kimi Anardan yazı yazdınız. Nə vacib idi bu yazı? Yazanlar az idimi?

- Əvvəlcə Anar məndən yazdı. Anarın ”Göz muncuğu” povestinin qəhrəmanı Əhliman, əslinə qalsa, mənim prototipimdir. O, qeyri-adi istedad sahibidir – uzaq məsafələrdəki hədəflərini bircə baxışıyla vurub öldürür. O, mənfi enerji ilə yüklüdür. Anar bunun səbəbini metafizik deyil, sosial sahədə axtarır. Qərara gəlir ki, səbəb bəsitdir – mənbəyi paxıllıqdır. Anar bu qəhrəmanına Əhliman adını verməklə onu şər tanrısı Əhrimanla eyniləşdirir.

Vaxtıyla Anarla aramızda ciddi ədəbi toqquşmalar olub. Əsəri oxuduqca gözlərimə inanmırdım. Əhlimanın bioqrafiyası mənimkiylə demək olar ki, eyniydi. Qəhrəman akademiyada işləyir - mən də vaxtıyla akademiyada işəlmişəm. Okkult elmlərlə məşğuldu - folklor şöbəsində çalışmışam, pirlərə-filana gedib-gəlir, mərəzədə Diri Baba ocağını, Naxçıvanda Əshabü-kəhfi öyrənir - ANS-dəki "Gizli Azərbaycan” verilişimdə bu ünvanları qarış-qarış gəzmişəm, 8-ci mikrorayonda yaşayır - ünvanım dəqiqdir, elmi rəhbərinin adı Qafarzadədir - atamın adı Qafardır, əhliman bu alimin guya sehrli Təbriz xalçasını yandırıb məhv etməlidir - biz təbrizliyik, xalçaçıyıq, bu cür sehrli kodlu xalçalar bizdə az deyil. Anara görə mənim bu istedadımdan məxfi qurumlar məharətlə istifadə edib öz rəqiblərini sıradan çıxarırlar. Vaxtıyla məni Rafiq Tağını bax bu cür mistik yolla qətlə yetirməkdə ittiham etmişdilər. Anara görə Əhlimanda uzaq söhbətləri eşitmək məharəti da mövcuddur: "Əhlimanın özü də çox uzaqda edilən söhbətləri belə aydın eşitməsinə mat qalırdı. Bunu izah da edə bilmirdi, amma düşünürdü ki, əgər biz telefon, radio vasitəsiylə ən uzaq məsafələrdən səsləri eşidə biliriksə, nədən insan qulağının da belə imkanları olmasın. Hər halda, bəzi insanların belə qabiliyyəti ola bilər. Güman ki, mən özüm də elə nadir insanlardanam. Hər halda, gözümün təsir gücünə inanan tək bir özüm deyiləm, bunu bilən və bundan istifadə etmək istəyənlər də varmış. Qoy onlar öz oyunlarını oynasınlar, mən də öz oyunumu oynayacam. Görək kim kimə kələk gələcək. Bu işdə məni cəlb edən məsələ başqadır. Məni arxadan bıçaqlayanların çoxu cəzalarına çatdı, indi növbə Qafarzadənindir. Fürsəti fövtə vermək olmaz.”

Qafarzadənin qətli səhnəsi, Anarın nəqlində Rafiq Tağının qətlini yada salır. Ancaq azca fərqli şəkildə. Povest buna gizli şəkildə eyham vurur: "Dünən gecə məşhur alim Hüsü Zəlim oğlu Qafarzadənin mənzilində elektrik naqillərinin qovuşması nəticəsində yanğın törənmişdir. Yanğında mənzilin bütün avadanlığı, o cümlədən çox bahalı qədim xalça yanıb kül olmuşdur. Ciddi xəsarət almış alim hazırda reanimasiyadadır. Həkimlər onun yaşaması uğrunda əlləşirlər”.

- Bir gün Həmid Herisçi AYB-yə üzv ola bilərmi?

- Hədəflərimiz başqadır. Əsl süvari, həmişə öz atından irəlidə çapır. Mən bir yazar kimi çox zirvələri fəth etsəm də, öz atımdan deyəsən çox irəli düşmüşəm. Yəni, bizim kimilərin dəyərini siz verməyəcəksiniz. Zaman verəcək. Təəssüf…

- Son olaraq, yeni nə oxuyursunuz, nə yazırsınız?

- Sol əlim hamınızın başına. “Solaxay” romanımı, “Hekayələr” kitabımı oxuyun. Girişin sol əllə yazmağa. Ədəbiyyat, sol əl ilə yaranır. Sağ əlli yaradıcılıq dövrü keçmişlərdə qaldı məncə. Bu gün avtobusda bir nəşriyyat redaktoru qulağıma pıçıldadı: "Pirlər barədə ayrıca kitab yaz. Yaxşı pul qazanarıq". İndi bu kitab barədə düşünürəm...

# 1225 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #