Kulis.Az "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə ilə müsahibəni təqdim edir.
- İntiqam müəllim, sizin “Azərbaycan” jurnalında uzun illərdir ki, fəaliyyət göstərirsiniz...
- Düz qırx ildir...
- Necə xatırlayırsınız bu illəri?
- 1976-cı ilin yanvar ayında “Azərbaycan” jurnalına gəldim. Çox gözəl xatırlayıram. Bura mənim müqəddəs yerim idi. Bunun da iki səbəbi vardı. Birincisi, jurnalın özü. “Azərbaycan” jurnalı çox avtoritet bir jurnal idi. İkincisi, şəxsi tərəfi var bunun. Mənim atam (Şair Böyükağa Qasımzadə-red.) burda 1954-cü ildən vəfat eləyənə qədər işləyib. Vəfat eləyəndə bu jurnalda vəfat edib.
- Allah rəhmət eləsin!
- Hə... Çox sağ ol... Poeziya şöbəsinin müdiri olub atam.
- Siz bura gələndə artıq atanız vəfat etmişdi...
- Bəli... 19 il keçmişdi vəfatından. İlk və son iş yeri olub atamın. Ona görə də bura mənim üçün hər mənada çox müqəddəs yerdir.
- Siz gələndə kim idi baş redaktor?
- Baş redaktor yox idi... Müavin əvəz edirdi onu. Mən də baş redaktorluğu zəbt edə bilmədim (gülüşmə). Deməli, Cəlal Məmmədov “Azərbaycan” jurnalından getmişdi, hələ İsmayıl Şıxlı gəlməmişdi, ancaq gəlməyi gözlənilirdi. Və belə bir məqamda mən gəldim bura. Onu katib Hüseyn Abbaszadə əvəz edirdi. Mən ona hesabat verirdim. Ədəbi işçi kimi gəlmişdim. Mən axı tənqidçiydim. Elə indinin özündə də özümü tənqidçi hesab edirəm. Düzdü, mən çox yazmıram, amma yazanda pis yazmıram (gülür). Jurnalın işi çox olduğundan vaxt tapa bilmirəm yazmağa. Hə, deməli, mən 3-4 aydan sonra oldum tənqid şöbəsinin müdiri. İsmayıl Şıxlı iki il işləmişdi. Sonra Əkrəm Əylisli gəldi. Əyrəm də mənə dedi ki, İntiqam, məsul kitab lazımdı, gəl sən məsul katib ol. Mən də əvvəldən Əkrəmlə həmkar, həmfikir idim və düşünürdüm ki, o öz komandasını mənə etibar eləyib bu təklifi verir. Yoxsa mənim üçün tənqid şöbəsi daha maraqlı idi. Hə, uzun illər məsul katib kimi işlədim. Axıra yaxın da bir az baş redaktor müavini. Yusif Səmədoğlunun vaxtlarında bizə işləmək çox rahat idi. Onda İsa İsmayılzadə də işləyirdi. Düzdü, Yusif tez-tez gəlmirdi işə, ancaq mənim gözümdə yazıçı kimi, insan kimi çox zəngin və sanballı biri kimi çox yüksək pillədə idi. Özü Yazıçılar Birliyinin katibi idi, məni baş redaktor kimi təyin etmək istəyirdi. İnanırsan, yalvardım ki, gedib deməsin. Yusiflə işləmək çox rahat olurdu. Yazıları bizə həvalə eləyirdi.
- İntiqam müəllim, 40 il ərzində “Azərbaycan” jurnalı o dövrdə ədəbiyyatın hansı yükünü götürürdü üzərinə? İndi hansı yükünü götürür?
- Hə... Sən ədəbiyyatın yükü deyirsən ha, onda ədəbi məhsulların çoxu, “Azərbaycan” jurnalına çap olunurdu. Hətta o vaxt nəşriyyatlar “Azərbaycan” jurnalında çap olunmayan yazıları kitab şəklində nəşr eləmirdilər. Deyirdilər, əvvəl jurnalda çap olunsun, sonra kitab kimi çıxardarıq. Yəni burda əsər bir növ təsdiqini tapırdı. Bax belə bir avtoritet yeri idi. Bu da Sovet sisteminin münasibətindən irəli gəlirdi. Əslində ordakı çinovniklər özləri üçün bəhanə tapmışdılar. Qəşəng bəhanə idi. O dövrün yükü çox ağır idi. Gördüyün şkaf var e... – göstərir – dolu olurdu nəsr əsərləri ilə, romanlarla. Özün bilirsən də, o vaxt Süleyman Rəhimovun, Əli Vəliyevin, Əbülhəsənin əsərləri burda çap olunub. Böyük əsərlər yəni. O vaxt üçün maraqlı idi bu. Çünki mütaliə vardı, oxuyan vardı. Xüsusən, rayonlarda, bölgələrdə. Onda abunə yazılırdılar. Bərdəyə 800-900 nüsxə gedirdi. Elə rayonlar var idi ki, misal üçün Lənkərana, 2000 nüsxə gedirdi. “Azərbaycan” jurnalının 55 min abunəçisi var idi. 55 min! Tiraj da 70 min. Biz, yəni şəhərdəkilər rusca çıxan jurnalları da oxuyurduq. Ancaq onlar “Azərbaycan” jurnalını. Ona görə də jurnalın böyük bir hissəsi rayonlarda maraqla qarşılanırdı. Biz də çalışırdıq ki, elmdən də bəzən nəsə verək. Məsələn, “Eynşteyn və Dostoyevski” adlı kitab vardı, ordan tərcümələr edib verirdik jurnala. Biz bu funksiyanı üzərimizə götürmüşdük. İndi o funksiyaların çoxu çıxıb aradan.
- Mən də elə onu soruşacaqdım. İndi ancaq bədii məhsullar verilir...
- Hə, bir də ədəbiyyatşünaslıq və tənqid. Ancaq bir şey deyim, tənqidçilər məndən inciməsin. Özüm də tənqidçiyəm də (gülür). Tənqid əvvəldən də ədəbiyyatın zəif yeri olub, indi də. Bilirsən niyə? O vaxt da beləydi, indi də belədir. Bəzi tənqidçilər Süleyman Rəhimova işləyirdi, bəziləri Mehdi Hüseynə, bir neçəsi də Əli Vəliyevə. Biz gənclər də öz nəslimizin üstündə işləyirdik. Bir növ qruplaşma... O vaxt da vardı bu, indi də daha pis hal alıb. İndi kimisə vurmaq lazım olanda tənqidçinin yadına düşür ki, o sən demə tənqidçi imiş və əlinə qələm götürüb başlayır döşəməyə (gülür). Bir də ki, dostunu qaldırmaq dağın başına. Əsl tənqidçi mövqeyi var ha, mən ona az rast gəlirəm. Tənqid tərifdən ibarət deyil ki? Bu təhlildir. Özü də mən tənqidə sənət kimi baxıram. Mən hansısa əsərdən yazanda baxmıram bu əladır, ya pisdir. O mənə hansı düşüncələrə apardı, mənə necə təsir elədi, onu yazıram. Əsl tənqid yaradıcılıqdı. Vaxtı ilə “İnostrannaya literatura”da esselər olurdu, oxuyurdum, zövq alırdım.
- Bura gəlmədən əvvəl harda işləyirdiniz?
- Mən 6 il Kinostudiyada işləmişəm, sonra bura gəlmişəm. Ssenari heyətinin üzvü olmuşam. 19 filmin redaktoruyam. Özü də o filmlər məşhur filmlərdir. “Qarlı aşırım”dan tutmuş “Yeddi oğul istərəm”, “Şərikli çörək” və s. və i.
- Təhsiliniz filologiyadır...
- Bəli, mən filoloqam. Mən Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət - red) bitirmişəm, filologiya fakültəsini. Sonra aspiranturaya getdim, 3 il təhsil aldım. Gənc vaxtlarımı çox məzmunlu və maraqlı keçirdim. Moskvada elmi ezamiyyətlərdə... (gülür). Bayaq yumor dedim e... Bunu da elə başa düşək. Həm ziyarət, həm ticarət olurdu. O vaxtı nadir hallarda 3 ilə müdafiə edən olurdu. Xüsusən də humanitar sahədə. Hə, aspiranturanı qurtarandan sonra mənə Kinostudiyadan təklif gəldi. Mən onda tənqidlə məşğul idim, tənqidi məqalələrim çıxırdı. Vaqif Səmədoğlu haqqında ilk tənqidi yazını mən yazmışam. Elçinin yaradıcılığı ilə bağlı ilk yazıları, sonra Anarın “Keçən ilin son gecəsi” haqqında, Sabir Əhmədovdan və s... O dövrdə olan yazıçıların hamısı haqqında yazmışdım. Amma sizə deyim ki, mənə doğma olmayan, ruhuma yatmayan heç bir əsər haqqında yazmamışam.
- Bəziləri düşünür ki, o vaxt tənqid daha yaxşı idi, indi yox.
- Yox... Səviyyəsi daha da qalxıb, məncə. Çünki indiki tənqidi məqalələr yazanlar daha çox dünya ilə əlaqədədir, informasiyaları çoxdur. Bəzən tənqidçilər qısqanclıqla yanaşır başqalarının tənqidi yazılarına. Ancaq hər bir şair roman yazdığı, hər bir yazıçı şeir yazdığı kimi hər bir qələm adamı da tənqidi yazı yaza bilər. Bircə qərəzi və dostbazlığı qırağa qoysaq tənqid yaxşı olacaq. Axı niyə mən sevdiyim yazıçı haqqında yazanda yaxşı tərəflərini yazmaqla bərabər, iradlarımı da yazmayım? Məsələn, mən Elçinlə dost olmuşam. Uşaqlıqdan. Bir yerdə oxumuşuq universitetdə, sonra da aspiranturada. Onda onun yazdığını oxuyurduq və səmimi şəkildə müzakirə edirdik. Hərdən olurdu, Elçin danışırdı ki, Qasımov – mənə çox vaxt familiyamla çağırırdı – bir ingilis yazıçısının hekayəsini oxumuşam, danışırdı hekayəni. Deyirdim, əladı, dahiyanədir. Mən də heç adını eşitməmişəm həmin yazıçının. Birdən Elçin cibindən kağız çıxarırdı ki, mən yazmışam (gülüşmə).
- İradlarla o vaxt kim razılaşmırdı?
- Elə şey olmayıb. Anar çox diqqətlə yanaşırdı, təşəkkür edirdi. Bir maraqlı faktı deyim. Bunu ona görə deyirəm ki, o vaxtın mühiti canlansın gözündə. Anar yarımzirzəmidə yaşayırdı, Vaqif küçəsində. Onun evinə yığışmışdıq. Mən, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Emin Sabitoğlu, Araz Dadaşzadə, bir də Rəhman Bədəlov. Anar “Ağ liman”ı yazmışdı. Bizə 4 saat oxudu povestini, aramla, yavaş-yavaş. Arada fasilə olub, siqaret çəkmişik, çay içmişik. Amma diqqətlə qulaq asırdıq. Sonra isə oxumağı yekunlaşdırandan sonra qızğın müzakirə başladı, hərə öz fikrini dedi. Bu fakt mənim yaddaşımda qalıb və hafizəmdən heç vaxt çıxmayacaq. Çox maraqlı idi, ləzzət eləmişdi mənə.
- İntiqam müəllim, Əkrəm Əylisli deyirdi ki, bəzi yüksək çinli yazıçıları jurnalda çap etmirəm. Sizdə necədir?
- Əkrəm çox yaxşı redaktor olub. Biz silahdaş olmuşuq... Bir yerdə vuruşmuşuq. Əkrəmin yanında İsa İsmayılzadə, mən, Dilsuz, İsi Məlikzadə var idi. Belə bir komandanın sayəsində çox gözəl jurnal çıxırdı. Mən Aydın Məmmədovu gətirdim ora. Onun qabiliyyətinə bələd idim. Aydın dilçi idi. Başladı məqalələr yazmağa və məlum oldu ki, o biri ədəbiyyatçı tənqidçilərdən daha yaxşı yazır (gülür). Deyirlər, qızıl dövr idi. Mən deyirdim ki, qızıl, gümüş, brilliant, fərq etməz, gözəl jurnal buraxaq və yaxşı dostları, həmkarları cəlb edək. Amma Əkrəmin gördüyü işin böyük bir hissəsini İsmayıl Şıxlı eləmişdi. Əkrəmdən qabaq. “Azərbaycan” jurnalında illərcə qalmış, toz basmış romanlar, pyeslər vardı. Süründürməçilik olurdu, əsərlər bir il, beş il qalırdı. Düzdü, materiallar da çox idi, çatdırmaq çətin olurdu. Amma bir az bürokratik münasibət də vardı. Nüfuzlu bir ədəbiyyat adamının yazısı çap olunurdu, o birisinin isə qalırdı. İsmayıl Şıxlı şkafı təmizlədi. Əlyazmaların hamısı atdı. Bir neçə əsər saxladı və başladı sıfırdan işləməyə. Bir neçə işçi də dəyişdi. Bəziləri də özü çıxdı. Onlar İsmayıl Şıxlının iş tempinə, tələbkarlığına dözə bilməyəcəklərini anlamışdılar. Heç kim işdən çıxarılmadı, özləri getdi. İsmayıl Şıxlı adını çəkməyəcəm, amma çox nüfuzlu bir yazıçının əsərini geri qaytardı.
- Xalq yazıçısı idi?
- Ona yaxın. O vaxt Xalq yazıçısı deyildi, sonra oldu. Amma elə o səviyyədə biri idi. Qaytardı. O da getdi bir aydan sonra bir yazı da gətirdi. Çox məhsuldar yazıçı idi. Birinci katib İmran Qasımov İsmayıl Şıxlıya deyirdi ki, yola ver getsin, bunlar neçə ilin yazıçılarıdır, belə yazırlar da. İsmayıl Şıxlı da etiraz edirdi, deyirdi, ölçü hamıya birdir, güzəşt yoxdur. Bir dəfə Əli Vəliyevin yazısını qaytarmışdı, bəyənmirdi. Mənimlə İsi Məlikzadə dedik ki, Əli müəllimin yazıları həm etnoqrafik baxımından, həm də dil tariximiz baxımından əhəmiyyətlidir. Biz onu bir balaca yola gətirdik, Əli Vəliyevin əsəri çap olundu. Bax, belə işləyirdik. İsmayıl Şıxlı özü də pis olurdu əsər qaytaranda. Yazıçı idi və başa düşürdü, əsərinin qaytarılması bir yazıçı üçün nə deməkdir. Axırda dözmədi, dedi, mən getdim, sağ olun. Çox gözəl işlər gördü İsmayıl Şıxlı. Anarın essesi var idi, Moskvada çap olunmuşdu, Azərbaycanda qoymurdular çapına. İsmayıl Şıxlı mənə dedi ki, zəng elə Anara, göndərsin çap edək. Keçirtdi e o yazını Qlavlitdən! Nə etdi, necə elədi, Qlavlitin sədri ilə danışdı, neylədi, yazı çıxdı “Azərbaycan” jurnalında.
- İsmayıl Şıxlı kimləri çap edirdi əsasən. Gəncləri?
- Hamını. Ümidi gənclərə idi, şübhəsiz. Sənə bir şey deyim, mən üç adamın əlindən su içmişəm. İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Əkrəm Əylisli. Üçü də zövqlü, ədəbiyyat təəssübkeşi.
- “Qətl günü” romanı da “Azərbaycan” jurnalında çıxmışdı?
- “Qətl günü” çoxlu mərhələlərdən keçdi və məlum oldu ki, bunlar onun çapını istəmirlər. Onda Əkrəm jurnaldan getmişdi, 1984-cü il idi. İsa İsmayılzadə ilə mən çıxarırdım jurnalı. Dedilər, biz hələ bu romana baxırıq, siz amma jurnalı çıxartmağa davam eləyin. Amma biz saxladıq. Üç ay jurnal çıxmadı. Bu böyük hadisə idi Azərbaycan üçün. Hə, sonra dostlardan biri ağıllı bir hərəkət elədi. Dedi ki, Yusif depressiyadadır, özünü pis hiss eləyir və belə getsə mühacirət eləyəcək (gülüşmə).
- Bir şayiə lazım idi...
- Şayiə yaymamışdılar. Kimsə gedib ora demişdi. Bizə dedilər ki, verin getsin, çap eləyin. Bircə o Tatar Teymur yerindəki “iki yüz ildir rusların anasını ağlatmışıq” yerini çıxardın. Bir də şahın xayası yeri vardı. Üçüncü də nəsə lap mənasız bir irad idi. Sonuncunu çıxartdıq, qalanın olduğu kimi çap elədik.
- İntiqam müəllim, Yazıçılar Birliyində ən yaxşı mətbu orqan “Azərbaycan” jurnalı hesab olunur.
- Müəyyən qədər qərəzli münasibət olub. Ancaq iki ilə yaxındır “Azərbaycan” jurnalına toxunan olmayıb.
- Bunu necə qoruya bilirsiniz?
- Ancaq obyektivliklə. Həm də özündən demək olmasın, mən zövqlüyəm (gülür). Jurnalda çıxan yazıları da oxuyuram.
- Hamısını?
- Əlbəttə. Çünki mən başımla cavabdehəm jurnaldakı yazılara görə.
- Yazı çox gəlir?
- Yazı keçmişə baxanda az gəlir. İstedadsız, qrafoman yazılar boldur. İstedadlı adamın uğursuz yazısına bir az çəpəki baxanda onun özü çap olunmasını istəmir, özünə sığışdırmır bunu. Amma istedadsız biri deyir ki, mən niyə çap olunmamalıyam, mən yazıçıyam, Birliyin üzvüyəm.
- Çox vaxt da elə Birliyə üzv olduqları üçün çap olunacaqlarını düşünürlər...
- Qətiyyən! Bu Yazıçılar Birliyinin orqanıdır. Anar müəllim bir dəfə də olsun, hansısa yazının çap olunmasını təklif etməyib mənə. Bir dəfə bir tanınmış yazıçının yazısını bəyənməmişdim, özünə dedim, mənə “adboy” verdi. Sonra da gedib Anar müəllimə demişdi. Mən də Anar müəllimə dedim, həm yazısı zəifdir, həm də mənə ədəbsizlik eləyir. Yazısı yaxşı olsaydı, ədəbsizliyini keçərdim. Amma yazı zəifdir axı... Həm yazın zəifdir, həm də baş redaktoru təhqir eləyirsən. Mən belə adamın yazısını niyə verməliyəm?
- Anarın müdaxiləsi olurmu jurnala?
- Dediyim kimi, olmur. Anar müəllimin yanına biri gedir ki, yazısını çap elətdirsin. O da deyir, jurnalın baş redaktoru var, get onun yanına.
- Öz yazılarında necə?
- Yazısı olanda deyir ki, sənə göndərirəm, baxarsan. Məsələn, “Gözmuncuğu” povestini mənə vermişdi. Evdə idim onda. Birinci səhifəni oxuyanda gördüm, qarışıqdı. Forması elə idi. Sonra təzədən bir də oxudum və gördüm əsəri başdan-ayağa oxudum. Müəyyən iradlarım da oldu.
- Qonorar məsələsi sizdə necədir?
- Sənə bir şey deyim. Tək bu jurnaldan getmir söhbət. Ümumiyyətlə, bu gün yazıçıya verilən qonorar aşağıdan aşağıdır, çox azdır. Bunun nə dövlətdə günahı yoxdur, nə də bizdə. Bunun izahı çox mürəkkəbdir. İnternet, iqtisadi münasibətlər, tirajın aşağı düşməsi və s. Qonorarın yaxşı olması üçün jurnal azı 30 min çıxmalıdır. Qiyməti də baha olmalıdır. 1 manat 50 qəpik nədir ki? Heç nə. Əslində bu qiymət hədiyyədir. Çapı da heç bu qədər gəlmir. Baha gəlib çıxır. Dövlət büdcəsindən yardım edilir və biz bu jurnalı çıxarda bilirik. O vaxt çap xərcləri çox ucuz idi. Ona görə tiraj da böyük olurdu.
- Onda yüksək qonorar verə bilirdiniz?
- Hə... Burdan qonorar alıb gedib özünə maşın ala bilirdi.
- Çox maraqlıdır, Yusif Səmədoğlu “Qətl günü” romanına görə nə qədər qonorar almışdı?
- 3500 manat. Sovet dövründə bu bilirsən nə böyük pul idi?
- 5000 dollar...
- Ondan da çox (gülür).
- İndi çap olunsaydı olsa nə qədər alardı?
- Hm... – hesablayır. – 600 manat. Bizdə maliyyə məsələlərinə Çingiz Abdullayev baxır. Hərdən deyir ki, İntiqam müəllim, böyük qonorar verir. İstəyir bizi tərifləsin ki, Yazıçılar Birliyində belə qonorarlar verilir. Mən də hər dəfə deyirəm, Çingiz, bunu demə, olmaz. O da qayıdır ki, niyə olmur demək, çox verirsən də, 60 manat qonorar filan... Deyirəm, əvvəl verilən qonorara fransız ayaqqabısı ala bilərdin, indi isə 60 manata o ayaqqabının bağını ala bilərsən (gülüşmə).