Kulis.az müğənni Nura Suri ilə müsahibəni təqdim edir.
- Müsahibə almağa gələndə haqqınızda bir neçə adamdan eyni fikri eşitdim: “Düşünən qadın müğənni”. Bu ifadə sizin xoşunuza gəlir, ya aşağılayıcı bir məqam hiss edirsiniz?
- Sənətin insanın şəxsiyyətinə dəxli yoxdur. Daha doğrusu, insanın peşəsi, sənəti onun şəxsiyyətini müəyyənləşdirmir. Mən doğulan gündən çoxundan seçilmişəm. Övladlarımı da elə tərbiyələndirmişəm ki, seçilsinlər, lider olsunlar. İndividual insan ağ qarğa kimidir. O çoxluqdan seçilir.
- Siz özünüzü “ağ qarğa” kimi hiss edirsiniz?
- Hər zaman. Bir şeyə inanıram: insanlardan nə gözləyirsənsə, onu da insanlara ötürməlisən. Bu səbəbdən hamıya tam səmimi və mehriban davranmışam. Hər hansı tədbirdə, hər hansı verilişdə aparıcılıq etmişəmsə, çalışmışam ki, özümün də hörmət etdiyim, dinlədiyim müğənniləri ora dəvət edim. Amma bir gün gördüm ki, heç biri bunu mənə qaytarmır. Onlar insanlara göstərdiyin münasibəti onlara borcunmuş kimi qəbul edir. Mənimsə on səkkiz yaşımda ana olduğum üçün hamının qayğısını çəkmək kimi bir xasiyyətim var. Yəni, onların mənə “istehlakçı” münasibətini mən özüm yaratmışam.
- Bəs sizi “Ağ qarğa” edən nədir?
- Sərbəst insan olmuşam. İstəmədiyimi etməmişəm. Məsələn Həndəsəni sevmirdim, oxumurdum da. Attestatıma baxsaz -5, 4 3...
- Nura xanım, ixtisasınız nədir?
- Hüquq oxuyurdum. Amma 18 yaşımda evləndim deyə, təhsilimi tamamlamadım. Amma biznesin idarəolunması sahəsində Harvard sistemi ilə fərdi dərslər aldım. Ona görə də indiyədək prodüserim olmayıb, öz işlərimi özüm həll edirəm. Bir çox restoranların, dünyaca məşhur brendlərin reklam işini aparmışam.
- Tirajlanan, çoxluğa təsir imkanları olan insan kimi ictimai məsuliyyətinizin olduğunuzu hiss edirsinizmi?
- Bilmirəm fikir vermisiniz ya yox, mənim sosial şəbəkədəki səhifəmdə öz haqqımda ictimai xadim yazmışam. Üç övladım var. Onları böyütmək, onlara hər şeyin ən yaxşısını vermək üçün şəxsi həyatını belə qurban verən insanlardanam. Amma tək onlar deyil. Başqalarını da düşünürəm. Allah-taala hərəyə bir missiya verir.
- Hər şey bizi dəyişir təbii ki. Amma bəzən biz bunu hiss etmirik. Hansı oxuduğunuz kitabın sizi dəyişdiyini, təsirləndirdiyini hiss etmisiniz?
- Teodor Drayzerin “Kerri bacı” əsərini oxuyanda ona nifrətim yarandı. Düşündüm ki, yazıçı qadınları sevmir. Bir qadın belə xəyanətkar ola bilməz. Mən onda uşaq idim, bu nankorluğu qəbul edə bilmirdim.
Xalid Hüseyninin kitabları ağır təsir edib. “Çərpələng uçuran”ı oxudum... Bilirsiniz ki, mən oğlan anasıyam. İçimə bir qorxu doldu. Gecə yatdığım yerdə oyanıb oğluma zəng edirdim, ondan narahat olurdum. O kitab məndə elə həyəcan, təlaş yaratdı ki, özümə söz verdim: Daha Xalid Hüseynidən heç nə oxumayacağam.
- Görkəminizdə retro üslubu var. Bu hardan gəlir: Kinodan, ədəbiyyatdan?
- Həmişə qrafinya olmaq istəmişəm. Yoldaşımın baş-beynini aparırdım k, mənə qrafinya titulu alsın. Onun imkanı da var idi, ala da bilərdi. Ömrü boyu qrafinya olmağın arzusunda olmuşam. Yəqin oxuduğum əsərlərin təsirindəndir. Məsələn, Dümanı oxuyurdum.
- Ümumiyyətlə, ədəbiyyat zövqünüz necədir?
- Son aldığım kitab Qreqori Devid Robertsin “Şantaram” romanıdır.
- Nura xanım, qlamur cameədə kitabla görünmək, kitab oxumaq dəbi varmı?
- Yoxdur belə şey. O SSRİ-nin vaxtında idi ki, kimsə misal üçün, Mopassanı oxumayıbsa, ona o çevrədə birtəhər baxırdılar. Daha belə şey yoxdur. Nə dünyada, nə də bizdə. İndi dəb bahalı çantalar, geyimlər, ayaqqabılar, avtomobillərdir. Dəyərlər dəyişib. İnsanlar ruhsuz olublar.
- Müasir yerli yazarlardan kimi oxumusuz?
- Çingiz Abdullayevi oxumuşam.
- Dedektiv sevirsiz?
- Əslində detektiv sevmirəm. Sadəcə yerli müəllifləri heç alıb oxuya bilməmişəm. Neçə dəfə Elçin Səfərlini oxumaq istəmişəm, onu da alıb oxuya bilməmişəm. Heç bizim yeni çəkilən filmlərə də baxa bilməmişəm.
- Yəni baxırsınız, itələyir sizi?
- Yox, heç gedib baxmağa çıxa bilmirəm.
- Filmə dəvət alımısınız?
- Filmə və seriala dəvət almışam, amma çəkilməkdən imtina etmişəm. Kinonu çox sevirəm. Kino mənim üçün çox ciddi sənətdir. Lars von Trier mənim sevdiyim rejissorlardan biridir. “Doqvil”i dahiyanədir. Almadovar, Martin Skorseze, Koppola... Bunlar mənim üçün toxunulmazdırlar.
- Nura xanım, sadaladıqlarınız kult rejissorlardır. Onlarla tanışlığınız, onları necə kəşf etməniz maraqlıdır...
- Yeni filmlər çıxanda baxıram. Bir filmini izləyib bəyəndimsə, həmin rejissorun o biri filmlərini də izləyirəm. Ya da adını hardasa eşidəndən sonra haqqında maraqlanıram. Məsələn, İran rejissorunun Oskara təqdim olunan filmi haqda oxudum. Axtarıb tapdım ki, bu Əsgər Fərhadidir. Sonra baxdım ki, mükafat almamış o biri filmləri, məsələn “Ellinin əhvalatı” mükafat qazanmış filmlərindən daha yaxşıdır.
Bir də, bir filmi “başqa rejissor necə çəkə bilərdi” deyə xəyal etmək xoşuma gəlir. Məsələn, Almadovarın “İçində yaşadığım dəri” filmini Tarantino necə çəkərdi, düşünürəm. Almadovar onu yumşaq, sakit, özünəxas çəkib. Tarantino çəksə, çoxlu qan görəcəkdik. Belə təsəvvür etmək xoşuma gəlir.
- Hollivud filmlərinə baxmırsız?
- Baxıram. Məsələn, Marvellin filmlərini sevirəm.
- “Doqvil”in adını çəkdiniz. “Doqvil” Trierin yaradıcılığının əvvəlki dövrlərinə aid filmdir. Bəs son filmlərindən nə izləmisiniz?
- Hamısına baxmışam. Trierin fanatıyam. “Melanxoliya”nı sevdim. Dünyanın sonundan bəhs edir. Amma dünyanın sonunun qadının daxili vəziyyəti ilə paralelləşməsi çox xoşuma gəldi. Bütün baş verənlərin sakit, yavaşıdılmış təsviri sürreal təəsürat oyadır. “Antixrist”də uşağın pəncərədən yıxılması ilə insanı bu başdan gərginliyə salır...
- “Nimfomanka”nı necə şərh edirsiniz, maraqlıdır...
- Bilmirəm, başqaları nə düşünür, amma məncə Trier o filmdə qəhrəmanı qadın seçməklə insanları çaşdırır. Şarlotta Giznburqun oynadığı o qadının yerinə kişi olsaydı, biz təbii qəbul edəcəkdik. Onun hərəkətləri – uşağını atması, sevgilisini dəyişməsi və s. - bizə təbii gələcəkdi. Amma qadındır. Qadın mövzusu çox genişdir. Bu haqda uzun danışmaq istəmirəm.
Trierin ən sevdiyim filmi Byorkun oynadığı “Qaranlıqda rəqs edən” filmidir. Müzikl kimi bir filmdir.
- Rus kinematoqrafiyasından izlədiyiniz rejissor varmı?
- Elə bilirəm rus kinosu əvvəlki deyil. “Leviafan” a baxdım. Bir az ağır filmdir. O rejissorun filmlərinə baxacağam. Mixalkovun filmlərini izləyirəm bir də. “12” filmi çox sevdiyim filmdir.
- Deyəsən, kinoya daha çox bağlısınız, nəinki kitaba...
- Ədəbiyyata da, kinoya da bağlıyam. Sadəcə, kitaba vaxtım az olur. Amma baxdığım ekranlaşdırmaların kitablarını oxuyuram. Məsələn, “Aşkı-memnu”ya baxırdım, alıb kitabını oxudum, sonra davam etdim yenə baxmağa. Sidniy Şeldan ssenarilər işlədiyi üçün onun kitablarını bir filmə baxar kimi, aktyorları gözümdə canlandıraraq oxuyuram.
Fərqli janrlarda-elmi janrda da, psixologiya haqda da kitablar oxuyuram. Məsələn, Erik Bernin “İnsanların oynadığı oyunlar, oyunlarda olan insanlar” kitabı, Ceyms Borqun “Əminlik gücü” Deyl Korneginin kitabını deyəsən oxumayan qalmayıb. Oşo maraqlı oldu mənə...
- Bir də...
- Rəsmi də çox sevirəm. Bəzən düşünürəm ki, bir şeyi ifadə etmək üçün yalnız rəssamlığın gücü var. Salvador Dali sevdiyim rəssamdır. Hər şeyi gerçəkliyə oxşadan, gerçəkliyi kopyalayan rəssamlardan fərqli olaraq Dali, öz baxışını göstərə bilir.
- Nura xanım, hər iki tərəfə bələd insan kimi gerçək sənətlə qlamurun arasında uçurum görürsünüzmü?
- İndi gerçək sənətlə məşğul olan varmı ki? Biz reklamla məşğul oluruq. Əziyyətsiz, sənətsiz insan populyar ola bilir. Baxırsan heç nəyə görə səhifəsinin yeddi yüz min izləyicisi var. Hansı sənətdən danışaq?
- Bizim yazı-pozu adamlarının şou-biznes cameəsinə antipatiyası, hətta aqressiyası var. Bəs onlarda yazı-pozu adamlarına nə münasibət var?
- Hamının bu cameəyə bir aqressiyası var. Amma, əvvəldə də dedim, insanın şəxsiyyətini peşə müəyyənləşdirmir axı...
- Siz müğənni kimi mahnı mətnləri ilə işləyirsiniz. Bəs şeir oxuyursuz?
- Şeir deməyi sevmirəm. Əruz vəznində yazılmış qəzəl deyə bilərəm: Nəsimi, Füzuli. Amma sərbəst vəznli sevgi şeirləri deməyi sevmirəm. Oxuyub bir kənara qoya bilərəm. Amma şeir sevirəm. Bir çox mahnılarımın mətnlərini özüm yazmışam.
- Sevgidən oxuyursunuz. Bəs sevgi haqqında, məsələn qadın-kişi münasibətlərinin dərinliyi haqda nə sizi təsirləndirib?
- Sevgi olmasa, yaşamağın mənası qalmaz. Bugünkü gün sevgiyə əhəmiyyət verilmir. İndi boşanmaq da dəb halını alıb.
Bu dəbdən imtina etmək üçün, sadəcə olaraq düşünmək lazımdır. Məsələn, Mənim Allaha inamımda dinin heç bir rolu yoxdur. Bu gün də dostlarıma deyirəm ki, Qurban bayramını keçirə bilmirəm. Canlını öldürməyi bayram etmək mənə qəribə gəlir.
- Vegeteriansınız?
- Yox. Uşaqlarım ət yeyir. Amma onlarla danışıb belə qərara gəlmişik ki, yavaş-yavaş ətdən imtina edək. Amma dəri çantalardan imtina etmişəm. Xəz geyimlərin reklamından da imtina etdim. Mən düşünürəm ki, heyvanların şüuru var. Ən azı ağrı duyurlar.