Həyat Şəmi: “Partlayışda ölən Banuçiçək xəyalımdakı qızcığaz idi” - MÜSAHİBƏ

Həyat Şəmi: “Partlayışda ölən Banuçiçək xəyalımdakı qızcığaz idi” - <span style="color:red;">MÜSAHİBƏ
26 may 2017
# 09:00

Kulis.az şairə Həyat Şəmi ilə müsahibəni təqdim edir.

- Həyat xanım, tarix fakültəsini bitirmisiniz...

- Bəli, Bakı Dövlət Universitetində...

- Universitetdə şeir yazırdınız?

- Mən ilk şeirimi yazanda 9 yaşım vardı. Bəzən dostlar zarafatla deyirlər ki, gör neçə ildir yazırsan, amma ortada heç nə yoxdur (gülüşmə). Mən çox yazan deyiləm, az-az yazıram. Şair var, hər gün yazır. Məndə isə elə deyil. Hiss edirəm ki, sinəmə nəsə yığılır və dalbadal üç-dörd şeir yazıram. Elə də olur ki, aylarla şeir yaza bilmirəm.

- Şeir yazırsınız, bu aydındı. Bəs tarixçi kimi işləyirsiniz?

- Əlbəttə. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirəndən sonra məni kiçik elmi işçi kimi götürdülər işə. Elmi iş götürdüm, dissertasiya yazdım, müdafiə etdim, sonra elmi işçi, daha sonra böyük elmi işçi oldum. İnsan var ki, təkcə şairdir. Mən təkcə şair deyiləm. Bəlkə də bu mənə “minus”dur. Bəlkə də yaradıcılığıma əksiklik gətirən bir tərəfdir. Amma həqiqət budur və deməliyik...

- Təkcə şair deyiləm deyəndə alim olduğunuzu nəzərdə tutursunuz yəqin...

- Alim bir az böyük çıxır. Elmi tədqiqatla məşğul oluram. Bu gün Milli Teleradioda baş məsləhətçi kimi çalışıram. Televiziya və radio ilə bağlı yüzlərlə məqaləm var. Mən həm də tarixçiyəm, kiçik aliməm, yəni təkcə şair deyiləm. Dövlət qulluqçusuyam eyni zamanda. Bəlkə də bunlar olmasaydı daha gözəl şeirlər, əsərlər ortaya qoyardım.

- Niyə?

- Düşünürəm ki, daha yaxşı şeirlər yaza bilərdim. Bu yaşa gəlib çatmışam, ortaya qoyduğum dörd kitab var. O kitablardan tam olaraq bəyəndiyim 20-30 şeir var.

- Onsuz da seçəsi olsaq bütün şairlərdə 20 yaxşı şeir olar...

- Mən deməzdim. Məsələn, Şəhriyar del Geraninin hansı şeirini oxuyuram çox bəyənirəm. Ancaq özümün hər şeirimi bəyənmirəm.

- Təvazökarsınız...

- Mən şeir yazdığımı gizlədirəm. Neçə ildir ki, teleradioda işləyirəm, bəzi iş yoldaşlarım yeni kitabımın imza günündən sonra biliblər şeir yazdığımı. Akademiyada indi işləmirəm, əməkdaşlıq edirəm. Orda da hardasa bir on il sonra bildilər ki, Həyat Şəmi həm də şairdir. Çünki şairliyi ironiya edənlər olurdu. Kompleks yaranmışdı məndə.

- Füzulidənsiz, Həyat xanım...

- Bəli. Füzuli rayonunun Gecəgözlü kəndindən...

- Şeir kimi kənd adıdır...

- Bir şeirimdə də var: “Gecə gözlü kəndiniz vardı, gözləri kömür rəngində itiniz vardı, İndi evinizin dupduru pəncərə gözləri kömür rənginə dönüb. Siz çıxandan gecə köçüb içinə...”

- Sizin şeirlərdə ana mövzusu dominantdır, bir də təbii ki, torpaq itkiçi, qaçqınçılıq var şeirlərinizdə...

- Əslində ana mövzusu dominant deyil. Cəmi 5 ya 6 şeirim var bu mövzuda.

- Ana həsrəti hiss olunur o şeirlərdə...

- Çünki mən vaxtsız ana itirmişəm. Bu da təbiidir. Ancaq şeirlərimdə dominant mövzu ana olmayıb. Mənim anam ziyalı olub, müəllim olub, gözəl insan olub. Anamın kim olduğunu soruşanda, cavab “Ağgül” olanda hər kəs ondan söhbət açardı. Məni ilk dəfə anama görə seviblər. Təbii ki, belə bir adamı itirmək şeirlərimə çökməliydi. Anam rəhmətə getdi. Mən anamın 40-ı çıxana qədər o şeirləri yazdım. Ondan sonra anama yazdığım şeirim yoxdu. Deyirəm axı, mən az yazanam, dalbadal yazdım onda və bitdi.

- Neçə yaşınız vardı ananızı itirəndə?

- Mənim onda 28 yaşım vardı. Təbii ki, artıq yetkin insan idim. Həyata atılmışdım. Universitet bitirmiş, kiçik elmi işçi kimi işə başlamış biriydim. Ailə qurmamışdım. Buna görə də anama daha çox bağlıydım. İnsanlar evlənəndən sonra bacı, qardaş yadlaşır. Bu da təbiidir, həyatın qanunudur. Bircə ana sənə doğma qalır. Mən ailə qurmamışdım deyə anam rəhmətə gedəndə özümü daha çox yalnız, dərdli, kədərli hiss etdim. Amma özümdə güc tapdım. Özümü dərdə tapşırmadım. Şeirlər yazdım və bitdi. Ana kədərinə özümü təslim etmədim. Yoxsa bütün şeirlərim anam haqqında olacaqdı. Yaxınlarımın, dostlarımın doğmaları öləndə onlara təsəlli verirdim. Deyirdim ki, ağıllı adam dərdi də ağılnan çəkir, səbrli olun. Ancaq mənim təbii ki, başqa dərdlərim də var. Torpaq itkisi... Doğulduğum elim-obam, yurdum. Mənim rayonum, Qarabağım erməni işğalındadır. Mən onun kədərini yaşayıram. Bunlar hamısı dərddir və adama yazdırır...

- Həyat xanım, siz TÜRKSOY-da Azərbaycanı təmsil etmisiniz...

- 2003-cü ildə olmuşam. Bacımgildəydim, mənə Çingiz Əlioğludan zəng gəldi. Artıq məni şair kimi tanıyırdılar və Yazıçılar Birliyinə üzv etmişdilər. O zaman mənim şeirlərim bəh-bəhlə qəbul olunmuşdu...

- Əsəd Cahangir sizdən yazmışdı, sizi Banuçiçəyə oxşadırdı...

- Hə, çox gözəl yazıydı: “Banuçiçək sən deyilmisən?” Mən ANS-də işlədiyim vaxtlar idi. Orda mənə hamı deyirdi ki, sən Banuçiçəyə oxşayırsan. Bəziləri də Leyla Şıxlınskaya deyirdi... Saçlarım uzun, gur idi. Yəqin ona görə... Əsəd Cahangirdən də eşitdim o sözü. Gözəl də bir yazı yazdı. Sizə qəribə bir şey deyim. Banuçiçək adı mənə qəribə bir tale yaşatdı. Arzulayırdım ki, qızım olanda adını Banuçiçək qoyacam. O arzum ürəyimdə qaldı. Sonra mən təsadüfən 2016-cı ildə 3 yaşında Banuçiçək adında bir qızın partlayışda öldüyünü eşitdim, internetdə axtarıb o uşağın şəklinə baxdım. İlahi, o uşağın üzündə nə qədər saflıq vardı! O uşağa baxdım və içimdəki Banuçiçək arzusu soldu. Və götürüb həmin bu uşağın xatirəsinə şeir yazdım... Hardan-hara getdik. Nə deyirdim?

- Bacınızgildə olanda Çingiz Əlioğlu zəng etmişdi...

- Hə... Zəng eləmişdi... Soruşdu ki, Həyat xanım, Sivasa getmək istəyərdiniz? Mən də tarix kitablarından bu şəhər haqqında oxumuşam, həm də Türkiyənin bölgələri ilə maraqlanırdım deyə həvəslə “Hə” dedim. Növbəti sual gəldi: “Xarici pasportun var?” Dedim, hə. Çingiz Əlioğlu dedi ki, gəl səni TÜRKSOY-un tədbirinə göndərək. Əslində, başqa birisini göndərəcəkmişlər, onun da xarici pasportu olmayıb.

- Bəxtiniz gətirib...

- Elədi. Qismət mənəymiş. Nazirliyə getməliydim, gediş biletini özüm verməliydim, sonra TÜRKSOY Türkiyədə bunu ödəyəcəkdi. Mənim də onda həqiqətən pulum yox idi. Heç nazirliyə getməyə də (gülür). Mənim avtobusluq pulum vardı. Bacılarım mənə kömək elədilər, bileti də aldım, getdim. Təsəvvür edirsiniz, ilk dəfə özü də tək xaricə gedən bir qız. Ağlıma qara fikir gəlmədən getdim. Ankaraya düşdüm, orda Demirel soyadlı nurani bir insan məni qarşıladı, avtobusa oturtdu və dedi ki, Sivasda enəcəksən, orda da səni qarşılayacaqlar. Avtobusdan düşəndə bir adam mənə yaxınlaşıb dedi: “Hayat hanım sizmisiniz?” Dedim, "Evet, nerden bildiniz? " “Bu ötöbüsden inen Hayat bi tek siz ola bilerdiniz” dedi. Məni eşqlə qarşıladılar. Mən daha sonra dəfələrlə Türkiyədə olmuşam. Amma ilk dəfə getdiyimin yerini heç nə vermir. Azərbaycanı təmsil etmək, ilk dəfə xaricə çıxmaq çox gözəl, təsvirəgəlməz dərəcədə gözəl duyğular yaşatdı mənə. TÜRKSOY-un tədbirində 13 ölkənin hər birindən bir şair gəlmişdi. Azərbaycanı da mən təmsil edirdim. Qırğızıstanlı şair var idi, bir şeir oxudu, bütün zaldakı tələbələr için-için gülürdülər. Anlamırdılar. “Jınqı, jındırı, jıqan, jıdı”. – “J”dan başqa bir şey yox idi (gülür). Amma çox diqqətlə qulaq asırdım ona. Demişdilər ki, hərə öz dilində oxusun şeirləri. Sonra türkçəyə çevirirdilər. Mən ayağa qalxıb şeirimi oxuyanda qurbağa gölünə daş atıldı elə bil. Səsimdə qulağa yatımlılıq var deyə, şeir deyəndə hamı sakitcə qulaq asdı.

- Sonuncu kitabınızda (“Adını sən qoy”) şeirlərinizi xarici dillərdə də təqdim etmisiniz. Bu, məncə, ilkdir.

- Həqiqətən ilkdir. Mən heç belə kitabla rastlaşmamışam. Kitabım çapa hazırlananda AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza dedi ki, Həyat xanım, 150 səhifədən çox olmasın kitab. Mən də dedim, həmişə kitablarım balaca olub, qoy bu 200 olsun. Dedi, yox, bizim format belədi, o formatı keçməməlisən. Mən də razılaşdım. Şeirlərimi ələdim. Köhnə şeirlərdən də bir az əlavə elədim. Sonra fikirləşdim ki, tərcümə olunan şeirlərimi də verim. Çingiz Abdullayevin bir müsahibəsini oxumuşdum. 20 qadın yazar gəlmişdi Azərbaycana və Çingiz Abdullayev onların hər birinə öz ölkələrinin dilində çap olunmuş kitabını vermişdi. Mən Çingiz Abdullayevə yaxşı mənada qibtə elədim. İdeya yarandı məndə. Düşündüm ki, hansı ölkədə şeirlərim çıxıbsa, onları toplayıb bu kitabda nümunə kimi verim. Qoy rus oxuyanda rusca şeir tapsın, türk oxuyanda türkcə, italyan italyanca, heç olmasa iki şeir də olsa, sənin yaradıcılığın haqqında anlayışı olsun. Başqa dillərdə də şeirlərim çıxıb. Məsələn, fars dilində, çuvaş dilində və sairə.

- Yeni şeirləriniz var?

- Yox, ortaya çıxarılası heç nə yoxdur. Varsa da, növbəti kitabda görüşərik.

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #